Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-809/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1957-ci il tarixdə İmişli rayonunun Məmmədli kəndində anadan olmuş, İmişli rayonu, Mil küçəsi, ev 42 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2-1(112)-605/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 19.11.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunması və güzəştli şərtlərlə pensiya almadığı illərin hesablanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 63 yaşı vardır. Yaşa görə pensiya almaq hüququnun yaranması üçün 2 il sığorta stajı çatmır. Lakin sonradan müəyyənləşdirmişdir ki, o, 57 yaşında olarkən güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olduğu halda həmin hüququndan istifadə etməmişdir. Belə ki, iddiaçı bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahələrində iş icraçısı, usta, rəhbər və mütəxəssis işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş, «Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nda iddiaçının işlədiyi istehsalat sahələri, vəzifələri həmin Qərarın təsiri altına düşür və ona 57 yaşından pensiya almaq hüququna imkan verir. İddiaçı məhz bununla bağlı olaraq DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir. Həmin orqan iddiaçıya 16 oktyabr 2019-cu il tarixdə rəsmi qaydada cavab vermişdir. Verilmiş cavabda bildirilib ki, yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İdarəyə təqdim etdiyi sənədlərdə qeyd olunanlara əsasən işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nda nəzərdə tutulmamışdır. Yuxarıda qeyd edildiyi kimi iddiaçı Azərbaycanın müxtəlif bölgələrində yerləşən, tikinti təşkilatlarında rəhbər, mütəxəssis, iş icraçısı, usta olaraq işləmişdir. Bununla bağlı olaraq, əmək kitabçasını həmin orqana təqdim etmişdir. Cavabdeh təşkilat isə əsassız olaraq ona pensiya təyin etməkdən imtina etmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina edilməsi onun hüquqlarını pozur. Qeyd edilmiş faktiki və hüquqi əsaslara görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina edilməklə “Əmək pensiyaları haqqında” Qanunun sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərindən bəhs edən 21-ci maddəsinin tələbləri pozulmuşdur. İddiaçıya pensiya almaq hüququ verən yaşında qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə kişilər 57 yaşına çatdıqda, azı 25 il iş stajı olduqda bu müddətin ən azı 12 il 6 ayını zərərli iş sahəsində çalışdıqda onlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunur. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən qeyd edilən hərəkətlə iddiaçının konstitusion hüququ pozulmuşdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı 01.10.2014-cü ildən, 57 yaşından güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməmiş illərin ödənilməsi öhdəliyinin cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.12.2019-cu il tarixli, 2-1(81)-4966/2019 saylı qərardadı ilə (hakim Ş.Süleymanova) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2-1(112)-605/2020 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilməmişdir. 23.12.2020-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, apellyasiya şikayətinin və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: - İmişli RPŞ tərəfindən 26.06.2010-cu il tarixdə verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, yaşayış yeri üzrə İmişli şəhəri, Mil küçəsi, ev 42 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.1957-ci il tarixdə İmişli rayonunun Məmmədli kəndində doğulmuşdur. - 15.03.1976-cı il tarixdə açılmış iddiaçıya məxsus İT-İ seriyalı, ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı 10.03.1976-cı ildən 25.05.1977-ci ilə qədər “Azneftteximmontaj” trestinin hissələrin montajı Sumqayıt zavodunda qazan və qaynaq sexində 2-ci dərəcəli çilingər-kollektor vəzifəsində işləmiş, 28.05.1977-ci il tarixdən 04.06.1979-cu il tarixədək Sovet Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş (NZ seriyalı, ******* nömrəli hərbi bilet), 20.08.1979-cu ildən 01.03.1982-ci il tarixədək Azərbaycan SSR “Minpromstroy”da quraşdırıcı, 03.05.1982-ci il tarixdən 21.11.1982-ci il tarixədək Minximprom PMK-2-də 3-cü dərəcəli betonçu quraşdırıcı, 10.01.1983-cü il tarixdən 06.08.1984-cü il tarixədək Disarmik URB-də təmir üzrə 3-cü dərəcəli elektrik ustası, 10.08.1984-cü il tarixdən 23.12.1985-ci il tarixədək Mostootryad SSR Nəqliyyat Tikinti Nazirliyinin Mostotrest Baş İdarəsində 4-cü dərəcəli quraşdırıcı, 24.12.1985-ci il tarixdən 26.05.1986-cı il tarixədək “Azneft” Birliyinin TTİ-nin 11 saylı tikinti sahəsində 5-ci dərəcəli rəngsaz, 07.08.1986-cı il tarixdən 19.10.1986-cı il tarixədək tərbiyəçi, 13.11.1986-cı il tarixdən 20.03.1987-ci il tarixədək NQÇİ-də qazanxanada koçeqar, 23.03.1987-ci il tarixdən 10.09.1988-ci il tarixədək “Azkoopçementtomontaj” trestinin Jdanovsk Tİ-də betonçu, 19.09.1988-ci il tarixdən 28.02.1989-cu il tarixədək “Azerxlopkoprom” RİB-nin OKC zavodunda tikinti ustası, 03.04.1989-cu il tarixdən 10.10.1991-ci il tarixədək Yerli Sənaye Nazirliyinin nəzdində baş usta, 10.10.1991-ci il tarixdən 01.03.1993-cü il tarixədək THTTTS-də iş icraçısı, 01.03.1993-cü il tarixdən 13.02.1997-ci il tarixədək 6 nömrəli rayonlarası xüsusi təmir quraşdırma idarəsində iş icraçısı, 14.02.1997-ci il tarixdən 20.12.2003-cü il tarixədək 12 saylı İmişli rayon Təmir-tikinti idarəsində iş icraçısı vəzifəsində, 22.12.2003-cü il tarixdən 30.07.2004-cü il tarixədək İmişli "xxxx" MMC-də mühəndis, 02.08.2004-cü il tarixdən 25.08.2007-ci il tarixədək İmişli rayon Quraşdırma Sazlama sahəsində mühəndis vəzifəsində işləmişdir. - NZ seriyalı, ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı 28.05.1977-ci il tarixdən 04.06.1979-cu il tarixədək Sovet Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. - SOCAR tərəfindən məhkəməyə göndərilmiş SOCAR**********30490089X00007 saylı, 26.02.2020-ci il tarixli məktubdan müəyyən olunur ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən İddiaçı 24.12.1985-ci ildə (əmr № 99/ls, 23.12.1985-ci il) “Azneft” Birliyinin Təmir-Tikinti İdarəsinin 11 №-li tikinti sahəsinə 5-ci dərəcəli rəngsaz peşəsinə işə qəbul edilmişdir. 02.01.1986-cı ildə (əmr № 5a, 10.01.1986-cı il) 9 №-li tikinti sahəsinə keçirilmişdir. 26.05.1986cı ildə (əmr № 46/ls, 23.05.1986-cı il) öz xahişi ilə işdən azad olunmuşdur. 10.01.1983-cü ildə (əmr № 2/k, 10.01.1983-cü il) “Azneft” Birliyinin “Carlı” KQl-yə təmir üzrə 3-cü dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmişdir. 01.04.1983-cü ildə (əmr № 23/k, 04.04.1983-cü il) tərbiyəçi peşəsinə keçirilmişdir. 13.06.1984-cü ildə (əmr № 33/k, 13.06.1984-cü il) istehsalat gimnastikası üzrə təlimatçı peşəsinə keçirilmişdir. 06.08.1984-cü ildə (əmr № 41/k, 06.08.1984-cü il) öz xahişi ilə işdən azad olunmuşdur. 07.08.1986-cı ildə (əmr № 38/k, 06.08.1986cı il) “Azneft” Birliyinin “Carlı” KQl-nin Yaşayış istismar sahəsinə tərbiyəçi peşəsinə işə qəbul edilmişdir. 01.10.1986-cı ildə (əmr № 51/k, 27.10.1986-cı il) üzürlü səbəb olmadığından işə gəlmədiyinə görə tutduğu peşədən azad olunmuşdur. - "xxxx" ASC-nin 20.06.2019-cu il tarixli, 701 saylı arayışından müəyyən edilir ki, İddiaçı 19.09.1988-ci il tarixdə 97/LS saylı əmrlə İmişli Pambıqtəmizləmə zavodunun əsaslı tikinti şöbəsinə baş usta vəzifəsinə işə qəbul edilmiş və 28.02.1989-cu il tarixli, 25/LS saylı əmrlə ərizəsinə əsasən işdən azad edilmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 16.10.2019-cu il tarixli, **********8 saylı məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İdarəyə təqdim edilmiş sənədlərdə qeyd olunanlara əsasən işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının aparılmasının mümkün hesab olunmadığı qeyd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «e» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması. İşin apellyasiya icraatı zamanı iddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Sənaye müəssisələri və Təmir Tikinti Birliyinin 01-KS nömrəli, 15 mart 2021-ci il tarixli arayışını məhkəməyə təqdim etmiş, arayışda qeyd edilmişdir ki, İddiaçı həqiqətən 10.03.1976-cı il tarixdən əmək fəaliyyətinə başlamışdır. 03.04.1989-cu ildən Azərbaycan Respublikası Yerli Sənaye Nazirliyinin İmişli rayon ThTTQS-də 10.10.1991-ci ilə kimi usta vəzifəsində, 10.10.1991-ci ildən T/hesablı tikinti təmir quraşdırma sahəsində 01.03.1993-cü ilə kimi iş icraçısı vəzifəsində, 01.03.1993-cü ildən 6 № li R/arası xüsusi təmir quraşdırma idarəsində 13.02.1997-ci ilə kimi iş icraçısı vəzifəsində, 14.02.1997-ci ildən 12 saylı İmişli rayon təmir-tikinti idarəsində 20.12.2003-cü ilə kimi iş icraçısı vəzifəsində, 02.08.2004-cü ildən sənaye müəssisələri və Təmir-Tikinti Birliyinin İmişli Quraşdırma sazlama sahəsində 25-08-2007-ci ilə kimi mühəndis vəzifəsində, 25.08.2007-ci ildən İmişli Quraşdırma sazlama sahəsində 29.12.2008-ci ilə kimi rəis vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007ci il tarixli, 12 saylı Qərarında təsdiq edilmiş güzəştli şərtlərə görə pensiya hüququna görə istehsalat işlərinin peşələrin vəzifələrin və siyahısına XXVİİ Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması texniki təchizatı, bərpası və təmiri idarələrinin işçiləri güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. Lakin onun işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı üzrə kodları göstərilməmişdir. Bu səbəbdən iddiaçı sonradan yeni arayış təqdim etmiş, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Sənaye müəssisələri və Təmir Tikinti Birliyinin 02 nömrəli, 05 may 2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən 10.03.1976-cı il tarixdən əmək fəaliyyətinə başlamışdır. 03.04.1984-cü ildən Azərbaycan Respublikası Yerli Sənaye Nazirliyinin İmişli rayon ThTTQS-də 10.10.1991-ci ilə kimi usta vəzifəsində ( 2290000b-23419) , 10.10.1991-ci ildən T/hesablı tikinti təmir quraşdırma sahəsində 01.03.1993-cü ilə kimi iş icraçısı vəzifəsində (2290000b-24441), 01.03.1993-cü ildən 6 № li R/arası xüsusi təmir quraşdırma idarəsində 13.02.1997-ci ilə kimi iş icraçısı vəzifəsində (2290000b-24441),, 14.02.1997-ci ildən 12 saylı İmişli rayon təmir-tikinti idarəsində 20.12.2003-cü ilə kimi iş icraçısı vəzifəsində (2290000b-24441), 02.08.2004-cü ildən sənaye müəssisələri və Təmir-Tikinti Birliyinin İmişli Quraşdırma sazlama sahəsində 25-08-2007-ci ilə kimi mühəndis vəzifəsində (2290000b),, 25.08.2007-ci ildən İmişli Quraşdırma sazlama sahəsində 29.12.2008-ci ilə kimi rəis vəzifəsində (2290000b) işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı Qərarında təsdiq edilmiş güzəştli şərtlərə görə pensiya hüququna görə istehsalat işlərinin peşələrin vəzifələrin və siyahısına XXVİİ Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması texniki təchizatı, bərpası və təmiri idarələrinin işçiləri güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli əmək stajına malik olması iş yerindən təqdim olunmuş arayışla öz təsdiqini tapır. Belə ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilmiş arayışdan da göründüyü kimi iddiaçının çalışdığı peşələrin konkret olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı Qərarında təsdiq edilmiş güzəştli şərtlərə görə pensiya hüququna görə istehsalat işlərinin peşələrin vəzifələrin və siyahısının - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması texniki təchizatı, bərpası və təmiri idarələrinin işçiləri bölməsində yer aldığı göstərilmişdir. Göründüyü kimi iddiaçının 25 ildən çox ümumi əmək stajı ilə bərabər 12 il 06 aydan çox əmək şəraiti zərərli işlərdə işləmişdir. Lakin cavabdeh orqan iddiaçıya əsassız olaraq pensiya təyin edilməsindən imtina etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinə müvafiq olaraq onun cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən üç il əvvəlki dövrə (30.09.2016-cı il tarixdən) hesablanaraq ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməklə iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94, və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2-1(112)-605/2020 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşından güzəştli şərtlərlə pensiya təyin edilsin və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinə müvafiq olaraq onun cavabdehə müraciət etdiyi tarixdən üç il əvvəlki dövrə (30.09.2016-cı il tarixdən) hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.