Məhkəmə qərarları › İş №2-1(103)-805/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-805/2020

04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-805/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə təyinat idarəsinin vəkili X3 iştirakı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4300/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının xx.xx.1980-ci ildən xx.xx.1985-ci ilədək işlədiyi “xətt qurğuları və abonent avadanlıqları üzrə elektrik montyoru”, xx.xx.1986cı ildən xx.xx.1990-cı il tarixədək “tökmə sexində modelçi” və xx.xx.1995-ci ildən xx.xx.2003-cü il tarixədək işlədiyi “yeraltı kanalizasiya xətlərinin təmiri ilə məşğul olan təmirçi-çilingər” peşələri “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları”ndakı peşələr ilə üstüstə düşmür. Həmin peşələr aşağıdakı qaydada qeyd edilmişdir: 23100000. XXİX. Rabitə. 23100000-19827: qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsində məşğul olan xətti qurğuların telefon rabitəsinin və radiolaşdırmanın elektrik montyorları; 21500000. XİV. Metal emalı. 2150100а-14485: əridilən modellərin modelçiləri; 22900000. XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri. 2290000а-18447: yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsassızdır. İlk olaraq, hazırkı mübahisə pensiya-hüquq münasibətlərindən irəli gəlmişdir. İddiaçının qaldırdığı iddia məcburetmə haqqında iddia növünə aiddir (İPM-2.2.2). Belə ki, əmək pensiyalarını tənzimləyən qanunvericiliyin maddi normativ tələblərini ödədiyi üçün yarandığı irəli sürülən əmək pensiyası hüququnun dövlət tərəfindən tanınması və bundan sonra həyata keçirilməsi məqsədilə qanunla səlahiyyət verilmiş inzibati orqanın inzibati akt qüvvəli hüquqi akt qəbul etməsi tələb olunur («Əmək pensiyaları haqqında» AR Qanununun 30-cu maddəsi). Yalnız bu qaydada qərar qəbul edildikdən sonra əmək pensiyası hüququ realizə edilə bilər. İşdə olan, notariat qaydada təsdiq edilmiş xx.xx.1977-ci il tarixdə doldurulmağa başlanan əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək Ağdaş rayon “Kommunist” tərəvəzçilik sovxozunun inşaat briqadasında dülgər; xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək və xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək “Azkəndtikinti-5” səyyar mexanikləşdirilmiş dəstəsində 3-cü dərəcəli dülgər; xx.xx.1980-ci ildən xx.xx.1985ci ilədək “Azneft” Birliyinin Radio-telefon rabitəsi kontoru Sajdağ-Əmirarx (Ağdaş) rabitə sahəsinin xətti qurğuların və abunə qurğularının 2-ci dərəcəli, daha sonra 3-cü dərəcəli elektromontyoru; xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək Orta texniki peşə məktəbi-14-də əl ilə qaynaqla elektrik qaynaqçısı ixtisası üzrə təhsil; xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək Bakı Camaşırxana fabrikində yuyucu; xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilədək Bakı şəhər Telefon şəbəkəsi Təsərrüfat hesablı emalatxanasının Stansiya avadanlığının təmiri qrupunda 3-cü dərəcəli elektromontyor; xx.xx.1986-cı ildən xx.xx.1990-cı ilədək X2 Zavodunda müxtəlif vəzifələrdə; xx.xx.1990-cı ildən xx.xx.1995-ci ilədək “Sənaye Tikintisi” Birliyinin 7 nömrəli Trestinin 78 nömrəli tikinti idarəsində dülgər; xx.xx.1995-ci ildən xx.xx.2003-cü ilədək Qazı-Məmməd Kommunal Müəssisələri İdarəsində kanalizasiya xətlərinin yeraltı xətlərin təmiri ilə məşğul olan təmirçi-çilingəri; xx.xx.2003-cü ildən xx.xx.2008-ci ilədək Qarasu Əməliyyat Şirkətində Hazırlıq briqadasının operatoru; xx.xx.2008-ci ildən xx.xx.2009-cu ilədək Nəqliyyat şöbəsində ilməçi vəzifələrində çalışmışdır, xx.xx.2013-cü ildən hal-hazıradək quyuların Təmirə hazırlanması sexində quyuların təmirə hazırlanması üzrə operator vəzifəsində işləmişdir. NZ ******* nömrəli hərbi biletin notariat təsdiqli surətinə görə, iddiaçı xx.xx.1977xx.xx.1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. “X5” şirkətinin filialının Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında xx.xx.2019-cu il tarixli arayışına əsasən, iddiaçı Karasu Əməliyyat Şirkətində Quyuların təmirə hazırlanması sexində Quyuların təmirə hazırlanması üzrə operator vəzifəsində işləyir. İddiaçının neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə Karasu Əməliyyat Şirkətində iş stajı haqqında qeydlər aşağıda göstərilmişdir: Karasu Əməliyyat Şirkəti: 1. Hazırlıq briqadası: Operator, xx.xx.2003-xx.xx.2008; 2. Nəqliyyat şöbəsi: Qurğu briqadasında yükləmə üzrə operator, xx.xx.2008-xx.xx.2008 3. Nəqliyyat şöbəsi: ilməçi, xx.xx.2008-xx.xx.2009; 4. Nəqliyyat sexi: İlməçi, xx.xx.2009-xx.xx.2013; 5. Quyuların təmirə hazırlanması sexi: Quyuların təmirə hazırlanması üzrə operator, xx.xx.2013-xx.xx.2019 cəmi: 11 il 2 ay. AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına və «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na əsasən aşağıda qeyd olunan çıxarışlar üzrə iddiaçı 11 il 2 ay imtiyazlı iş stajına malikdir. 10.Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı. 10.2. Neft, qaz və qaz kondensatının hasilatı a) fəhlələr - quyuların yeraltı təmiri üzrə operatorlar.” Hacıqabul Rayon İcra Hakimiyyəti Kommunal Müəssisələri İdarəsinin (Qazı- Məmməd Kommunal Müəssisələri İdarəsi) xx.xx.2015-ci il tarixli 22 nömrəli arayışına görə, iddiaçının xx.xx.1995-xx.xx.2003-cü illərdə Qazı-Məmməd şəhəri Mənzil Kommunal Müəssisələri İdarəsində çalışdığı kanalizasiya xətlərinin yeraltı xətlərinin təmiri üzrə təmirçi-çilingər vəzifəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci “Ümumi peşələr” bölməsində 61-ci bənddə qeyd edilmiş “yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları” vəzifəsinə uyğundur və bu vəzifə güzəştli şərtlərlə pensiya təyinatı hüququ verir. Qeyd edilən vəzifədə iddiaçının 8 il 23 gün güzəştli iş stajı vardır. İddiaçının hazırkı tələblə cavabdeh orqana müraciətinə sonuncunun xx.xx.2019-cu il tarixli **********5 nömrəli imtina məktubunda göstərilmişdir ki, xx.xx.1995-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində X5 şirkətində işlədiyi kanalizasiya xətlərinin yeraltı xətlərinin təmiri üzrə təmirçi-çilingər peşəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin sıyahısı”nda nəzərdə tutulmamışdır. “X5” şirkətinin filialı birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq xx.xx.2019-cu il tarixli 04-2/665 nömrəli məktubla əmək müqaviləsi və əmrlərin təsdiq edilmiş surətlərini təqdim edərək bildirmişdir ki, iddiaçı xx.xx.2003-cü il tarixdən hal-hazıra kimi “X5” şirkətinin filialında işləyir: xx.xx.2003-xx.xx.2008 - operator, xx.xx.2008xx.xx.2009 - yükləmə üzrə operator, xx.xx.2009 - xx.xx.2013 - ilməçi, xx.xx.2013 - bu günədək - quyuların təmirə hazırlanması üzrə operator. Hacıqabul Rayon Kommunal Müəssisələri Kombinatı birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq xx.xx.2019-cu il tarixli 74 nömrəli məktubunda qeyd etmişdir ki, İdarənin 1995-2003-cü illərə aid əmrləri Hacıqabul rayon Dövlət Arxivinə təhvil verilmiş və orada saxlanılır. Müraciətə cavab olaraq həmin arxivin təqdim etdiyi arayışa əsasən, iddiaçı həqiqətən də xx.xx.1995-ci il tarixdən (əmr №6, xx.xx.1995) xx.xx.2003-cü il tarixinə (əmr №19, xx.xx.2003) qədər Qazı-Məmməd şəhəri Mənzil Kommunal Müəssisələri İdarəsində kanalizasiya xətlərinin yeraltı xətlərinin təmiri üzrə təmirçi-çilingər peşəsində çalışmışdır. Həmin dövrdə qeyd edilən vəzifədə onun əmək funksiyaları “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci - Ümumi peşələr bölməsində göstərilən yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa islərinin çilingəri peşəsinin əmək funksiyaları ilə eynilik təşkil etməklə aşağıdakılardan ibarət (lakin bunlarla məhdudlaşmamaqla) olmuşdur: yeraltı kanalizasiya xətlərində baş verən istismar qəzalarının (sızmaların, yaranmış tıxacların və s.) aradan qaldırılması ilə bağlı təmir işləri; yeraltı kanalizasiya xətlərinin sıradan çıxmış hissələrinin istismara fasilə verilməməklə bərpası ilə bağlı təmir işləri; yeraltı kanalizasiya xətlərində sonradan ortaya çıxmış texniki qüsurların aradan qaldırılması ilə bağlı təmir-bərpa işləri; istismar qəzaları zamanı, onun təmiri məqsədilə, yeraltı kanalizasiya xətləri ilə axan çirkab suların digər yeraltı xətlərə yönəldilməsi ilə bağlı bütün növ təmir işləri. AR Milli Arxiv İdarəsi Hacıqabul Rayon İcra Hakimiyyəti Hacıqabul rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 119 nömrəli arxiv arayışına əsasən iddiaçının adı Hacıqabul rayon Dövlət Arxivində fond-22-də qorunub saxlanılan Hacıqabul rayonu Kommunal Müəssisələri Kombinatının 1995-2003-cü illərə aid əmr kitablarında aşağıdakı kimi qeyd olunmuşdur: 1. Əmr 6, xx.xx.1995-ci il tarixdən yeraltı kanalizasiya xətlərinin təmiri üzrə çilingər işinə qəbul edilsin; 2. Əmr 19, xx.xx.2003-cü il öz xahişi ilə işdən azad edilsin. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı maddi hüquq normaları tətbiq olunmalıdır. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun «Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər» adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Eyni Qanunun: 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (bundan sonra - 2 nömrəli Siyahı) üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri x xxxxxx 1997-ci ildən, qalan maddələri isə x xxxxxx 1998-ci ildən qüvvəyə minmişdir. Həmin Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın: 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları»nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İstinad olunan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə xüsusi iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalıdır. Göstərilən şərtlərə iş üzrə əməl olunur. Belə ki, cavabdehin imtinasında əsas mübahisə etdiyi iddiaçının xx.xx.1995-xx.xx.2003-cü illərdə (8 ildən çox) çalışdığı kanalizasiya xətlərinin yeraltı xətlərinin təmiri üzrə təmirçi-çilingər peşəsi (22900000. XXVİİ. “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” - 22900000a-18447 - yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri), həmçinin, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunan xx.xx.1980-xx.xx.1985-ci illərdə (4 ildən çox) işlədiyi “Azneft” Birliyinin Radiotelefon rabitəsi sahəsinin xətti qurğuların və abunə qurğularının elektromontyoru peşəsi (23100000. XXİX. “Rabitə” - 23100000-19827 - qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsində məşğul olan xətti qurğuların telefon rabitəsinin və radiolaşdırmanın elektrik montyorları), eləcə də “X5” şirkətinin filialında xx.xx.2003-xx.xx.2006-cı illərdə (2 ildən çox) işlədiyi operator peşəsi (21300000. Xİİ. “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” - 21302000-2. Neft-qaz və qaz kondensatının hasilatı - 2130200a - a) fəhlələr - 2130200a-15870 - quyuların yeraltı təmiri üzrə operatorlar), cəmi 12 il yarımdan çox olmaqla, 2 nömrəli Siyahı ilə güzəştli şərtlərlə pensiya hüququ verən işlərə aid edilmişdir. Bununla da, iddiaçıya məxsus əmək kitabçası, iş yerlərindən güzəştli arayışlar və hərbi biletdən müəyyən olunur ki, iddiaçı xx.xx.2006-cı il tarixə, 6 ay texniki peşə məktəbində təhsil və 2 il hərbi xidmət müddətləri də daxil olmaqla, 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən) staja malik olmuşdur. Odur ki, məhkəmə kollegiyası bu mənada cavabdehin apellyasiya şikayəti ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliklə təkzib olunur. Birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir. Bununla bağlı olaraq, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4300/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə təyinat idarəsinin apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar