Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-809/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4619/2022 saylı, 5 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının sığorta hissəsinin pensiya kapitalına əsasən yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona pensiya təyin edildikdən sonra işləməkdə davam edərək 6 ildən çox işləmişdir, hazırda yaşa görə əmək pensiyasına çıxdıqdan sonra fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış yəni, əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış pensiya kapitalı mövcuddur. Buna görə də cavabdeh orqana müraciət edərək onun əmək pensiyasına çıxdıqdan sonra işləyib topladığı sosial sığorta kapitalı nəzərə alaraq, aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını xahiş etmiş, lakin müraciəti, aldığı cavab məktubundan görünür ki, təmin edilməmişdir. İddiaçıya verilən cavab 7 fevral 2006-cı il tarixli 54-İİİQ saylı "Əmək pensiyaları haqqında " Qanunun 37.3.1-ci və 9.6-cı maddələrinə ziddir. Hərbi qulluqçuların yaşa görə aldığı əmək pensiyasının yalnız təminat xərcliyindən ibarət olması barədə hər hansı maddi hüquq norması mövcud deyil. Onun əmək pensiyasına çıxdıqdan sonra işləyib əldə etdiyi sığorta pensiya kapitalı hazırkı pensiya məbləğinin hesablanmasında nəzərə alınmalıdır və əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması aparılmalıdır. İddiaçı bir neçə dəfə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, son olaraq xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək qazandığı sığorta kapitalı əsasında pensiyasının yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Cavabdeh iddiaya yazılı etirazını Bakı İnzibati Məhkəməsinə təqdim etmiş və göstərmişdir ki, iddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmiş, həmin müraciətlə bağlı aparılmış iddiaçıya Mərkəzi Filial tərəfindən 13 yanvar 2007- ci il tarixindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 2447,95 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilmişdir: -əmək pensiyasının sığorta hissəsi – 233,86 manat; -qulluq stajına görə əmək pensiyasının əlavəsi 2214,09 manat. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 125722,20 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 225 (125722,20:225 (65 il - 52 il 3 ay=153 ay+)144 ay -72 ay)=558,77 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsi 792,63 (233,86+558,77) manat müəyyən edilmişdir. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavəsinin məbləği (2214,09 manat) həmin artım qədər (558,77 manat) azaldılmışdır. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 792,63 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 1655,32 (2214,09- 558,77) manat təşkil edir. 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan pensiyaçıların sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi – 244,80 manat maddi yardım ödənilir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4619/2022 saylı, 5 avqust 2022-ci il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın pensiyanın “sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldıİmamaqla” yenidən hesablanması hissəsində ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1 -ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Əlavə olaraq bildirilir ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 125722,20 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, 125722,20 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında’’ Qanunun 37.3.1 -ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 225 (125722,20:225 (65 il-52 il 3 ay=153 ay+(144 ay-72 ay)=558,77 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsinin (233,86 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 792,63 (233,86+558,77) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavəsi məbləği (2214,09 manat) həmin artım qədər (558,77 manat) azaldılıb. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 792,63 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 1655,32 (2214,09-558,77) manat təşkil edir. Əlavə olaraq bildiririk ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-244,80 manat maddi yardım ödənilir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də əsas olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən iddiaçı barədə verilən xx.xx.2007-ci il tarixli məlumat vərəqindən görünür ki, hərbi rütbəsi mayor olan İddiaçı xx.xx.2007-ci il tarixdə xidməti uyğunsuzluğa görə tərxis olunmuş, onun təqvimi xidmət illəri 20 il 5 ay təşkil etmiş, cəmi pul təminatı 555 manat göstərilmişdir. İddiaçı xx.xx.2007-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Deparamentinə müraciət edərək xidmət illərinə görə pensiya təyin edilməsini xahiş etmişdir. xx.xx.2007-ci il tarixli Pensiya ödənişinə icazədə qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq MN pensiyaçısı İddiaçı 1 aprel 2007-ci il tarixdən ömürlük 494 manat 08 qəpik məbləğində pensiya təyin edilmişdir. İşdə olan iddiaçıya məxsus ******* saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1986-cı ildən xx.xx.2007-ci ilədək hərbi xidmətdə olmuş, xx.xx.2007-ci il tarixli əmr əsasında xx.xx.2007-ci il tarixdə “X6” MMC-nin Şərq Aviasiyası üzrə Texniki Xidmət Sexinə planer və mühərriklər üzrə aviatexnik vəzifəsinə qəbul olunmuş və xx.xx.2007-ci il tarixdə tutduğu vəzifədən azad edilərək bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir.Daha sonra xx.xx.2007-ci il tarixdə “Silk Way” Aviaşirkəti Uçuş dəstəsinə İL-76 tipli HG-nin bortmühəndisi vəzifəsinə qəbul edilmişdir və hazırda həmin müəssisədə işləyir. Göründüyü kimi, iddiaçının hazırki tələbinin əsasında “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi durur. Qanunvericiliyə əsasən hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən – sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsində isə əmək pensiyası təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydası müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Qeyd edilməlidir ki, Qanunun həm 9.6, həm də 37.3.1-ci maddələrinin müddəalarında pensiyaya çıxmış işləyən əmək pensiyaçılarının pensiyasına əlavənin deyil, məhz əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulmuşdur. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarına dair müddəalar “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Bu norma imperativ norma olmaqla, pensiyaçıların hansı sahədə – pensiya təyin edilməzdən əvvəl işlədiyi sahədə və ya hər hansı digər sahədə işləməsindən asılı olmayaraq pensiya təyin olunan günədək pensiyanın qazanılmış sığorta hissəsinin tam şəkildə ödənilməli olmasını təsbit edir. Həmin maddədə pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydası da müəyyən edilərək göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İşləyən əmək pensiyaçısı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiyaçı işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əməkpensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. Cavabdeh inzibati orqan isə Qanunun 37.3.1-ci maddəsini 29.2-ci maddə ilə birlikdə tətbiq edərək, iddiaçının əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğini həmin artımlar qədər azaltmaqla yenidən hesablayır. Birinci instansiya məhkəməsi də haqlı olaraq qeyd etmişdir ki, Qanunun 29-cu maddəsi adından da göründüyü kimi Əmək pensiyalarının indeksləşdirilməsi adlanır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 01 yanvar 2023-cü ilədək qüvvədə olan 29.2-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, iddaçının əmək pensiyasının yenidən hesablanmasının əsasını Qanunun 29.1-ci maddəsinə uyğun pensiyanın indeksləşdirilməsi təşkil etmədiyindən cavabdeh tərəfindən iddiaçıya Qanunun 29.2-ci maddəsinin tətbiqi qanuni hesab edilmir. Bununla belə, Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, 2023-cü il yanvarın 1dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 5 noyabr 2022-ci il tarixli Qanunun 1.12.2-ci bəndinə əsasən Qanunun 29.2-ci maddəsi ləğv edilmişdir. Bu normaya əsasən Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsi ləğv edildiyindən və göstərilən hal iddiaçının vəziyyətini yüngülləşdirdiyindən iddiaçının pensiyasının sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldıİmamaqla yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4619/2022 saylı, 5 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-809/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-809/2023
02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver