Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-803/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçının nümayəndəsi və vəkili X7, Üçüncü şəxs «xxxx» MTK-nın nümayəndəsi Vəkil1, «xxxx-18» MTK-nın nümayəndəsi Vəkil2 iştirakları ilə; İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə və 3- cü şəxslər «xxxx» MTK-ya və «xxxx-18» MTK-ya, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı sərəncamların ləğv edilməsi tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-2863/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., 3018-ci məhəllə, Mustafayev küçəsi 29 saylı binanın şimal hissəsində «xxxx» MTK-ya çoxmərtəbəli yaşayış binasının tikintisinin lahiyələndirilməsinə icazə verilməsi haqqında xx.xx.2017-ci il tarixli, 547 saylı sərəncamının və Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., 3018-ci məhəllə, Hüseynbala Əliyev küçəsi 18 saylı binanın cənub hissəsində «xxxx- 18» MTK-ya çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında xx.xx.2017-ci il tarixli, 546 saylı sərəncamının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.23405 ha torpaq sahəsi və onun üzərindəki 3 mərtəbəli 1585.2 kv.m-dən ibarət qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ ilə tam şəkildə iddiaçıya məxsusdur. Bir müddət əvvəl xəbəri olmadan həmin əmlakın həm cənub tərəfində, həm də qərb tərəfində əsas yola baxan hissədə iki ədəd tikili (çoxmərtəbəli yaşayış binası) inşa olunmağa başlamışdır. Bununla da bir tərəfdən onun mülkiyyət hüquqlarına müdaxilə olunmuş, digər tərəfdən isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tikintiyə dair qərarlarının tələbləri kobud şəkildə pozulmuşdur. Bundan sonra qeyd edilən qanun pozuntuları barədə tərəfindən həm Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, həm də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilmiş, hər iki orqan tərəfindən verilmiş cavablarda aparılan tikinti işlərinin aidiyyəti təşkilatlar tərəfindən dayandırıldığı bildirilmiş, mülkiyyət hüquqlarının toxunulmazlığı ilə bağlı ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin ona ünvanladığı xx.xx.2019-cu il tarixli, S-165-071 saylı cavab məktubunda göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 547 saylı sərəncamı ilə Nəsimi rayonu, 3-cü mikrorayon, 3018-ci məhəllə, Mustafayev küçəsi 29 saylı binanın şimal hissəsində “xxxx” MTK-ya və xx.xx.2017-ci il tarixli, 546 saylı sərəncamı ilə isə Nəsimi rayonu, 3-cü mikrorayon, 3018-ci məhəllə, Hüseynbala Əliyev küçəsi 18 saylı binanın cənub hissəsində “xxxx-18” MTK-ya çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. “xxxx” MTK-nın və “xxxx-18” MTK-nın onun əmlakının əhatəsində inşa etdirməyə başladıqları tikililərin ona məxsus daşınmaz əmlakla ara məsafəsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydalara tamamilə zidd olmaqla, 4 metrdən daha azdır. Bu da müvafiq qanunvericiliyin tələblərinə müvafiq icazəni verən icra hakimiyyəti orqanı, o cümlədən tikintini aparan şəxslər tərəfindən əməl olunmadığını, əksinə qanunun tələblərinin onlar tərəfindən kobud şəkildə pozulduğunu təsdiq edir. Nəticədə onlar tərəfindən qanun pozuntusu ilə yanaşı, təhlükəsizlik qaydalarına da əməl edilmədiyini göstərir. Cavabdeh tərəfindən qanunvericiliyin imperativ normalarının tələblərinə əməl olunmadan mövcud sərəncamların verilməsi kobud qanun pozuntusu ilə yanaşı onun əmlakının həm indiki vəziyyətinə, həm də yenidən layihələndirilməsinə, eləcə də gələcək tikinti işlərinə və işgüzar planlarına ciddi şəkildə maneəçilik törədir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 2863/2019 saylı qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin hazırki iş üzrə mübahisələndirilən sərəncamları vermək səlahiyyəti hər hansı bir qanunvericilik normasında öz əksini tapmamış, onun belə bir səlahiyyəti olmamışdır. Bundan başqa verilmiş qanunsuz sərəncamlara əsasən “xxxx” MTK və “xxxx-18” MTK tərəfindən inşa edilməyə başlanılmış tikililər ona məxsus daşınmaz əmlakla ara məsafəsi mövcud qanunvericiliyə zidd olmaqla 4 metrdən daha azdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 apellyasiya şikayətinə və iddia tələbinə uyğun izahat verdi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs “xxxx” MTK-nın nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini məhkəmədən xahiş etdi və izahatında göstərdi ki, mübahisələndirilən sərəncam tikintiyə icazə verilməsi ilə bağlı deyil, tikintinin layihələndirilməsi ilə bağlı verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini məhkəmədən xahiş etdi və izahatında göstərdi ki, mübahisələndirilən sərəncam tikintiyə icazə verilməsi ilə bağlı deyil, tikintinin layihələndirilməsi ilə bağlı verilmiş və heç bir qanun norması pozulmamışdır. Məhkəməiclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası nümayəndələrin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilərək iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2017-ci il tarixli 547 nömrəli sərəncamı ilə Nəsimi rayonu, 3-cü mikrorayon, 3018ci məhəllə, A.Mustafayev küçəsi, 29 nömrəli binanın şimal hissəsində “xxxx” MTK-ya və xx.xx.2017-ci il tarixli 546 nömrəli sərəncamı ilə Nəsimi rayonu, 3-cü mikrorayon, 3018ci məhəllə, Hüseynbala Əliyev küçəsi, 18 nömrəli binanın cənub hissəsində “xxxx-18” MTK-ya çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə torpaq sahələri ayrılmışdır.Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 547 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı ilə Nəsimi rayonu, 3- cü mikrorayon, 3018-ci məhəllə, Alı Mustafayev küçəsi, 29 saylı binanın şimal hissəsində yerləşən 0,11540 ha torpaq sahəsində (icarə əsasında) yaşayış binasının tikintisinin layihələndirilməsi üçün “xxxx” Mənzil-Tikinti Kooperativinə, 546 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı ilə isə Nəsimi rayonu, 3-cü mikrorayon, 3018-ci məhəllə, Hüseynbala Əliyev küçəsi, 18 saylı binanın cənub hissəsində yerləşən 0,1165 ha torpaq sahəsində (icarə əsasında) yaşayış binasının tikintisinin layihələndirilməsi üçün “xxxx” Mənzil-Tikinti Kooperativinə icazə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışına əsasən ünvan 3 ünvanında yerləşən 1585,2 k.metr ümumi sahəsi olan qeyriyaşayış binası və 0,24305 ha torpaq sahəsinin mülkiyyətçisi İddiaçı qeyd edilən sərəncamların ləğv edilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmiş, onun müraciətinin təmin olunmasından imtina edilmiş və imtina onunla əsaslandırılmışdır ki, müvafiq sərəncamlarla çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 313 saylı sərəncamının 1.118-ci bəndi ilə “xxxx” MTK-ya, 1.119-cu bəndi ilə isə “xxxx- 18” MTK-ya aid ərazi planlaşdırma sənədləri təsdiq edilmişdir. Lakin göstərilən ünvanlarda Azərbaycan Respublikasının qüvvədə olan Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq tikintiyə başlanılması üçün zəruri olan sənədləşdirmə işləri tam şəkildə başa çatdırılmadığından, aparılan tikinti işləri aidiyyəti təşkilatlar tərəfindən dayandırılmışdır. Hazırda iddiaçının tələbi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2017-ci il tarixli 547 nömrəli sərəncamı ilə Nəsimi rayonu, 3-cü mikrorayon, 3018-ci məhəllə, A.Mustafayev küçəsi, 29 nömrəli binanın şimal hissəsində “xxxx” MTK-ya və xx.xx.2017-ci il tarixli 546 nömrəli sərəncamı ilə Nəsimi rayonu, 3-cü mikrorayon, 3018ci məhəllə, Hüseynbala Əliyev küçəsi, 18 nömrəli binanın cənub hissəsində “xxxx-18” MTK-ya çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi barədə sərəncamların ləğv edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə mübahisəli sərəncamların tikinti işlərinin aparılması üçün deyil, tikintisinin layihələndirilməsinə əsas olduğunu, həmin sərəncamlar əsasında “xxxx” MTK və “xxxx-18” MTK tərəfindən hər hansı tikinti işlərinin aparılması mümkün olmadığını göstərib iddiaçının binaların tikintilərinin layihələndirilməsinə icazə verilməsi barədə sərəncamların ləğv edilməsi barədə tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşmır və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən ifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Həmin Məcəllənin 75.5-7.5.2-ci maddələrinə əsasən tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.8-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanının 4.7-1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsihəmin Məcəllənin 75.1-ci, 75.2-ci və 75.3-cü maddələrinin birinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Nəsimi rayonu, 3-cü mikrorayon, 3018-ci məhəllə, A.Mustafayev küçəsi, 29 nömrəli binanın şimal hissəsində “xxxx” MTK-ya və Nəsimi rayonu, 3-cü mikrorayon, 3018- ci məhəllə, Hüseynbala Əliyev küçəsi, 18 nömrəli binanın cənub hissəsində “xxxx-18” MTK-ya çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi barədə xx.xx.2017-ci il tarixdə müvafiq olaraq 547 və 546 saylı sərəncamlar verilsə də, həmin vaxt onun belə bir səlahiyyəti olmamış, belə icazənin verilməsi səlahiyyəti Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məxsus olmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin mübahisələndirilən sərəncamlar qəbul edilərkən və tikinti işləri aparılarkən ara məsafəsinin pozulmasına dair dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinə əsasənbinaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: 69.1.1. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); 69.1.2. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən ara məsafəsi sahələrinin kəsişməsinə yol verilmir. Bu qayda, biri-birinə münasibətdə 75 dərəcədən çox bucaq altında yerləşən xarici divarlar arasındakı məsafələrə şamil olunmur. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Həmin Məcəllənin 69.5-cü maddəsinə əsasən ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2. xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi. Həmin Məcəllənin 69.6-cı maddəsinə əsasən divarlarının hündürlüyü 1 metrdən çox olmayan tikililərin və ya tikili hissələrinin xarici divarlarının önündə ara məsafəsi sahələrinin saxlanılması zəruri deyil. Bundan əlavə, divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadratmetrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyil. Həmin Məcəllənin 69.7-ci tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır: 69.7.1. mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması; 69.7.2. torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü; 69.7.3. layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü; 69.7.4. yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü. Həmin Məcəllənin 69.8-ci ara məsafəsi ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılan halları ilə “xxxx” MTK tərəfindən qanunsuz aparılmış yarımtikili ilə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi arasındakı məsafə 3 metr 90 sm, “xxxx-18” MTK tərəfindən qanunsuz aparılmış yarımtikili ilə eyni torpaq sahəsi arasında olan məsafə 4 metr 40 sm təşkil etdiyi, müvafiq qanunvericiliyin tələblərinə zidd şəkildə tikintilərin ayrılmış torpaq sahələrinin son sərhədlərinə qədər aparıldığı, bina ilə yol arasında heç bir məsafə qoyulmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2014-cü il tarixli, 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın tələblərinə əsasən tikinti və layihələndirmə işləri aparılarkən ara məsafələri ilə bağlı qaydalara imperativ şəkildə riayət olunmalıdır. Hazırkı halda isə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qanunvericiliyin imperativ normalarının tələblərinə əməl olunmadan sərəncamlar verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx xxxxx 2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həmin sərəncamların verilərkən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə riayət olunmadığı üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi tərəfindən “xxxx-18” MTK ilə bağlı xx.xx.2018-ci il tarixli, 0491 nömrəli və “xxxx” MTK ilə bağlı xx.xx.2018-ci il tarixli 0470 nömrəli qərarlar qəbul edilərək aparılan tikinti işləri dayandırılmışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, “xxxx” MTK-nın və “xxxx-18” MTK-nın tikinti aparılmasına icazə almadan, yalnız cavabdeh tərəfindən qanunsuz şəkildə verilmiş lahiyələndirmə sərəncamları əsasında iddiaçının əmlakının əhatəsində inşa etdirməyə başladıqları tikililər ilə iddiaçıya məxsus daşınmaz əmlakların ara məsafəsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydalara zidd olmaqla inşa edildiyindən, həmin sərəncamlar “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt sayılmalı və ləğv edilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə kollegiyası işin araşdırılan halları və qanunveriliyin yuxarıda qeyd olunan tələblərini nəzərə alaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi təmin edilməli, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., 3018-ci məhəllə, Mustafayev küçəsi 29 saylı binanın şimal hissəsində «xxxx» MTK-ya «çoxmərtəbəli yaşayış binasının tikintisinin sərəncamı və Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., 3018ci məhəllə, Hüseynbala Əliyev küçəsi 18 saylı binanın cənub hissəsində «xxxx-18» MTK-ya «çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında» xx.xx.2017-ci il tarixli, 546 saylı sərənəcamı ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-2963/2019 saylı qərarı ləğv edilsin. İddia təmin edilsin. Bakı Şəhər İcra Hakimiyyətinin Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., 3018-ci məhəllə, Mustafayev küçəsi 29 saylı binanın şimal hissəsində «xxxx» MTK-ya çoxmərtəbəli yaşayış binasının tikintisinin lahiyələndirilməsinə icazə verilməsi haqqında xx.xx.2017-ci il tarixli, 547 saylı sərəncamı və Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., 3018-ci məhəllə, Hüseynbala Əliyev küçəsi 18 saylı binanın cənub hissəsində «xxxx- 18» MTK-ya çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında xx.xx.2017-ci il tarixli, 546 saylı sərəncamı ləğv edilsin. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-803/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-803/2020
10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver