Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-812/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı «siyahıya alınmış əmlakın satılması»na dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9248/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 2115.31 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 110.000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsi ilə satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2021-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2021-ci il tarixə yaranan 2115.31 manat borcuna görə 110.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022 tarixli **********0 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən İşsizlikdən sığorta fonduna 2115.31 manat ödənilməmiş borcu qalmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9248/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı (hakim A.Almazova) ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, həmçinin əlavə olaraq göstərilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicisi olan Cavabdeh (VÖEN: **********) əmlakının siyahıya alınması haqqında xx.xx.2022-ci il tarixli **********575300 nömrəli qərar qəbul edilmişdir. Qərarın icrası ilə əlaqədar tədbirlər görülərkən vergi ödəyicisinin ünvan 1 ünvanında yerləşən “Rahat-Nəfəs” yaşayış kompleksində 60.000 manat məbləğində 30 kv.m Bina A-1 ticarət obyekti və 50.000 manat məbləğində 25 kv.m Bina 1-A ticarət obyektinin olduğu müəyyən edilmiş, yaranmış borcun ödənilməsi ilə bağlı görülmüş digər tədbirlər nəticə vermədiyindən xx.xx.2022-ci il tarixli **********575300 nömrəli protokol tərtib edilməklə vergi ödəyicisinin özünün iştirakı ilə qeyd olunan əmlak siyahıya alınmış, protokol və siyahı hüquqi şəxsin rəhbəri tərəfindən imzalanmışdır. Eyni zamanda, Cavabdeh MMC-nin direktoru X2 Abşeron rayonunda, Masazır kəndi, Duz zavodu yolu-3, Rahat-Nəfəs yaşayış kompleksində siyahıya alınmış əmlakların cəmiyyətə məxsus olduğunu təqdim etdiyi izahatında qeyd etmişdir. Lakin buna baxmayaraq, məhkəmə siyahıya alınmış əmlakın vergi ödəyicisinə məxsusluğunun müəyyən edilməməsi qənaətinə gəlmişdir. Məhkəmənin gətirdiyi digər bir əsas vergi orqanı tərəfindən əmlakın dəyərinin müəyyən edilməsinə dair inzibati icraatın aparılmaması ilə bağlıdır. Bununla bağlı qeyd olunur ki, Vergi Məcəlləsinin 90.3-cü maddəsinin 3-cü hissəsinə əsasən Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Məhkəmə qərarlarına əsasən verilən icra vərəqələri daxil olduqdan 10 (on) gün müddətində qiymətləndirici icra məmuru tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada dəvət olunur. Qiymətləndiricinin xidməti məhkəmənin qərarı ilə əmlakı satılan vergi ödəyicisi tərəfindən ödənilir. Vergi orqanı qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Göründüyü kimi qanunvericilikdə əmlakın qiymətləndirilməsi üçün məhkəmə qərarlarına əsasən verilən icra vərəqələrinin daxil olmasından 10 gün müddətində qiymətləndiricinin dəvət edilməsi nəzərdə tutulmuşdur. Vergi orqanının protokolda qeyd etdiyi əmlakın qiyməti təxmini xarakter daşıyır və Vergi Məcəlləsinin yuxarıda qeyd olunan normasına əsasən məhkəmə özü də əmlakı qiymətləndirə bilmə səlahiyyətinə malikdir. Məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğu digər əsaslandırma cavabdehin cari borc məbləği ilə siyahıya alınmış əmlakın iddiaçı tərəfindən göstərilən dəyərinə mütənasib olmamasıdır. Məhkəmənin bu mövqeyi ilə bağlı qeyd edilir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3cü maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli qərarında qeyd olunur ki, VM-in 90.1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisinin öhdəliklərinin icra edilməsi məqsədilə məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin qeyd olunan hüququn təmin edilməsi üçün vergi ödəyicisinin əmlakı VM-in 89.1-ci maddəsinin tələblərinə görə siyahıya alınmalıdır. Vergi Məcəlləsinin 89.1-ci maddəsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 2011-ci il tarixli qərarının qarşılıqlı təhlili onu deməyə əsas verir ki, vergi orqanı Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququnu realizə etmək üçün vergi ödəyicisinin vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə icra etməməsi faktı kifayətdir. Lakin məhkəmə kifayət qədər araşdırma aparmamış, vəzifəsi olduğu halda zəruri sübutlar toplamamış, bununla bağlı müvafiq qurumlara sorğular verilməmiş, mübahisənin düzgün həlli üçün lazımi qədər səy göstərməmişdir. Belə ki, məhkəmə siyahıya alınmış əmlakın vergi ödəyicisinə məxsusluğunun müəyyən edilmədiyini göstərərək, ödəyicinin öz izahatında mülkiyyətin ona məxsus olmasına dair göstərdiklərini nəzərə almamış, qeyd etdiyi nəticəyə gəlməsinin səbəblərini açıqlamamışdır. Siyahıya alınmış əmlakın cavabdehin mülkiyyətində, icarə və ya istifadəsində olması məsələsini araşdırmamışdır. Cavabdeh MMC-nin vergi borcuna görə siyahıya alınmış əmlaklarının cəmiyyətə məxsus olması barədə cəmiyyətin direktorunun izahatı olduğu halda məhkəmə bunu araşdırmamış, vergi öhdəliklərinin təmini üsulu kimi qanunvericiliyin yol verdiyi şəkildə borclu hüquqi şəxsin bütün əmlakının siyahıya alınması imkanını nəzərə almamışdır. Bundan əlavə, yuxarıda da qeyd olunduğu kimi Vergi Məcəlləsinin 89-cu maddəsi və 90-cı maddəsi siyahıya alınmış daşınmaz əmlakın vergi ödəyicisinin mülkiyyətində olmasını təsdiq edən çıxarışın məhkəməyə təqdim edilməli olmasını nəzərdə tutulmamışdır. Belə olan halda da vergi orqanının sifarişə əlavə etməli olduğu sənədlərin mövcudluğunu nəzərə almaq əvəzinə iddianı rədd etmişdir. Beləliklə, məhkəmə tərəfindən qərar çıxarılarkən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər və gətirilən əsaslar nəzərə alınmamış və nəticədə qanuni olmayan, yəni maddi və prosessual normalara əsaslanmayan düzgün olmayan qərar çıxarılmışdır. Bakı İnzibati Məhkəməsi qərarında siyahıya alınmış əmlakların Cavabdeh MMC-nin mülkiyyətində olmasının müəyyən edilmədiyini qeyd edərək iddianı rədd etmişdir. Halbuki, MMC-nin direktoru siyahıya alınmış əmlakların MMC-yə məxsus olduğunu izahatında qəbul edir. Bu hal vergi orqanının iddiasının təmin olunması üçün əsas olduğu halda məhkəmə işin hallarına uyğun olmayan qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, **********8 saylı xx.xx.2021-ci il tarixli işsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişdə göstərilmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə ümumilikdə 2115,31 manat, o cümlədən: işsizlikdən sığorta haqqı üzrə 1592,88 manat, maliyyə sanksiyaları üzrə 0 manat, faizlər üzrə 522,43 manat, inzibati cərimə üzrə 0 manat borcu var. **********3 saylı xx.xx.2022-ci il tarixli muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişdə göstərilmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə ümumilikdə 72.078,88 manat, o cümlədən: muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə maliyyə sanksiyaları üzrə 0 manat, faizlər üzrə 32.303,75 manat, inzibati cərimə üzrə 0 manat borcu var. Əmlakın siyahıya alınması haqqında **********575300 saylı xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavədən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqqında” **********575300 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən dövlət vergi müfəttişi X4 tərəfindən Cavabdeh borclarını Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyinə və yaxud öhdəliyini yerinə yetirməkdən boyun qaçırdığına görə “Rahat-Nəfəs” yaşayış kompleksində 60.000 manat məbləğində 30 kv.m Bina A-1 ticarət obyekti və 50.000 manat məbləğində 25 kv.m Bina 1-A ticarət obyekti olmaqla, ümumilikdə 110.000 manat məbləğində əmlakı siyahıya alınmışdır. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında xx.xx.2022-ci il tarixli akta əsasən siyahıya alınmış əmlak məsul saxlanmaya verilmək üçün Cavabdeh direktoru X1 təhvil verilmişdir. Əmlakı məsul saxlanmaya təhvil almış şəxs siyahıya alınmış əmlak barəsində sərəncam vermək hüququndan məhrum edildiyi, həmin əmlaka sahiblik və ondan istifadə edilməsinin yalnız vergi orqanının nəzarəti ilə həyata keçirilə biləcəyi, habelə bu əmlaka dair onun bağladığı əqdlərin etibarsız hesab ediləcəyi və siyahıya alınmış əmlakın israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilmişdir. İddiaçı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********162100 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan Cavabdeh (VÖEN: **********) bina tikintisi fəaliyyəti ilə məşğul olan ödəyicilər üzrə analoji qaydada hesablanmış vergilərdən ibarət xx.xx.2021-ci il tarixli **********18 saylı icra vərəqəsi üzrə xx.xx.2023-cü il tarixə ümumilikdə 72.078,88 manat, o cümlədən vergilər üzrə 39.775,13 manat, faiz üzrə 32.303,75 manat dövlət büdcəsinə ödənilməli olan borcu vardır. İddiaçı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********963500 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Cavabdeh (VÖEN: **********) iddia ərizəsinin əsasını təşkil edən borc məbləği işsizlikdən sığorta üzrə 2115,31 manat təşkil edir. Beləliklə işdən müəyyən olunur ki, Cavabdeh MMC vergi ödəyicisi kimi İşsizlikdən sığorta fonduna olan 2115,31 manat borcunun ödənilməsi öhdəliyini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməmiş, həmin borcun ödənilməsini təmin etməmişdir. Vergi orqanı tərəfindən cavabdehin sözügedən borcunun ödənilməsinin təmin olunması məqsədilə Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görülmüşdür. Həmin tədbirlər nəticə vermədiyindən, 09 iyun 2022-ci il tarixdə cavabdehin dövlət büdcəsinə olan borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə onun əmlakının siyahıya alınması barədə qərar qəbul olunmuşdur. Bundan sonra 21 iyun 2022-ci il tarixdə həmin qərarın icrası üzrə vergi ödəyicisinə məxsus əmlak kimi ona məxsus olan “Rahat- Nəfəs” yaşayış kompleksində 60.000 manat məbləğində 30 kv.m Bina A-1 ticarət obyekti və 50.000 manat məbləğində 25 kv.m Bina 1-A ticarət obyekti siyahıya alınmışdır. Hazırda iddiaçı həmin obyektlərin siyahıya alınmış əmlak kimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmasını tələb edir. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********043600 nömrəli əmri ilə təsdiq edilmiş “Vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair” Qaydalarının: 6.10-cu bəndinə əsasən siyahıya alma tədbiri ilə bağlı borclu vergi ödəyicisinin obyektinə getməzdən əvvəl siyahıya alınması üçün vergi ödəyicisinə məxsus daşınar və daşınmaz əmlaklar müəyyən edilir. Daşınar əmlakların operativ şəkildə müəyyən edilməsi məqsədilə vergi ödəyicisi barədə əlaqəli məlumatlar, hesabatlar, bəyannamə və keçirilmiş səyyar vergi yoxlaması məlumatları, dövlət orqanları və digər şəxslərdən əldə edilmiş məlumatlar, habelə digər mənbəyi bəlli məlumatlar əsas götürülür və bunun üçün aşağıdakı məlumatlardan (lakin bunlarla məhdudlaşmayan) istifadə edilir: 6.10.5 Vergi orqanında vergi ödəyicisinin mülkiyyətində olan əmlakları barədə məlumatlar. 6.19-cu bəndinə əsasən əmlakın siyahıya alınma prosesində bir neçə mütəxəssis iştirak edirsə, Protokolun və Siyahının müvafiq sətirlərində prosesdə iştirak edən hər mütəxəssisin soyadı, adı, atasının adı qeyd edilir və Protokol ilə Siyahı hər bir mütəxəssis tərəfindən ayrıca imzalanır. Daşınmaz əmlak və nəqliyyat vasitəsi siyahıya alındıqda ona dair mülkiyyət hüququnu təsdiq edən sənədlər, tikilidə tikintiyə icazə verilməsi barədə sənədlər siyahıya almaya dair materiallara əlavə edilməlidir. Siyahıya alınmış əmlakın vergi ödəyicisinin mülkiyyətində olduğunu sübut etmək vəzifəsi, yəni sübut etmək yükü hazırkı halda iddiaçının üzərinə düşdüyü halda, iddiaçı siyahıya almanı həyata keçirərkən 2020-ci il 14 fevral tarixli Qaydaların 6.19-cu bəndində nəzərdə tutulmuş sənədləri əldə etməmiş və həmin sənədləri sübut qismində məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 28 mart tarixli Qərarına əsasən “Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.” Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı)”. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.15-1. hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqları sırasında göstərilmişdir. 52.1. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyalarını bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında alır. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Vergi ödəyicisi kimi hazırkı Cavabdeh MMC-nin müvafiq borcu olsa da, həmin borcun ödənilməsini təmin etmək məqsədilə siyahıya alınmalı əmlakın seçimini münasib etməmişdir. Belə ki, iddiaçının siyahıya alınmış əmlakı daşınmaz əmlakdır. Lakin həmin əmlaklar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, həmin obyektlərin satılması mümkünsüzdür. Əmlakın hərracda satışı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əmlakın, ona dair heç bir şərt qoyulmadan satışıdır. Bu zaman ən yüksək qiymət təklif etmiş alıcı həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir. Hərracın təşkilatçısı kimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hərracı vergi orqanın sifarişi əsasında həyata keçirir. Vergi orqanın sifarişi ilə daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair qanunvericiliyə müvafiq olaraq zəruri olan sənədlərin surəti, ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti əlavə edilməlidir. Lakin hazırkı işdə qeyd olunan sənədlər mövcud deyildir. Belə ki, siyahıya alınmış qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən qeydiyyatdan keçməmiş və müvafiq çıxarış verilməmişdir. İddiaçı borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə Cavabdeh MMC-nin balansında olan Abşeron rayonu, Masazır qəsəbəsi, Duz Zavod yolu 3 ünvanında yerləşən “Rahat-Nəfəs” yaşayış kompleksində 60.000 manat məbləğində 30 kv.m Bina A-1 ticarət obyekti və 50.000 manat məbləğində 25 kv.m Bina 1-A ticarət obyektlərinin ixtisaslaşdırılmış açıq hərracda satılması tələbini irəli sürsə də, həmin qeyri-yaşayış sahəsinin cavabdehin mülkiyyətində olması və yaxud cavabdehin həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, siyahıya alınmış və mülkiyyət hüququ təsdiq olunmayan daşınmaz əmlak hərracda satıldığı təqdirdə, alıcı həmin tikiliyə mülkiyyət hüququnu əldə edə bilməyəcək və nəticədə hərrac baş tutmayacaq. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair, o cümlədən siyahıya alınan əmlakın cavabdehin mülkiyyətində olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmiş və hazırki iş üzrə qərar qəbul edərkən və siyahıya alınmanı həyata keçirərkən MM-in 139, 140, VM-in 89, 90-cı maddələrinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddələrinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarının tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin qeyd olunan dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd olunanlardan da göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən vergi orqanı siyahıya almanı həyata keçirərkən daşınmaz əmlak siyahıya alındıqda ona dair mülkiyyət hüququnu təsdiq edən sənədlər, tikilidə tikintiyə icazə verilməsi barədə sənədlər siyahıya almaya dair materiallara əlavə etməlidir. Halbuki, vergi orqanı siyahıya alınmış daşınmaz əmlakın Cavabdeh MMC-nin mülkiyyətində olmasına dair hər hansı sübutu siyahıya əlavə etməmiş, o cümlədən məhkəməyə təqdim etməmişdir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ümumi sözlərdən istifadə edilməklə əsaslandırılmağa çalışılmış, hansısa əsaslı dəlil, sübut göstərilməmişdir. Şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9248/2023 saylı, 08 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə