Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-807/2022 07.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Sadıqov Vahid Nəriman oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı “Azərbaycan Əczaçılar İttifaqı”nın cavabdeh Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: X4) qarşı çıxarışın qismən ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10022/2021 saylı iş üzrə qəbul etdiyi 07 dekabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı “Azərbaycan Əczaçılar İttifaqı” cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X4) X3 adına ünvan 1 ünvanında yerləşən, 3024,2 kv.metrdən ibarət qeyri- yaşayış binası üzərində, Daşınmaz əmlakın dövlət reystrində aparılmış qeydin və 11.06.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın qismən, yəni 549 kv.m. hissəsində (X1 09 mart 2021-ci il tarixli 22 saylı mütəxəssis rəyindəki ortofoto görüntülərlə müəyyən olunmuş 208 kv.m («Ülvi» şadlıq sarayına aid hissəsində) + 341 kv.m. («Ülvi» şadlıq sarayının arxasında inşa edilmiş qeyriyaşayış sahəsinə aid hissəsində) ləğv olunması və həmin hissədə daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydin çıxarılması tələbinə dair iddia ərizəsi ilə Bakı Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10022/2021 saylı iş üzrə qəbul etdiyi 07 dekabr 2021-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bir tərəfdən iddiaçının 22.10.2021-ci il tarixdə cavabdehə müraciət edilməsi faktını qəbul edir, digər tərəfdən isə «iddiaçının hazırkı tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etməsi məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, iddia tələbi mümkün sayılmamalıdır» nəticəsinə gəlir. Belə ki, iddiaçının cavabdehə etdiyi müraciətin tarixi ilə, məhkəmə qərardadının çıxarıldığı tarix arasındakı müddət 46 (22.10.2021-07.12.2021) gün müəyyən edilir. Yəni, 46 gün ərzində cavabdeh tərəfindən iddiaçıya hər hansı bir cavab verilməmişdir. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətini müdafiə edərək, qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili apelyasiya şikayətini əsassız hesab edərək, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin və üçüncü şəxsin vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X3 adına ünvan 1 ünvanında yerləşən, 3024,2 kv.metrdən ibarət qeyri-yaşayış binası üzərində, Daşınmaz əmlakın dövlət reystrində aparılmış qeydin və 11.06.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın qismən, yəni 549 kv.m. hissəsində (X1 09 mart 2021-ci il tarixli 22 saylı mütəxəssis rəyindəki ortofoto görüntülərlə müəyyən olunmuş 208 kv.m («Ülvi» şadlıq sarayına aid hissəsində) + 341 kv.m. («Ülvi» şadlıq sarayının arxasında inşa edilmiş qeyri-yaşayış sahəsinə aid hissəsində) ləğv olunması və həmin hissədə Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydin çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış, yekun qərarını onunla əsaslandırmışdır ki, “... iddiaçı hazırkı iddia ərizəsi ilə 02.09.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan sürətli poçt daşınma xidmətinin qəbzinin surətindən görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə 22.10.2021-ci il tarixdə, yəni məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra cavabdeh inzibati orqana müraciət etmişdir. ... iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra cavabdeh inzibati orqana müraciət etməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. ... iddiaçının hazırkı, tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etməsi məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, iddia tələbi mümkün sayılmamalıdır.” Kollegiya birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmır və aşağıdakıları qeyd edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. İş materiallarından iddiaçının cavabdeh orqana müvafiq ilkin müraciətinin olmaması məhkəməyə ilk andan məlum olmuşdur. Belə ki, iş materiallarına müvafiq müraciət və ya cavabdehin imtinası əlavə edilməmiş, iddia ərizəsinə əlavədə bu sənədlərə istinad edilməmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş 18.10.2021-ci il tarixli, **********05 saylı etirazda iddia tələbi üzrə ilkin müraciətin mövcud olmaması məhkəməyə bildirilmişdir. Beləliklə, 26.10.2021-ci il tarixdə keçirilən ilk məhkəmə iclasında iddianın mümkünlük şərtlərindən biri olan inzibati orqana ilkin müraciətin olması şərtinin ödənilməməsi məhkəməyə məlum olduğu halda, iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmək əvəzinə, məhkəmə iclası növbəti tarixə 07.12.2021-ci il tarixə təxirə salınmışdır. Eyni zamanda, 26.10.2021-ci il tarixdə iddiaçıya hüquqi yardım haqqında məhkəmə bildirişi göndərilərək, inzibati orqana ilkin müraciətlərinin olmasına dair sübutların təqdim edilməsi təklif edilmişdir. 07.12.2021-ci il tarixdə iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi poçt qəbzindən isə müəyyən edilmişdir ki, inzibati orqana ilkin müraciət məhkəməyə iddia ərizəsilə müraciət edilən 02.09.2021-ci il tarixdən sonra, yəni 22.10.2021-ci il tarixdə edilmişdir. Yalnız bundan sonra məhkəmə qeyd edilən əsasla iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Məhkəmə iddianın mümkünlüyünə dair bütün meyarların mövcudluğunu xidməti vəzifəsinə ğörə yoxlamalıdır. Bu zaman iddianın daxil olma vaxtı deyil, qərarın qəbul edilmə anı əsas götürülür. Məhz həmin an bütün mümkünlük şərtləri mövcud olmalıdır. Kollegiya hesab edir ki, ilkin baxışda iddianın mümkünsüzlüyü barədə qərardad qəbul etməyən məhkəmə tərəfindən hüquqi yardım göstərilməsi nəticəsində müəyyən edilən bu hal iddianın mümkün sayılmaması əsası hesab edilməməli idi. Belə ki, AR İPM-in 39.1-ci maddəsinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. İş materiallarından görünür ki, iddiaçının 22.10.2021-ci il tarixdə cavabdeh orqana müraciətinin olması və bu müraciətin cavabdeh tərəfindən 35 gün ərzində cavablandırılmaması məhkəməyə 07.12.2021-ci il tarixli məhkəmə iclasında məlum olmuşdur. Göründüyü kimi hazırkı iş üzrə iddianın mümkünlük şərtlərindən biri olan –inzibati orqana müraciət edilməsi ilə bağlı fərqli hüquqi vəziyyət yaranmışdır. Belə ki, ilkin müraciət zamanı bu şərtə iddiaçı tərəfindən əməl edilməsə də, məhkəmə baxışı zamanı iddianın mümkün sayılmamasına əsas ola biləcək bu hal iddiaçı tərəfindən aradan qaldırılmışdır. Belə olan halda bu əsasla iddianı mümkün saymamaqda birinci instansiya məhkəməsi haqlı olmamışdır. Yuxarıda sadalanan halları nəzərə alaraq məhkəmə hesab edir ki, apelyasiya şikayəti qismən, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə qərardadının ləğv edilməsi hissəsində təmin edilməli və məhkəmənin mübahisələndirilən qərardadı ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə geri qaytarılmalıdır. AR İPM-nin 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı “Azərbaycan Əczaçılar İttifaqı”nın apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10022/2021 saylı iş üzrə qəbul etdiyi 07 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı “Azərbaycan Əczaçılar İttifaqı”nın cavabdeh Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: X4) qarşı çıxarışın qismən ləğv edilməsi tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Vahid Sadıqov Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-807/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-807/2022
07.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver