Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-813/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüquqların qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X11 cəlb olumaqla) qarşı “bağ sahəsi üzərində mülkiyyət hüquqların qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1775/2023 saylı 07 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətinin idarə heyətinin yığıncağının 28 nömrəli 14 avqust 1998-ci il tarixli protokulundan çıxarışa əsasən Bakı şəhər İcra Hakimiyyətinin 27.10.87 ci il tarixli 20/396 №li sərəncamı ilə zavod işçilərinə Dübəndi qəsəbəsində "Avtomabilçi" bağçılıq cəmiyyətinin 188 nəfər üzvlərinə bağ sahəsi ayrılıb verilmişdir. Həmin ərazidə münasib yerlərdə məişət xidmətlərinin mərkəzləşdirilmiş qaydada xidmətlrini nəzərə alıb həmin boş qalmış 12 nəfərlik bağ sahələrinin zavod işçilərinə verilməsi xahiş olunmuşdur. Bu barədə Bakı şəhər İcra Hakimiyyətinə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət olunmuşdur. “Avtomobilçi” bağ massivində 17ci Cənub küçəsi 310, 312 nömrəli bağ sahəsi zavodunun işçisi İddiaçı daimi istifadədən ötəri verilmişdir. 284 nömrəli Bağçının üzvlük kitabçasına əsasən Qasımov X12 rayonu, Dübəndi bağ massivində yerləşən “Avtomobilçi” bağçılıq cəmiyyətinə 1998-ci il tarixdə üzv qəbul edilmiş və 17-ci Cənub küçəsi ” bağçılıq cəmiyyəti bağından sahəsi 1000 kv.m olan 310, 312 nömrəli bağ sahəsi 14 avqust 1998-ci il tarixdə qeydə alınmış qərara əsasən daimi istifadə etmək üçün verilmişdir. İddiaçı sözügedən bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********16 saylı 15 oktyabr 2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq üzvlərinin siyahısında İddiaçı adı aşkar olunsa da (ata adı qeyd olunmayıb), siyahıda bağ sahəsinin ünvanı 15-ci Cənub küçəsi, nömrəsi isə “301” kimi qeyd olunmuşdur və həmin 301 saylı bağ sahəsi digər protokoldan çıxarışa əsasən Qasımov Əlinin razılığı ilə digər şəxsin istifadəsinə verilmişdir. Həmçinin torpaq sahəsi tam şəkildə yaxınlıqdan keçən d=325.0 mm olan qaz xəttinin mühafizə zonasında yerləşir. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir, belə ki, "310-312" nömrəli bağın bu yerə aidiyyəti yoxdur və çox hissəsi bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. Bundan əlavə sözügedən əraziyə digər şəxsin müraciəti olmuşdur. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətinin idarə heyyətinin yığıncağının 28 nömrəli, 14 avqust 1998-ci il tarixli protokoluna əsasən Xəzər rayonu, Dübəndi qəsəbəsi, “Avtomobilçi” bağ massivində 17-ci Cənub küçəsində yerləşən, ümumilikdə ərazisi 1000 kv.m. olan 310 və 312 nömrəli bağ sahələri iddiaçıya ayrılmış və sərhədləri yerində müəyyən edilərək təhvil verilmişdir. Həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsindədir. İddiaçının istifadəsində olan sözügedən bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətə cavabdeh tərəfindən **********16 saylı 15 oktyabr 2019-cu il tarixli məktubla imtina verilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunsa da, göstərilən bağ sahələri bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi ilə uyğunsuzluq təşkil edir və yaxınlıqdan keçən qaz xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə sözügedən bağ sahəsinə digər fiziki şəxsin müraciəti olub. İddiaçı hesab edir ki, cavabdehin bu imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, həmin torpaq sahəsi 1998-ci ildən onun daimi istifadəsindədir və bu günədək hər hansı bir şəxsin onun daimi istifadəsində olan torpaq sahəsinə dair hər hansı bir iddiası olmamışdır. Bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adının aşkar olunmaması isə, onun təqdim etdiyi sənədlər əsasında torpaq sahələrinin adına qeydiyyata alınmasından cavabdeh tərəfindən imtinaya əsas vermir. Bağ sahələrinin bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi ilə uyğunsuzluq təşkil etməsi də mümkün deyil. Belə ki, torpaq sahəsi ona ayrılarkən yerində, mövcud sxemə uyğun olaraq təhvil verilmişdir və yaxınlıqdan da, heç bir qaz xətti keçmir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə, Torpaq Məcələsinin 84cü maddəsinə, «Torpaq islahatı haqqında» Qanunun 9, 10-cu maddələrinə, «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə, «İnzibati icraat haqqında» Qanunun 23.1-ci maddəsinə, İPM-in 2, 33, 35, 73-cü maddələrinə, «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Qanunun 8.0.3-cü maddəsinə, «Dövlət rüsumu haqqında» Qanunun 9.1.12-ci maddəsinə əsaslanaraq, məhkəmədən “Avtomobilçi” bağçılıq bostançılıq cəmiyyətinin idarə heyyətinin yığıncağının 28 nömrəli 14 avqust 1998ci il tarixli protokoluna əsasən iddiaçının ona ayrılmış Xəzər rayonu, Dübəndi qəsəbəsi, “Avtomobilçi” bağ massivində, 17-ci Cənub küçəsində yerləşən, 1000 kv.m sahəsi olan 310 və 312 nömrəli bağ sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etirazda bildirilmişdir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələb ilə bağlı 25 sentyabr 2019-cu il tarixdə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş bağçılıq yoldaşlıq üzvlərinin siyahısında İddiaçı adı aşkar olunsa da, ata adı qeyd olunmamışdır. Siyahıda bağ sahəsinin ünvanı 15-ci Cənub küçəsi, nömrəsi isə “301” kimi qeyd olunmuşdur və həmin 301 saylı bağ sahəsi digər protokoldan çıxarışa əsasən Qasımov Əlinin razılığı ilə X1 istifadəsinə verilmiş, 02 may 2018-ci il tarixində isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmçinin torpaq sahəsi tam şəkildə yaxınlıqdan keçən diametri 325.0 mm olan qaz xəttinin mühafizə zonasında yerləşir. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, belə ki, “310-312” nömrəli bağın bu yerə aidiyyəti yoxdur və bir hissəsi bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. Bundan əlavə sözügedən əraziyə digər şəxs olan X11 tərəfindən “310 və 312 saylı bağ sahələrinin qeydiyyata alınması” ilə əlaqədar müraciəti olmuşdur. Bu səbəblərdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2019-cu il tarixli, **********16 saylı cavab məktubu ünvanlanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1775/2023 saylı 07 avqust 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı ona ayrılmış Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsi, “Avtomobilçi” bağ massivində, 17-ci Cənub küçəsində yerləşən, 1000 kv.m sahəsi olan 310 və 321 nömrəli bağ sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv edilməlidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçıya və 3-cü şəxsə poçt vasitəsilə bildirişlər göndərilmiş və bildirişlərin olduğu zərf “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının və 3-cü şəxsin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və 3-cü şəxsin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2019-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən edilmir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Avtomobilçi” bağçılıq bostançılıq cəmiyyətinin idarə heyyətinin yığıncağının 28 nömrəli 14 avqust 1998-ci il tarixli protokoluna əsasən ona ayrılmış Xəzər rayonu, Dübəndi qəsəbəsi, “Avtomobilçi” bağ massivində, 17-ci Cənub küçəsində yerləşən, 1000 kv.m sahəsi olan 310 və 312 nömrəli bağ sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən “1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq üzvlərinin siyahısında İddiaçı adı aşkar olunsa da (ata adı qeyd olunmayıb), siyahıda bağ sahəsinin ünvanının 15-ci Cənub küçəsi, nömrəsinin isə “301” kimi qeyd olunması, həmin 301 saylı bağ sahəsinin digər protokoldan çıxarışa əsasən Qasımov Əlinin razılığı ilə digər şəxsin istifadəsinə verilməsi, torpaq sahəsinin tam şəkildə yaxınlıqdan keçən d=325.0 mm olan qaz xəttinin mühafizə zonasında yerləşməsi, göstərilən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil etməsi, yəni "310-312" nömrəli bağın bu yerə aidiyyətinin olmaması və çox hissəsinin bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşməsi, sözügedən əraziyə digər şəxsin müraciəti olması” əsasları ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda göstərilən Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası “1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq üzvlərinin siyahısında İddiaçı adı aşkar olunsa da (ata adı qeyd olunmayıb), siyahıda bağ sahəsinin ünvanının 15-ci Cənub küçəsi, nömrəsinin isə “301” kimi qeyd olunması, həmin 301 saylı bağ sahəsinin digər protokoldan çıxarışa əsasən Qasımov Əlinin razılığı ilə digər şəxsin istifadəsinə verilməsi, torpaq sahəsinin tam şəkildə yaxınlıqdan keçən d=325.0 mm olan qaz xəttinin mühafizə zonasında yerləşməsi, göstərilən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil etməsi, yəni "310-312" nömrəli bağın bu yerə aidiyyətinin olmaması və çox hissəsinin bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşməsi, sözügedən əraziyə digər şəxsin müraciətinin olması” ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın iddiaçının tələbindən imtina edilməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, “Daşınmaz Əmakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində saxlanılan “üzvlərin siyahısı”nda iddiaçının ad və soyadı qeyd olunub, onun ata adının qeyd olunmaması isə iddiaçının iradəsindən asılı olan məsələ olmamış və buna görə də məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Cavabdeh inzibati orqan mübahisə obyekti olan bağ sahəsinin yaxınlıqdan keçən mərkəzi qaz xəttinin (325 mm-lik) mühafizə zonasında yerləşdiyini bildirilsə də, buna dair heç bir tutarlı sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir. Məhkəmə sorğusuna əsasən SOCAR-ın xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, UTM WGS 84 koordinat sistemində X 440135 Y 4473535, X 440178 Y 4473506, X 440190 Y 4473527, X 440165 Y 4473542, X 440147 Y ******* koordinatlarda olan 1166 kv.m torpaq sahəsi SOCAR-ın istismarında olan qaz boru kəmərlərinin mühafizə zonası xaricində yerləşir. Digər tərəfdən, İddiaçı “Avtomobilçi” bağçılıq cəmiyyəti tərəfindən Dünbəndi qəsəbəsi, 17-ci Cənub küçəsində ayrılmış 310 və 312 saylı bağ sahələri ərazidəki 325 mm-lik qaz xəttinin mühafizə zonasında yerləşsə belə, mövcud qanunvericilik normalarının, daha dəqiq desək, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7 və 15-ci maddələrinin tələbləri torpaq sahəsinin “qaz xəttinin mühafizə zonasında yerləşməsi”ni ona hüququn qeydiyyata alınmasından imtina üçün əsas kimi müəyyən etmir. Adı çəkilən Qanunun 8.0.8-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici (Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş siyahıda sadalanan) sənədlər torpaq sahəsinin müvafiq mühafizə zonalarına düşdüyü hallarda qeydiyyata alınma üçün əsas kimi çıxış edə bilməz. Cavabdeh tərəf imtina məktubunda qeyd etməsə də, iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edərkən bildirmişdir ki, 310 və 312 saylı bağ sahələrinin qeydiyyata alınması ilə bağlı digər fiziki şəxsin müraciəti olmuşdur. Bu barədə birinci instansiya məhkəməsi tərəfindən araşıdrma aparılarkən üçüncü şəxs qismində işə cəlb edilmiş X11 notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək, 310 və 312 saylı bağ sahələrinin iddiaçının adına özəlləşdirilməsinə etirazının olmadığını və gələcəkdə həmin bağ sahələrinə münasibətdə hər hansı tələbinin olmayacağını bildirmişdir. Hansı ki, əvvəllər X5 Dünbəndi qəsəbəsi, 17-ci Cənub küçəsində ayrılmış 310 və 312 saylı bağ sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etdiyi müəyyən olunur. İşdə olan “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətinin idarə heyətinin yığıncağının 34 saylı xx.xx.2000-ci il tarixli protokolundan görünür ki, Cəmiyyətdə boş saxlanılmış 17-ci Cənub küçəsi 310 və 312 saylı sahəsi 1000 kv.m. olan bağ sahələri X7 verilmiş, eyni zamanda torpaq sahəsinin daş qaya olmasına görə həmin sahələrdən yazılı olaraq imtina etmişdir. Bununla bağlı həmin 310 və 312 saylı sahəsi 1000 kv.m. olan bağ sahələrinin zavodun işçisi və siyahıda adı olan İddiaçı daimi istifadədən ötrün verilməsi qərara alınmışdır. Beləliklə, hazırki vəziyyətdə X5 iddiaçının iddia etdiyi bağ sahələrinə dair hər hansı tələbinin olmadığı müəyyən olunur, buna görə də apellyasiya baxışı zamanı həmin şəxsin 3-cü şəxs statusu da ləğv olunmuşdur. Göstərilən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil etməsi, yəni "310-312" nömrəli bağın bu yerə aidiyyətinin olmaması və çox hissəsinin bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşməsinə münasibətdə qeyd olunur ki, bu uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaq vəzifəsi cavabdeh inzibati orqana aid edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə görə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Həmçinin iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi bağ torpaq sahəsinin sxematik xəritəyə uyğun olmaması ilə bağlı hər hansı təqsiri olmadığı üçün cavabdeh inzibati orqanın öz vəzifəsinin yerinə yetirilməməsi ilə bağlı məsuliyyət iddiaçının üzərinə qoyula bilməz və onun qanuni və əsaslı olan tələbinin təmin olunmasından imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu mövqe həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının bir sıra qərarlarında da sərgilənmişdir (məs: 2- 1(102)-1415/2020 saylı və 2-1(102)-2826/2019 saylı inzibati işlər). Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçıya müvafiq olaraq 310 və 312 saylı bağ sahələrinin ayrılması barədə cavabdeh qurumun arxivində saxlanılan “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətinin idarə heyətinin yığıncağının 28 nömrəli 14 avqust 1998ci il tarixli protokolu və 34 saylı xx.xx.2000-ci il tarixli protokolu mövcuddur, hansı ki, hazırda da həmin sənədlər qüvvədədir və yuxarıda adı çəkilən qanunvericilik normalarına görə iddiaçının adına iddia etdiyi bağ sahələrinin sənədləşdirilməsi üçün yetərli sənədlərdir. Qeyd olunan protokollara əsasən 310 və 312 saylı bağ sahələri iddiaçının daimi istifadəsinə verilmişdir ki, hazırda da həmin bağ sahələri faktiki olaraq da iddiaçının istifadəsindədir. Nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan bağ sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının adına sənədləşdirilməsi qənaətinə gəldiyi bağ sahələrinin birinin nömrəsində texniki səhvə yol verərək, qərarının nəticə hissəsində onun nömrəsini “312” əvəzinə “321” olaraq göstərmişdir ki, bu hal da kobud pozuntu kimi qəbul edilmədiyindən məhkəmə qərarının məhz bu səbəblə ləğv edilməsi üçün də əsas yaratmır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar “iddiaçının adına mülkiyyət hüququnun qeydə alınaraq reyestrdən çıxarışın verilməsi qənaətinə gəlinən bağ sahələrinin nömrəsi “310” və ”312” göstərilməklə” dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1775/2023 saylı 07 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1775/2023 saylı 07 avqust 2023-cü il tarixli qərarı “iddiaçının adına mülkiyyət hüququnun qeydə alınaraq reyestrdən çıxarışın verilməsi qənaətinə gəlinən bağ sahələrinin nömrəsi “310” və ”312” göstərilməklə” dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-813/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-813/2024
17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver