Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-804/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X10 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı və cavabdehin nümayəndəsi X8 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı (üçüncü şəxs: Nazirliyin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi) “şəhid statusunun verilməsi üçün rəyin verilməsinin cavabdehə həvalə olunması tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8481/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi, daha sonra, iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xidməti vəzifəsinin icrası zamanı faciəli şəkildə həlak olan qızı - polis kiçik inspektoru X5 “Şəhid” statusunun verilməsi ilə bağlı rəyin verilməsi vəzifəsinin cavabdeh DİN-ə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun qızı X12 Dövlət Universitetinin xarici dillər fakultəsini bitirmişdir. 09 avqust 2019-cu il tarixindən BPQMİ-nə bilavasitə tabe olan Gəncə “ASAN xidmət” mərkəzi üzrə regional qrupun kiçik inspektoru vəzifəsində xidmətə başlamışdır. 16 avqust 2020-ci il tarixinədək daxili işlər orqanlarında (bundan sonra DİO) xidmət etmişdir. Xidmət dövründə intizam məsuliyyətinə cəlb olunmamışdır. Gəncə “ASAN xidmət” mərkəzində çalışdığı dövlərdə bir çox sertifikatlar alaraq, göstərdiyi xidmət yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən onun şəxsi keyfiyyətlərini, iş bacırığını yüksək səciyyələndirən 10698 nömrəli xasiyyətnamə verilmişdir. 16 avqust 2020-ci il tarixində xidməti vəzifəsini yerinə yetirən zaman faciəli şəkildə həlak olmuşdur. Daxili işlər nazirinin göstərişi əsasında aparılmış xidməti təhqiqatın nəticəsinə dair rəydə X2 xidməti vəzifəsinin icrası zamanı həlak olduğu öz təsdiqini tapmışdır. Xidməti vəzifəsinin icrası zamanı həlak olmuş qızı L.Süleymanzadə “Şəhid” statusunun verilməsi ilə bağlı rəsmi qaydada DİN-ə müraciət etmişdir. Lakin müraciətinə müsbət cavab verilməmişdir. X6 “məcburi köçkün” statusu daşıyır. X14 xidməti vəzifəsinin icrası zamanı faciəli şəkildə həlak olduğu xx.xx.2020-ci il tarixi bitməmiş Qarabağ müharibəsi dövründə olmuşdur. X14 xidməti vəzifəsinin icrası zamanı faciəli şəkildə həlak olduğu xx.xx.2020-ci il tarixi sərt hərbi karantin rejiminin tətbiq olunduğu, hətta ictimai nəqliyyatın işləmədiyi istirahət günü olan bazar günü olmuşdur.Bazar günü qeyri-iş günü sayılır. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikasının “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” xx.xx.1993-cü il tarixli 697 nömrəli Qanununa əsasən “Şəhid statusu ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərkən həlak olmuş əməkdaşlara və hərbi qulluqçulara şamil olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8481/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şəhid statusu yalnız Azərbaycan Respublikamın ərazi suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib həlak olmuş əməkdaşlara və hərbi qulluqçulara şamil edilir. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan, düzgün tətbiq edilmədiyindən və digər normativ-hüquqi aktlarla qorunan hüquq və mənafelərim pozulduğundan qərar ləğv olunmalıdır. Bunun üçün kifayət qədər əsaslı səbəblərim və maddi sübutlarım vardır. Belə ki, Daxili işlər Nazirinin xüsusi göstərişi əsasında aparılmış xidməti təhqiqatın nəticəsinə dair rəydə X7mm xidməti vəzifəsinin icrası zamanı həlak olduğu öz təsdiqini tapmışdır. Bu bizə görə kifayət qədər mühim bir sübutdur. Çünki qızımın xidməti vəzifəsini yerinə yetirən zaman həlak olması faktının rəsmi şəkildə təsdiq olunması, məncə, məsələnin perspektivliyini kifayət qədər əsaslandırır. (Həmin rəyin surəti işin materiallarına əlavə olunmuşdur) Xidməti vəzifəsini yerinə yetirən zaman faciəli şəkildə həlak olan qızını X7mı ölümündən sonra dövlət də öz məsuliyyətini dərk etmiş, DİN-in rəhbərliyinin aidiyyatı orqanların əmri və göstərişi əsasında bizə "şəhid" statusu adı altında təzminat ödənilmişdir. (Bu barədə kassa məxaric orderi işin materiallarəna əlavə olunmuşdur) Bu “kompensasiya” qızımı mənə geri gətirməyəcəkdir, lakin hal-hazırda inzibati iş üzrə kifayət qədər əsaslı bir sübut kimi çıxış edəcəyinə əminəm. Əgər qızımın xidməti vəzifəsini yerinə yetirən zaman həlak olması faktı dövlət tərəfindən də qəbul edilmiş olmasaydı və bizə şəhid ailəsi statusunda təzminat ödənməsəydi, biz hal-hazırda bu tələblə məhkəmədə çıxış etməz və iddianın perspektivsiz olmasını qəbul edərdik. Həmçinin birinci instasiya məhkəməsində də iddianın qeyri- mümkün sayılması barədə qərardad çıxarılmaması və açıq şəkildə keçirilən məhkəmə iclasında iddia tələbimizin qiymətləndirilməsi bunu bir daha sübut edir. Beləliklə, o, iddianın təmin olunmasının mümkün olduğu bir şəraitdə məhkəmənin belə bir qərar çıxarması ilə əsla razılaşmır. Həmçinin, BPQ və Mİ-nin kiçik inspektoru, X14nin xidməti vəzifəsinin icrası zamanı faciəli şəkildə həlak olduğu xx.xx.2020-ci il tarixli qəza hələ də bitməmiş Qarabağ müharibəsi dövrü olmuşdur. Hətta qəza pandemiya ilə əlaqədar səıt qaydaların tətbiq olunduğu hərbi karantin rejimi, lıabelə ictimai nəqliyyatın işləmədiyi istirahət günü olan bazar gününə təsadüf edir. Müharibədən əvvəl və müharibə başa çatdıqında, Ermənistan kapitulyasiya aktına imza atdıqdan sonra bir çox hərbi qulluqçular, polis əməkdaşları və mülki şəxslər döyüş şəraitindən və cəbhə bölgəsindən kənarda təlim, yaxud avtoqəzada, yaxud intihar edərək, yaxud da müharibə olmayan vaxt xidməti vəzifəsini icra edən zaman vəfat etmişlər. Ailə üzvlərinin, qohumlarının, ictimaiyyətin təklifi və tələbi qarşısında dövlət həmin şəxslərə Şəhid statusu verərək, Şəhidin yaxınlarının tələbini yüksək qiymətləndirmişdir (Şəhid statusu alan şəxslərin bir qisminə istinad olunur). Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarını ləğv edilib iddiasının təmin olunmasını, cavabdehin nümayəndəsi R.Məmmədov şəhid stausunun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda vəfat etmiş şəxslərə verildiyini və polis əməkdakı Ləman Süleymanzadənin yol-nəqliyyat hadisəsi nəticəsində həlak olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakılara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən: -“Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.” İddiaçının öhdəliyin icrası haqqında iddia tələbindən göründüyü kimi, faciləi şəkildə həlak olan qızı - polis kiçik inspektoru X5 “Şəhid” statusunun verilməsi ilə bağlı rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmişldir. İş materiallarında olan sənədlərə əsasən işin aşağıdakı faktiki halları müəyyən olunur: BPQMİ-nin Ə168 s/h-018-19 №-li, xx.xx.2019-cu il tarixli əmrinin surətindən müəyyən olunur ki, X6 29 avqust 2019-cu il tarixdən DİOda xidmətə qəbul olunaraq, BPQMİ-yə bilavasitə tabe olan Gəncə “ASAN xidmət” mərkəzi üzrə regional qrupun kiçik inspektoru (ümumvətəndaş pasport üzrə) vəzifəsinə təyin edilmiş və ona “polis sıravisi” xüsusi rütbəsi verilmişdir. Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 155136 №-li, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə avtoqəza nəticəsində açıq küt kəllə-beyin travması nəticəsində baş beyinə qansızma və kəllə sümüklərinin sınması nəticəsində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 08-ci ayının 21-ci günündə 129 №-li qeyd aparılmışdır. Daxili İşlər Nazirliyinin Xidməti təhqiqatın nəticəsinə dair 27 aprel 2021-ci il tarixli rəyin surətinə əsasən isə aşağıdakılar müəyyən olunur: “ - Nizami RPİ-nin İTB-nin sabiq polis sahə rəisi Elnur Çağırqanov xx.xx.2020-ci il tarixdə "Mercedes" markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomaşınla sərnişini, Gəncə “ASAN xidmət" mərkəzi üzrə regional qrupun sabiq kiçik inspektoru (ümümvətəndaş pasportu üzrə) Ləman Süleymanzadə ilə Gəncə-Samux yolunun Çobanabadlı kəndindən keçən hissəsində hərəkətdə olarkən, sürücü Allahverdi Behbudovun əks istiqamətdə idarə etdiyi "NY Holland TJ5050" markalı 90 L 009 dövlət qeydiyyat nişanlı kombaynla toqquşmuş, nəticədə hər iki polis əməkdaşı aldıqları xəsarətlərdən hadisə yerində ölmüşlər. Faktla bağlı xx.xx.2020-ci il tarixdə Samux rayon prokurorluğunda CM-nin 263.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq istintaq aparılmışdır. Cinayət işinin polis əməkdaşı olan Elnur Çağırqanov barəsində olan hissəsinə xx.xx.2021-ci il tarixdə xitam verilmiş və sözügedən cinayət işi İbtidai İstintaqın davam etdirilməsi üçün Samux RPŞ-nin İstintaq qrupuna göndərilmişdir. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir. Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 8/2375 nömrəli rəyində “Mercedes" markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Elnur Çağırqanovun və "NY Holland TJ5050” markalı 90 L 009 dövlət qeydiyyat nişanlı kombaynın sürücüsü Allahverdi Behbudovun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin (yol hərəkəti OçQn təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi İlə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar) tələblərinə uyğunsuzluq olmuşdur. Həmçinin onların həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanlarının olduğu göstərilmişdir. Məhkemə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 52 nömrəli rəyində polis kiçik serjantı L.Süleymanzadənin ölümünə səbəb kimi yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkün olan açıq küt-kəllə beyin travması nəticəsində baş bəyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma və kəllə sümüklərinin sınması göstərilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 53 nömrəli rəyində polis leytenantı E.Çağırqanovun ölümünə səbəb kimi yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkün olan, həyatla bir araya sığmayan, başın gövdədən, tam, küt, travmatik amputasiyası göstərilmişdir. xx.xx.2020-ci il tarixdə BPQMİ-yə bilavasitə tabe olan Qərb bölgəsinin regional şöbəsində çap edilmiş ümumvətəndaş pasportlarının Mərkəzə gətirilməsi polis kiçik serjantı Ləman Süleymanzadəyə həvalə edildiyindən və qeyd olunan tarixdə ölkədə tətbiq ədilən xüsusi karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyəti dayandırıldığından sonuncu polis leytenantı Elnur Çağırqanovun avtomobilindən istifadə etmişdir. Eyni zamanda, həmin gün polis leytenantı E.Çağırqanovun icraatında olan borclu fiziki şəxslərin və cavabdehlərin axtarış işləri ilə əlaqədar Samux rayonuna getməsinə zərurət yaranmışdır. DİN-in Tibb İdarəsinin xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, polis kiçik serjantı L.Süleymanzadənin və polis leytenantı E.Çağırqanovun ölümünə səbəb kimi müvafiq olaraq yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkün olan açıq küt-kəllə beyin travması nəticəsində baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma və kəllə sümüklərinin sınması və yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkün olan, həyatla bir araya sığmayan, başın gövdədən, tam, küt, travmatik amputasiyası göstərilmişdir. DİN-in Maliyyə-Plan İdarəsinin xx.xx.2021-cl İİ tarixli 027-1828-1221 nömrəli məktubunda sabiq polis leytenantı X9 və sabiq polis kiçik serjantı X3 vəfat etmələrinin xidməti vəzifəsinin icrası ilə bağlı hesab ediləcəyi təqdirdə müvafiq rəyin təsdiq edilmiş surətinin Dövlət Kommersiya Şirkətinə təqdim edilməsi üçün sabiq əməkdaşlann ailə üzvlərinə təqdim olunmasının məqsədəmüvafiq hesab edildiyi göstərilmişdir. DİN-in Baş Təşkilat İnspeksiya İdarəsinin xx.xx.2021-cl İİ tarixli 002-347-1221 nömrəli məktubunda toplanmış materialların sabiq polis leytenantı X9 və sabiq polis kiçik serjantı X2 vəfat etmələri faktının xlməti vəzifələrin icrası ilə bağlı olmasını deməyə əsas verdiyi göstərilmişdir. Rəylə BPQMİ-yə bilavasitə tabe olan Gəncə “ASAN xidmət” mərkəzi üzrə regional qrupun sabiq kiçik inspektoru Ləman Süleymanzadənin və Nizami RPİ-nin İTB-nin polis sahəsi rəisi Elnur Çağırqanovun ölümünün xidməti vəzifəsinin icrası ilə əlaqəsinin olmasının nəzərə alınması, Xidməti təhqiqatın nəticəsinin DİN-nin rəhbərliyinə məruzə edilməsi, bu barədə aidiyyəti xidmətlərə bildirilməklə toplanmış materialın Daxili Təhqiqatlar İdarəsinin arxivinə verilməsi təklif olunmuşdur...” Bundan əlavə, iə əlavə edilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş X2 vərəsəsi İddiaçı müəyyən olunmuş və ona şəhadətnamə verilən miras əmlak “Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkəti” tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş xx-xx-0164 nömrəli məktuba əsasən miras qoyan X2 ölümü ilə əlaqədar Dövlət Sığorta Kommersiya Şirkətində adına qalmış 30.240 (otuz min iki yüz qırx) manat məbləğində sığorta məbləğindən ibarətdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Aşağıdakılar şəhid hesab edilirlər: - 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; -11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; - Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; - Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; - Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”n 1.2.6-cı yarımbəndinə əsasən: - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən, atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, kimlərə şəhid statusu verilir, həmin faciəli halların siyahısı konkret olaraq sadalanmışdır ki, həmin əsaslar arasında yol-nəqliyyat hadisəsi nəticəsində həlak olma şəhid statusu verilməsinə əsas olan hal kimi nəzərədə tutlmamışdır. Tədqiq olunan sübutlarla müəyyən edilən hallardan isə göründüyü kimi, iddiaçının mərhum qızı, polis əməkdaşı Ləman Süleymanzadə yolnəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Belə olan halda, yəni, mərhum Ləman Süleymanzadənin “Şəhid” hesab edilməsi üçün qanunvericiliklə müəyyən edilən əsaslar olmadığından, iddiaçının hazırkı tələbi təmin edilə bilməz. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının qızı - polis əməkdaşı Ləman Süleymanzadəyə şəhid statusunun verilməsi barədə müraciətinin təmin olunmasından imtina olunması qanunvericiliyin tələblərinə uyğundur. Qanuni imtinanın isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilməsi istisna olunur. İşə baxan birinci instansiyası da, məhz, əsaslı olaraq öz qərarında, işin araşdırılan halları ilə iddiaçının mərhum qızı X2 Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslər sırasına aid olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən olunmadığını qeyd edərək, belə qənaətə gəlmişdir ki, X2 vəfat etməsi avtoqəza nəticəsində baş verdiyindən yuxarıda qeyd olunan Qanun və Qərarın tələbləri ona şamil oluna bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən görünür ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını işin sübutlarla müəyyən edilən hallarına və qanunvericilyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8481/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8481/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-804/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-804/2023
08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver