Məhkəmə qərarları › İş №2-1(103)-809/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-809/2022

30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-809/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X5-Yusiflinin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 55 yaşdan yəni, 11.12.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5596/2021 saylı 03 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 mart 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 10.10.1981-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 05.10.1981-19.09.1994-cü il tarixlərdə 42 nömrəli texniki peşə məktəbində bufetçi, 26.09.1995-09.02.1998-ci illərdə “Xalq üçün mallar” Dövlət Konserni Bakı 4 nömrəli ayaqqabı fabrikinin 2 nömrəli sexində şagird işləmişdir. Həmçinin iddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 15.02.1982-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, o, 05.10.1981-20.12.1983-cü illərdə Bakı Komvol Kombinatında hamarlayıcı şagirdi və hamarlayıcı işləmiş, 01.03.1984-cü ildə “Azərelektromaş” İB-də 4 saylı avtomatik ştamplama dəmirçi sexində yığıcı çilingər şagirdi işinə qəbul edilmiş, 16.07.1984-cü ildə yığıcı-çilingər vəzifəsinə keçirilmiş, 06.05.1995-ci ildə 32 nömrəli ixtisaslaşdırılmış tikinti idarəsinə köçürmə yolu ilə Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən işdən azad edilmişdir. 07.05.1995-ci ildə 32 nömrəli ixtisaslaşdırılmış tikinti idarəsinə yataqxanaya xadimə vəzifəsinə işə qəbul edilmiş, 01.04.1999-cu ildə işdən azad edilmiş, 02.04.2012-25.12.2014-cü illərdə Ekspedisiyanın Texniki xidmət sahəsinə çöl işlərinə çıxmaqla 3-cü dərəcə fəhlə peşəsində işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********4 saylı 06.01.2021-ci il tarixli və **********1 saylı 22.02.2021-ci il tarixli imtina məktublarında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Təqdim edilmiş İT-İ seriyalı ******* saylı 15 fevral 1982-ci il tarixli əmək kitabçasında və "xxxx" ASC-nin 59-18/04 saylı 12.08.2020-ci il tarixli arayışında 01.03.1984-06.05.1995-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının yığıcı çilingər şagirdi və yığıcı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yuxarıda qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı iddiaçının işlədiyi vəzifələrin sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının metallurgiya (12) bölməsində nəzərdə tutulmadığı, həmçinin 01.01.1992- 31.12.1992-ci il, 01.06.1993- 06.05.1995-ci il tarixləri arasındakı dövrlər ərzində haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qeyd olunan faktlar "xxxx" ASC-nin 02.12.2020-ci il tarixli Aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 55 yaşdan yəni, 11.12.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı Komvol Kombinatının Hamarlayıcı sexinə hamarlayıcı şagirdi kimi daxil olaraq, 02.10.1981-ci ildən əmək fəaliyyətinə başlamış, 20.12.1983-cü il tarixdən öz xahişi ilə işdən azad olunmuşdur. 01.03.1984-cü ildən 06.05.1995-ci ilədək “Azərelektromaş" İB-də, indiki "xxxx" ASC-də işləmiş, 07.05.1995-ci il tarixdən 02.01.1997-ci il tarixədək "xxxx" ASC-də xadimə, 02.01.1997-ci il tarixdən 01.04.1999-cu il tarixədək "xxxx" ASC-də fəhlə vəzifəsində çalışmışdır. 02.04.2012-ci ildən 25.12.2014-cü ilədək Ekpedisiyanın Texniki Xidmət Sahəsində fəhlə vəzifəsində çalışmışdır və zərərli iş şəraitində 13 il 10 ay xüsusi iş stajı mövcuddur. Buna görə də hesab edir ki, onun 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ vardır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5596/2021 saylı 03 noyabr 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən ləğv edilməlidir. Tərəflərin izahatları: İddiaçı, onun nümayəndəsi və vəkili X2 iddia ərizəsini, apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi 22.02.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən edilmir. İddiaçı isə iddia ilə məhkəməyə 08.04.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi, “ona 55 yaşdan yəni, 11.12.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə barədədir. Bununla bağlı, o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun 01.03.1984-06.05.1995-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi yığıcı çilingər şagirdi və yığıcı vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının metallurgiya (12) bölməsində nəzərdə tutulmaması, həmçinin onun 01.01.1992-ci il tarixdən 31.12.1992-ci il tarixədək, 01.06.1993-cü il tarixdən 06.05.1995-ci il tarixləri arasındakı dövrlər ərzində haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş, lakin işə baxmış məhkəmə tərəfindən iddiası təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının ümumi iş stajının 20 ildən az 18 il 6 ay 28 gün, xüsusi iş stajının 10 ildən az 9 il 4 ay 9 gün olmasına, bununla da cavabdeh inzibati orqanın imtinasının əsaslı olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, aşağıdakı şərtlərin hamısı ödənildikdə şəxsə (iddiaçıya) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilər: 1) 55 yaşının tamam olması; 2) azı 20 il sığorta stajına malik olması; 3) 20 il sığorta stajının azı 10 ilinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması; 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (bu tələb 2017-ci il iyulun 1-dən etibarən müəyyən olunmuşdur). Qeyd olunan tələblər iddiaçıya münasibətdə tətbiq olunduqda müəyyən olunur ki, iddiaçının 55 yaşı 11.12.2018-ci il tarixdə tamam olmuşdur. İş materiallarında olan İddiaçı məxsus hər iki əmək kitabçasındakı məlumatlar nəzərdən keçirilərkən müəyyən olunur ki, o, 10.10.1981-ci ildən 09.02.1998-ci ilədək iki müəssisədə eyni zamanda işləmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Belə olan halda iddiaçının iki müəssisədə eyni zamanda işlədiyi 10.10.1981-ci ildən 09.02.1998-ci ilədək olan dövr təkrar olaraq iş stajı kimi nəzərə alına bilməz və həmin müddət üzrə iş stajının biri, iddiaçının seçiminə əsasən "xxxx" ASC-də işlədiyi müddət sığorta stajı kimi hesablanır. Hazırki işdə cavabdeh iddiaçının 55 yaşının tamam olduğu 11.12.2018-ci il tarixə iş stajının kifayət qədər (20 ildən çox) olmasını mübahisələndirir, belə ki, bu müddətin 1 il 9 ay 27 gün müddətində iddiaçının ödənişsiz məzuniyyətdə olduğuna istinad edir. "xxxx" ASC-nin 125/08 saylı 22.04.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı 01.03.1984-cü ildən (Əmr 132/28.02.1984-cü il) 06.05.1995-ci ilədək “Azərelektromaş” EİB-də, indiki "xxxx" ASC-də işləmişdir. İddiaçı aşağıda göstərilən tarixlərdə analıq məzuniyyətlərində olmuşdur: əmək haqqı qismən ödənilən məzuniyyət - 15.08.1988 - 19.02.1989; əmək haqqı ödənilməyən məzuniyyət - 20.02.1989-19.08.1989 - Əmr 535/21.05.1988; əmək haqqı qismən ödənilən məzuniyyət - 18.09.1989-24.01.1991; əmək haqqı ödənilməyən məzuniyyət - 25.01.1991-22.04.1991 - Əmr 225/ 12.03.1991; əmək haqqı qismən ödənilən məzuniyyət - 26.08.1991 - 22.12.1992; əmək haqqı ödənilməyən məzuniyyət - 23.12.1992 - 20.07.1993 - Əmr 613/ 11.08.1992. İddiaçı ailə vəziyyəti ilə əlaqədar olaraq 24.09.1994-cü il tarixindən 24.03.1995-ci il tarixinədək 6 ay müddətində əmək haqqı saxlanılmayan məzuniyyətdə olmuşdur. Beləlilkə, iddiaçının ödənişsiz məzuniyyət dövrü nəzərə alındıqda onun ümumi iş stajı 20 ildən çox, ödənişsiz məzuniyyət dövrü nəzərə alınmadıqda isə iş stajı 20 ildən az (18 il 6 ay 28 gün) təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin o mövqeyi ilə razılaşır ki, məzuniyyətin adından da göründüyü kimi, bu dövrdə iddiaçı ödənişsiz məzuniyyətdə olmuş və ona hər hansı ödəniş edilməmiş, əmək haqqı almamışdır. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Belə olan halda iddiaçının ödənişsiz məzuniyyət dövrü nəzərə alınmadıqda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla toplanması zəruri olan 20 illik ümumi sığorta stajı tələbinin ödənilmədiyi müəyyən olunur. İddiaçının xüsusi stajının mövcud olub-olmamasına gəldikdə isə iddiaçının işlədiyi "xxxx" ASC-nin 59-18/04 saylı 12.08.2020-ci il tarixli izahlı arayışından görünür ki, İddiaçı «Azərelektromaş» İB-də, indiki "xxxx" ASC-də, 01.03.1984-cü ildən (əmr 139/28.02.1984cü il) 16.07.1984-cü ilədək (Prot.67/4-13 17.07.1984-cü il) zavodun 4 saylı avtomatik ştamplama dəmirçi sexində yığıcı çilingər şagirdi, 16.07.1984-cü ildən (prot. 67/4-13 17.07.1984-cü il) 06.05.1995-ci ilədək (Əmr 23/06.05.1995) isə yığıcı vəzifəsində işləmişdir. Yığıcı elektrik mühərriklərinin stator nüvələrinin hazırlanması üçün Yaponiya istehsalı olan «Aida» preslərində, ştamplanmış polad vərəqələrin xüsusi şablonlara yığılması və kipləşdirici halqalarla bərkidir. Yığıcının iş yerinin pasportuna əsasən onun iş yerində səsin təzyiqi 95,0- 98,0 d BA olmuşdur ki, bu da normadan 15-18 d BA çoxdur. Göstərilən faktor iş gününün 90 %-dən çox hissəsini əhatə etdiyinə görə göstərilən iş yeri zərərli sahə kimi siyahıya düşmüşdür. Zərərli iş şəraitinə görə İddiaçı əlavə əmək haqqı və məzuniyyət verilmişdir. 2-ci siyahı ilə pensiya almaq hüququ vardır. Lakin iş materiallarından görünür ki, iddiaçının güzəştli iş stajının da kifayət qədər olması faktı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmiş və bunun əsası kimi Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən məlumatların yerində dəqiqləşdirilməsi zamanı iddiaçının işlədiyi vəzifələrin sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının metallurgiya (12) bölməsində nəzərdə tutulmadığına, qeyd olunan faktların "xxxx" ASC-nin 02.12.2020-ci il tarixli aktı ilə təsdiq olunduğuna istinad etmişdir. Belə ki, işdə olan 02.12.2020-ci il tarixli aktdan görünür ki, həmin akt cavabdehin nümayəndələri və "xxxx" ASC-nin kadrlar şöbəsinin rəisi tərəfindən tərtib edilmiş, aktda iddiaçının işlədiyi “yığıcı” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri sahəsində (12-ci bölmə) nəzərdə tutulmadığı qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq "xxxx" ASCnin 125/15 saylı 26.07.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı işlədiyi peşənin (yəni yığıcı peşəsinin) deyil, onun iş yerinin zərərli olması barədə (iş yerində səsin təzyiqi 950- 980 d BA) məlumat verilmişdir. Yığıcı elektrik mühərriklərinin stator nüvələrinin hazırlanması üçün Yaponiya istehsalı olan “Aida” preslərində, ştamplanmış polad vərəqləri xüsusi şablonlara yığır və kipləşdirici halqalara bərkidir. “Yeni BEMZ" ASC tərəfindən verilən izahlı arayışda yığıcı peşəsi haqqında və iş yeri haqqında məlumat verilmişdir. DSMF-nin xüsusi şərtlərlə təyinat idarəsi İddiaçı “Yeni BEMZ" ASC tərəfindən verilən izahlı arayışda göstərilən faktorları məqbul saymamış və ona verilmiş arayışda yuxarıda adı çəkilən 12 nömrəli siyahıda göstərilən 12-ci maddə “Metallurgiya istehsalı” maddə 3.3, bənd a sətir 19-un iş yerinə deyil, ştamplayıcı dəmirçi peşəsinə aid olduğunu göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin siyahısında yığıcı peşəsinin zərərli sahə kimi göstərilməməsini qeyd etmişdir. Həmçinin "xxxx" ASC-nin 22.04.2021-ci il tarixli 125/08 nömrəli arayışında yığıcının iş yerində səsin təzyiqi 95,0-98,0 d BA olduğuna görə iddiaçıya iş yerinin zərərli olduğu barədə arayış verildiyi, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsindən gələn yoxlamanın İddiaçı analıq məzuniyyətlərində olması əsası ilə zərərli iş stajının olmaması barədə aktın tərtib edildiyi bildirilmişdir. Beləliklə, qeyd olunanlardan göründüyü kimi, iddiaçının işlədiyi müəssisə iddiaçının peşəsinin deyil, işlədiyi iş yerinin zərərli olması barədə arayış vermiş və bu zaman yuxarıda adı çəkilən 12 nömrəli siyahıda göstərilən 12-ci bölmə “Metallurgiya istehsalı” maddə 3.3, bənd “a” yarımbəndi üzrə 19-cu abzasa istinad etmişdir ki, hansı ki, həmin abzasda “ştamplayıcı dəmirçi” peşəsi nəzərdə tutulmuşdur. Halbuki iddiaçı həmin peşə üzrə deyil, 4 saylı avtomatik ştamplama dəmirçi sexində “yığıcı” peşəsi üzrə işləmişdir. Kollegiya onu da qeyd edir ki, "xxxx" ASC-nin təqdim etdiyi izahlı arayışda həmin vəzifənin 2-ci Siyahıya uyğun pensiya almaq hüququ verdiyi təsbit olunsa da, istinad olunan kod Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömərli Siyahıda göstərilən koda uyğun olmuş, həm həmin kod, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda istinad olunan kod “yığıcı” deyil, “ştamplayıcı dəmirçilər” peşəsinə aid olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə alaraq iddiaçının işlədiyi peşənin zərərli peşə kimi qəbul edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, iddiaçının ona tələb etdiyi növdə pensiya təyini üçün zəruri olan 10 il xüsusi stajı ilə bağlı qanunla müəyyən edilən tələb də ödənilmir. Belə ki, iddiaçı "xxxx" ASC-də 11 il 2 ay 6 gün ümumi sığorta stajına malik olmuş, həmin dövrdə 1 il 9 ay 27 gün müddətində ödənişsiz məzuniyyətdə olmuş, ödənişsiz məzuniyyət dövrü isə sığorta stajına daxil edilmədiyi üçün iddiaçının zərərli iş şəraitində işlədiyini iddia etdiyi müddət 10 il deyil, 9 il 4 ay 9 gün olmuşdur. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması üçün qanunda nəzərdə tutulan şərtlər tamamlanmadığı üçün birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını istisna edir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etdiyindən və bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı iddianın təmin edilməsi üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5596/2021 saylı 03 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5596/2021 saylı 03 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Orucova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar