Məhkəmə qərarları › İş №2-1(103)-802/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-802/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-802/2025 23.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5941/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 01 aprel 2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “…Yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ümumi iş stajı 25 ildən az olduğundan, onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmır. Hesab edir imtina əsassızdır. Belə ki, xx xxxxx 1958-cı il tarixdə anadan olmuş, 1975-ci ildə orta məktəbi bitirdikdən sonra 13 avqust 1975-ci il tarixdən 28 aprel 1976-cı il tarixədək Füzuli rayonu, Engeles adına üzümçülük sovxozunda fəhlə işləmiş, 28 aprel 1976-ci il tarixdən 07 iyul 1978-ci il tarixədək hərbi xidmətdə olmuş, qayıtdıqdan sonra 07 iyul 1978-ci il tarixdən 09 yanvar 1984-cü il tarixədək Füzuli rayonu, Engeles adına üzümçülük sovxozunda fəhlə işləmiş, 1979-1984-cü il tarixlərdə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institunun qiyabi şöbəsində təhsil almışdır. 09 yanvar 1984-cü il tarixdən 30 avqust 2005-ci il tarixədək Füzuli rayonu Horadiz avtonəqliyyat müəsissəsində kassir və böyük iqtisadçı vəzifəsində işləmiş, beləliklə 01 yanvar 2006-cı il tarixədək 30 il sığorta stajına malikdir...” Cavabdeh iddia ərizəsinə xx.xx.2024-cü il tarixli 3-17-1/2-48248/2024 saylı etiraz məktubunda iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “...xx.xx.2023-cü il tarixdə 65 yaşı tamam olmuş iddiaçının təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 08 il 01 ay 24 gün təşkil edir. Təhsil aldığı illər (xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixədək) əmək fəaliyyəti dövrü ilə üst-üstə düşür. Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Bu səbəbdən də sözügedən dövrlərin iddiaçının sığorta stajına təkrar daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1981-ci il tarixdən xx.xx.2005- ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma əmri latın qrafikalı möhürlə təsdiq edildiyi üçün) sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab olunmur. Belə ki, latın qrafikalı əlifbanın 1992-ci ildən tətbiq edilməyə başlanılmasını nəzərə alaraq, iddiaçının əmək kitabçasında xx.xx.1981-ci ilə aid qeydin latın qrafikalı möhürlə təsdiq edilməsi mümkün deyildir. Eyni zamanda xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5941/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 65 yaşdan, yəni 01 aprel 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayətini cavabdeh aşağıdakılarla əsaslandırılmışdır: "…Məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, İddiaçı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciətlərinə xx.xx.2023 və xx.xx.2023-cü il tarixli eyni məzmunlu cavab məktublarda ona imtina cavabı verilərək əsası kimi, bildirilmişdir ki, ümumi iş stajı qanunvericiliklə tələb olunandan (25 il) az (08 il 01 ay 24 gün) təşkil edir. Onun təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 08 il 01 ay 24 gün təşkil edir. Təhsil aldığı illər (01,09.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixədək) əmək fəaliyyəti dövrü ilə üst-üstə düşür. Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Bu səbəbdən də sözügedən dövrlərin iddiaçının sığorta stajına təkrar daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Mübahisələndirilən sığorta stajı iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Füzuli rayon “Horadiz avtonəqliyyat müəssisəsi”ndə kassir və böyük iqtisadçı vəzifələrində işlədiyini iddia etdiyi dövrlərdir. Qanunun 22-1.1-ci maddəsinə münasibətdə iddiaçının fərdi şəxsi hesabında xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarf’na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1981 -ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma əmri latın qrafikalı möhürlə təsdiq edildiyi üçün) sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Belə ki, latın qrafikalı əlifbanın 1992-ci ildən tətbiq edilməyə başlanılmasını nəzərə alaraq, iddiaçının əmək kitabçasında xx.xx.1981-ci ilə aid qeydin latın qrafikalı möhürlə təsdiq edilməsi mümkün deyildir. Sözügedən müəssisə ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə və Milli Arxiv İdarəsinə sorğular yazılmışdır. Milli Arxiv İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktublarda X3 filialı "Füzuli rayonu Horadiz avtonəqliyyat müəssisəsi”nin sənədlərinin Arxivə təhvil verilmədiyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi "Füzuli rayonu Horadiz avtonəqliyyat müəssisəsi barədə qeyri- kommersiya qurumlarının dövlət reystrində məlumat olmadığını, Dövlət Statistika Komitəsi "xxxx" MMC 16 yanvar 2006-cı il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olduğu, Füzuli Rayon Vergilər Şöbəsi"xxxx" MMC (VÖEN **********) xx.xx.2006-cı il tarxdə vergi orqanında qeydiyyatdan keçdiyi və xx.xx.2010-cu il tarixdə fəaliyyətini dayandırıldığı, 2006-cı il 2-ci rübündən 2008-ci ilin 3-cü rübünə kimi fəaliyyəti olduğu və təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən 157.46 manat hesablama olmuş və dövlət büdcəsinə 178.40 manat sadələşdirilmiş vergi ödənildiyi, MDSS və İTS haqları üzrə şəxsi hesab vərəqəsində hesablama və ödəniş müəyyən olunmadığı, hüquqi ünvanının Füzuli rayonu Horadiz şəhəri, rəhbəri X2 olduğu baza məlumatlarında işçilər barədə hər hansı bir məlumat aşkar edilmədyi və hal-hazırda vergi ödəyicisinin hər hansı bir fəaliyyəti olmadığı bildirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş sorğuya cavab məktubunda bildirilmişdir ki, “Füzuli rayonu Horadiz avtonəqliyyat müəssisəsi” (sonradan, “Milsu Kanal Tikinti Avtonəqliyyat tresti”) "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” və "Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydaları”na uyğun olaraq xx.xx.2005-ci il tarixdə özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, xx.xx.2005-ci il tarixdə hərrac qalibi tərəfindən özəlləşdirilmiş və xx.xx.2005-ci il tarixdə 2013 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilərək satılmış, özəlləşdirilmə sənədlərində İddiaçı adı müəssisənin işçiləri haqqında məlumat siyahısında qeyd edilməmişdir. İddiaçı tərəfindən şifahi məhkəmə baxışı zamanı təqdim edilmiş xx.xx.2024- cü il tarixli 20/215 nömrəli “Milsutikinti Avtonəqliyyat trestin arayışının mötəbərliyinə əsaslı şübhələr mövcuddur. Belə ki, sözügedən arayışda qeyd olunmuşdur ki, İddiaçı Füzuli rayonu Milsutikinti Tresti, Avtonəqliyyat müəssisəsində 09 yanvar 1984-cü il tarixdə kassir vəzifəsinə işə qəbul olunmuş, 26 yanvar 1984-cü il tarixdə həmin müəssisədə iqtisadçı vəzifəsinə keçirilmiş və 30 avqust 2005-ci il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. Lakin arayışda bildirilməmişdir ki, yuxarıda qeyd olunan qeydlər hansı arxiv sənədlərin əsasında müəyyən olunmuşdur. Həmçinin, sözügedən arayışda iddiaçının 09 yanvar 1984-cü il tarixdə Füzuli rayonu Milsutikinti Tresti, Avtonəqliyyat müəssisəsində kassir vəzifəsinə işə qəbul olunması barədə bildirilmiş, halbuki iddiaçının işə qəbulu zaman müəssisə “Füzuli rayonu Horadiz avtonəqliyyat müəssisəsi” adlanırdı. Əlavə olaraq bildiririk ki, arayışda Milsutikinti Avtonəqliyyat müəssisəsinin rəisə Abışov Q.S. göstərilmiş, halbuki Füzuli Rayon Vergilər Şöbəsinin məktubunda bildirilmişdir ki, X2 müəssisənin rəhbəridir. Oxşar faktiki hallara malik olmuş 2-1(102)-269/2024 nömrəli iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2024-cü il cü il tarixli 2-1 (102)-269/2024 nömrəli və digər bir 2-1(102)-569/2024 nömrəli iş üzrə qərarların qeyd edilmişdir ki: “2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özüözlüyündə şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməli idi. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımından iddia rədd edilməlidir. Bakı İnzibati Məhkəməsi məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən ona təqdim edilən sənədlərlə kifayətlənmiş, həmin sənədlərin mötəbər olubolmamasını aydınlaşdırmamışdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı isə onunla razılaşmamış, ermənilər tərəfindən Füzulinin işğalından sonra, müəssisənin Daşburunda (Beyləqan rayonu) yerləşdiyini və 1984-dən 2005-ə qədər orada iqtisadçı işlədiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşıdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir . Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanır. Qanunun 7-ci maddəsi baxımından, xx.xx.2058-ci il təvəllüdlü iddiaçının 65 yaşı müvafiq olaraq xx.xx.2023-cü il tarixdə tamam olmuşdur. İddiaçının iş materiallarına əlavə edilmiş 10 yanvar 1984-cü il tarixdə doldurulmasına başlanılmış əmək kitabçasının surətinə əsasən müəyyən olunur ki, onun əmək fəaliyyəti 2006-cı ilə qədər olan dövrü əhatə edir və əmək fəaliyyətinə xx.xx.1975-ci il tarixdə başlamış və xx.xx.2005-ci il tarixə qədər çalışmış, 2006-cı ildən sonra onun əmək fəaliyyəti mövcud olmamış, eləcə də, fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Onun 2006-cı ilə qədər olan dövrə qədər bütün əmək fəaliyyəti dövrü sığorta stajı kimi nəzərə alınsa belə, “Əmək pensiyaları haqqında “ qanunun 27.1-ci maddəsinə müvafiq olaraq hesablanan pensiya kapitalı ( 2023-cü ilin minimum əmk pensiyasına münasibətdə tələb olunan pensiya kapitalını ödəmir və bu hal işin mübahisələndirilməyən halıdır. Konkret halda, işin cavabdeh tərəfindən mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçının, Qanunun 7-ci maddəsinin şərtinə müvafiq olan sığorta stajı 25 ildən azdır (mübahisələndirilməyən sığorta stajı 08 il 01 ay 24 gün). O cümlədən, cavabdehin iddia ərizəsinə etirazı və apellyasiya şikayətindən göründüyü kimi, iddiaçının əmək kitabçasının qeydləri üzrə onun 09 yanvar 1984-cü il tarixdən 30 avqust 2005-ci il tarixədək Füzuli rayonu Horadiz avtonəqliyyat müəsissəsində böyük iqtisadçı vəzifəsində işlədiyi dövr, yəni 19 il 7ay 21 gün əmək fəaliyyəti sığorta stajı kimi nəzərə alınmır. Bunun səbəbi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına istinadən, mübahisəlndirilir ki, əmək kitabçası üzrə həmin dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma əmri latın qrafikalı möhürlə təsdiq edildiyi üçün) sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün deyil. Belə ki, latın qrafikalı əlifbanın 1992-ci ildən tətbiq edilməyə başlanıldığı halda, iddiaçının əmək kitabçasında xx.xx.1981-ci ilə aid qeyd latın qrafikalı möhürlə təsdiq edilmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, birincisi, latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Azərbaycan Respublikasının Qanunu 1992-ci ildə qəbul olunsa da, həmin əlifbaya keçid 2001-ci ildə başa çptdırılmış və 2001-ci il avqustun 9-da Azərbaycan Respubliası Prezidentinin imzaladığı fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edilmişdir. Məhkəmə praktiksında da məhz, həmin dövrün əmək kitabçalarının qeydlərində həm “Kiril” əlifbası, həm də latın qrafikalı qeydlərinə rast gəlinir. İkincisi, cavabdeh tərəfindən iddiaçının xx.xx.1984-xx.xx.2005-ci illərdə Füzuli rayonu Horadiz avtonəqliyyat müəsissəsində işləməsinin şübhə altına alınmasına gəldikdə, həmin dəlilləri də əsassızdır Çünki, əmək kitabçasında “1984.İ.26” (əmr No16 26.İ.84)” tarixində işə daxilolma qeydinin edildiyi həmin tarix SSRİ dövrünə təsadüf edir ki, həmin dövrə uyğun olaraq da məhz, əmək kitabçasının iddiaının işə götürülməsi ilə bağlı qeydlər hissəsi “Kiril” əlifbası ilə rus dilində yazılmış, o, xx.xx.2005-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilərkən (əmr No14.30.Vİİİ.2005) isə qeydlər, artıq bu dövrün tələbinə uyğun olaraq «latın qrafikası» ilə yazılıb, müəssisənin möhürü və məsul işçisinin imzası təsdiq olunmuşdur. Üçüncüsü, həmin müəssisə barədə arxiv məlumatlarının aşkar edilmədiyinə gəldikdə, öncə qeyd olunmalıdır ki, işğal zonasıda yerləşən həmin müəssisənin arxiv məlumatlarının aşkar edilməməsi idiaçının ziyanına qiymətləndirilə bilməz. İkincisi, cavabdehin özünün verdiyi sorğulara alınmış cavab məktublarından göründüyü kimi, vergi orqanı və Daşınmaz Əmlakın Dövlət Xidməti tərəfindən verilmiş məlumatlar, habelə əmək kitabçasının iddiaçının işə qəbul edilməsi barədə qeydin SSRİ məkanına təsadüf etməsi kimi, bütün bu hallar onu deməyə əsas verir ki, 2005-ci ilə qədər “Füzuli rayonu Horadiz avtonəqliyyat müəssisəsi” mövcud olmuşdur. Həmin müəssisənin xx.xx.2005-ci il tarixdə müəssisənin (obyektin) alqı-satqı müqaviləsi ilə satıldıqda özəlləşdirilmə sənədlərində İddiaçı adının müəssisənin işçiləri siyahısında qeyd edilməməsinə gəldikdə, onun adı həmin Siyahıda ola da bilməzdi. Çünki, əmək kitabçasının tədqiq olunan qeydlərindən göründüyü kimi, həmin tarixdən təxminən iki ay əvvəl, yəni xx.xx.2005-ci il tarixdə o, artıq öz ərizəsi ilə işdən azad edilmişdi. Dördüncüsü, həmin müəssisənin hazırkı mülkiyyətçisi olan “Milsu Kanal Tikinti Avtonəqliyyat tresti”nin avtonəqliyyt müəssisə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixi 20/215 saylı arayışında iddiaçının mübahisələndirilən dövrdə iqtisadçı vəzifəsində işlədiyini qeyd etməsi, hər bir halda iddiaçının Füzuli rayon Horadiz avtonəqliyyat müəssisəsində işələməsindən məlumatlı olduğunu göstərir. Beşincisi, onu da qeyd etmək lazımdır ki, məhkəmə təcrübəsində, iddiaçı «Ş.X.Ş» hazırkı cavabdehə qarşı başqa bir məhkəmə mübahisəsi zamanı da iddiaçının 25 oktyabr 1988-ci il tarixdən 5 dekabr 1997-ci il tarixədək işlədiyi Füzuli rayon Horadiz avtonəqliyyat müəssisəsi”nin Füzuli rayonun işğal olunarkən, Beyləqan rayonuna Daşburun qəsəbəsinə köçürüldüyünü və orada fəaliyyət göstərdiyi öz təsdiqini tapmışdır (Həmin iş Ali Məhkəmənin 2-1(102)-1328/2022 saylı xx.xx.2022-ci il tarixdə iddiaçının xeyrinə yekunlaşmışdır). Hazırkı iddiaçının qeyd olunan izahatından da göründüyü kimi, erməni işğalı başlayarkən işlədyi müəssisənin Daşburunda (Beyləqan rayonu) yerləşdiyini və 1984-dən 2005-ə qədər orada iqtisadçı işlədiyini bildirmişdir. Qeyd olunanlar baxımından, iddiaçının əmək kitabçasının iddiaçının 1984-2005-ci illərdə Füzuli rayon Horadiz avtonəqliyyat müəssisəsində iqtisadçı (kassir) kimi işlədiyi dövrü şübhə altına ala biləcək halların mövcudluğu müəyyən olunmur. İddiaçının həmin müəssisdə işlədiyi vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinin 1-ci hissəsi nəzərdə tuturdu ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə də iddiaçının mübahisəli müəssisədə 19 il 7ay 21 gün işlədiyi dövrün sığorta stajı kimi nəzərə alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Həmin dövr, cavabdeh tərəfindən nəzərə alınan 08 il 01 ay 24 gün sığorta stajına əlavə edildikdə iddiaçının 25 il 9 ay 15 gün sığorta stajı toplanır. Belə olan halda, cavabdeh tərəfindən onun sığorta stajının 25 ildən az olduğunu əsas tutaraq, ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunması qanunsuzdur və onun qanunla qorunan hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmadığını, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədyini və ciddi prosessual pozuntulara yol verildiyini mübahisələndirilən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati 2-1(112)-5941/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5941/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar