Məhkəmə qərarları › İş №2-1(103)-806/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-806/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-806/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «müddətsiz əlilliyin bərpa edilməsi» barədə iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6255/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «müddətsiz əlilliyin bərpa edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 3 dekabr 1970-ci il tarixdə doğulmuşdur. 1991 – 1992-ci illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, onun barəsində “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbli əlaqə göstərilməklə qərar verilmişdir. İddiaçıya 1994-cü ildən 2 mart 2015-ci ilədək müddətli, 2 mart 2015-ci il tarixdən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 2-ci dərəcə əlillik təyin edilmişdir. 2021-ci ildə tibb müəssisəsinin 0050003AAC7C göndərişi avtomobilə tibbi göstərişi Dövlət TibbiSosial Ekspetiza və Reabilitatsiya Agentliyinə göndərilmişdir. 30 noyabr 2022-ci ildə avtomobilə tibbi göstəriş verilməsi üçün Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya Agentliyində əyani müayinədə olmuşdur. Bir müddət keçdikdən sonra bu barədə məlumat əldə etmək məqsədi ilə dəfələrlə Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə müraciət etsə də, həmin orqan tərəfindən ona cavab verilməmişdir. Bundan sonra 4 yanvar 2023-cü ildə avtomobilə tibbi göstəriş verilməsi üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə qarşı məhkəməyə müraciət etmişdir. Eyni zamanda 2023-cü ilin yanvar ayında pensiya ödənişi vaxtı iddiaçının pensiyası ödənilməmişdir. Bu zaman ona məlum olmuşdur ki, 27 dekabr 2022-ci ildə avtomobilə tibbi göstəriş verilməsindən imtina edilmiş və 30 noyabr 2022-ci il tarixdə isə onun 02 mart 2015-ci il tarxdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyinatına qanunsuz olaraq cavabdeh tərəfindən imtina edilmişdir. Halbuki, iddiaçının əlillik təyinatı haqqında heç bir müraciəti olmamış, sadəcə avtomobilə tibbi göstəriş verilməsi barədə müraciət etmişdir. İddiaçı hesab edir ki, cavabdeh Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitasiya Agentliyinin onun müddətsiz əlillik təyinatını əsassız ləğv edərək imtina etməsi qanunsuzdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 2-1(102)-2004/2022 nömrəli, xx.xx.2022-ci il tarixli 2-1(102)-94/2022 nömrəli, xx.xx.2022-ci il tarixli 2-1(102)-996/2022 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)-188/2022 nömrəli, xx.xx.2021- ci il tarixli 2-1(112)- 4867/2021 nömrəli, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(106)- 29/2023 nömrəli və xx.xx.2022-ci il tarixli 2-1(120)-1426/2022 nömrəli qərarları nəzərə alaraq iddia ərizənin təmin edilməsini xahiş edir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 16, 38, 57, 60, 149-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin müddəalarına, «İnzibati icraat haqqında» Qanunun 64, 65-ci maddələrinə, İPM-in 33-cü maddəsinə əsaslanaraq, iddiaçının 2 mart 2015-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinə 23 saylı Şəhər Poliklinikasının 25 fevral 2014-cü il tarixli göndərişi əsasında baxılmış və səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T79 - Travmaların digər rubrikalarda təsnif olunmayan bəzi erkən ağırlaşmaları => T79.8 - Travmanın digər . . ., Diaqnozun mətni: Sağ pəncəni dəlib keçən güllə yaralanmasından sonrakı qalıq əlamətləri. Bel fəqərələrinin osteoxandrozu ağrı sindromu ilə. Hipertoniya xəst. İİ mər. Şəkərli diab. İİ tip, Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Sağ pəncənin dəlib keçən güllə yaralanmasından sonrakı qalıq əlamətləri” səbəbi ilə 1 il müddətinə əlillik verilmişdir. Daha sonra vətəndaş yenidən müraciət etmiş və Bakı 23 nömrəli Şəhər Poliklinikasının 16 fevral 2015-ci il tarixli göndərişi əsasında baxılmış və səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T79 - Travmaların digər rubrikalarda təsnif olunmayan bə‘zi erkən ağırlaşmaları => T79.8 - Travmanın digər..., Diaqnozun mətni: Sağ pəncənin dəlib keçən güllə yaralanmasından s/v. a/ə obliterasiya edici endoartriti. baldır arteriyasnın stenozu, Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sağ pəncənin dəlib keçən güllə yaralanmasından s/v.” səbəbi ilə müddətsiz əlillik verilmişdir. Bakı 23 nömrəli Şəhər Poliklinikasının 16 fevral 2015-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T79 - Travmaların digər rubrikalarda təsnif olunmayan bə‘zi erkən ağırlaşmaları => T79.8 - Travmanın digər...; Diaqnozun mətni: Sağ pəncənin dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət. Aşağı ətrafın obliterasiyaedici endoartriti. Baldır arteriyasının stenozu, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam Reablitasiya olunması barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Həmçinin sonuncu göndəriş əsasında vətəndaş əyani müayinəyə dəvət olunmuş və 14 dekabr 2022-ci il tarixli qərarla barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul olunmuşdur. Beləliklə əyani müayinənin nəticəsində vətəndaşa əlillik təyinatının aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq «Əlilliyin müəyyən olunması meyarları»na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına. göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göstərilənlərə əsslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçının 2-ci qrup “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə müddətsiz əlilliyinin 27 dekabr 2022-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6255/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı inzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Birinci instansiya məhkəməsi iddianın mahiyyət üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: Bənd 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu; 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”: Bənd 3.1.2. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işdən görünür ki, İddiaçı barəsində Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona "Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verilmişdir. İddiaçıya 25 fevral 2014-cü il tarixdən 1 illik müddətinə əlillik təyin edilmiş, 02 mart 2015-ci il tarixdən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 2-ci dərəcə əlillik təyin edilmişdir. Lakin iddiaçının əlilliyi 27 dekabr 2022-ci il tarixdən dayandırılmışdır, cavabdehin qənaətinə görə iddiaçı tam reabilitasiya olmuşdur. Hazırkı mübahisənin predmeti müddətsiz əlilliyin 27 dekabr 2022-ci il tarixdən bərpa edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası ilkin olaraq mövcud qanunvericilik çərçivəsində iddiaçıya təyin olunmuş “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz ikinci dərəcə əlilliyin sonradan cavabdeh qurum tərəfindən tam reabilitasiya olması əsası ilə dayandırılması ilə bağlı Agentliyin səlahiyyətinin olub-olmadığını, əgər varsa, onun hansı şərtlər çərçivəsində reallaşdırılması imkanının mövcudluğunun aydınlaşdırılmasını zəruri hesab edir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin ləğv edilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. İstinad olunan normaya əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əyani müayinəyə cəlb edilməsi iş üzrə öz təsdiqini tapmır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli **********8 nömrəli qərarında qeyd edilir ki, Bakı şəhər sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2015-ci il tarixdə 5 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə zamanı təkrar qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Dz.Sağ pəncənin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Aşağı ətrafların obliterasiyaedici endoartriti, baldır arteriyasının stenozu Vətəndaşın minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinəsi zamanı şikayəti yerişin çətinləşməsindən ibarət olmuş, müayinə zamanı sağ ayaqarxasında çapıq izlənilmiş, yeriş sərbəst, ətraflarda əzələ kütləsi simmetrik, periferik pulsasiya kafi dolğunluqda qeyd edilmiş, hal-hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntuvə hərəki məhdudiyyət aşkar olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Tam Reablitasiya olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası "na uyğun olaraq Minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçı inzibati orqan tərəfindən əyani müayinəyə cəlb edilmədiyini, yalnızca minik avtomobili üçün yazılı müraciət etdiyini, bu zaman da heç bir müayinəyə çağrılmadığını bildirmiş, qeyd edilən halın araşdırılması məqsədilə iddiaçının sonuncu əyani müayinəsi ilə bağlı, xx.xx.2022-ci il tarixli **********8 nömrəli qərarının qəbulu ilə bağlı inzibati icraat materialları tələb edilmiş, inzibati orqan tərəfindən isə məhkəmənin rəsmi sorğusuna əsasən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Qeyd edilən hal özü də onu sübut edir ki, sözügedən qərarla iddiaçı barəsində mövcud olan inzibati akt dəyişdirilərkən, inzibati orqan iddiaçını əyani müayinəyə cəlb etməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Apellyasiya məhkəməsində icraat zamanı yuxarıda qeyd edilən sorğu vasitəsilə sözügedən halın da araşdırılmasına cəhd edilmiş, lakin inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, araşdırmanın nəticəsindən asılı olaraq cavabdeh qurumun şəxsə təyin etdiyi əlilliyin onun tam reabilitasiya olması ilə əlaqədar imtinası ilə bağlı icraatın lazımi qaydada aparıldığı müəyyən olunmur. Bununla yanaşı məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi iddiaçının əlilliyinin onun tam reabilitasiya olması ilə əlaqədar cavabdehin imtinasının qanunsuz olması nəticəsinə gəlsə də, bununla bağlı qəbul edilmiş xx.xx.2022ci il tarixli qərara münasibət bildirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqi marağı məhz əlilliyin bərpası ilə bağlı olsa da onun barəsində əvvəllər təyin edilmiş əlilliyin tam reablitasiya olunması barədə qərarla dayandırılması ilə razılaşmamış məhz hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, ki, yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6255/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qərarı “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməklə” dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6255/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qərarı “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməklə” dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar