Məhkəmə qərarları › İş №2-1(103)-805/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-805/2021

02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-805/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Hüseyn Aida Əli qızı və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı keçmiş dövr üçün ödənilməmiş sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 16.11.2020-ci il tarixli, 2-1(112)-2735/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 16.11.2020-ci il tarixli, 2-1(112)-273540/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, 1-ci qrup əlil X3 qəyyumu İddiaçı 01.03.2019-cu il tarixdən 08.10.2019-cu il tarixə kimi əlilliyə görə müavinətin hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim M.Qarayeva). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.03.2019-cu il tarixindən 08.10.2019-cu il tarixindək dayandırılmış pensiyasının bərpa edilməsi, ödənilməmiş 7 ayın pensiya məbləğinin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona X3 qəyyumu kimi 01.03.2019-cu il tarixdən 08.10.2019-cu il tarixədək əlilliyə görə müavinətin hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, İddiaçı oğlu X8 03 mart 2001-ci ildə Bakı şəhərində doğulmuşdur. Oğlu Qurban doğulduğu andan bugünə kimi daun sindromu xəstəliyindən əziyyət çəkir və artıq neçənci ildir ki, daun sindromu diaqnozu ilə müalicə alır və depakin qəbul edir. İddiaçının oğlunun əqli cəhətdən problemləri ilə yanaşı, sağlamlıqla bağlı spesifik problemləri də olur. Sonuncu müayinə aktında ona 13-cü xromosomun trisomiyası, translokasiya, daun sindromu, əqli gerilik, qıcolma, tutmalar diaqnozu qoyulmuşdur. X8 ömürlük olaraq İ qrup əlildir və özünü idarə etmək iqtidarında deyil. Bu səbəbdən də onun daimi olaraq sosial müdafiəyə ehtiyacı vardır. İddiaçının oğlu məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir və 1-ci qrup əlildir. Hal-hazırda iddiaçı onun üzərində qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıl-dığın-dan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə ilkin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə göndərilmiş, həmin tərəfdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 25.09.2020-ci il tarixli, **********0 nömrəli qərarı ilə Fondun Bakı şəhəri üzrə Nizami rayon xidmət nümayəndəliyi ləğv edildiyindən hazırlıq icraatının gedişində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhəri Nizami rayon xidmət nümayəndəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi X4 izahatında göstərmişdir ki, X7 əllillik dərəcəsinin verilməsi 08.10.2019-cu il tarixinə təsadüf edir. İddiaçı Nizami rayon şöbəsinə 2019- cu i! 31 oktyabr tarixində müraciət etmiş və həmin tarixdən etibarən Əzizov Qurban, Eldar oğluna əlilliyə görə sosial müavinət təyin edilib ödənilmişdir. Qeyd ediiməlidir ki, iddiaçının qəyyumu olduğu X7 2019-cu ilin mart ayına kimi sağlamlıq imkanlarının məhdudluğu olan şəxslər üçün nəzərdə tutulmuş sosial müavinət ödənilmiş, Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə müraciət edildiyi tarixdən etibarən komissiyanın 2508 saylı qərar; əsasında ona 08.10.2019-cu il tarixindən əlilliyə görə sosial müavinət təyin edilib ödənilmişdir. Eyni zamanda Ali Məhkəmənin 26 noyabr 2019-cu il tarixli 2-1(102)- 3046/2019 saylı Qərarında da qeyd edildiyi kimi iddiaçının əlilliyi və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin başvermə vaxtı TSEK tərəfindən müəyyən edilməli olduğuna görə onun müharibə əlili olması TSEK-in qərarının qəbul edildiyi 13 iyun 2017-ci il tarixindən müəyyən edildiyindən cavabdeh tərəfindən həmin tarixdən ona müharibə əlili kimi pensiya təyin edilməsi barədə cavabdehin mövqeyi əsaslı olmuşdur. Bəhs olunanlara əsasən iddiaçının əlilliyinin səbəbinin Azərbaycan Respublikasının müdafiəsi zamanı almasına dair qüvvədə olan inzibati akt olmadığından və 13 iyun 2017-ci il tarixinədək olan dövrlə bağlı əlilliyin səbəbinin ümumi xəstəliklə bağlı olmasına dair qüvvədə olan aktlar olduğundan iddia əsaslı sayıla bilməz. İddiaçıya münasibətdə TSEK-in 24.10.2019-cu il tarixli qərarında, həmin qərarın qüvvəsinin ondan əvvəlki dövrə şamil edilməsi barədə hər hansı bir qeyd yoxdur. İddiaçının əlillik səbəbindən müavinət almaq hüququnun yaranma anı TSEK tərəfindən verilmiş qərarla müəyyən edilir. Bu səbəbdən də iddiaçının dayandırılmış müavinət məbləğinin birdəfəlik ödənilməsi tələbi əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməməsini, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki: İş materiallarına əlavə edilmiş AZE seriyalı, 17131542 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X8 03.03.2001-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məhkəməyə daxil olmuş **********3 saylı, 03.11.2020-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, əlillik altsistemindən çıxarışa əsasən E.Əzizovun Bakı şəhəri 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 12.06.2017-ci il tarixli 0120003AADE7 nömrəli göndərişi əsasında ilkin təyinat əsasında 13.06.2017-ci il tarixində ümumi xəstəlik səbəbindən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. Həmçinin, Agentliyin 25 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasından alınmış məlumata əsasən, 13.06.2017-ci il tarixdən əvvəlki dövrə aid X5 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməmişdir. X7 aid müavinət işində olan sənədlərin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, X7 əlilliyi 08.10.2019-cu il tarixdə qiymətləndirilmiş, ona birinci dərəcəli əlillik təyin edilmiş, sağlamlıq imkanlarının məhdudluğu müddətsiz olaraq müəyyən edilmiş, ağır dərəcəli əqli gerilik, qeyri-üzvi mənşəli enurez, kəskin nitq qüsuru, daun sindromu (trisomiya) diaqnozu qoyulmuş, DSMF-nin Nizami rayon şöbəsinin sosial müavinətin təyinatı üzrə 18.10.2019cu il tarixli qərarı ilə ona 1-ci qrup əlilliyə görə 08.10.2019-cu il tarixdən ömürlük müavinət təyin edilmiş, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının 256 saylı, 22.10.2019cu il tarixli sərəncamına əsasən İddiaçı Xəzər rayon Məhkəməsi tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş oğlu, 03.03.2001-ci il təvəllüdlü X3 üzərinə qəyyum təyin olunmuşdur. İddiaçı 984770/2 nömrəli pensiya işində olan sənədlərdən məlum olur ki, DSMF-nin Nizami rayon şöbəsinin sosial müavinətin təyinatı üzrə 2508 saylı, 31.10.2019-cu il tarixli qərarına əsasən İddiaçı 08.10.2019-cu il tarixdən ömürlük olaraq 1-ci qrup əlilə (X7) qulluğa görə sosial müavinət təyin edilmişdir. Stasionar (ambulator) kitabçadan (xəstəlik tarixindən) çıxarışdan müəyyən edilir ki, X3 tibbi göndərişi 01.04.2019-cu il tarixdə verilmişdir. Pasiyent 08.05.2019-cu ildə xəstəxanaya daxil olmuş, 08.06.2019-cu il tarixdə xəstəxanadan çıxmışdır. 24.05.2019-cu il tarixdə ona ağır dərəcəli əqli gerilik, nəzərəçarpan davranış pozuntuları diaqnozu qoyulmuşdur. Xəstəliyin başlanma tarixi 2004-cü il kimi göstərilmişdir. İş materiallarından məlum olur ki, İddiaçı iddia ərizəsində qaldırdığı məsələ ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, məsələ ona münasibətdə müsbət həllini tapmamış, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsindən ona ünvanlanmış 18.12.2019-cu il tarixli, **********8 saylı cavab məktubunda bildirilmişdir ki, oğlu X7 01.03.2019-cu il tarixədək sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara verilən müavinət təyin olunub və ödənilib. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən keçirilmiş müayinə aktına əsasən oğluna 08.10.2019-cu ildən 1-ci qrup əlillik təyin edildiyi üçün ona 08.10.2019-cu il tarixdən 1-ci qrup əlillərə verilən müavinət və təqaüd təyin olunmuşdur. Birinci instansiya məhkəməsi aşağıdakı əsaslara görə cavabdehin dəlillərini əsaslı hesab etmir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyə-tinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyanın (2 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Fakültativ Protokoluna müvafiq bəyanatla qoşulmuşdur) 28-ci maddəsində qeyd edilmişdir ki, İştirakçı dövlətlər əlillərin və onların ailələrinin yetərli qidalanma, geyim və yaşayış yeri daxil edilməklə qənaətbəxş həyat səviyyəsinə, həyat şəraitinin daim yaxşılaşdırılmasına olan hüququnu tanıyır və əlillik əlamətinə görə diskriminasiyaya yol vermədən bu hüququn təmin və təşviq edilməsi üçün zəruri tədbirləri görür. O cümlədən, əlillərin pensiya müavinətlərindən və proqramlarından istifadə etmək imkanının təmin edilməsi üçün zəruri tədbirləri görür. Quberina (Guberina) Xorvatiyaya qarşı (CASE OF GUBERİNA v. CROATİA 22/03/2016 http://hudoc.echr.coe.int/eng?i=001-171698) işdə Avropa Məhkəməsi qeyd etdi ki, müvafiq qanunvericilik normalarında ümumi ifadələrdən istifadə edilsə də, digər qanunvericilik müddəalarında əlil şəxslərin tələbatlarının nəzərə alınması üçün zəruri tələblərə dair müəyyən istiqamətləndirici göstərişlər vardı. Bundan başqa, əlillərin hüquqları haqqında BMT Konvensiyasını ratifikasiya etməklə cavabdeh dövlət cəmiyyətin həyatının bütün aspektlərində əlillərin tam və bərabərhüquqlu iştirakı ilə bağlı müvafiq prinsipləri, məsələn, əlillərin ağlabatan mənzil təminatı, hərəkət imkanları və ayrı-seçkiliyə məruz qalmaması kimi məsələləri nəzərə almağı öhdəsinə götürmüşdü. Konvensiyanın 14-cü maddədəki "digər hər hansı əlamət" termini ərizəçinin uşağının əlilliyinə şamil olunurmu – ərizəçi ayrı-seçkiliyə məruz qalmasından şikayət etdi və bu ayrıseçkilik onun öz əlilliyi ilə deyil, uşağının əlilliyi ilə əlaqədar idi. Məhkəmənin presedent hüququnda "digər hər hansı əlamət" ifadəsinə geniş məna verilir və onun şərhi şəxsi xarakter daşıyan, yəni şəxsin özünə xas olan və ondan ayrılmaz olan xüsusiyyətlərlə məhdudlaşmır. Beləliklə, 14-cü maddə müəyyən şəxsin digər bir şəxsin hər hansı əlaməti əsasında daha əlverişsiz rəftara məruz qalması hallarına da şamil olunur, necə ki, bu, ərizəçinin işində baş vermişdir. Çam (Çam) Türkiyəyə qarşı (CASE OF ÇAM v. TURKEY, ərizə № 51500/08 http://hudoc.echr.coe.int/eng?i=001-171664, 23.2.2016) işidə məhkəmə hesab etdi ki, dövlətlərin bu sahədə verdikləri qərarların əlil uşaqlara təsirini nəzərə alaraq xüsusilə diqqətli olmaları önəmlidir, belə ki, bu uşaqların xüsusilə həssas durumda olmaları nəzərə alınmaya bilməz. Müvafiq olaraq, məhkəmə qərara aldı ki, əlilliyə əsaslanan ayrı-seçkilik bu insanlar üçün ağlabatan şəraitin yaradılmasından imtina edildiyi bütün hallara aiddir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə, sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin X1 əlilliyinin ilkin və təkrar olaraq qiymətləndirildiyi tarixlərdə qüvvədə olmuş 4.0.1.4-cü və 4.0.1.3-cü maddələrinə görə müvafiq olaraq sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara ödənilən müavinət və əlilliyə görə müavinət sosial müavinətlərin növlərinə aid edilmişdir. Həmin Qanunun 19 may 2020-ci il tarixdən qüvvəyə minmiş 4.0.1.3-cü maddəsinə görə 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə ödənilən müavinət sosial müavinətlərin növlərindən biridir. Həmin Qanunun 4-cü maddəsində sosial müavinətlərin aylıq və birdəfəlik olmaqla iki növü fərqləndirilir və yuxarıda adıçəkilən müavinətlər məhz aylıq müavinətlər kateqoriyasına aid edilir. Birinci instansiya məhkəməsi, həmçinin, qeyd etmişdir ki, yuxarıda sadalanmış qanunvericilik normalarından göründüyü kimi qanunverici orqan 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxslərə və 18 yaşından yuxarıda sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxslərə ödənilən müavinətləri fərqləndirmişdir. Məzmunu yuxarıda göstərilmiş müddəalara əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, X3 əlilliyi ilkin olaraq qiymətləndirilərkən növbəti müayinə tarixi kimi onun 18 yaşının tamam olduğu 03.03.2019-cu il tarixinin göstərilməsi əlilliyə səbəb olan xəstəliyin sonradan aradan qalxıb-qalxmamasının müəyyən edilməsi, başqa sözlə, tibbi nöqteyi nəzərdən yox, hüquqi nöqteyi nəzərdən, yəni sağlamlıq imkanları məhdud olan 18 yaşınadək və 18 yaşından yuxarı şəxslərə ödənilən sosial müavinətin hüquqi əsaslarının fərqli olması baxımından yanaşılmalıdır, şəxsin sağlamlıq imkanlarının məhdudluğunun 18 yaşının tamam olacağı tarixdə yenidən yoxlanılması zərurəti məhz qanunvericilikdən irəli gələn hüquqi zərurətlə bağlıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxs müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Birinci instansiya məhkəməsi göstərilənlərin hüquq normalarının tələblərinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi F.Məmmədova tərəfindən məhkəməyə təqdim edilmiş 28 avqust 2020-ci il tarixli etirazda iddianın əsassız olması baxımından qeyd edilənlərlə razılaşmamış. Əvvəla ona görə ki, X7 DSMF tərəfindən 08.10.2019-cu il tarixdən növbəti müayinə tarixinə qədər deyil, ömürlük müavinət təyin edilmişdir və əlillik və sağlamlıq imkanlarının məhdudluğu müddətsiz olaraq müəyyən edilmişdir. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, X3 əlillik səbəbindən müavinət almaq hüququnun yaranma anı TSEK tərəfindən verilmiş qərarla müəyyən edilsə də, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 10-1.5ci maddəsində keçmiş müddət üçün alınmamış müavinətin ödənilməsi ilə əlaqədar münasibətləri tənzimləyən norma təsbit edilmiş, habelə, həmin normanın aylıq müavinətlərə aid edilən əlilliyə görə (18 yaşından yuxarı şəxslərə) müavinətlərə şamil edilməsini istisna edən xüsusi bir norma da adıçəkilən qanunda mövcud deyildir. Bu da belə bir hüquqi nəticəyə gəlməyə dəlalət edir ki, göstərilən norma əlilliyə görə (18 yaşından yuxarı şəxslərə) müavinətlərin keçmiş dövr üzrə ödənilməsi ilə əlaqədar münasibətlərə tətbiq edilə bilər. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən əlilliyi olan şəxslərə sosial müavinət təyin edilməsi şərtləri və qaydası “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Qanunvericiliyin istinad olunan müddəaları ilə bağlı olaraq birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilk növbədə şəxsin əlillik statusu alması ilə, bu statusdan irəli gələn hüquq, güzəşt və imtiyazlardan istifadəsi imkanları fərqləndirilməlidir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi əlilliyi olan şəxslərin sosial müdafiəsi ilə əlaqədar qanunvericilik yalnız “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun özündən ibarət deyil, o, həmçinin, bütün digər başqa sahələrdə əlilliyi olan şəxslərin hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından da ibarətdir. Bu isə o deməkdir ki, əlilliyi olan şəxslər həmin statusu əldə etdikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş çoxşaxəli hüquq, güzəşt və imtiyazlardan istifadə imkanları qazanırlar. Müvafiq olaraq sözügedən hüquq, güzəşt və imtiyazlardan da məhz onların təsbit olunduğu qanunvericiliyin müəyyən etdiyi qaydaya uyğun istifadə edə bilərlər. İddiaçının hazırkı tələbi “Sosial müavinətlər haqqında” Qanundan irəli gələn müavinətin alınması ilə bağlı olduğundan bu tələbin əsaslılığına, o cümlədən, əsaslı olduğu halda, müavinətin hansı tarixdən ödənilməli olduğuna dair məsələyə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun normalarına görə deyil, məhz həmin sosial müavinətin verilməsi məsələsini həll edən xüsusi qanun kimi çıxış edən “Sosial müavinətlər haqqında” Qanunun normalarına əsasən qiymət verilməlidir. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə görə müavinətlər ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq, bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Məhkəmənin qənaətinə görə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin əlillik statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarının qəbul edildiyi andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki, Qanun birmənalı şəkildə əlillik statusunu əldə etdikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir – yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsas verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Birinci instansiya məhkəməsi “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinin işin faktiki halların tətbiqi baxımından qeyd etməyi zəruri hesab edir ki, həmin normanın hazırkı mübahisəyə tətbiq edilməsi yolverilməzdir, ona görə ki, müvafiq müddəanın tətbiqi şəxsə əlilliyə görə sosial müavinətin ilkin olaraq təyinatı ilə şərtlənir. Həm də, ona görə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi işin faktiki hallarına tətbiq edilsə, bu, X3 01.03.2019-cu il tarixədək aldığı sosial müavinətin təkrar ödənilməsi ilə nəticələnər ki, həmin hal da sosial təminat qanunvericiliyinin tələblərinə uyğun deyildir. Adıçəkilən Qanunun 10-1.5-ci maddəsinə əsasən isə keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir. Məhkəmə hesab etmişdir ki, əlilliyi qiymətləndirilmiş şəxsin müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edilməsi tarixindən asılı olmayaraq, əgər əlilliyin meydana çıxmasına səbəb olan hallar qiymətləndirmə tarixindən əvvəl yaranmışsa və bu halların qiymətləndirmə tarixinə qədər aradan qalxması və ya mövcud olmaması sübuta yetirilmirsə, müvafiq məsələ əlilliyin faktiki olaraq mövcud olduğu dövr nəzərə alınmaqla məhz “Sosial müavinətlər haqqında” Qanunun 10-1.5-ci maddəsinə əsasən öz həllini tapmalıdır. Həmçinin, əlilliyə görə müavinət “Sosial müavinətlər haqqında” Qanunun tələbləri baxımında birdəfəlik deyil, aylıq müavinətlərə aid olduğundan həmin müavinətin əvvəlki dövr üçün ödənilməsi mümkündür. İş materialları ilə də öz təsdiqini tapır ki, X6 1-ci qrup əlilliyin yaranması ilə nəticələnmiş xəstəlik ən azı 2004-cü ildən etibarən meydana çıxmış, onun əlilliyi ilkin olaraq 13.06.2017-ci il tarixində qiymətləndirilmiş, əlilliyi təkrar qiymətləndirildiyi 08.10.2019-cu il tarixinədək, konkret olaraq qeyd edilsə, 2019-cu ilin 08 may tarixindən 08 iyun tarixinədək xəstəxanada stasionar müalicədə olmuş, 24.05.2019- cu il tarixdə ona ağır dərəcəli əqli gerilik, nəzərəçarpan davranış pozuntuları diaqnozu qoyulmuşdur. Təsadüfi deyildir ki, iş materiallarında olan stasionar (ambulator) kitabçadan (xəstəlik tarixindən) çıxarışda göstərilmiş diaqnoz Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatda da öz təsdiqini tapmış, pasiyentə ağır dərəcəli əqli gerilik, qeyri-üzvi mənşəli enurez, kəskin nitq qüsuru, daun sindromu (trisomiya) diaqnozu qoyulmuşdur. Bundan əlavə, birinci instansiya məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində əmək qabiliyyətinin itirilməsinin 3 növü (tam, qismən və müvəqqəti) göstərilmişdir. Belə ki, həmin Məcəllənin 74-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə əlillik dərəcəsi və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. Göstərilən normanın təhlili belə nəticəyə gəlməyə əsas verir ki, əmək qabiliyyəti o vaxt itirilmiş hesab edilə bilər ki, o, itirilənədək mövcud olsun. İş materiallarında olan X3 əlilliyinin ilkin və təkrar qiymətləndirilməsinə dair sənədlərdə isə onun əmək qabiliyyətinin itirilməsi qrafalarında əmək qabiliyyətinin itirilməsinin dərəcəsi göstərilməmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, X3 əmək qabiliyyəti, ümumiyyətlə, daha konkret şəkildə qeyd edilsə, onun əlilliyinin ilkin və təkrar qiymətləndirildiyi tarixləri arasındakı müddətdə də mövcud olmamışdır. İş materiallarından isə müəyyən edilir ki, 01.03.2019-cu il tarixdən 08.10.2019-cu il tarixə kimi müddətdə X3 əlilliyi faktiki olaraq mövcud olsa da, həmin dövr üzrə sosial müavinətin ödənilməsi ilə əlaqədar onun qəyyumunun müraciəti aidiyyəti orqan tərəfindən əsassız olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətini qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16.11.2020-ci il tarixli, 2-1(112)-2735/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar