Məhkəmə qərarları › İş №2-1(103)-811/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-811/2022

27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-811/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı (üçüncü şəxs "xxxx" MMC) “qərarın ləğvi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-707/2021 saylı, 30 avqust 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı (üçüncü şəxs "xxxx" MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının A72-7, 05 noyabr 2019-cu il tarixli qərarının ləğvi və "xxxx" MMC, AZ 1096, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski, ev 43, mənzil 65 (AZ) məxsus 2015 0767 nömrəli «Sarvan» əmtəə nişanının 30-cu sinif “konfetlər” əmtəələri üzrə qeydiyyatına qarşı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən ona aid xx.xx.2013cü il tarixdə ******* beynəlxalq qeydiyyat nömrə ilə qeydiyyata alınmış (nömrə və dərc tarixi: 2014/7 Gaz, xx.xx.2014) Azərbaycan Respublikasının qoşulduğu Madrid sazişi və Protokoluna müvafiq olaraq 30-cu sinif “konfetlər [şirniyyatlar]" əmtəələri üzrə mühafizə olunan "xxxx" kombinasiyalı əmtəə nişanına hüquqları pozulmaqla qeydiyyata alınmış "Konfirom” MMC /ünvan: AZ1096, ünvan 1dən (Ərizə 2015 00254, ilkinlik xx.xx.2015) xx.xx.2015-ci il tarixli, 2015 0767 nömrəli “Sarvan” kombinasiyalı əmtəə nişanının 30-cu sinif “konfetlər” əmtəələri üzrə qeydiyyatına qarşı verilmiş etiraz ərizəsi Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının № A72-7, xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir. Cavabdeh qərar verərkən "xxxx" şirkətinin qanunla mühafizə olunan "xxxx" kombinasiyalı əmtəə nişanına oxşarlığa, eləcə də qarışdırılacaq dərəcədə oxşarlığa qiymət vermək əvəzinə, xırda fərqləri qabardaraq maddi norma pozuntularına yol vermişdir. "xxxx" şirkəti sübut kimi "xxxx" əmtəə nişanının xx.xx.2013-cü il tarixdə ******* beynəlxalq qeydiyyat nömrə ilə qeydiyyata alınmış (nömrə və dərc tarixi: 2014/7 Gaz, xx.xx.2014) daha əvvəl ilkinliklə Azərbaycan Respublikası ərazisində mühafizə olunduğuna sübut kimi beynəlxaq qeydiyyatdan çıxarışı təqdim etmişdir. Həmin çıxarışdan göründüyü kimi - Mühafizə olunan rənglər: narıncı, sarı, qara, qırmızı, qəhvəyi, açıq qəhvəyi və boz qəhvəyi, dəvə üzərində verilmiş stilləşdirilmiş sarvan təsviri və çox da böyük olmayan qara-qəhvəyi rəngdə verilmiş dəvələrin təsviri, sahillər narıncı; günəş sarı, naxışlar yaşıl, sarı və qırmızı, söz kiril əlifbası ilə verilmiş, transliterasiyası "xxxx" sarırəngli boz mixəyi konturla verilmiş təsvirlə mühafizə olunur; Nişanın təsviri - nişan narıncı fondan ibarət olub, özündə dəvə üzərində verilmiş sarvanın stilləsdirilmis təsviri və çox da böyük olmayan dəvələrin qara-qəhvəyi rəngdə verilmiş təsvirləri, sarı rəngli sübh günəsi təsviri, bütövlükdə narıncı və qara sahil fonunda verilməklə; nişan sağ və soldan qırmızı, yaşıl və sarı rəngli bəzəklər verilmiş, sol naxışda kvadrat daxilində “K" işarəsi verilmişdir; kiril hərfləri ilə sarı-rəngli boz mixəyi konturla verilmiş transliterasiyası "xxxx" mixəyi rəngli “konfet” dəvə təsvirlərinin altında verilməklə mühafizə olunur; Mühafizə olunmayan elemenlər - “Konfeti, ®, K”-dir; Əmtəələr və xidmətlər: 30 konfetlər, [şirniyyat]; Madrid Protokolu 9sexies maddəsinə əsasən şamil edilmişdir: Azərbaycan, Çin, Fransa, Almaniya, Kazaxıstan, Qırğızıstan, Monqolustan, Polşa, Moldova Respublikası, İspaniya, Tacikistan, Ukrayna; Bildiriş tarixi xx.xx.2014; Dəyişiklik edilmişdir: xx.xx.2016. Cavabdeh qeyd edir ki, təqdim edilən nişanlar müqayisə olunarkən "xxxx" MMC-yə məxsus nişanın (2015 0767) ilkinliyinin (xx.xx.2015-ci il) "Krasnıy Oktyabr” ASC-yə məxsus nişanın (1193782) ilkinliyindən (xx.xx.2016-cı il) öncə olduğu müəyyən edilir. Cavabdeh özünün həqiqətə uyğun olmayan mülahizələri əsasında ******* beynəlxalq qeydiyyatın ilkinliyini qərəzli və səhv olaraq xx.xx.2016-cı il olduğunu göstərir. Beynəlxalq qeydiyyatdan çıxarışdan göründüyü kimi, Madrid Protokolu 9sexies maddəsinə əsasən şamil edilmişdir: Azərbaycan... Bildiriş tarixi xx.xx.2014. Yəni, ******* nömrəli beynəlxalq qeydiyyat Azərbaycan Respublikası ərazisinə şamil olunmaqla verilmiş və bildiriş tarixi xx.xx.2014-cü il. Cavabdehin qərəzli və qəsdən yanıltmaq məqsədi ilə «dəyişiklik edilmişdir: xx.xx.2016» tarixini səhv salır, “nişan Madrid Protokolu 3ter maddəsinə əsasən Azərbaycan Respublikası “ərazisinə genişləndirməklə verilmişdir" səhv hüquqi qiymət verir və bu hal ******* nömrəli beynəlxalq qeydiyyatdan çıxarışla sübut olunur. Cavabdeh beynəlxalq qeydiyyat tarixi və beynəlxalq qeydiyyatın mənşə ölkəsində bazis qeydiyyatı tarixi anlayışını səhv salır, səhv nəticəyə gəlir. Beləliklə, cavabdehin beynəlxalq qeydiyyat tarixi və ilkinliklə bağlı mülahizələrinin həqiqətə uyğun olmadığı sübuta yetirilir, nişanın qeydiyyat tarixi xx.xx.2013-cü il olub, ərazi üzrə şamil olunma üçün bildiriş tarixi xx.xx.2014-cü il tarixidir. Cavabdeh səhv olaraq xırda fərqləri qabartmış, "xxxx" əmtəə nişanı ilə «Sarvan» əmtəə nişanı Qaydaların 29.7.1-ci maddəsinə müvafiq olaraq “Təsviri... nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün həmin maddənin c) bəndinə əsasən kompozisiyaya daxil olan təsviri... elementlərindən ibarət... nişanlarla (işarələrlə) müqayisə edilməli olduğu halda, müqayisə etməmiş, araşdırma aparmamış, düzgün hüquqi qiymət verməmişdir. "Krasnıy Oktyabr” şirkətinin ərizəsində "Kara-Kum''söz işarəsi ilə “Sarvan” söz işarəsinin oxşar olduğunu iddia etmədiyi halda, cavabdeh öz qərarını əsaslandırmaq üçün qərəzli olaraq "xxxx"-söz işarəsi ilə “Sarvan” söz işarəsinin oxşar olmadığını araşdırmış, “Əmtəə nişanlarının qeydə alınması və ekspertizası qaydalarının” aidiyyəti olmayan 29.6.1., 29.6.2., 29.6.3 və 29.6.4-cü bəndlərini sadalamış, müqayisəli təhlil aparmış, bu səbəbdən də səhv nəticəyə gəlmiş, səhv qərar vermişdir. Qərəzlilik və qeyri-obyektivlik onunla təsdiq olunur ki, “Qaydalar”-ın şə aidiyyəti olan 29.7, 29.7.1-29.7.2, 29.8.1 b) bəndlərini göstərməklə mühafizə olunan elementlərinin oxşarlığı üzrə geniş araşdırmanın aparılması lazım olduğu halda müqayisəli təhlil aparmamış, yalnız ötəri olaraq “Qaydalar”-ın 29.7-ci bəndinə istinad etmiş, bu səbəbdən də səhv nəticəyə gəlmiş, səhv qərar vermişdir. Cavabdeh həqiqətə uyğun olmayan formal mülahizələrinə əsaslanaraq “Əmtəə nişanları ümumi konsepsiya baxımından müqayisə edilir” göstərərək səhv hüquqi qiymət verir. "Krasnıy Oktyabr” şirkəti Qaydaların 29.6.1- 29.6.5 bəndlərində göstərilən əlamətlər üzrə oxşarlığın araşdırılmasını "Kara-Kum''-söz işarəsi ilə “Sarvan” söz işarəsinin oxşar olduğunu iddia etmir. Cavabdeh "xxxx" əmtəə nişanı ilə «Sarvan» əmtəə nişanı “Qaydalar”-ın 29.7.1-ci maddəsinə müvafiq olaraq «Təsviri … nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün həmin maddənin c) bəndinə əsasən kompozisiyaya daxil olan təsviri... elementlərindən ibarət... nişanlarla (işarələrlə) müqayisə edilməli olduğu halda müqayisə etməmiş, araşdırma aparmamış, nəticədə səhv qərar vermişdir. Azərbaycan Respublikasının ərazisində daha əvvəl tarixdə qüvvədə olan ******* nömrəli beynəlxalq qeydiyyatdan çıxarışdan göründüyü kimi "xxxx" əmtəə nişanın təsviri ilə: Mühafizə olunan renglər: narıncı, sarı, qara, qırmızı, qəhvəvi, acıq qəhvəyi və boz qəhvəyi olmaqla, nişan narıncı fondan ibarət olub, özündə dəvə üzərində verilmiş stilləşdirilmiş sarvan və çox da böyük olmayan dəvələrin qara-qəhvəyi rəngdə verilmiş təsvirləri, sarı doğan günəs təsvirləri mühafizə olunan elementlərdir. Cavabdeh “Qavdalar”ın 29.7.2-ci bəndinə müvafiq olaraq göstərilən kombinə edilmiş nişanların Təsviri elementlərinin... nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün aşağıdakı kimi müqayisə edilməli olduğu halda etməmişdir: a) xarici forma; b) simmetriyanın mövcud olması və ya olmaması; c) nişanın (işarənin) növü və xüsusiyyətləri (naturallığı, karikaturalığı və s.); d) rənglərin və boyaların keyfiyyətinin uzlaşması. Göstərilən kriteriyalarla əmtəə nişanlarının təsviri hissəsinin müqayisəsi bu nişanların hər ikisinin -a) xarici formasının - Konfet məhsulunun bükmə materialı - Fantik tomasında olması- Narıncı fonda olması, sarı rəngli sübh günəşi təsviri, dəvələrin qəhvəyi rəngdə verilmiş təsviri, sarvanın stilləşdirilmiş təsviri kimi verilməsi ilə,-b) bu nişanların simmetrik olaraq bir-birinə oxşar olan, iki hissədən ibarət olduğu, -ç) hər iki nişanın (işarənin növünün) Konfet məhsulunun bükmə materialı -Fantik olmaqla- təsviri nişan olduğu və xüsusiyyətləri (naturallığı, karikaturalığı və s.) narıncı fonda, sarı rəngli sübh günəşi, dəvələrin qəhvəyi rəngdə verilmiş təsvirləri, sarvanın stilləşdirilmiş təsviri kimi verilməsi ilə, qarışdırılacaq dərəcədə oxşar olmasını, eləcə də -d) rənglərin və boyaların keyfiyyətinin uzlaşması - narıncı, sarı, gırmızı, gəhvəyi rənglərin keyfiyyətinin uzlaşması ilə, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, istehlakçıda həmin nişanların eyni təsəvvür yaratması halına, qarışdırılacaq dərəcədə oxşar olmasına, Qaydaların 29.7.3-cü bəndinə əsasən Bu Qaydaların 29.7.1 və 29.7.2-ci bəndlərində göstərilənlər istər ayrılıqda, istərsə də müxtəlif birləşmələrdə nəzərə alına bilər, göstərilməsinə baxmayaraq, cavabdeh həqiqətə uyğun olmayan formal mülahizələrinə əsaslanaraq “Əmtəə nişanları ümumi konsepsiya baxımından müqayisə edilir” düzgün qiymət verməmişdir. Cavabdeh səhv olaraq xırda fərqləri qabartmış, konfet məhsulunun bükmə materialı fantik kimi istifadə olunan qeyd olunan əmtəə nişanlarının qarışdırılacaq dərəcədə oxşar olması səbəbi ilə istehlakçıda həmin nişanların eyni təsəvvür yaratması halına düzgün qiymət verməmişdir. Qərəzlilik bir daha onunla təsdiq olunur ki, cavabdeh sübut kimi təqdim edilmiş həmin əmtəə nişanlarını müqayisə edərək oxşar qaydada təqlid edilməklə istifadə etməsinə, nəticə etibarı ilə rəqibin "xxxx" şirkətinin məhsulunun və ya sənaye və ticarət fəaliyyətinin qarışdırıla bilməsinə (istehlakçını çaşdıra bilməsinə) səbəb olan hərəkətlərə qərar verərkən düzgün hüquqi qiymət verməmişdir. Təsvir hissəsi müqayisə olunan əmtəə nişanlarının vizual cəhətdən aparıcı hissəsidir və bundan əlavə semantik məzmunu ilə istehlakçının diqqətini çəkir. Bu oxşarlıq «Sarvan» və "xxxx" ticarət nişanlarının söz elementlərinin semantik oxşarlığını gücləndirir. Hər iki əmtəə nişanının kompozisiya əlamətləri, rəng uyğunluğu, təsvir hissəsində aparıcı hissənin ümumi formalarının oxşarlığı müəyyən edilmişdir ki, bu da istehlakçıların ilk növbədə diqqət yetirdikləri əlamətlərdir. Deməli, iki obyektin oxşarlığı onlar haqqında oxşar ümumi təəssüratın yaranmasına, eləcə də çaşqınlıq yaranmasına gətirib çıxarır. Göründüyü kimi, «Sarvan» əmtəə nişanı "xxxx" əmtəə nişanı ilə istehlakçılarda çaşqınlıq yarada biləcək oxşarlığı malikdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının 05 noyabr 2019-cu il tarixli A72-7 nömrəli qərarının ləğv edilməsi və "xxxx" MMC-yə məxsus xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış 2015 0767 nömrəli "Sarvan+təsvir" əmtəə nişanının 30-cu sinif «konfetlər» əmtəələri üzrə qeydiyyatının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-707/2021 saylı, 30 avqust 2021-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının 05 noyabr 2019-cu il tarixli A72-7 nömrəli qərarı ləğv edilsin və "xxxx" MMC-yə məxsus xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış 2015 0767 nömrəli "Sarvan+təsvir" əmtəə nişanının 30-cu sinif «konfetlər» əmtəələri üzrə qeydiyyatı etibarsız hesab edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Qərar çıxarılarkən AR tərəfdar çıxdığı “Sənaye mülkiyyətinin mühafizəsi haqqında” Paris Konvensiyasının 10-bis maddəsinə düzgün istinad edilməmişdir ki, bu da hüquq normalarının düzgün tətbiq olunmadığını deməyə əsas vermişdir. Çünki, “Sənaye mülkiyyətinin mühafizəsi haqqında” Paris Konvensiyasının 10-bis (haqsız rəqabət) maddəsinə və “Əmtəə nişanları və coğrafi göstəticilər” haqqında AR Qanunun 5-ci maddəsinin (f) bəndinə əsasən “Sarvan+təsvir” əmtəə nişanının əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını necə yanılda biləcəyi və bununla haqsız rəqabətə səbəb olacağı nə ərizəçi, nə də məhkəmə tərəfindən əsaslandırılmamışdır. Məhkəmənin gəldiyi nəticəyə əsasən, "xxxx" MMC-yə məxsus “Sarvan+təsvir” əmtəə nişanı qeydə alınarkən "xxxx" ASC-yə məxsus “Karakum+təsviri” əmtəə nişanının olması nəzərə alınmalı idi. Lakin, həmin nişan AR-da 2016-cı ilin 9 sentyabrında iddia edilmişdir və qeydiyyatda olmayan nişan nəzərə alına bilməzdi. Məhkəməyə iddia ərizəsinə yazılı etiraz təqdim edilmişdir. Həm yazılı etirazda, həm də məhkəmə iclaslarında Agentliyin nümayəndəsi tərəfindən verilən izahatlarda iddia ərizəsinin əsassızlığına dair bir çox dəlillər səsləndirilmişdir. Bu dəlillər məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bu da məhkəmə araşdırmasının tam və ətraflı aparılmadığını, tərəflərin dəlillərinə düzgün hüquqi qiymət verilmədiyini, məhkəmə təhqiqatında araşdırılmış sübutların düzgün qiymətləndirilmədiyini, hüquq normalarının düzgün tətbiq edilmədiyini əyani şəkildə göstərir. Odur ki, ərizəçinin “Əmtəə nişanları və coğrafi göstəricilər” haqqında AR Qanunun 6-cı maddəsinin birinci hissəsinin “b” bəndinə istinad etməsi əsassızdır. Həmin maddəyə əsasən, AR-nın tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Apellyasiya şurasının 05 noyabr 2019-cu il tarixli A72-7 saylı qərarına əsasən "xxxx" MMC-yə /ünvan:AZ1096, ünvan 27 qeydiyyat nömrəli əmtəə nişanının 30-cu sinif “konfetlər” əmtəələri üzrə qeydiyyatına qarşı PAO "xxxx" adından patent müvəkkili Nümayəndə tərəfindən verilmiş etiraz ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Əsas olaraq həm "xxxx" MMC-yə məxsus 2015 0767 nömrəli əmtəə nişanının ilkinlik tarixinin "xxxx" ASC-yə məxsus ******* nömrəli əmtəə nişanının ilkinlik tarixindən əvvəl olması, eləcə də həmin nişanlar arasında oxşarlığın olmaması göstərilmişdir. -Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Sənaye Mülkiyyəti Obyektlərinin Qeydiyyatı və Reyestr Şöbəsinin xx.xx.2020 saylı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, («Sarvan» əmtəə nişanı) qeydiyyat nömrəsi № 2015 0767; əmtəə nişanın sahibinin adı: "xxxx" MMC, AZ 1096, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski, ev 43, mənzil 65 (AZ); qeydiyyat tarixi: xx.xx.2015; qeydiyyatın qüvvədə olma müddəti: xx.xx.2025; iddia sənədinin nömrəsi 2015 00254; iddia sənədinin daxil olma tarixi xx.xx.2015; ilkinliyin tarixi: xx.xx.2015; 30-cu sinif - konfetlər; əmtəə nişanının rəngi: sarı, narıncı, qırmızı, qəhvəyi. - Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş ƏN seriyalı 000895 nömrəli Əmtəə Nişanı şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, əmtəə nişanı № 2015 0767, əmtəə nişanın sahibi: ”KONFİROM” MMC, AZ 1096, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski, ev 43, mənzil 65 (AZ); iddia sənədinin nömrəsi 2015 00254, ilkinlik tarixi xx.xx.2015, dövlət reyestrində qeyd olunub xx.xx.2015-ci il, xx.xx.2025-ci il tarixə qədər qüvvədədir, əmtəə nişanı aşağıda göstərilən əmtəələr (xidmətlər) üçün qeydiyyata alınmışdır: 30-cu sinif – konfetlər, əmtəə nişanının rəngi: sarı, narıncı, qırmızı, qəhvəyi («Sarvan» əmtəə nişanı). - əmtəə nişanından görünür ki, ”KONFİROM” MMC, AZ 1096, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski, ev 43, mənzil 65 (AZ) -adına Azərbaycan Respublikasında "Sarvan" əmtəə nişanı 30-cu sinif: "konfetlər" əmtəələri üzrə 2015 0767 nömrə ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış, xx.xx.2025-ci il tarixə qədər qüvvədədir, rəngi sarı, narıncı, qırmızı, qəhvəyi. - ÜƏMT/MADRİD X7 reyestrindən çıxarışdan görünür ki, qeydiyyat üçün Şəhadətnamə, ÜƏMT-in Beynəlxalq Bürosu təsdiq edir ki, aşağıdakı məlumatlar bu çıxarış Madrid Sazişinə uyğun olaraq imzalandığı tarixdə X3 Reyestrində edilmiş qeydlərin əsl nüsxəsidir. Nişanın reproduksiyası: ”Kara-Kum”, qeydiyyat nömrəsi: 1193782, qeydiyyat tarixi: xx.xx.2013, qeydiyyat tarixinin gözlənilən qurtarma vaxtı/uzadılma: xx.xx.2023, Sahibinin ad və ünvanı: X9 "Krasniy Oktyabr", ul. Malaya Krasnoselskaya, d. 7, str. 24, RU-109072 Moscow (RU), Sahibin hüquqi mənsubiyyəti və təşkil olunduğu Dövlət ərazisi: X9, RU, Nümayəndənin adı və ünvanı: Denis Kirichenko, Company Limited "Obhedınennye konditery", Legal Department, 2-oy Novokuznetskiy pereulok, d. 13/15, RU-115184 Moscow (RU). Təsviri elementlərin klassifikasiyası: 1.3; 2.1; 3.2; 6.6; 19.3; 28.5; 29.1, Nişanın transliterasiyası: KARA-KUM, konfeti, İddia olunan rənglər: Narıncı, sarı, qara, qırmızı, qəhvəyi, tünd qəhvəyi və boz-qəhvəyi. Dəvə üzərində dəvəçi və daha kiçik dəvələrin stilizə olunmuş şəkillər qara və qəhvəyi, dəniz sahilləri narıncı; günəş sarıdır və bəzəklər yaşıl, sarı və qırmızıdır; Kiril əlifbası ilə "xxxx" kimi tərcümə olunan söz boz-qəhvəyi konturla sarıdır. Nişanın növünə aid göstəricilər: Nişanın tərkibindəki sözlərin heç bir mənası yoxdur. Nişanın təsviri: Nişan narıncı bir fondan ibarətdir və dəvə üzərində dəvəçinin stilizə edilmiş şəklini, dəvəçinin solundakı bir neçə daha kiçik stilizə olunmuş dəvələrin şəklini, hamısı birlikdə qəhvəyi dəniz sahilləri və sarı yüksələn günəş nanncı fonda çəkilmişdir; qırmızı, yaşıl və sarı bəzəklər işarənin sağında və sol tərəfində yerləşdirilir, kvadratdakı «K» işarəsi sol omamentə daxil edilir; "konfeti" və "xxxx" kimi tərcümə edilmiş kiril əlifbası ilə sözlər dəvələr qrupunun altına qoyulub. Disklamasiya: Konfeti, ®, K. Əmtəə və xidmətlərin siyahısı NCL(10-2014): 30 Karamellər [konfet]. Baza qeydiyyatı: RU, xx.xx.2012, 476750. Madrid Prokoluna əsasən təyinatlar: Yunanıstan, İsrail, Litva, ABŞ, Özbəkistan. Madrid Prokolu 9 sexies Maddəsinə əsasən təyinatlar: Azərbaycan, Çin, Fransa, Almaniya, Qazaxstan, Qırğızstan, Monqolstan, Polşa, Moldova Respublikası, İspaniya, Tacikistan, Ukrayna. İşarədən istifadə etmək niyyətinin bəyannaməsi: ABŞ. Bildiriş tarixi: xx.xx.2014. Beynəlxalq ərizənin dili: İngilis. Düzəliş bildirilmişdir 22 sentyabr 2016-cı il. - Rusiya Federasiyası “Məhkəmə Ekspertləri Federasiyası” X1 qeyri-kommersiya təşkilatı “X6” tərəfindən verilmiş «Kompleks patentşünaslıq və sənətşünaslıq sahəsində fərdiləşdirmə vasitələrinin tədqiqinə dair» 20 iyul 2020-ci il tarixli, 021756/6/77001/052020/İ-13598 nömrəli mütəxəssi rəyindən görünür ki, Konfirom MMC şirkəti tərəfindən istifadə olunan “Sarvan” konfetinin etiketi, ******* nömrəli "xxxx" ("xxxx" ASC) X7 və "xxxx" ("xxxx" ASC) konfetinin etiketi ilə istehlakçılarda çaşqınlıq yarada biləcək oxşarlığa malikdir. Konfirom MMC şirkəti tərəfindən istifadə olunan “Sarvan” konfetinin etiketi, "xxxx" ("xxxx" ASC) konfetinin etiketi ilə istehlakçılarda çaşqınlıq yarada biləcək oxşarlığa malikdir. Qarışıqlıq dərəcəsində olan bu oxşarlığa səbəb onun bazara daha erkən daxil olmuş "xxxx" konfetinin dizaynının təqlidi nəticəsində meydana gəlməsidir. 2015 0767 nömrəli əmtəə nişanı ******* nömrəli X7 "xxxx" (Krasnıy Oktyabr ASC) ilə istehlakçılarda çaşqınlıq yarada biləcək oxşarlığa malikdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin /ünvan ul. Malaya Krasnoselskaya, d. 7, str. 24 RU-107140 Moscow (RU)/ adına RU, xx.xx.2012, 476750 bazis qeydiyyatı əsasında "Kara-kum +təsvir" söz və təsvirdən ibarət kombinə edilmiş əmtəə nişanı 30-cu sinif "konfetlər (şirniyyatlar)" əmtəələri üzrə xx.xx.2013-cü il tarixli ******* nömrəli beynəlxalq qeydiyyat xx.xx.2014-cü il tarixdə Madrid Protokolu 9sexies maddəsinə və (Qaydalar 24 (6) Azərbaycan Respublikası ərazisinə genişləndirilməklə verilmişdir və xx.xx.2023-cü il tarixə qədər qüvvədədir. Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən təqdim edilmiş ******* nömrəli X7 reyestrindən çıxarışdan görünür ki, nişanın reproduksiyası: ”Kara-Kum+təsvir”, qeydiyyat nömrəsi: 1193782, qeydiyyat tarixi: xx.xx.2013, qeydiyyat tarixinin gözlənilən qurtarma vaxtı/uzadılma: xx.xx.2023, sahibinin ad və ünvanı: X9 "xxxx", ul. Malaya Krasnoselskaya, d. 7, str. 24, RU-109072 Moscow (RU), Nişanın transliterasiyası: KARA-KUM, konfeti, İddia olunan rənglər: Narıncı, sarı, qara, qırmızı, qəhvəyi, tünd qəhvəyi və boz-qəhvəyi, Dəvə üzərində dəvəçi və daha kiçik dəvələrin stilizə olunmuş şəkillər qara və qəhvəyi, dəniz sahilləri narıncı; günəş sarıdır və bəzəklər yaşıl, sarı və qırmızıdır; Kiril əlifbası ilə "xxxx" kimi tərcümə olunan söz boz-qəhvəyi konturla sarıdır. Nişanın təsviri: Nişan narıncı bir fondan ibarətdir və dəvə üzərində dəvəçinin (sarvanın (dəvəyə minmiş halda verilmişdir) stilizə edilmiş şəklini, dəvəçinin solundakı bir neçə daha kiçik stilizə olunmuş dəvələrin şəklini, hamısı birlikdə qəhvəyi dəniz sahilləri və sarı yüksələn günəş narıncı fonda çəkilmişdir; qırmızı, yaşıl və sarı bəzəklər işarənin sağında və sol tərəfində yerləşdirilir, kvadratdakı «K» işarəsi sol ornamentə daxil edilir; "konfeti" və "xxxx" kimi tərcümə edilmiş kiril əlifbası ilə sözlər dəvələr qrupunun altına qoyulub. Disklamasiya: Konfeti, ®, K. Əmtəə və xidmətlərin siyahısı NCL(10-2014): 30 konfetlər [şirniyyat]. Baza qeydiyyatı: RU, xx.xx.2012, 476750. Madrid Prokoluna əsasən təyinatlar: Yunanıstan, İsrail, Litva, ABŞ, Özbəkistan. Madrid Prokolu 9 sexies Maddəsinə əsasən təyinatlar: Azərbaycan, Çin, Fransa, Almaniya, Qazaxstan, Qırğızıstan, Monqolustan, Polşa, Moldova Respublikası, İspaniya, Tacikistan, Ukrayna. Bildiriş tarixi: xx.xx.2014. Beynəlxalq ərizənin dili: İngilis. "xxxx" MMC /ünvan: AZ1096, ünvan 3 Respublikasında "Sarvan+təsvir" söz və təsvirdən ibarət kombinə edilmiş əmtəə nişanı 30-cu sinif: "konfetlər" əmtəələri üzrə 2015 0767 nömrə ilə (Ərizə 2015 00254, ilkinlik xx.xx.2015) xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış, xx.xx.2025-ci ill tarixə qədər qüvvədədir, əmtəə nişanının rəngi: sarı, narıncı, qırmızı, qəhvəyi. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən sübutlara və işin hallarına istinad edərək iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Həmin Qanunun 5-ci maddəsinin 1-ci hissəsinin «ə» və «f» bəndlərinə əsasən uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricidən ibarət əmtəə nişanları; əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanlarının qeydə alınmasına yol verilmir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları. Həmin Qanunun 11-ci maddəsinin 1-ci hissəsinə əsasən əmtəə nişanı və coğrafi göstərici barəsində iddia sənədinin ekspertizası bu Qanuna və müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydalara uyğun olaraq ilkin ekspertizadan və ekspertizadan ibarət olmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən həyata keçirilir. Həmin Qanunun 15-ci maddəsinin 1-ci hissəsinə əsasən iddiaçı əmtəə nişanına və ya coğrafi göstəriciyə dair iddia sənədi barədə ekspertizanın qərarı ilə razı olmadıqda dövlət rüsumu ödəmək şərti ilə qərarı aldığı tarixdən 3 ay ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Apellyasiya şurasına etiraz verə bilər. Həmin Qanunun 24-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxslərinin müəyyənləşdirilmiş qaydada əmtəə nişanını və coğrafi göstəricini xarici dövlətlərdə qeydə aldırmaq və ya onun beynəlxalq qeydiyyatını həyata keçirmək hüququ vardır. Əmtəə nişanının beynəlxalq qeydiyyatına dair iddia sənədi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum vasitəsilə verilir. Həmin Qanunun 26-cı maddəsinin 1-5-ci hissələrinə əsasən əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Həmin Qanunun 29-cu maddəsinin 1-ci hissəsinə əsasən əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. - 2-ci hissəsinə əsasən əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə; - 3-cü hissəsinə əsasən əmtəə nişanı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanına aid olan əmtəələr və ya xidmətlərlə qarışdırılacaq dərəcədə eyni və ya oxşar olan, başqa şəxsin adına qeydiyyata alınmış geniş tanınmış nişanın oxşatması, tərcüməsi və ya transliterasiyasıdırsa, bu cür əmtəə nişanının qeydiyyatının ləğvinə dair tələb, bu əmtəə nişanı barədə məlumatın dərc olunduğu tarixdən etibarən, qüvvədə olduğu müddət ərzində verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları»nın 29.3-cü maddəsinə əsasən bütün elementləri eyni olan nişanlar eyni hesab edilir. İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. Həmin Qaydaların 29.4-cü maddəsinə əsasən eynilik və oxşarlıq yoxlanarkən, aşağıdakı hərəkətlər həyata keçirilir: a) eyni və oxşar nişanların məlumat axtarışı aparılır; b) məlumat axtarışı zamanı tapılan nişanın iddia olunan nişanla oxşarlıq dərəcəsi müəyyən edilir; c) iddia edilən əmtəələrin və ya xidmətlərin, qeydə alınmış (iddia edilmiş) eyni və ya oxşar əmtəə nişanının (işarənin) şamil edildiyi əmtəələrlə və ya xidmətlərlə eyniliyi müəyyən edilir. Həmin Qaydaların 29.5-ci maddəsinə əsasən qarışdırılacaq dərəcədə eyni və oxşar olan nişanlar üzrə məlumat axtarışı, Qanunun 6-cı maddəsinə və bu Qaydaların 5-ci bəndinə uyğun olaraq aşağıda göstərilən nişanlar üzrə aparılır: a) Azərbaycan Respublikasında qeydə alınan və ekspertizası aparılan əmtəə nişanına nəzərən, daha əvvəl ilkinliyə malik olan əmtəə nişanları və ya Azərbaycan Respublikasında həmcins əmtəələrə və ya xidmətlərə görə daha əvvəl ilkinliklə başqa şəxsin adına qeydə alınmaq üçün iddia olunan nişanlar. Bu zaman Qanunun 31-ci maddəsinə uyğun qeydiyyatı ləğv olunan əmtəə nişanları və Qanunun 12-ci maddəsinə uyğun olaraq qeydə almaq üçün verilməmiş sayılan iddia sənədləri nəzərə alınmır; b) Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında geniş tanınmış əmtəə nişanları; c) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr, yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları; ç) nişanların beynəlxalq qeydiyyatına dair Madrid Sazişinə uyğun olaraq, onların beynəlxalq qeydiyyatı əsasında Azərbaycan Respublikasında mühafizə olunan əmtəə nişanları; d) coğrafi göstəricidən istifadə hüququnu əldə edən şəxsin adına qeydə alınmış əmtəə nişanına mühafizəsiz element kimi daxil olan hallar istisna olmaqla, Qanuna uyğun mühafizə olunan coğrafi göstəricilər; e) qeydə alınmış sertifikat nişanları. Həmin Qaydaların 29.6-cı maddəsinə əsasən sözlərdən ibarət iddia edilən nişanların yoxlanılması: 29.6.1. Sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: a) sözlərdən ibarət nişanlarla (işarələrlə); b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri) ilə. Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) ola bilər; Həmin Qaydaların 29.6.2. Səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərlə müəyyən edilir: a) müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu; b) nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı; c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biribirinə nəzərən yerləşməsi; ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu; d) işarədə olan hecaların miqdarı; e) işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer; ə) kar və cingiltili tərkibin yaxınlığı; f) nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri; g) bir nişandan (işarədən) digərinə daxil olma; ğ) vurğu; Həmin Qaydaların 29.6.3. Qrafiki (görünüşlü) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) ümumi görünüşlü (müşahidə) təəssüratı; b) şriftin növü; c) hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); ç) hərflərin biri-birinə nəzərən yerləşməsi; d) hərflərlə yazılmış sözlərin əlifbası; e) rəng və ya rənglərin uzlaşması (kombinasiyası); Həmin Qaydaların 29.6.4. Məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi; b) nişanda (işarədə) olan elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuların üst-üstə düşməsi; c) nişanda (işarədə) öz əksini tapan məna və ideyaların əkslikləri; Həmin Qaydaların 29.7.1-ci maddəsinə əsasən təsviri və üçölçülü formalı nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar aşağıdakılarla müqayisə olunur: a) təsviri nişanlarla (işarələrlə); b) həcmi nişanlarla (işarələrlə); c) kompozisiyaya daxil olan təsviri və həcmi nişanların (işarələrin) elementlərindən ibarət kombinasiyalı nişanlarla (işarələrlə); Həmin Qaydaların 29.7.2-ci maddəsinə əsasən təsviri və həcmi nişanların (işarələrin) oxşarlığı aşağıdakı əlamətlərlə müəyyən edilir: a) xarici forma; b) simmetriyanın mövcud olması və ya olmaması; c) nişanın (işarənin) mənası; ç) nişanın (işarənin) növü və xüsusiyyətləri (naturallığı, karikaturalığı və s.); d) rənglərin və boyaların keyfiyyətinin uzlaşması; Həmin Qaydaların 29.7.3-cü maddəsinə əsasən bu Qaydaların 29.7.1 və 29.7.2 bəndlərində göstərilənlər istər ayrılıqda və istərsə də müxtəlif birləşmələrdə nəzərə alına bilər; Həmin Qaydaların 29.8.1-ci maddəsinə əsasən kombinasiyalı nişanın (işarənin) oxşarlığını müəyyən etmək üçün onlar aşağıdakılarla müqayisə edilirlər: a) kombinasiyalı birləşmələrlə; b) yoxlanılan kombinasiyalı nişanın (işarənin) tərkibinə element kimi daxil olan nişanların (işarələrin) görünüşü ilə; Həmin Qaydaların 29.8.2-ci maddəsinə əsasən kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1—29.6.5 və 29.7.1—29.7.3 bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur; Həmin Qaydaların 29.9.1-ci maddəsinə əsasən əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır; Həmin Qaydaların 29.9.2-ci maddəsinə əsasən əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilərinə münasibətdə qeyd edir ki, X7 Reyestrindən çıxarışa əsasən "xxxx" əmtəə nişanının ******* nömrəli beynəlxalq qeydiyyat üzrə ilkinlik xx.xx.2014-cü il tarixdə olmuşdur. «Sarvan» əmtəə nişanının (2015 0767 nömrə ilə qeydiyyat) ilkinlik tarixi isə xx.xx.2015-ci il tarixdə olmuşdur. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası isə "xxxx" əmtəə nişanının ******* nömrəli beynəlxalq qeydiyyat üzrə ilkinlik tarixini səhv olaraq xx.xx.2016-cı il tarix göstərmişdir. Belə ki, xx.xx.2016-cı il həmin əmtəə nişanının ilkinlik tarixi deyil, düzəliş tarixidir. Göründüyü kimi, "xxxx" ASC-yə məxsus ******* nömrəli əmtəə nişanının ilkinlik tarixi "xxxx" MMC-yə məxsus 2015 0767 nömrəli əmtəə nişanının ilkinlik tarixindən əvvəl olduğu müəyyən edilmişdir. Həmçinin "xxxx" MMC-yə məxsus 2015 0767 nömrəli əmtəə nişanı (Sarvan) ilkinlik tarixi baxımından Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən "xxxx" ASC-yə məxsus ******* nömrəli əmtəə nişanı (Kara-Kum) ilə qarışdırılacaq dərəcədə oxşardır. Belə ki, "xxxx" ASC-yə məxsus ******* nömrəli əmtəə nişanının (Kara-Kum) rəngi narıncı, sarı, qara, qırmızı, qəhvəyi, tünd qəhvəyi və boz-qəhvəyi, "xxxx" MMC-yə məxsus 2015 0767 nömrəli əmtəə nişanının (Sarvan) rəngi sarı, narıncı, qırmızı, qəhvəyidir. Hər iki əmtəə nişanının mərkəzi hissəsinin bütün fonu narıncı rəngdədir, hər iki əmtəə nişanında dəvələr və insan (Sarvan) qəhvəyi, günəş sarı rəngdədir. Hər iki əmtəə nişanında sahə ornamentlərlə haşiyələnmişdir, aparıcı hissə təsvir hissəsidir (dəvələr və günəş). Hər iki əmtəə nişanının xarici forması və təsviri çox oxşardır - narıncı fon, səhra, dəvə karvanı, sarvan, mərkəzdə iri sarı yüksələn günəş, sahənin ornamentlərlə haşiyələnməsi. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası da sənaye mülkiyyətinin məhz əmtəə nişanlarının təsviri elementlərinin mühafizəsi baxımından "Əmtəə nişanları ümumi konsepsiya baxımından müqayisə edilir" göstərməklə "Hər iki nişanda bütövlükdə günəş, səhra, sarvan, dəvə karvanı konsepsiyası" olduğunu göstərir. Lakin Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası qiymət verərkən əmtəə nişanlarının təsviri elementlərinin mühafizəsi baxımından əhəmiyyətli olmayan (dəvələrin və sarvanın fiziki quruluşu və duruşu, stilləşdirilmiş obrazı) xırda fərqləri qabartmaqla səhv nəticəyə gəlmişdir. Belə ki, günəş, səhra, sarvan, dəvə karvanı təsvirlərinin 30-cu sinif "konfetlər" əmtəələrin mahiyyətinə və təyinatına heç bir aidiyyəti yoxdur, günəş, səhra, sarvan, dəvə karvanı təsvirləri "konfetlər" əmtəələri üzrə fərqlənmə və mühafizə qabiliyyətlidir. «Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları»nın 29.3-cü maddəsinin tələblərindən də göründüyü kimi, bütün elementləri eyni olan nişanlar eyni hesab edilir, həmçinin iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. Göründüyü kimi, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, "xxxx" MMC-yə məxsus 2015 0767 nömrəli əmtəə nişanı (Sarvan) "xxxx" ASC-yə məxsus ******* nömrəli əmtəə nişanı (Kara-Kum) ilə eyni təsəvvür yaratmaqla onunla qarışdırılacaq dərəcədə uyğundur. Eyni zamanda, nişanların qarışdırılacaq dərəcədə uyğunluğu fonunda «Sarvan» və "xxxx" sözlərinin də oxşarlığı özünü büruzə verir. Belə ki, hər iki söz səhra ilə əlaqədar sözlərdir və bu uyğunluq nişanların elementlərinin uyğunluğu ilə birlikdə istehlakçıların yanılmasına, onlarda hər iki nişan barəsindən eyni təsəvvürün meydana gəlməsinə və nişanların qarışdırılmasına səbəb olur. İş materiallarından göründüyü kimi məhkəmə sorğusu əsasında icraat materialları Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, ******* nömrəli beynəlxalq qeydiyyat üzrə ilkin iddia sənədləri - bildiriş sənədləri və dərc sənədləri-2014/7 Gaz, xx.xx.2014 təqdim edilməmiş, əvəzinə yalnız xx.xx.2019-cu il tarixli Beynəlxalq Büro-Madrid Monitordan çıxarış təqdim edilmişdir. Təqdim edilmiş 2015 00254, ilkinlik xx.xx.2015 ərizə düzgün tərtib edilməmiş, ərizədə mühafizə üçün veriləcək nişanın şəkli və nişanın sözlə təsvirinin mətni, mühafizə olunacaq rənglər verilməmişdir. İddia sənədinə dair məlumat axtarış vərəqində aşağıdakı məlumatlar - İddia sənədi 2015 00254, daxil olma tarixi xx.xx.2015, ƏXBT-nin sinifləri 30, Axtarılan söz Sarvan, Yerli məlumat bazası axtarış, Kartoteka üzrə axtarış, On-line məlumat bazası üzrə axtarış (Romarin) axtarış göstərilmiş, yalnız sözdən ibarət nişan üzrə axtarış aparıldığı qeyd edilmiş, "Sarvan+təsvir" söz və rəngli təsvirdən ibarət kombinə edilmiş əmtəə nişanı olduğu halda, sözdən və təsvirdən ibarət nişan (kompozisiyalı), eləcə də təsviri nişan üzrə axtarış aparılmamışdır. "Sarvan+təsvir" söz və rəngli təsvirdən ibarət kombinə edilmiş əmtəə nişanı olduğu halda, təsviri şriftlərlə yazılmış "Sarvan" - "Sarvan təsviri əmtəə nişanı" kimi göstərilmişdir. Təsviri hissə üzrə axtarış aparılmamış, daha əvvəl xx.xx.2014-cü il tarixli ilkinliyə malik, üzərində günəş, dəvə karvanı, sarvan (dəvəyə minmiş halda verilmiş) təsvir edilmiş, "xxxx" ASC-yə aid xx.xx.2013-cü il tarixdə ******* beynəlxalq qeydiyyat nömrə ilə qeydiyyata alınmış (nömrə və dərc tarixi: 2014/7 Gaz, xx.xx.2014) Azərbaycan Respublikasının qoşulduğu Madrid sazişi və Protokoluna müvafiq olaraq “Kara-Kum +təsvir" söz və təsvirdən ibarət kombinə edilmiş 30-cu sinif "konfetlər (şirniyyatlar)" əmtəələri üzrə mühafizə olunan əmtəə nişanı olduğu nəzərə alınmamışdır. "xxxx" MMC-yə məxsus 2015 0767 nömrəli əmtəə nişanı (Sarvan) "xxxx" ASC-yə aid daha əvvəl xx.xx.2014-cü il tarixli ilkinliyə malik ******* beynəlxalq qeydiyyatlı "Karakum+təsvir" söz və təsvirdən ibarət kombinə edilmiş əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar olması səbəbi ilə istehlakçıda həmin nişanlar eyni təsəvvür yaratmaqla, istehlakçıları yanıltdıgından, hər iki nişanın oxşarlığı onlar haqqında oxşar ümumi təəssüratın yaranmasına və çaşqınlığa səbəb oldugundan məhkəmə "xxxx" MMC-yə məxsus xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış 2015 0767 nömrəli "Sarvan+təsvir" əmtəə nişanının 30-cu sinif «konfetlər» əmtəələri üzrə qeydiyyatını etibarsız hesab etmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-707/2021 saylı, 30 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar