Məhkəmə qərarları › İş №2-1(103)-804/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-804/2022

31.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-804/2022 31.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 493/2021saylı, 21 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı cavabdeh tərəfindən 29.11.2019-cu il tarixdə tərtib edilmiş İddiaçı MMC-nin 2018- ci il üçün 76.965,72 manat sadələşdirilmiş vergi və ona 38.482,86 manat maliyyə sanksiyasının tətbiqi barədə Vegi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********194115 nömrəli qərarın ləğv edilməsi tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-493/2021saylı, 21 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 493/2021saylı, 21 oktyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsini və işə yenidən baxılması və mahiyyəti üzrə qərar çıxarılması məqsədilə Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsi tərəfindən həyata keçirilmiş, İddiaçı MMC üzrə X4 2016-2019-cu illəri əhatə etməklə vergi öhdəlikləri ilə bağlı 28 oktyabr 2019-cu il tarixdə X4 Akti tərtib eidlmişdir. Həmin yoxlama aktı əsasında 29.11.2019-cu il tarixdə tərtib edilmiş, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********194115 nömrəli qərara əsasən MMC-yə 76.965,72 manat məbləğində sadələşdirilmiş vergi borcu və ona 38.482,72 manat maliyyə sanksiyası hesablanmışdır. Həmin qərarın qəbul edilməsinə səyyar vergi yoxlama aktı ilə müəyyən edilmiş göstəricilər əsas olmuşdur. Vergi məbləğinin ümumillikdə 18.257,10 manat təşkil etdiyi dəlili məhkəmədə öz təsdiqini tapmışdır. Həmçinin birinci instansiya məhkəməsi qərarında 29.11.2019-cu il tarixli qərara 17.08.2020-ci il tarixli **********139077 nömrəli qərarla düzəliş edildiyini və bu baxımdan ləğvi tələb olunan qərar artıq mövcud olmadığı qənaətinə gəlmişdir. Lakin, qərarın dəyişdirilməsinə dair yeni qərarın olması iddiaçı tərəfə məlum olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə və iddia ərizəsinə uyğun izahat verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün birinci istansiya məhkəmməsinə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasda iştirak edən tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi inzibati akt 17.08.2020-ci il tarixdən artıq mövcud olmadığından, iddia tələbi iddiaçı tərəfindən dəqiqləşdirmədiyindən, iddia tələbi dəqiqləşdirilsə də belə, dəqiqləşdirilmiş (“Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” **********139077 nömrəli 17.08.2020-ci il tarixli qərarın ləğv edilməsinə dair iddianın) iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və qeyd edir ki, iddiaçının tələbinin mümkün hesab edilərək inzibati icraat qaydasında baxılması üçün əsaslar mövcud olmamışdır. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı cavabdeh tərəfindən 29.11.2019cu il tarixdə tərtib edilmiş İddiaçı MMC-nin 2018-ci il üçün 76.965,72 manat sadələşdirilmiş vergi və ona 38.482,86 manat maliyyə sanksiyasının tətbiqi barədə Vegi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********194115 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə 27.12.2019-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Daha sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi 17.08.2020-ci il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” **********139077 nömrəli qərar qəbul etmişdir. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, iddiaçının mübahisələndirdiyi qərar 17.08.2020-ci il tarixdən mövcud olmamışdır. Həmçinin, iş materiallarından görünür ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” **********139077 nömrəli qərar 17.08.2020-ci il tarixdə iddiaçının elektron poçt ünvanına göndərilmiş və iddiaçı tərəfindən 21.01.2021-ci il tarixdə elektron qaydada oxunmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilərək “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” **********139077 nömrəli qərar mübahisələndirilsəydi belə, iddiaçı tərəfindən mübahisələndirmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtlərindən birinə, yəni prosessual müddətə əməl etməmişdir. Belə ki, hazırkı iddiaya mübahisələndirmə (İPM-in 2.2.1-ci maddəsi) iddia növü kimi baxıldığından, iddiaçı mübahisələndirdiyi qərarın ləğv edilməsi ilə bağlı həmin qərarın mövcudluğundan məlumatlı olduğu vaxtdan 30 gün müddətində məhkəməyə müraciət edə bilərdi. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirilən qərarın məzmunundan 21.01.2021-ci il tarixdə məlumatlı olması, həmin qərarın ləğv edilməsi tələbinə dair müvafiq ərizə ilə (iddia tələbinin dəqiqləşdirilməsi) 21.010.2021-ci il tarixədək məhkəməyə müraciət etməməsi və bununla da, iddiaçı tərəfindən mübahisələndirmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtlərindən birinə, yəni prosessual müddətə əməl etməməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirdiyi inzibati akt 17.08.2020-ci il tarixdən artıq mövcud olmadığından, iddia tələbi iddiaçı tərəfindən dəqiqləşdirmədiyindən, iddia tələbi dəqiqləşdirilsə də belə, dəqiqləşdirilmiş (“Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” **********139077 nömrəli 17.08.2020-ci il tarixli qərarın ləğv edilməsinə dair iddianın) iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan prosessual müddətlə bağlı mümkünlük şərtləri ödənilmədiyindən, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-493/2021saylı, 21 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-493/2021saylı, 21 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar