Məhkəmə qərarları › İş №2-1(103)-811/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-811/2021

03.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-811/2021 03.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı, onun vəkili və nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X2 iştirakı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5894/2020 nömrəli iş üzrə 20 oktyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 20.01.2015-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin və hal-hazıradək yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 20.10.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının Filiala təqdim etdiyi əmək kitabçasında 9.12.1975-27.04.1976-cı il tarixləri arasındakı dövr ərzində “xxxx’’ ASC-də töküklərin nəqledicisi peşəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Filial tərəfindən yerində dəqiqləşdirilməsi zamanı məlum olmuşdur ki, yuxarıda qeyd olunan dövr ərzində sözügedən müəssisədə işlədiyi peşə AR Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na uyğun deyildir. Bu səbəbdən qeyd olunan dövrü qanunvericiliyin tələbləri baxımından güzəştli iş stajına daxil etmək mümkün olmadığından, onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçı və vəkili birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. İlk olaraq, hazırkı mübahisə pensiya-hüquq münasibətlərindən irəli gəlmişdir, iddia məcburetmə haqqında iddia növünə aiddir (İPM-in 2.2.2-ci maddəsi). Belə ki, yarandığı güman olunan əmək pensiyası hüququnun dövlət tərəfindən tanınması və bundan sonra həyata keçirilməsi məqsədilə qanunla səlahiyyət verilmiş inzibati orqanın qərar qəbul etməsi tələb olunur (“Əmək pensiyaları haqqında” Qanunun 30-cu maddəsi). Yalnız bu qaydada inzibati akt qəbul edildikdən sonra əmək pensiyası hüququnun realizəsi mümkün olur. İşdə olan, iddiaçıya məxsus AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notariat təsdiqli surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. NZ ******* nömrəli hərbi biletin notariat təsdiqli surətinə əsasən iddiaçı 25.05.1976cı il tarixdən 12.06.1978-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İddiaçıya məxsus, surəti və tərcüməsi notariat qaydada təsdiq edilmiş 16.12.1975-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasının məlumatlarına əsasən iddiaçı 09.12.1975- 27.04.1976-cı il tarixlərdə “xxxx” ASC-də tökmə nəqledicisi (əmək kitabçasında Rus dilində “транспортировщик литья” yazılmışdır) peşəsində, 16.10.1978-ci ildən 16.02.1990-cı ilədək hazırkı Heydər Əliyev adına X4 10 nömrəli sexin, 09.05.1994-cü ildən 16.05.1995-ci ilədək 16 nömrəli sexin mexaniki təmir bazasında texnoloji qurğuların təmiri üzrə çilingər vəzifəsində, 16.02.1990-cı ildən 01.04.1991-ci ilədək Heydər Əliyev adına X4 Q-43-107M qurğusunda qurğu mexaniki vəzifəsində, 01.04.1991-ci ildən 05.10.1992-ci ilədək hava kompressor stansiyasında usta vəzifəsində, 05.10.1992-ci ildən 09.05.1994-cü ilədək direktorun kadrlar üzrə müavini vəzifəsində, 02.06.2003-cü ildən hal-hazıradək xam neftin emalı üzrə 2 nömrəli sexin təsərrüfat qrupunda 11-ci dərəcəli usta vəzifəsində işləyir. “xxxx” ASC tərəfindən verilmiş 21.01.2020-ci il tarixli 01 nömrəli arayışdan müəyyən edilir ki, iddiaçı 09.12.1975-ci il tarixdən (697 nömrəli 03.12.1975-ci il tarixli əmr) 27.04.1976-dək (149 nömrəli 28.04.1976-ci il tarixli əmr) “Mərkəzielektrotökmə“ zavodunda tam iş günü rejmində, zərərli əmək şəraitində, tökmə istehsalında töküklərin nəqledicisi peşəsində çalışıb. AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin siyahısı” nın XİV bölüm “Metal emalı”, “Tökmə istehsalı” bəndi üzrə 2150100a (kod 2150100a-19219) təqaüdə çıxmaq hüququ qazanır. 29.10.2001-dən İqtisadi İnkişaf Nazirliyinin 166 saylı sərəncamına əsasən “Mərkəzielektriktökmə” zavodunun bazasında “xxxx” ASC yaranmışdır. SOCAR Heydər Əliyev adına X7 tərəfindən verilmiş 15.10.2020-ci il tarixli SOCAR**********81200601B00009 nömrəli Zərərli iş haqqında arayışa əsasən, iddiaçı 16.10.1978-ci il tarixdən 16.02.1990-cı il tarixədək 10 nömrəli sexin mexaniki təmir sahəsinin texnoloji qurğuların təmiri üzrə çilingər, 09.05.1994-cü il tarixdən 16.05.1995-ci il tarixədək isə 16 nömrəli sexin mexaniki təmir sahəsinin texnoloji qurğuların təmiri üzrə çilingər vəzifəsində işləmişdir. Həmin vəzifə AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı siyahısı”nın 12-ci bölməsində (kod: 2130302a-18547) nəzərdə tutulmuşdur, əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı 12 il 4 ay 8 gün təşkil edir. SOCAR Heydər Əliyev adına X5 06.02.2020-ci il tarixli SOCAR**********81200601A00004 nömrəli arayışında göstərilmişdir ki, iddiaçı 16.10.1978ci il tarixdən indiyədək Heydər Əliyev adına X4 işləyir. Cavabdehin iddiaçıya ünvanlanan 23.06.2020-ci il tarixli **********9 nömrəli Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubunda qeyd olunmuşdur ki, təqdim etdiyi 16.12.1975-ci il tarixli əmək kitabçasında 09.12.1975 - 27.04.1976-cı il tarixləri arasındakı dövr ərzində “xxxx” ASC-də töküklərin nəqledicisi peşəsində işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların İdarə tərəfindən yerində dəqiqləşdirilməsi zamanı məlum olmuşdur ki, yuxarıda qeyd olunan dövr ərzində sözügedən müəssisədə işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun deyil. Bu səbəbdən yuxarıda qeyd olunan dövrü qanunvericiliyin tələbləri baxımından güzəştli iş stajına daxil etmək mümkün olmadığından iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Əmək kitabçası və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. 01.01.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun: 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 21.2-ci maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Qanundan əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra - 2 nömrəli Siyahı) üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İstinad olunan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə xüsusi iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı 01.01.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Göstərilən şərtlər iş üzrə yerinə yetirilir. Belə ki, iddiaçının 09.12.1975-ci il tarixdən 27.04.1976-ci il tarixədək işlədiyi tökmə nəqledicisi, 16.10.1978-ci il tarixdən 16.02.1990-cı il tarixədək və 09.05.1994-cü il tarixdən 16.05.1995-ci il tarixədək texnoloji qurğuların təmiri üzrə çilingər vəzifələri, ümumilikdə 12 il 6 aydan çox olmaqla, 2 nömrəli Siyahının “21500000 – XİV. Metal emalı - 21501000 - 1. Tökmə istehsalatı - 2150100a - a) fəhlələr - 2150100a-19219 - çıxardılma iş sahələrində və doğranma, qəlibləmə, içlik ilə məşğul olan tökmə istehsalatındakı nəqledicilər” və “21300000 - Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı - 21302000 - 2. Neft-qaz və qaz kondensatının hasilatı - 2130200a - a) fəhlələr - 2130200a- 18547 - texnoloji qurğuların təmiri üzrə çilingərlər” peşələrində, yəni 2150100a-19219 və 2130200a-18547 kodlarında nəzərdə tutulmuşdur. Bununla da, iddiaçıya məxsus əmək kitabçası, hərbi bilet və iş yerindən güzəştli arayışlarla təsdiq olunur ki, o, hərbi xidmət də daxil olmaqla, 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən) staja malik olmuşdur. Odur ki, məhkəmə kollegiyası bu mənada cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, şikayətin iddiaçının 09.12.1975-27.04.1976-cı il tarixlərdə “xxxx’’ ASC-də tökmələrin nəqledicisi vəzifəsində işlədiyi peşənin 2 nömrəli Siyahıya uyğun olmaması barədə yeganə dəlili işdə olan mötəbər sübutlarla təkzib olunur, həmin peşə isə iş yeri olaraq metal emalının tökmə istehsalatı, vəzifə olaraq metal tökmənin nəqli ilə bağlı olmuşdur ki, bu da 2 nömrəli Siyahının 2150100a-19219 koduna tam uyğundur. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanunla və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5894/2020 nömrəli iş üzrə 20 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar