Məhkəmə qərarları › İş №2-1(103)-805/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-805/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-805/2025 23.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi (qanuni təmsilçi) Nümayəndə, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı (üçüncü şəxs: "xxxx" MMC) “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6830/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə müraciət edərək cavabdehin “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********150900 №-li qərarının ləğv edilməsini tələb etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “... İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanılmış müqaviləyə əsasən sonuncu tərəfindən e-qaimədə göstərilmiş mallar təqdim edilərək təhvil-təslim aktı əsasında qəbul edilmişdır. Şifahi əqd əsasında alınan həmin malların ƏDV-si əvvəlcədən ödənilmiş, əsas məbləğin sonradan ödənilməsi barədə razılıq əldə edilmişdir. Lakin, vergi orqanı tərəfindən həmin hallar nəzərə alınmamışdır. "xxxx" MMC ilə müqavilə bağlanan zaman cəmiyyət riskli vergi ödəyicisi olmamışdır. Təqdim edilmiş malların həmin müəssisədə aşkar edilməməsi iddiaçının təqsiri deyildir...” Cavabdeh iddia ərizəsinə etirazında və ona əlavədə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «… İddiaçının qarşılıqlı əməliyyat apardığı vergi ödəyicilərində həyata keçirilən operativ vergi nəzarəti tədbiri zamanı qarşı tərəfin (iddiaçının) təsərrüfat subyektinin icarədarının izahatına əsasən məlum olmuşdur ki, elektron qaimələr üzrə alqı-satqı zamanı təsərrüfat subyektinə mal daxil olmamışdır və hazırda obyekt boşdur. Qeyd olunanlar nəzərə alınaraq iddiaçı tərəfindən təqdim edilmiş 196667 manat dəyərində qaimələrin əmtəəsiz əməliyyatlar çərçivəsində həyata keçirilmiş hesab edilir. Üçüncü şəxs "xxxx" MMC direktoru verdiyi izahatında qeyd etmişdir ki, MMC tərəfindən eqaimə ilə alış-satışdan və MMC-yə məxsus möhürdən xəbəri yoxdur. İddiaçının qarşılıqlı əməliyyat apardığı vergi ödəyicisi qeyri-qanuni məqsədlər həyata keçirmək üçün yaradılmışdır. Təsərrüfat subyektinin icarədarının izahatında qeyd edilmişdir ki, 2023-cü ilin fevral ayından etibarən təsərrüfat subyektinə heç bir mal gətirilməmiş, obyekt hal-hazırda boşdur və fəaliyyət göstərmir. Təqdim edilən alqı-satqı müqaviləsi, qiymət razılaşma protokolu, malların təhvil-təslim aktı və satışa dair digər sənədlər etibarsızdır. Belə ki, direktor Anar Məmmədovun adı göstərilsə də, imzalar ona məxsus olmamışdır. Onun alqı-satqı əməliyyatından ümumiyyətlə? məlumatı olmamışdır. Elektron qaimə-fakturaya qarşı tərəfin adından baş mühasibin imza atdığı görünsə də, uçot-baza məlumatlarından əldə edilmiş hesabata əsasən baş mühasib vəzifəsinə aid hüquqi qüvvəyə minmiş müqavilə olmamışdır. Borcun ödənilmədiyi də bildirilsə də, məhkəməyə borcun tələb edilməsi ilə əlaqədar da müraciət edilməmişdir. İddiaçının əməliyyat apardığı hüquqi şəxs 30 yanvar 2023-cü il tarixdə qeydiyyata alınmış, 01 fevral 2023-cü il tarixdə 50 kv.m sahəsi olan təsərrüfat subyekti qeydiyyata alınmış, alqı-satqı müqaviləsi isə 01 fevral 2023-cü il tarixdə imzalanmışdır…» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6830/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. «… Məhkəmə prosesi zamanı iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etsə də, hakim onun dediklərimi nəzərə almadan və iddiaya əlavə etdiyi sənədləri yoxlamadan, işə bir tərəfli yanaşaraq iddiasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi hazırki mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almayaraq, mübahisə predmetinə sübutlara MPM-nin 88-ci maddəsinin müddəaları baxımından hüquqi qiymət verməmiş və bunun nəticəsində iş üzrə qismən düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə sübutları, faktları, tərəflərin təqdim etdiyi dəlilləri, onların izahatlarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb qiymətləndirməmişdir. Məhkəmənin nəzərinə çatdıraraq bildirmək istəyir ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən rəsmi qeydiyyatdan keçmişdir. Cəmiyyət dəfələrlə elektron qaimə əsasında, malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura əsasında alqı-satqı işlərini aparmışdır. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında S/53-23 nömrəli müvafiq alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra "xxxx" MMC 30 000 (otuz min) manat ƏDV ödəniş etmiş, 196667 manat ödəməni isə malları apardıqdan sonra ödəyəcəyini söz vermişdir. Sonradan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, "xxxx" MMC-ni riskli vergi ödəyicisi kimi qeydə almışdır. Bununla bağlı etirazı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəsmi şəkildə dəfələrlə müraciət etsələr də, vergi xidməti müraciətimizi imtina etmişdir. Bununla bağlı cəmiyyət Bakı İnzibati Məhkəməsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş **********150900 nömrəli xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi işə mahiyyəti üzrə baxsa da, cəmiyyətin üçüncü tərəf kimi "xxxx" MMC-dən pulun tələb edilməməsini və bu barədə məhkəməyə iddia tələbi ilə müraciət edilməməsini əsas götürərək, cəmiyyətin iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin cəmiyyət tərəfindən aparılmış əməliyyatın riskli olduğunu söyləsə də, heç bir sübutla əsaslandırmamasıdır. "xxxx" MMC ilə "xxxx" MMC ilə arasında bağlanmış müqavilə zamanı sonuncunun riskli vergi ödəyicisinin olub-olmaması barədə məlumatının mövcudluğunu və vergi xidməti sistemində göstərilməməsini, eləcə də hansı səbəbdən iddiaçının riskli vergi ödəyicisi kimi qeydə alındığını məhkəmə araşdırmamışdır. "xxxx" MMC tərəfindən dəfələrlə "xxxx" MMC malların dəyərinin ödənilməsinin yazılı və şifahi müraciətlər edilsə də, heç bir müsbət nəticə olmadığı üçün, müqavilə üzrə ödənilməmiş borc pulun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir, (hal-hazırda iddia tələbi Bakı Kommersiya məhkəməsinin hakimi xanım Zeynəb Axundovamn icraatındadır)…» Cavabdeh apellyasiya şikayətinə etirazını iddia ərizəsinə etirazına uyğun əsaslandıraraq iddiaçının şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, cavabdehin nümayəndəsi isə iddia ərizəsinə etirazında göstərilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin mübahisələndirilən hallarından göründüyü kimi, cavabdeh tərəfindən İddiaçı MMC-nin qarşılıqlı əməliyyat apardığı vergi ödəyicilərində, o cümlədən, hazırkı iş üzrə üçüncü şəxs "xxxx" MMC-də həyata keçirilən operativ vergi nəzarəti zamanı iddiaçı tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı aşkar olunaraq barəsində “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********150900 №-li qərar qərar qəbul olunmuşdur. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının mübahisləndirilən qərardan şikayət instansiyasına xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə müraciətləri sonuncu tərəfindən təmin olunmamış, imtina cavablarının iddiaçıya təqdim olunma anına dair sənəd-sübut mövcud deyil, eləcə də həmin cavab məktublarında hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddətinin lazımi qaydada izah edildiyi də görünmür. Qeyd olunandar nəzərə alınmaqla, “İnzibati iicraat haqqında” Qanunun 59.1.5, 73.2, İPM-in 38.1-ci maddələrinin tələbləri baxımından, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılaraq mahiyyəti üzrə işə baxılması əsaslıdır. Konkret halda, cavabdehin qeyd olunan qərardan narazı qalan iddiaçı cavabdehə qarşı mübahisələndirmə haqqında iddia qaldıraraq qərarın ləğv edilməsini tələb etmiş, birinci instansiya məhkəməsinin qeyd edilən qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə bu nəticəyə gələrkən qeyd etmişdir ki, nə qədər ki, müqavilə və ona əlavə edilən sənədlər mötəbər deyildir, iddiaçı 200 min manatlıq əməliyyat apardığını iddia etdiyi şəxsi tanımır və ödəniş edilməməsinə baxmayaraq bu günə qədər bununla bağlı məhkəməyə müraciət etmir, üçüncü şəxs qeydiyyata alındıqdan sonra 2 gün ərzində bu həcmdə əməliyyat baş tutur, təsərrüfat subyektində hər hansı əmlak mövcud deyildir, məhkəmə hesab edir ki, onda yaranmış işin göstərilən faktiki hallarına uyğun daxili inam baxımından, faktiki şərtlərin mövcudluğu tam sübuta yetirilmiş hesab edilməli və cavabdehin mövqeyi tam qanuni və əsaslı hesab edilməli, buna uyğun olaraq da iddia rədd edilməlidir. Məhkəmə kollegiyası, aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1-ci bəndinə əsasən aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; ...; 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Cavabdehin mübahisələndirilən qərarından görünür ki, İddiaçı MMC-nin riskli vergi ödəyici siyaıhısına salınması üçün “Meyarları”nın 2.1.2-ci bəndində nəzərdə tutulan meyara cavab verməsi ilə əsaslandırılmışdır. Belə ki, həmin qərarda iddiaçı aşağıdakılara görə riskli vergi ödəyicisi hesab edilmişdir: - "xxxx" MMC ƏDV sub-hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaiməfaktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəllli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluş(lar) aşkar edilmişdir. İddiaçı MMC-nin qarşılıqlı əməliyyat apardığı vergi ödəyicilərində həyata keçirilən operativ vergi nəzarəti tədbiri zamanı qarşı tərəfin (iddiaçının) təsərrüfat subyektinin icarədarının izahatına əsasən məlum olmuşdur ki, elektron qaimələr üzrə alqı-satqı zamanı təsərrüfat subyektinə mal daxil olmamışdır və hazırda obyekt boşdur. Qeyd olunanlar nəzərə alınaraq İddiaçı MMC tərəfindən təqdim edilmiş 196667 manat dəyərindəki qaimələrin əmtəəsiz əməliyyatlar çərçivəsində həyata keçirilmiş hesab edilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən, riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci yarımbəndinə uyğun olaraq aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur...” Qərarda istinad olunan, üçüncü şəxs "xxxx" MMC-ilə aparılmış operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar və ona göndərilmiş sənədlərin təqdim olunması barədə tələbnamədən, habelə, “vergi nəzarətinin nəticəsi haqqında” tərtib olunmuş 06 aprel 2023-cü il tarixli aktdan və eyni tarixli vergi nəzarəti tədbiri zamanı malların siyahısı barədə məlumatdan da görünür ki, iddiaçı tərəfindən 01 fevral 2023-cü il taridə bağlanmış alqı-satqı müqaviləsi və qiymət razılaşdırılması protokolu, 27 fevral 2023cü il tarixli e-qaimə və malların təhvil-təslim aktı ilə "xxxx" MMC-yə təqdim olunan mallar "xxxx" MMC icarəyə götürdüyü təsərrüfat subyektində (Suraxanı r., Qraçuxur STQ ünvanında yerləşən anbar mağaza) aşkar edilməmiş, boş olduğu müəyən edilməmişdir (i.v.100-107). Sözügedən anbar mağazanın "xxxx" MMC icarəyə verən sahibkar X1 cavabdeh idarəyə verdiyi xx.xx.2023-cü il tarixli yazılı izahatında da təsdiq etmişdir ki, "xxxx" MMC ilə 31 yanvar 2023-cü il tarixdə icarə müqaviləsi bağlamış, icarəyə verilən mağazaya MMC tərəfindən ərzaq malları gətirilib və gediş gəliş olmuş, lakin təqribən 2023-cü ilin fevral ayından etibarən icarəyə verdiyi mağazaya heç bir mal-material gətiriməyib, faktiki olaraq mağaza boşdur və heç bir fəaliyyət göstərmir...”(i.v 99) Bundan əlavə, "xxxx" MMC-nin rəhəbri X5 da işə əlavə olunmuş, cavabdeh idarəyə verdiyi izahatında bildirmişdir ki, Gəncə şəhərində onunla birgə işləmiş X3, onu işə düzəltmək adı ilə başını aldadaraq Bakıya çağırmış, "xxxx" imza aldırmış, ondan etibarnamə alıb MMC-ni yaratmış və bunun müqabilində hər ay 200 manat əmək haqqı alacağını bildirmışıdır. Təqdim edilən alış-satışdan və MMC-yə məxsus möhürdən xəbəri yoxdur...” (i.v.121). Qeyd olunanlardan göründüyü kimi, iddiaçı ilə üçüncü şəxs arasında aparılmış alqı-satqı əməliyyatını əks etdirən sənədlər rəhbər səlahiyyəti olmayan şəxs tərəfindən imzalanıb təsdiq olunmaqla fiktiv xarakter daşıyır. İşə əlavə olunmuş e-qaimədən görünür ki, həmin e-qaimə fakturanın vergi qanunvericiliyi ilə müəyyən olunan formasına riayət olunmamışdır. Belə ki, Vergi Məcəlləsinin 71-1.2-ci maddəsinə əsasən elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydaları”nın 2.3-cü bəndinə əsasən 2.2.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə (1 nömrəli əlavə) elektron qaimə-fakturada aşağıdakılar göstərilməlidir: 2.3.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 2.3.2. elektron qaimə-fakturanın növü; 2.3.3. göndərən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və tam adı; 2.3.4. qəbul edən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və tam adı; 2.3.5. əsas; 2.3.6. əlavə qeydlər; 2.3.7. sıra nömrəsi; 2.3.8. malın (işin, xidmətin) adı; 2.3.9. malın (işin, xidmətin) kodu; 2.3.10. X2 Nömrəsi (GTİN); 2.3.11. malın (işin, xidmətin) ölçü vahidi; 2.3.12. malın (işin, xidmətin) miqdarı, həcmi; 2.3.13. malın (işin, xidmətin) vahidinin satış qiyməti (manatla); 2.3.14. malın (işin, xidmətin) cəmi məbləği (manatla, ƏDV, aksiz və yol vergisi istisna olmaqla); 2.3.15. aksizli mallarda aksizin dərəcəsi; 2.3.16. aksizli mallarda aksizin məbləği (manatla); 2.3.17. malın (işin, xidmətin) cəmi dəyəri (manatla, ƏDV və yol vergisi istisna olmaqla); 2.3.18. ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatların dəyəri (manatla); 2.3.19. ƏDV-yə “0” dərəcə ilə cəlb edilən əməliyyatların dəyəri (manatla); 2.3.20. ƏDV-dən azad olunan əməliyyatların dəyəri (manatla); 2.3.21. ƏDV-yə cəlb edilməyən əməliyyatların dəyəri (manatla); 2.3.22. ƏDV-nin məbləği (manatla); 2.3.23. yol vergisi (manatla); 2.3.24. yekun məbləğ (manatla, rəqəmlə); 2.3.25. cəmi; 2.3.26. yekun məbləğ (manatla, rəqəm və yazı ilə); 2.3.27. elektron qaimə-fakturanı imza etmiş məsul şəxslərin (rəhbər, fərdi sahibkar və ya baş mühasib) vəzifəsi, soyadı, adı; 2.3.28. elektron qaimə-fakturanı təhvil verən və təhvil alan şəxslərin soyadı, adı, atasının adı; 2.3.29. ştrix-kod (sənədin avtomatik identifikasiya edilməsi üçün istifadə olunan kod); 2.3.30. elektron əmtəə-nəqliyyat qaiməsinin seriyası, nömrəsi və tarixi. İddiaçı tərəfindən təqdim edilən e-qaimə fakturada isə Qaydaların 2.3.27-2.3.28-ci yarımbəndlərinin tələblərinə müvafiq olaraq elektron qaimə-fakturanı imza etmiş məsul şəxslərin (rəhbər, fərdi sahibkar və ya baş mühasib) vəzifəsi, soyadı, adı, habelə elektron qaimə-fakturanı təhvil verən və təhvil alan şəxslərin soyadı, adı, atasının adı göstərilməmişdir. Beləliklə də, işin tədqiq olunan sübutlarla müəyyən olunan halları ilə iddiaçı tərəfindən həyata keçirdiyi mübahisəli alqı-satqı əməliyyatnın vergi qanunvericiliyinin tələblərin uyğun olmadığını gördüyü və görməli olduğu halda, bunu görməmiş, qanunvericiliyin uyğun gəlməyən sənədlər əsasında alqı-satqı həyata keçirmişdir ki, bu da cavabdeh tərəfindən həmin alqı-satqı əməliyytının etibarsız sənədlər əsasında aparılması əsası ilə əmtəəsiz əməliyyat kimi qiymətləndirilməsi və barəsində riskli vergi ödəyicisi hesab olunmasını zəruri etmişdir. Məhz, malların vergi qanunvericiliyinin tələblərinin pozulması ilə təqdim edilməsi ona gətirib çıxarmışdır ki, faktiki olaraq onların təqdim edildiyi şəxs X3 da həmin malları vergi qanunvericiliyinin tələblərin pozmaqla üçüncü şəxslərə satmışdır (İzahatı işə əlavə olunmuşdur i.v.129). Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi-vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat; 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar aparan şəxs 13.2.82-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən şəxs sayılır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqan mübahisəndirilən qərarı qəbul edərkən vergi qanunvericiliyinin tələblərinə uyğun hərəkət etmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmamasını işdə olan sübutlara və vergi qanunvericiliyinin tələblərinə uyğun düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsi tərəfindən birtərəfli qaydada, heç bir sübuta əsaslanmayan qanunsuz qərar çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6830/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6830/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar