Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-805/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X13 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2-1(112)-1849/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası mərhum X5 vərəsəlik qaydasında ona miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1848 (düzəliş olunduqdan sonra 1843) saylı bağ sahəsinin tam sənədləşdirilməsi yəni, ona miras qalmış bağ sahəsinin sxematik xəritəsinə və müqavilədə qeyd olunmuş bağ nömrəsinə düzəliş olunaraq, texniki pasportun və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, atası mərhum X7 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1848 (düzəliş olunduqdan sonra 1843) saylı bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmaqla arayışın verilməsi məqsədi ilə cavabdehin üzərinə öhdəliyin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə İPM 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1848/1686 saylı bağ sahəsinin mərhum atası X8 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası mərhum X5 vərəsəlik qaydasında ona miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1848 (düzəliş olunduqdan sonra 1843) saylı bağ sahəsinin tam sənədləşdirilməsi yəni, ona miras qalmış bağ sahəsinə texniki pasportun və çıxarışın verilməsi məqsədi ilə Bakı şəhəri, 19 saylı notariusu tərəfindən 31 may 2021-ci il tarixdə 494 nömrəli məktubu ilə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmişdir. Həmin sorğuya xx.xx.2021-ci il tarixdə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavab verilərək bildirilmişdir ki, təqdim edilən bağ sahəsinə dair müqavilədə bağ nömrəsinə düzəliş edilmişdir (1848 düzəliş olunduqdan sonra 1843 saylı), düzəliş olunan hissəyə isə səlahiyyətli şəxsin imzası və möhürü vurulmamış, həmçinin göstərilən bağ sahəsinin ərazisi bağların bölgüsünə dair sxematik xaritəyə əsasən uyğunsuzluq təşkil edir, yəni digər bağ nömrəsinin ərazisinə uyğun gəlir. Atası mərhum X8 məxsus bağ sahəsi həmin vaxt sənədləşdirilərkən əsas müqavilədə səhvən bağın nömrəsi 1848 qeyd olunmuşdur. Bundan sonra atasına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən bağ sahəsinin əsas müqaviləsinə düzəliş olunaraq 1843 edilmişdir, lakin həmin düzəliş olunarkən həmin düzəlişin üzərinə möhür vurulmamışdır. Hal-hazırda bu xırda səhvlərin nəticəsində atasından ona miras qalmış bağ sahəsini öz adına sənədləşdirə bilmir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən bağ sahəsinə dair müqavilədə bağ nömrəsində düzəliş edilmişdir, lakin səlahiyyətli şəxsin imzası və möhürü ilə təsdiq edilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən göstərilən bağ sahəsinin ərazisi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən uyğunsuzluq təşkil edir, yerləşməsi digər bağ nömrələrinin (1680, 1681, 1682, 1684) ərazisinə uyğun gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na 2 nömrəli Əlavə olan “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.3-cü bəndinə əsasən bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada elektron çıxarış verildikdə, notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 11.2. Təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bakı İnzibati Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2-1(112)-1849/2022 saylı qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan 1848/1686 saylı bağ sahəsinə dair İddiaçı atası mərhum X7 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz Əmlakın Dövlət reyestrindən arayışın (çıxarış) verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, Azərbaycan SSR Məişət Xidməti Nazirliyi Respublika X1 idarəsi tərəfindən həmin İdarənin Bakı şəhəri 4 №li müəssisəsində radioquraşdırıcı vəzifəsində işləyən X8 386–s №li 23 dekabr 1969-cu il tarixli arayış Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Trestinə təqdim etmək üçün verilmişdir. X9 xx.xx.1966cı il tarixli ərizə ilə Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Trestinə müraciət edərək, ona Ləhiş bağlar sahəsində bağ torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. 1967-ci il tarixli 18-46 №li protokol əsasında xx.xx.1969-cu il tarixdə Trestin yer quruluşçuları Rafiq Əliyev və Cəmil Cəlilov və Trestin aqronomu Ələsgər Quliyev tərəfindən 1848 №-li bağın icarədarı Nəriman Ağayevin iştirakı ilə tərtib olunmuş aktda qeyd olunmuşdur ki, Ləhiş sahəsində Nəriman Ağayevə 1848 №-li bağ verilmişdir. Lakin səhv olaraq B.Ş.S qərarında sənədlər verilərkən başqa nömrə yazılmışdır. İcarədar 1848 №-li bağı abad etmiş və aqrotexniki qaydalarla bağı becərmişdir. 1848 №-li bağın düzgünlüyünün və icarədarın müqavilə almasına etiraz etmirlər. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Tresti ilə X9 arasında bağlanmış “Bağ və binaların uzunmüddətli icarəyə verilməsi”nə dair xx.xx.1969- cu il tarixli 16904 №-li müqavilənin surətindən görünür ki, Bakı şəhər zəhmətkeş deputatları Sovetinin İcraiyyə Komitəsinin bag bölgüsü üzrə Komissiyasının qərarına müvafiq olaraq (20 oktyabr 1967-ci il; protokol №18; sıra № 46) Ləhiş baş massivində 0,25 ha bağ torpaq sahəsindən ibarət 1848 №-li bağ sahəsi X7 istifadəsinə ayrılmışdır. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Trestinin 25 dekabr 1969-cu il tarixli aktı ilə 16904 №-li müqaviləyə əsasən Ləhiş baş massivində 0,25 ha bağ torpaq sahəsindən ibarət 1848 №-li bağ sahəsi icarədar X8 təhvil verilmişdir. xx.xx.1972-ci ildə Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Trestinin mühəndisləri və texniki tərəfindən Ləhiş baş massivində yerləşən 1848/1686 saylı bağ torpaq sahəsinin cizgisi hazırlanmışdır. X9 xx.xx.1981-ci il tarixli ərizə ilə Bakı şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsinə müraciət edərək, icarəyə götürdüyü bağ sahəsinin müqaviləsini itirdiyini bildirmiş və həmin bağın müqaviləsinin surətinin verilməsini və müqavilənin vaxtının uzadılmasını xahiş etmişdir. Ərizənin üzərinə “Yoxlanılsın və müqavilə hazırlansın” qeydi ilə xx.xx.1981-ci il tarixli dərkənar qoyulmuşdur. ünvan ünvanlanmış 31 may 2021-ci il tarixli 494 №-li məktubundan görünür ki, xx.xx.1992-ci il tarixdə vəfat etmiş X7 miras qalmış əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 19 saylı notariat ofisinə qızı - İddiaçı tərəfindən müraciət daxil olmuşdur. X7 vəfat etməsi ilə əlaqədar vərəsənin ərizəsi əsasında xx.xx.2012-ci il tarixdə tərəflərindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq sənədləşdirmə aparılması üçün mərhum X7 adına Bakı şəhəri Xəzər rayonu Ləhiş bağ masivində yerləşən 16904 nömrəli müqavilədə göstərilən sahəsi 0.25 ha olan 1848\1686 saylı bağ sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna cavab olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********75 №li məktubda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 1848/1686, 1686, 1843/1681 və 1681 saylı bağ sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Ləhiş bağ sahəsi, 186 saylı BTK-nın 1843 saylı bağ sahəsi 18 nömrəli order və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2009-cu il tarixdə tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2009-cu il tarixdə X6 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1848 saylı bağ sahəsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2941/11 saylı, xx.xx.2012-ci il tarixli qərardadı əsasında sözügedən bağ sahəsi xx.xx.2015-ci il tarixdə 2126 saylı bağ sahəsi kimi Əlixan Əmircan oğlunun adına dövlət reyestrində ilkin qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, Bakı şəhəri,Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 186 saylı BTK-nın 1843 saylı bağ sahəsi (0.1117 ha) Daşınmaz əmlakın dövlət reyestrində 206 nömrəli reyestr kitabının 19114 nömrəli vərəqində xx.xx.2009-cu ildə ********** qeydiyyat nömrəsi ilə X6 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2126 saylı bağ sahəsi (0,25 ha) xx.xx.2015-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 555 nömrəli reyestr kitabının 52567 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə Əlixan Əmircan oğlunun adına qeydiyyata alınmışdır. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********62 №li xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında bildirişdən görünür ki, müraciətçiyə bildirilmişdir ki, mərhum X5 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “1848/1686” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli ərizəyə baxılmışdır. Təqdim edilən bağ sahəsinə dair müqavilədə bağ nömrəsində düzəliş edilmişdir, lakin səlahiyyətli şəxsin imzası və möhürü ilə təsdiq edilməmişdir. Bundan əlavə, tərəfindən göstərilən bağ sahəsinin ərazisi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən uyğunsuzluq təşkil edir, yerləşməsi digər bağ nömrəsinin ərazisinə uyğun gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanısahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsini 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin xx.xx.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinə görə torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 176 saylı 4 avqust 1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinə görə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəlki Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) həyata keçirir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Həmin Qanunun 12-ci maddəsinin ikinci hissəsinə əsasən dövlət torpaq kadastrı fondu müvafiq icra hakimiyyəti orqanının sərəncamında olur. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər;.. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 8.0-ci maddəsində deyilir: Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” təlimatın 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin təlimatın 7.1-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Cavabdeh inzibati orqan tərəfindən həm iddiaçının müraciətinə cavab olaraq verilmiş imtina bildirişində, həm də iddia tələbinə dair məhkəməyə təqdim olunmuş etirazda qeyd olunmuş eyni məzmunlu dəlillərə (təqdim edilən bağ sahəsinə dair müqavilədə bağ nömrəsində düzəliş edilmişdir, lakin səlahiyyətli şəxsin imzası və möhürü ilə təsdiq edilməmişdir; iddiaçı tərəfindən göstərilən bağ sahəsinin ərazisi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən uyğunsuzluq təşkil edir, yerləşməsi digər bağ nömrələrinin (1680, 1681, 1682, 1684) ərazisinə uyğun gəlir) gəldikdə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin dəlillər əsassız olmaqla yanaşı iş materialları ilə təkzib olunur. Belə ki, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Tresti ilə X9 arasında bağlanmış “Bağ və binaların uzunmüddətli icarəyə verilməsi”nə dair xx.xx.1969-cu il tarixli 16904 №-li müqaviləyə baxış keçirilərkən, mübahisəli bağın nömrəsinin “1848” kimi qeyd olunduğu və həmin qeydə hər hansı bir düzəliş edilmədiyi müəyyən olunmuşdur. xx.xx.1972-ci il tarixdə Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Trestinin mühəndisləri və texniki tərəfindən Ləhiş baş massivində yerləşən 1848/1686 saylı bağ torpaq sahəsinin cizgisi hazırlanmışdır. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022ci il tarixli məktubda Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 1848/1686, 1686, 1843/1681 və 1681 saylı bağ sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumatın aşkar edilmədiyi qeyd olunmuşdur. İş materiallarından göründüyü kimi cavabdehin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinasında göstərilən əsasların heç biri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində göstərilməmişdir. Cavabdehin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişində göstərdiyi- torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edilməsi barədə birldirdiklərinə gəldikdə isə bu iddiaçıların iradəsindən irəli gələn hal deyil və bunun aradan qaldırılması cavabdehin özünün səlahiyyətləri daxilindədir. Belə hallar hüquqların qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Bununla yanaşı, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Kollegiya qeyd edir ki, apellyasiya baxışı zamanı təqdim olunmuş fotoşəkillərdən və kommunal xərclərin ödənilməsi barədə qəbzlərdən də müəyyən olunur ki, qeyd olunan bağ sahəsi uzun illərdir ki, iddiaçı və onun ailə üzvlərinin faktiki istifadəsindədir. İddiaçının atası vəfat edənə qədər qanuni əsaslarla mübahisəli bağın torpaq sahəsi üzərində mülkiyyət hüququnu əldə etdiyi, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü üçün yuxarıda qeyd edilən normalara əsasən qanun üzrə vərəsə olan iddiaçının qanunvericiliyə əsasən qeyd edilən bağ sahəsinin üzərində mərhum atası X7 adına çıxarış tərtib edilərək verilməsini cavabdehdən tələb etmək hüququ mövcuddur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan 1848/1686 saylı bağ sahəsinə hüququn iddiaçının mərhum atası X8 məxsus olması haqqında arayışın verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2-1(112)-1849/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-1(103)-805/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-805/2023
09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver