Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-811/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X7 Mərkəzi Filialı cəlb edilməklə) cavabdeh inzibati orqanın əvvəlki dövrlər üçün ödənilməmiş əlavənin pensiya məbləğinə 2025-ci ilin mart ayından 380,30 manat olmaqla pensiyasına hesablamasını nəzərə alaraq, 65 yaşadək - yəni 2026-cı ilin avqust ayınadək, ümumi əsaslarla pensiya təyin olunan vaxtadək hissə-hissə ödənilməsi, qalan məbləğin isə birdəfəlik ödənilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2-1(112)-4940/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, pensiyasının yenidən hesablanması zamanı yanlışlığa yol verilmişdirsə, bu yanlışlıqların aradan qaldırılması üçün müvafiq göstəriş verilməsini və pensiyasına əlavələrin yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, ona 06 sentyabr 2000-ci il tarixdən xidmət illərinə görə pensiya təyin edilmiş, o, əmək pensiyasının yenidən hesablanması ilə bağlı 7 aprel 2023-cü il tarixində müraciət etmişdir. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 155184,49 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Mərkəzi Filiala müraciət etdiyi 7 aprel 2023-cü il tarixinə 155184,49 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 113 aya bölünməklə (155184,49:113 (65 il-61 il 7 ay=41 ay+72 ay (144 ay-72 ay) = 1373,31 manat) həmin tarixədək mövcud olmuş əmək pensiyasının (585,19 manat) üzərinə əlavə edilərək pensiya məbləği 1958,50 (585,19+1373,31) manat müəyyən edilmişdir. Əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 1098,64 manat fərq məbləği cari ilin iyun ayında pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin müraciətinin təmin olunmasına dair 17 noyabr 2023-cü il tarixli 3-17-1/2-H-269296/2023 saylı imtina məktubunun qanunsuz hesab edilməsi və əmək pensiyasının yenidən hesablanması və əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmamış illərin və hüququ yarandığı vaxtdan son üç il üçün ödənilməli olan məbləğin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizələr təqdim edərək, yekunda Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi işlədiyi 2000-ci ilin avqust ayından 2007-ci ilin iyul ayınadək olan dövr üçün fərdi hesabında toplanmış məcburi dövlət sosial sığorta haqqı (54981463,50 manat), pensiya kapitalı və onun 2024cü ilin yanvar ayınadək olan dövrə indeksləşdirilməsi nəzərə alınmaqla əmək pensiyasına əlavələrin yenidən hesablanmaqla ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2000-ci ilin avqust ayından Azərbaycan Respublikası DİN orqanlarından güzəştli şərtlərlə təqaüdə çıxmışd və hazırda da pensiya alır. 2000-ci ilin sentyabr ayından 2021-ci ilin iyun ayınadək Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin, Şuşa Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrində işləməklə DSMF-də olan fərdi hesabına əlavə kapital vəsaiti toplanmışdır. 2023-cü ilin aprel ayında Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialına müraciət edərək əmək pensiyasına çıxdıqdan sonrakı dövr üçün, yəni 2000-ci ilin sentyabr ayından 2021-ci ilin may ayınadək olan dövr üçün Fərdi hesabında toplanmış kapitalın yenidən hesablanaraq pensiyasına əlavə edilməsini xahiş etmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialı tərəfindən 2023-cü ilin may ayından əmək pensiyasına əlavələr yenidən hesablanmaqla ödəniş həyata keçirilir. Lakin əmək pensiyasına əlavələr düzgün hesablanmamışdır. Ona görə də, yenidən hesablanma zamanı onun üçün aydın olmayan məqamlara rəsmi açıqlama verilməsi üçün cavabdeh təşkilata 25 iyul 2023-cü il tarixdə ərizə ilə müraciət etmişdir. Qeyd edilənlər nəzərə alınmaqla cavabdeh təşkilatdan xahiş etmişdir ki, pensiyasının yenidən hesablanması zamanı yanlışlığa yol verilmişdirsə, qeyd etdiyi hallar nəzərə alınmaqla bu yanlışlıqlar aradan qaldırılsın və pensiyasına əlavələrin yenidən hesablanaraq tam ödənilməsi təmin edilsin. Ərizəsinin rəsmi qəbul edilməsinə baxmayaraq cavabdeh təşkilat nəinki pozulmuş hüquqlarını bərpa edərək pensiyasına əlavələrin yenidən hesablanmasını aparmamış, hətta vətəndaşların müraciətlərinə baxılması haqqında qanunun tələblərini kobud surətdə pozaraq ən çoxu 1 ay müddətində ona rəsmi cavab verməli olduqları halda 3 ay müddətində ərizəsinə cavab verilməmiş, 3 dəfə müraciəti olmasına baxmayaraq hər dəfə şifahi olaraq əlavə araşdırma aparıldığı bildirilmişdir. Nəhayət cavabdeh təşkilatın 17 noyabr 2023-cü il tarixli 3-17-1/2- H-269296/2023 saylı məktubu ilə müraciətinə cavab verilsə də, məktubda onun hüquqlarının bərpası üçün, araşdırılmasını tələb etdiyi məqamlara aydınlıq gətirilməmiş, cavab məktubu ilə ona ərizəsində göstərdiyi və araşdırma aparılarkən istinad etməli olduqları qanun normalarını tam köçürməklə nə sualları tam cavablandırmamışlar, nə də pozulmuş hüquqlarını bərpa etməmişlər. Cavab məktubunun qanunsuzluğu ondan ibarətdir ki, pensiyanın yenidən hesablanması zamanı ona pensiya təyin edildikdən sonrakı müddətin, yəni 2000-ci ilin sentyabr ayından 2021-ci ilin may ayınadək olan müddətin hamısının və ya bir hissəsinin nəzərə alınıb alınmaması məlum deyil. İmtina məktubunda yuxarıda qeyd etdiyi kimi yalnız göstərilmişdir ki, ona əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 155184,49 manat pensiya kapitalı qeydə alınıb. Lakin konkret olaraq hansı müddətin nəzərə alınması göstərilməmişdir. Tələbin bir hissəsi ondan ibarət idi ki, ilkin olaraq əmək pensiyası təyin edildikdən, yəni 2000-ci ilin sentyabr ayından sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə dedikdə konkret olaraq hansı illər nəzərə alındığı göstərilsin. Belə ki, cavab məktubunda göstərilir ki, 07 aprel 2023-cü il tarixinə fərdi hesabının sığorta hissəsində 155184,49 manat pensiya kapitalı qeydə alınıb. Lakin konkret göstərilməmişdir ki, 2023-cü ilin aprel ayında pensiyaya əlavələrin yenidən hesablanması zamanı hansı illər üçün toplanmış pensiya kapitalı nəzərə alınmışdır və hesablanma qaydası - düsturu necə olmuşdur. Bundan başqa, 2023-cü ilin aprel ayından pensiya yenidən hesablanarkən tam hesablanmamışdır. Belə ki, pensiyaya çıxdıqdan sonrakı illər ərzində işləyən pensiyaçının fərdi hesabında toplanmış pensiya kapitalının yenidən hesablanması və pensiyaya əlavə edilməklə ödənilməsi qaydası 2017-ci ilin iyul ayından yarandığından yenidən hesablanma zamanı sonuncu üç il (2018-ci ilin may ayından 2021-ci ilin may ayınadək olan müddət) nəzərə alınmamışdır. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı onun xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində işlədiyi dövrdə fərdi hesabında toplanmış pensiya kapitalı nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasından ibarətdir. “Əmək pensiyaları haqqında” Qanununun 21.1-ci maddəsinin tələbi baxımından, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı ИТ-İ №0213196 nömrəli əmək kitabçasına əsasən iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində hakim vəzifəsində işlədiyi qeyd olunmuşdur. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən iddiaçının fərdi şəxsi hesabına 2007-ci ilin avqust ayından etibarən məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. İddiaçının mübahisələndirdiyi xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövr ərzində sığortaedən tərəfindən İddiaçı münasibətdə məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyindən əmək kitabçasında qeyd olunan həmin dövrlər onun sosial sığorta stajına daxil edilə bilməz. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji işlərlə bağlı iddiaçı X3 “əmək pensiyanın bütün əmək stajı nəzərə alınmaqla yenidən hesablanması və əmək pensiyasının sığorta hissəsinin düzgün indeksləşdirilməsi” tələbinə dair xx.xx.2024-cü il tarixli 2-1(102)- 139/2024 nömrəli qərarı ilə də müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati X1 “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair xx.xx.2024-cü il tarixli 2-1(102)-474/2024 nömrəli qərarının 26-cı bəndində də qeyd olunduğu kimi xx.xx.2006-cı il tarixdən sonrakı fəaliyyət dövrünün sosial sığorta stajına daxil edilə bilməsi üçün şəxsin adına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələb olunur. Hazırkı işin hallarından isə xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrlə bağlı məhz iddiaçının adına sosial sığorta ödənişlərinin həyata keçirildiyi müəyyən edilmir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-4940/2024 saylı qərarı ilə (hakim S.İ.Salahova) iddia tələbi rədd edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarında aşağıdakılar göstərilmişdir: “ ... iş materiallarında olan DİN seriyalı 1681 nömrəli hərbi qulluqçunun (xüsusi rutbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.2000-ci ildə öz arzusu ilə Səbail rayon 8-ci polis bölməsinin rəis müavini vəzifəsindən tərxis olunmuş, xx.xx.2000-ci il tarixdə 22 il 5 ay 18 gün iş stajına görə əmək pensiyası təyin edilmişdir. İddiaçı məxsus xx.xx.1979-cu il tarixli, ******* nömrəli əmək kitabçasından görünür ki, o xx.xx.2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi təyin edilmiş, xx.xx.2007-ci il tarixdə bu vəzifədən azad edilmiş, xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi, xx.xx.2010-cu ildə Şuşa Rayon Məhkəməsinin hakimi, xx.xx.2017-ci ildə həmin məhkəmənin sədri vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə hakimlik səlahiyyətlərinə müddətin qurtarması ilə bağlı xitam verilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, fərdi şəxsi hesabına yığılan vəsaitə əsasən pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-8900/2023 saylı qərarından görünür ki, iddiaçının müraciəti əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3-cü maddəsinə əsasən ona təyin edilmiş əmək pensiyası yenidən hesablanaraq 585.19 manatdan 1958.50 manata artırılmışdır. İddiaçı hazırda onun müraciəti əsasında əmək pensiyası yenidən hesablanarkən 2000-ci ilin avqust ayından 2007-ci ilin iyul ayınadək olan dövr üçün fərdi hesabında toplanmış pensiya kapitalının nəzərə alınmadığını bildirməklə həmin məbləğ əsasında pensiyasının yenidən hesablanmasını xahiş edir. ... iddiaçının hazırkı tələbini şərti olaraq iki hissəyə ayırmaq olar:
1. xx.xx.2006-cı il tarixədək olan dövrdə toplanmış pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanması;
2. xx.xx.2006-cı ildən xx.xx.2007-ci il tarixədək olan dövrdə toplanmış pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanması. ... İşdə olan iddiaçıya məxsus sığortaolunanın hesabından görünür ki, iddiaçının fərdi hesabında məcburi dövlət sosial sığorta haqları avqust 2007-ci ildən etibarən əks olunmuşdur. Üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X7 Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı fərdi şəxsi hesabında 2006-cı ilin yanvar ayından 2007-ci ilin iyul ayınadək məlumat aşkar edilməmişdir. Üçüncü şəxs həmçinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, İddiaçı 2006-cı ilin yanvar-dekabr, 2007-ci ilin yanvar- iyul aylarında Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsində (SUN: **********1; VÖEN: **********) hakim vəzifəsində çalışdığı dövr üzrə xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əks olunmaması məsələsinin araşdırılması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə (SUN: **********7; VÖEN: **********) xx.xx.2024-cü il tarixində 3-17-1/2- 118414/2024 nömrəli məktub göndərilmişdir. Müvafiq cavab gəldikdən sonra əlavə məlumat veriləcəkdir. Sosial Sığorta Və X7 Mərkəzi Filialı xx.xx.2024-cü il tarixli məktubunda isə qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixində 3-17-1/1-109600/2024 nömrə ilə qeydiyyata alınmış sığortaolunan İddiaçı (SSN: **********454) fərdi şəxsi hesabı ilə əlaqədar xx.xx.2024-cü il tarixli 2-1(112)-4940/2024 nömrəli sorğunuzla bağlı Bakı Apellyasiya Məhkəməsinin (SUN: **********7; VÖEN: **********) xx.xx.2024-cü il tarixli 3-6/2-390/2024 nömrəli cavab məktubuna baxılmışdır. Bakı Apellyasiya Məhkəməsi cavab məktubunda, Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi (SUN: **********1; VÖEN: **********) tərəfindən 2006 və 2007-ci illər üçün “Məcburi dövlət sosial sığortası üzrə hesabat’lara (Forma B1) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ların (Forma B3) təqdim edilmədiyini bildirmiş və sözügedən illərə dair sübutedici sənədləri (Forma B1 hesabatlar) təqdim edərək qeyd olunan məsələnin həllində köməklik göstərilməsini xahiş etmişdir. Beləliklə, işin istinad olunan hallarından görünür ki, iddiaçının işlədiyi müəssisə tərəfindən “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3) təqdim edilmədiyindən hazırkı tarixə onun fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək pensiya kapitalı qeydə alınmamışdır. Belə olan halda isə aydın olur ki, nə qədər ki, həmin hesabat təqdim edilmədiyindən iddiaçıya qeyd edilən dövr üzrə nə qədər Məcburi dövlət sosial sığorta haqqı ödənilməsi, buna uyğun olaraq fərdi hesabının sığorta hissəsində hansı məbləğdə pensiya kapitalının toplanması barədə məluma mövcud deyil, cavabdehin iddiaçının əmək pensiyasını yenidən hesablayarkən həmin dövr üzrə toplanmış pensiya kapitalını nəzərə almaq öhdəliyi yaranmır. Çünki hazırkı cavabdeh sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsinə deyil, əmək pensiyasının təyin edilməsi və yenidən hesablanmasına münasibətdə cavabdehlik daşıyır, onun iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına, yaxud ona ödənilən məcburi dövlət sosial sığorta haqlarına müdaxilə etmək səlahiyyəti yoxdur”. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-4940/2024 saylı qərarı iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinə təqdim etdiyi və iş materillarında olan Bakı Apellyasiya Məhkəməsinin iddiaçının sorğusuna cavab olaraq 07 iyun 2024-cü il tarixli məktubu ilə verilmiş arayışa əsasən, iddiaçıya Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində işlədiyi 2000-ci ilin avqust ayından 2007-ci ilin avqust ayınadək olan müddət üçün ödənilmiş əmək haqqı və ona müvafiq 2006-ci ilədək ********.50 manat məbləğində və 2006-cı ildən 2007-ci ilin avqust ayınadək 7025.74 manat məbləğində məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Lakin birinci instansiya məhkəməsi qərarında həmin dövr üçün əmək haqqından tutularaq məcburi dövlət sosial sığorta haqları olaraq ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin arayışının işdə olmasını göstərməmiş və ona hüquqi əhəmiyyət verməmiş, sanki işi materiallarında belə bir sənəd yoxdur. Birinci instansiya məhkəməsi işin faktiki hallarının tam araşdırmadığından ona tətbiq olunmalı hüquq normalarını da düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbimin dəyişdirilməsini nəzərə alaraq tələbin “2000-ci ilin avqust ayından 2007-ci ilin iyul ayınadək olan dövr üçün fərdi hesabında toplanmış məcburi dövlət sosial sığorta haqqı (54981463,50 manat), pensiya kapitalı və onun 2024-cü ilin yanvar ayınadək olan dövrə indeksləşdirilməsi nəzərə alınmaqla əmək pensiyama əlavələrinin yenidən hesablanmaqla ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması”na dair qərardad qəbul etmişdir. Üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X7 Mərkəzi Filialı xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, İddiaçı 2006-cı ilin yanvardekabr, 2007-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsində (SUN: **********1; VÖEN: **********) hakim vəzifəsində çalışdığı dövr üzrə xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əks olunmaması məsələsinin araşdırılması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə (SUN: **********7; VÖEN: **********) xx.xx.2024-cü il tarixində 3-17-1/2-118414/2024 nömrəli məktub göndərilmişdir. Müvafiq cavab gəldikdən sonra əlavə məlumat veriləcəyini bildirsə də, məhkəmə həmin cavabın alınmasını gözləmədən tələsik yekun qərar qəbul etmişdir. İddiaçı olaraq üçüncü şəxsin 2006-cı ilin yanvar-dekabr, 2007-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsində (SUN: **********1; VöEN: **********) hakim vəzifəsində çalışdım dövr üzrə xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əks olunmaması məsələsinin araşdırılması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə sorğusu ilə də tam razı deyil və hesab edir ki, bu sorgu onun Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsində hakim işlədiyi bütün dövrü əks etdirməli idi. Ona görə ki, məhkəmənin də istinad etdiyi, lakin səhv nəticəyə gəldiyi xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınması göstərilmişdir. Mülki qanunvericiliyin tələbinə görə tərəflərin vəziyyətini pisləşdirən qanunun geriyə qüvvəsi yoxdur. Bu qanun qəbul edildikdən sonrakı münasibətlərə şamil edilə bilər. ... Həm cavabdeh, həm də üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olmaqla fəaliyyət istiqamətləri eynidir, yəni biri sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının vaxtında və düzgün ödənilməsin təmin etməyə nəzarəti, uçotunu, etibarlı saxlanmasını, mühafizəsini, digəri isə təqdim olunmuş sənədlər və məlumatlar əsasında pensiya təyin etmək, əlavələrin hesablanmasını və pensiyaların ödənilməsini funksiyasını həyata keçirir. Əgər cavabdeh iddiaçının müraciətinə düzgün cavab verməyərək əmək kitabçasını təqdim etdiyi halda göstərirsə ki, əmək pensiyama əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətlər nəzərə alınmışdır, bu o deməkdir ki, cavabdeh əmək pensiyamı yenidən hesablayarkən 2000-ci ilin avqust ayından 2007-ci ilin avqust ayınadək olan müddətin hesablanmaması dair məlumatlı idi. Belə halda cavab məktubunda cavabdeh bunun səbəbi göstərilməklə iddiaçıya məlumat verilməli idi. ... Pensiya təyinatının elektron qaydada təyin edilməsi 2017-ci ilin iyul ayından tətbiq edildiyindən cavabdeh inzibati orqanda əvvəlki illər üçün ödənilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3) kağız formasında rəsmiləşdirilirdi. Lakin 2006 və 2007-ci illər üçün “Məcburi dövlət sosial sığortası üzrə hesabat’ları (Forma B1) tələb etmək, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemi”nə əlavə etmək dövlət orqanı kimi cavabdehin vəzifəsi olduğundan əmək haqqımdan məcburi dövlət sosial sığorta haqqı ödənildikdək sonra aidiyyəti qurumlar bununla əlaqədar yaranmış mübahisəni öz aralarında həll etməklə iddiaçının pozulmuş hüquqlarını bərpa edərək ona məlumat verilməli idi. Cavabdehin mövqeyi ondan ibarətdir ki, Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi (SUN: **********1; VÖEN: **********) tərəfindən 2006 və 2007-ci illər üçün “Məcburi dövlət sosial sığortası üzrə hesabatlara (Forma B1) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ların (Forma B3) təqdim etməmişdir. Lakin qeyd edildiyi kimi, Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddiaçının aylıq əmək haqqına müvafiq olaraq 2006-ci ilədək ********.50 manat məbləğində və 2006-cı ildən 2007-ci ilin avqust ayınadək isə 7025.74 manat məbləğində məcburi dövlət sosial sığorta haqları ödəməyi haqqında arayış məhkəməyə təqdim olunmuşdur. İddiaçının apellyasiya şikayətində qeyd etdikləri nəzərə alınaraq məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Sosial Sığorta və X7 Mərkəzi Filialına xx.xx.2025-ci il tarixdə aşağıdakı məzmunda sorğu verilmişdir: “ ... xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən təqdim edilmiş (*sosial sığorta haqqlarının ödənilməsinə dair) sənədlərə əsasən iddiaçının pensiyası hal-hazırda yenidən hesablanma prosesindədir. Yaranmış zərurətlə əlaqədar, hesablamanın nəticələri barədə müvafiq məlumatların/sənədlərin sorğunu aldığınız tarixdən 5 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş olunur”. Məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş məktubda aşağıdakılar göstərilmişdir: “ ... İddiaçı 6 sentyabr 2000-ci il tarixindən xidmət illərinə görə pensiya təyin edilib. İddiaçı əmək pensiyası təyin edildikdən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına əsasən əmək pensiyanın yenidən hesablanması üçün 7 aprel 2023-cü il tarixində Mərkəzi Filiala müraciəti daxil olub. Bununla əlaqədar olaraq bildiririk ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 37.3.2-1-ci maddəsinə əsasən, Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında Qanuna uyğun olaraq həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən, Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 20-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə əsasən, Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına görə əmək pensiyası keçmiş üç il müddət üçün aşağıdakı qaydada hesablanıb: Belə ki, İddiaçı işləməyən pensiyaçısı kateqoriyasına keçdiyi 17 iyul 2007-ci il tarixinədək əmək pensiyaçısı kimi işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3234,39 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 aya (144 ay-72 ay) bölünərək 44,92 (3234,39:72) manat 7 aprel 2020-ci il tarixinədək (Mərkəzi Filiala müraciət etdiyi 7 aprel 2023-cü il tarixindən üç il geriyə) mövcud olmuş pensiyasın (463,81 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 508,73 (463,81 + 44,92) manat məbləğində müəyyən edilib. İddiaçı təkrar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi 5 may 2021-ci il tarixinədək əmək pensiyaçısı kimi işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 128559,50 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 136 aya (65 il-59 il 8 ay= 64 ay+72 ay (144 ay-72 ay) bölünərək 945,30 (128559,50:136) manat həmin tarixədək müəyyən olunmuş pensiyasının (508,73 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 1454,03 (508,73+945,30) manat məbləğində müəyyən edilib. İddiaçı növbəti dəfə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi 23 dekabr 2021-ci il tarixinədək əmək pensiyaçısı kimi işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 97,23 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 129 aya (65 il-60 il 3 ay= 57 ay+72 ay (144 ay-72 ay) 0,75 (97,23:129) manat həmin tarixədək müəyyən olunmuş pensiyasının (1454,03 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 1454,78 (1454,03 +0,75) manat məbləğində müəyyən edilib. Eyni zamanda, Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən adıçəkilən şəxsin əmək pensiyası həmin tarixdən 1600,26 manat, 29cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən 1835,50 manat, 1 yanvar 2024-cü il tarixindən 2041,08 manat, 1 yanvar 2025-ci il tarixindən 2206,41 manat məbləğində müəyyən edilib. Qeyd olunanlara əsasən, İddiaçı keçmiş müddət üçün hesablanmış 22437,60 manat fərq məbləğinin cari aydan etibarən hissə-hissə onun pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulur. İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövr onun əmək pensiyası yenidən hesablanarkən nəzərə alınıb”. Bundan sonra məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına aşağıdakı məzmunda sorğu verilmişdir: “ ... Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 07 mart 2025-ci il tarixli, 3-17-1/2-56210/2025 saylı sorğuya cavabından İddiaçı keçmiş müddət üçün hesablanmış 22437,60 manat fərq məbləğinin cari aydan etibarən hissə-hissə onun pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülməsinin nəzərdə tutulduğu görünür. Yaranmış zərurətlə əlaqədar, İddiaçı həmin (22437,60 manat) məbləğin hissə-hissə olaraq hansı müddət ərzində ödənilməsinin nəzərdə tutulduğu və hər ay ödəniləcək pulun məbləği barədə müvafiq məlumatların/sənədlərin sorğunu aldığınız tarixdən 5 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş olunur”. Sorğuya cavab olaraq məhkəməyə daxil olmuş məktubda aşağıdakılar göstərilmişdir: “ ... Bildiririk ki, İddiaçı ötən dövr üzrə ödənilməli olan 22437,60 manat pensiya məbləği müəyyən edilmişdir. Həmin məbləğ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə xx.xx.2025-xx.xx.2030-cu il tarixləri arasındakı dövr ərzində hər ay 380,30 manat olmaqla adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub”. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqidləşdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdeh inzibati orqanın əvvəlki dövrlər üçün ödənilməmiş əlavənin pensiya məbləğinə 2025-ci ilin mart ayından 380,30 manat olmaqla pensiyasına hesablamasını nəzərə alaraq, 65 yaşadək - yəni 2026-cı ilin avqust ayınadək, ümumi əsaslarla pensiya təyin olunan vaxtadək hissə-hissə ödənilməsi, qalan məbləğin isə birdəfəlik ödənilməsini məhkəmədən xahiş etmiş, ərizəsi məhkəmə iclasında müzakirə edilərək icraata qəbul edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 01 yanvar 2006-cı ildən 2007-ci ilin avqust ayınadək 7025.74 manat məbləğində məcburi dövlət sosial sığorta haqları ödəməyinə baxmayaraq 2023-cü ildə pensiyanın yenidən hesablanaraq ödənilməsinə dair müraciət edərkən cavabdeh inzibati orqanın yol verdiyi səhv nəticəsində 22437,60 manat fərqin hesablanmaması və bu vaxta qədər ödənilməməsi pensiyaçı olaraq hüquqlarının kobud surətdə pozulmasıdır və bu hüququnun məhkəmə qaydasında bərpa edilməsini təmin edilməsi üçün müraciəti olmasa idi, cavabdeh inzibati orqan könüllü olaraq yol verdiyi qanun pozuntusunu aradan qaldırmayacaq idi. Məhkəmə kollegiyası qeyd edir ki, işçidən məcburi sığorta haqqının tutulması məsələsində məsuliyyətli şəxs işəgötürəndir ki, məhz işəgötürən, işçidən cavabdehə çatası məcburi sığorta haqqının məbləğini qanuna müvafiq olaraq müəyyən etməklə, həmin məbləği işçidən tutmaqla cavabdehə ödənilməsini həyata keçirir. Başqa sözlə desək, işçidən məcburi dövlət sosial sığorta haqqının tutulması və ödənilməsi işəgötürənin – sığortaedənin məsuliyyət sferasına aid məsələdir. Nəzərə alınmalıdır ki, mübahisəli dövrlər üzrə qüvvədə olan normativ hüquqi aktın tələblərinə görə, necə ki, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi işəgötürən tərəfindən təmin olunmalı olduğu halda, həmçinin həmin sığorta haqlarının toplanmasına nəzarət cavabdeh inzibati orqanın üst qurumu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilməli idi. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məcburi sosial sığorta haqlarının ödənilib-ödənilməməsinə nəzarət funksiyasını icra etməmiş və nəticə etibarı ilə tabeliyində olan orqan (cavabdeh) işəgötürənin məcburi dövlət sosial sığorta haqlarını qanunamüvafiq qaydada vaxtında və tam ödəməməsinə əsaslanaraq işçinin (hazırkı halda iddiaçının) sosial təminat hüququnu məhdudlaşdırmışdır. Halbuki, bu halın meydana gəlməsində iddiaçının hər hansı təqsirli hərəkəti olmamışdır. Əksinə təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, iddiaçı həmin dövrlər üzrə əmək fəaliyyəti ilə məşğul olmuş, müvafiq olaraq əmək haqqı almış və onun əməkhaqqından məcburi sığorta haqları tutulmuş və işəgötürən tərəfindən cavabdeh inzibati orqana ödənilmişdir. Bilavasitə dövlət orqanının tabeliyində olan qurum tərəfindən iddiaçının işlədiyi müddət ərzində əməkhaqqından məcburi sosial sığorta haqlarının tutulduğu halda, aidiyyəti üzrə müvafiq orqana ödənilib-ödənilməməsinə lazımi qaydada nəzarət edilməməsi inzibati orqanın məsul əməkdaşının səhvi kimi qiymətləndirilməlidir. Nəticə etibarı ilə, bu hal maraqlı şəxs qismində çıxış edən iddiaçının hesabına düzəldilə bilməz. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Aparatının rəhbəri Əzizağa Məmmədov tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... Məlumat üçün bildiririk ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X7 Mərkəzi Filialının Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş “Ödənilmiş məcburi dövlət sosial sığorta haqları haqqında” 20 may 2024-cü il tarixli, 3- 17-1/2-118414/2024 nömrəli məktubuna əsasən məhkəmənin 06 iyun 2024-cü il tarixli, 3-6/2-390/2024 nömrəli məktubu ilə 16 iyul 2007-ci il tarixdən ləğv edilmiş Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 2006-cı ilin yanvar – dekabr və 2007-ci ilin yanvar – iyul ayları üzrə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş Üzrə Departamentinə təqdim edilmiş Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqq-hesab cədvəllərinin surətləri Filiala göndərilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına ünvanlanmış və Məhkəmə- Hüquq Şurasının aparatından Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş “Məlumatların təqdim edilməsi haqqında” 25 iyun 2024-cü il tarixli, 3-17-1/2- 145842/2024 nömrəli məktubuna Bakı Apellyasiya Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 3-6/2-557/2024 nömrəli məktubu ilə cavab verilmişdir. Məhkəmənin sözügedən 06 avqust 2024-cü il tarixli, 3-6/2-557/2024 nömrəli məktubunda sizin Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində hakim işlədiyiniz 2006-cı ilin yanvar ayından 2007-ci ilin iyul ayınadək olan dövr üçün şəxsi vərəqənizə və təşkilatın əmək haqqı cədvəllərinə əsasən əmək haqqınızdan məcburi sosial sığorta haqlarının tutulduğu, eləcə də Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin uçotda olduğu Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş Üzrə Departamentinə məcburi sosial sığorta haqlarının tam köçürüldüyü və ləğv olunan tarixə təşkilatın DSMF-ya borcu olmadığı qeyd olunaraq həmin məktubla sizə verilmiş 28 fevral 2023- cü il tarixli arayışın və arayışın verilməsinə əsas götürülmüş əmək haqqı cədvəllərinin surətləri Filiala göndərilmişdir. Göstərilənlərlə yanaşı Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X7 Mərkəzi Filialının Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş “Məcburi dövlət sosial sığortası üzrə hesabatlar haqqında” 09 avqust 2024-cü il tarixli, 3-17-1/2- 191213/2024 nömrəli məktubuna əsasən məhkəmənin 30 avqust 2024-cü il tarixli, 3- 6/2-612/2024 nömrəli məktubu ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində 2006 və 2007-ci illər üzrə sığortaolunanların məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri barədə cədvəl əsasında məlumat da verilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində hakim vəzifəsində işlədiyiniz dövrdə əmək haqqınıza və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair məlumatlar sizə, eləcə də müvafiq sorğular əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan aidiyyəti qurumlarına təqdim edilmişdir”. İş materiallarından göründüyü kimi, cavabdeh inzibati orqan özü etiraf edir ki, 2006- 2007-ci illərdə ödənilmiş sosial sığorta haqları fərdi şəxsi hesaba daxil edilməmişdir. Bu isə sığorta olunan şəxsin təqsiri ilə deyil, sığortaedənin və nəzarət funksiyasını daşıyan inzibati orqanın laqeydliyi ilə baş verməsi mümkün olan məsələdir. Bu baxımdan, əslində, müraciət edən şəxsin təqsiri olmadan sosial təminat hüququnun pozulması mübahisəsizdir və bu hüququn pozulmasının nəticəsi olan 22437,60 manat fərq (və onun ödənilməsi forması) kompensasiya xarakteri daşımalı və həmin məbləğin hissə-hissə ödənişlə deyil, tam həcmdə və dərhal ödənilməsi üçün kifayət qədər əsaslı qanuni zəmin mövcuddur. Belə ki, əgər pozulmuş pensiya hüququ yalnız hissə-hissə, gələcək 59 ay ərzində (xx.xx.2025 – xx.xx.2030) ödəniləcəksə, bu Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun effektivliyini zəiflədir və ədalətli hüquq bərpasını gecikdirir. İddiaçı artıq pensiya yaşındadır (65 yaşına az müddət qalıb) və bu yaş dövründə şəxs tərəfindən gəlirlərin vaxtında alınması həyati əhəmiyyət daşıyır. Əldə ediləcək əlavə gəlirin 5 ilə yayılması onun: sağlamlıq xərclərini, gündəlik yaşayış ehtiyaclarını, sosial rifahını lazımi şəkildə dəstəkləyə bilməz. Dövlət vətəndaşa “güzəştli şərtlərlə pensiya hüququ” vermişsə, bu hüququn vaxtında və düzgün icra edilməsi də dövlətin məsuliyyətidir. Əgər vətəndaş müraciət etməsəydi, bu 22437,60 manatlıq fərq heç ödənilməyəcəkdi. Bu isə sosial ədalət prinsiplərinə tam ziddir. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən sərbəst istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin mənafeləri naminə və qanunla, beynəlxalq hüququn ümumi prinsiplərinə uyğun surətdə tələb olunan hallar istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında (məsələn, Moskal v. Poland, 2009) göstərmişdir ki, sığorta kapitalı əsasında pensiya hüququ və bu kapitalın toplanmasından doğan qanuni gözlənti (legitimate expectation) mülkiyyət kimi tanınır və 1 saylı Protokolun 1-ci maddəsinin qoruması altındadır. Cavabdeh inzibati orqan 2006–2007-ci illər üzrə sığorta kapitalının fərdi hesaba daxil edilmədiyini əsas gətirərək bu dövrlə bağlı pensiya əlavələrinin hesablanmasından imtina etmişdir. Halbuki həmin dövr üzrə sığorta haqqlarının ödənilməsi rəsmi arayışla təsdiqlənmişdir. Daha sonra bu məbləğin bir hissəsi (22437,60 manat) yalnız iddiaçının təşəbbüsündən sonra və hissə-hissə ödəmə ilə (59 ay) kompensasiya edilməsi qərara alınmışdır. Bu isə faktiki olaraq əvvəlcə mövcud olan mülkiyyət hüququna müdaxilə, sonradan isə onun müəyyən olunmuş hissəsinin gec və qeyri-adekvat formada bərpası deməkdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə (Béláné Nagy v. Hungary, 2016), dövlət sosial təminat sistemində dəyişiklik və düzəlişlər edə bilər, lakin bu zaman fərdi şəxsin hüquqi gözləntilərinə, həyat planlamasına və sosial etibarına zərbə vurmamalıdır. Əgər pozuntu inzibati orqanın öz məsuliyyətsizliyi nəticəsində baş veribsə, dövlətin məsuliyyəti daha da artır. Həmçinin İnsan hüquqları üzrə Avropa Məhkəməsi çoxsaylı qərarlarında (Krajnc v. Slovenia, 2011; Čakarević v. Croatia, 2018) vurğulamışdır ki, dövlət orqanlarının səhvi nəticəsində şəxsə münasibətdə həddən artıq yük yaradılarsa, bu mülkiyyət hüququnun pozuntusu hesab olunur. Göründüyü kimi, iddiaçıya münasibətdə 22437,60 manata hüquq tanınsa da, bu vəsaitin bir dəfəyə deyil, 59 aya bölünərək ödənilməsi, üstəlik yalnız iddiaçının məhkəmə yolu ilə təkidindən sonra baş verməsi göstərir ki, iddiaçıya qarşı tətbiq edilən tədbir ağır nəticələr doğurmuşdur. İddiaçı artıq pensiya yaşında olan şəxs kimi həmin vəsaitə təxirəsalınmadan ehtiyac duyur. Onun gecikdirilməsi iddiaçının sosial təminat hüquqlarını pozur. Lakin qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası iddiaçının irəli sürdüyü tələb çərçivəsində hərəkət etməli olduğundan belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-4940/2024 saylı qərarı ləğv edilməli, iddia ərizəsi təmin edilməli, İddiaçı ötən dövr üzrə ödənilməli olan 22437,60 manat məbləğində fərq xx.xx.2025-xx.xx.2026-cı il tarixləri arasındakı dövr ərzində hər ay 380,30 manat olmaqla iddiaçının əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməli, qalan məbləğ isə iddiaçıya birdəfəlik ödənilməsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-4940/2024 saylı qərarı ləğv edilsin. İddia ərizəsi təmin edilsin. İddiaçı ötən dövr üzrə ödənilməli olan 22437,60 (iyirmi iki min dörd yüz otuz yeddi manat altmış qəpik) manat məbləğində fərqin xx.xx.2025-xx.xx.2026-cı il tarixləri arasındakı dövr ərzində hər ay 380,30 (üç yüz səksən manat otuz qəpik) manat olmaqla iddiaçının əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməsi, qalan məbləğin isə iddiaçıya birdəfəlik ödənilməsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər
Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov