Məhkəmə qərarları › İş №2-1(103)-802/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-802/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-802/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlun və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X2, cavabdehin nümayəndələri X3 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-686/2023 saylı, 25 avqust 2023-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinə qarşı “kompensasiyanın ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 11 yanvar 2021-ci il tarixdə hərbi xidmətə çağrılmış, hərbi xidmətə çağrılan zaman cavabdeh tərəfindən hərbi xidmətə yararlı hesab edilməsi barədə qərar verilmişdir. Ayaqlarında yastıayaqlığla bağlı şişkinlik halı olmasına baxmayaraq yararlı hesab edilərək hərbi xidmətə göndərilmişdir ki, nəticədə hərbi xidmətdə olduğu dövrdə yenidən şəhadətləndirilmiş və hərbi xidmətə sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlı olması barədə qərar verilmişdir. Xidmət etdiyi dövrdə xəstəliyi ilə əlaqədar mənəvi-psixoloji sarsıntı keçirməsi ilə əlaqədar iddiaçı hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərər dəymişdir. Bu səbəbdən də ona vurulan mənəvi zərərin ödənilməli olması qənaətindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-686/2023 saylı, 25 avqust 2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı dəymiş 2000 manat məbləğində mənəvi zərərin ödənilməsi öhdəliyi cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinə həvalə edilmiş və iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Daha sonra cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti cavabdeh tərəfindən verilmiş imtina məktubuna uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək , iddia tələbinin tam təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-686/2023 saylı, 25 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə məktubundan görünür ki, iddiaçı 2021-ci ilin yanvar çağrışına cəlb edilmiş, rayon çağırış komissiyasının qərarı əsasında tibib şəhadətləndirilərək hərbi xidmətə yararlı hesab edilmiş, lakin xidmət dövründə 10 iyun 2021-ci il tarixli Mərkəzi Hərbi Poliklinikasının müayinəsi əsasında dinc dövrdə xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Cavabdeh qeyd etmişdir ki, 8580 manat kompensasiyanın ödənilməsi qanunvricilikdə nəzərdə tutulmamışdır. - 14 iyun 2021-ci il tarixli xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçı dinc dövrdə xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Xəstəlik aşıq-qayıqvari oynaqların birinci mərhələ osteoatrozu ilə fəsadlaşmış sağ ayağının üçüncü, sol ayağının ikinci dərəcəli boylama yastıayaqlılığı ilə bağlı olmuşdur. - ilkin tibbi ekspert rəyindən görünür ki, şəhadətnamədə göstərilən diaqnoz müayinə zamanı müəyyən edilmişdir ki, o, hazırda həqiqətən də adıçəkilən xəstəlikdən əziyyət çəkir. Yastıpəncəlik adətən uşaq yaşlarından yaranır, uşaq böyüyüb inkişaf etdikdə xəstəlik özünü aydın göstərir. - Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 tərəfindən təqdim edilmiş əlavə ekspert rəyindən görünür ki, iddiaçıda adıçəkilən xəstəliklərin mövcud olması qənaətinə gəlinsə də, 11 yanvar 2021-ci il tarixdə hərbi xidmətə çağrılan zaman onda olmuş “yastıayaqlılığın” dərəcəsinin hansı mərhələdə olması və hərbi xidmətə yararlılıq dərəcəsi barədə mövqe nümayiş etdirilməsinin cavabdeh tərəfindən hərbi xidmətə çağırış zamanı tərtib edilən sənədlər, eləcə də sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı və hər iki ayağın rentgenoloji müayinəsinə dair rentgenoqrammalar ekspertizaya təqdimm edilmədiyindən mümkün olmaması bildirilmişdir. Lakin, həmin rəydə yastıayaqlılığın anadangəlmə patologiya olması ehtimalı öz təsbitini tapmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: - 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarından, eləcə də ekspert rəyindən görünür ki, iddiaçıda anadan gəlmə olması istisna edilməyən yastıayaqlılıqla bağlı xəstəlik mövcud olmuş, çağırış komissiyası tərəfindən isə mürəkkəb tibbi müayinəyə zərurət olmadığına istinad edilməklə həkim-cərrah mütəxəssi tərəfindən müayinə edilməklə iddiaçı hərbi xidmətə yararlı sayılmış, lakin hərbi xidmət dövründə şəxsin diaqnozunun hərbi xidmətə yararsız olması barədə mötəbər əsaslar müəyyən edilməklə, iddiaçı şəhadətləndirilərək hərbi xidmətə sülh dövründə yararsız, müharibə dövründə yararlı hesab edilmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun: 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. 13.1. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır: 13.1.1. komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri; 13.1.2. komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi; 13.1.3. komissiyanın üzvləri – müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, hərbi həkim komissiyasının sədri. 13.2. Çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər. 13.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının və çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq edir. 14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. 15.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. 15.2. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. 20.1. Tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. Göründüyü kimi hərbi xidmətkeçmə ilə bağlı fəaliyyətin subyekti kimi şəxsin tibbi qiymətləndirilməsinin aparılması və xidmətkeçmə baxımından yararlılıq kateqoriyasının müəyyən edilməsi zəruridir. Cavabdeh isə həmin hala əhəmiyyət vermədən yastıayaqlılıq xəstəliyinə anadangəlmə duçar olmuş şəxs barəsində hər hansı əsaslı yoxlama aparmadan, xidmətə yararlılığı barədə qərar qəbul edərək hərbi xidmətə göndərilməsini təmin etmiş, lakin hərbi xidmət dövründə həmin şəxsin hərbi xidmətə yararsız olması barədə qənaətə gəlinmişdir ki, 2021-ci ilin yanvar ayından 2021-ci ilin iyun ayına kimi hərbi xidmətə yararsızlığına əsas mövcud olsa da, həmin xəstəliklə hərbi xidmətin həyata keçirilməsinə məcbur qalmış şəxsə münasibətdə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinin, bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olunmasının istisna edilməsi halı müəyyən edilmir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübut edilməmiş, iddiaçı isə iddianın təmini barədə faktiki şərtlərin mövcudluğu sübut etmişdir. Məhkəmə kollegiyası iddiaçının tələbində göstərdiyi vurulmuş mənəvi zərərin ödənilməsi ilə bağlı qeyd edir ki, iddiaçı onun xidmət etdiyi dövrdə ayağındakı şişkinlik dözülməz həddə çatmasını və hərbi xidmət geyimi geyinməsində ciddi problemlər yarandığını qeyd edir. Eyni zamanda o, hərbi xidmət müddətində hərbi təlimlərə (məşq, addımlama və s) onda olan xəstəlikdən ciddi əziyyət çəkdiyini, hərbi xidmət müddətində hərbi xidmətlə bağlı ayaq geyimi əvəzinə alternativ geyimlərdən istifadə etməsi xidmət etdiyi hərbi hissənin xüsusiyyətləri də nəzərə alınmaqla onun emosional vəziyyətinə təsir etdiyini göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, adıçəkilən xəstəliyin məhz xidmətdən öncə olması barədə ekspert rəyində ümumi xarakterli məlumat olsa da, həmin halın tam dəqiqləşdirilməsi barədə əlavə ekspert rəyi də alınmışdır ki, hər iki rəydə konkret olaraq həmin növ xəstəliyin anadangəlmə olması istisna edilməmiş, iş üzrə verilmiş ikinci rəydə həmin halın yoxlanılması üçün mütləq qaydada çağırışçıların uçot kartası, rentgenoloji müayinənin rentgenoqramlarla birgə sağlamlıq vəziyyətinin müayinə aktının verilməsi olması müəyyən edilmişdir ki, həmin sənədlərin cavabdehdən alınaraq yenidən ekspertizaya göndərilməsi ilə əlaqədar aparılan araşdırma zamanı isə, ümumiyyətlə iddiaçının sağlamlıq vəziyyəti barədə yoxlama zamanı tibbi materialların mövcud olmadığı əyani müayinə edilməklə xidmətə yararlılığının yoxlanıldığı aşkar edilmişdir ki, məhkəmə hesab edir ki, hərbi xidmətə yararlılıq kimi mürəkkəb yoxlamanın tələb edildiyi halda yoxlamanın göstərilən formada keçirilməsinin nəticəsi kimi də hərbi xidmətə yararsız olan şəxsin xidmətə göndərilməsi kimi halla rastlaşılmış, nəticədə də iddiaçıya mənəvi zərərin vurulmasına əsaslar müəyyən edilmişdir. Beləliklə müəyyən edilir ki, cavabdeh tərəfindən edilmiş hərəkətlər nəticəsində iddiaçı sarsıntı və iztirab keçirmiş, bununla da mənəvi zərərə məruz qalmışdır. Nəzərə alınmalıdır ki, mənəvi zərərin tutulması varlaşma vasitəsi deyil, hazırki mübahisə üzrə cavabdehin hərəkətlərinin qanunsuzluğunun nəticəsini əks etdirən simvolik ifadə vasitəsidir. Başqa sözlə desək, mənəvi zərər bilavasitə zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Bu hallarda məhkəmə mənəvi zərərin məbləğini müəyyən edərkən hər iki tərəfin konstitusiya ilə qorunan hüquq və marağlarını nəzərə alaraq məbləğin ağlabatan olmasını nəzərə almalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hər iki tərəf üçün ədalətli hüquqi yanaşmanı nəzərə alaraq haqlı olaraq cavabdehdən iddiaçının xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 2.000 manat məbləğ müəyyən etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 7 nömrəli 3 noyabr 2008-ci il Qərarının 10-cu bəndinə görə mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə də Plenum Qərarının 10-cu bəndində nəzərdə tutulan fərdi xüsusiyyətlər nəzərə alınmaqla rəhbər tutaraq, hesab edir ki, 2000 manat məbləğ müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-686/2023 saylı, 25 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : İddiaçı və cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-686/2023 saylı, 25 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar