Məhkəmə qərarları › İş №2-1(103)-808/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-808/2021

22.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-808/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bir növündən digərinə keçirilməklə yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5713/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “əmək pensiyasının bir növündən digərinə keçirilməklə yenidən hesablanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş əmək pensiyasının növü dəyişdirilərək “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası”na keçirilməsi və yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona 2015-ci ilin iyun ayından başlayaraq 3-cü qrup əlilliyə görə əmək pensiyası verilir. Onun 25 aprel 1997-ci il tarixdən ədliyyə orqanlarında işləməklə, 2 illik hərbi xidmətlə birlikdə 25 ildən artıqdır ki, qulluq stajı var. Hazırda icra məmuru vəzifəsində işləyir. Pensiya sənədləri (qovluğu) 01 yanvar 2020-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təhvil verilmişdir. Məlum olduğu kimi, «’Ədliyyə orqanlarında qulluqkeçmə haqqında» Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 23.8-ci maddəsinə əsasən yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 25 il qulluq etmiş şəxslər «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq pensiya almaq hüququna malikdirlər. Həmin qanununun 23.8-ci maddəsinə 06 mart 2018-ci iİ tarixdə dəyişiklik edilərək 25 il qulluq etmiş işçilər sözləri 35 il qulluq stajı olan ədliyyə işçiləri sözləri ilə əvəz olunmuşdur. O, təyin olunmuş əmək pensiyasının “əlilliyə görə” növündən “güzəştli şərtlərlə yaşa görə” növünə keçirilməsi ilə bağlı DSMF Xüsusi Şəblərlə Təyinat İdarəsinə müraciət etmişdir. Həmin İdarənin 01 iyul 2020-ci il tarixli cavab məktubunda göstərilir ki, 1 iyul 2017-ci ilədək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə iş stajı 25 ildən az olduğundan, ona ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyası təyin edilməsi mümkün hesab edilmir. Cavabdehin həmin hərəkəti (imtinası) düzgün hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin Vll-ci bəndində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, məsuliyyətini aradan qaldırılan və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların güvvəsi geriyə şamil edilmir. Belə olduğu halda qanunun yüngülləşdirici halda geriyə qüvvəsi mənə şamil olunmalıdır və o, güzəştli şərtlərlə əmək pensiyası hüququ əldə etmiş olur. Pensiyası ilə bağlı lazım olan məlumatlar elektron sistemdə vardır. Eyni zamanda, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun güvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Digər tərəfdən də onun əlil olması və pensiyasının düzgün hesablanmaması nəzərə alınmalıdır. Cavabdeh tərəfindən iddiaya dair etiraz daxil olmuşdur. Etirazda göstərilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.7.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdə məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya məxsus sənədlərdə görünür ki, onun 1 iyul 2017-ci il tarixinədək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə iş stajı 25 ildən az (19 il 11 ay 19 gün) təşkil edir. Belə olan halda, iddiaçıya ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5713/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işi araşdıran hakim onun 2015-ci ildən əlilliyə görə əmək pensiyası almağını nəzərə almamış, eyni zamanda “Ədliyyə orqanlarından qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununa 06 mart 2018-ci il tarixdə olmuş dəyişikliyə baxmamış, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndində göstərilmiş fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların (qanunlar, qərarlar və s.) qüvvəsinin geriyə şamil edilməsinin fərqinə varmamış, yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin verdiyi arayışla kifayətlənmişdir. Hazırda, hərbi xidmət də daxil olmaqla 25 il 8 ay ədliyyə orqanlarında fasiləsiz qulluq stajı və 2015-ci ildən isə əlilliyə görə əmək pensiyası alır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5713/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, 25.04.1983-cü ildən 26.08.1985-ci il tarixədək hərbi xidmətdə olmuş, 05.06.1989-cu ildən müxtəlif vəzifələrdə çalışmış və 25 aprel 1997-ci il tarixdən ədliyyə orqanlarında işləməyə başlamışdır. Göründüyü kimi iddiaçının 01 iyul 2017-ci il tarixinədək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə iş stajı 25 ildən az təşkil edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.7.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.7.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Kollegiya imtinanın dəlilləri ilə razılaşaraq qeyd edir ki, İddiaçı 1 iyul 2017-ci il tarixədək ədliyyə orqanında xüsusi rütbəli əməkdaş (işçisi) kimi 25 il xidmət etmədiyindən, onun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci ilin tarixədək qüvvədə olmuş normalarının tətbiqi üçün məhz 1 iyul 2017-ci ilin tarixədək iddiaçının 25 il xüsusi rütbəli əməkdaş (işçisi) kimi iş stajının olması lazımdır, 1 iyul 2017-ci ilin tarixədək qüvvədə olmuş qanunvericiliyin tələbinə uyğun olaraq isə ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 25 il iş stajı toplanmadığından cavabdehin ona ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuş və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5713/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vidadi Məmmədov Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar