Məhkəmə qərarları › İş №2-1(103)-814/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-814/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-814/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı «tikinti işlərinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması və bu məhdudiyyətlərin qadağan edilməsi»nə dair iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1819/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı «vurulmuş maddi ziyanın ödənilməsi, tikinti işlərinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması və bu məhdudiyyətlərin qadağan edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1 noyabr 2023-ci il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini almışdır. Onun həmin evə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə reyestrdən çıxarış verilmişdir. Fərdi yaşayış evi qəzalı vəziyyətdə olduğundan, iddiaçı onun sökülərək yerində layihə əsasında yenidən fərdi yaşayış evinin tikintisi ilə bağlı məlumatlandırma icraatı qaydasında cavabdeh Binəqədi RİH-ə müraciət etmişdir. RİH-də müraciətə baxıılmış və onun göstərilən faktlar təsdiqini tapdığından, "xxxx" MMC tərəfindən işlənmiş inşası nəzərdə tutulan zirzəmili, iki mərtəbəli fərdi yaşayış evinin layihəsi təsdiq olunaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə əsasən razılaşdırılmış, iddiaçıya bu barədə müvafiq icazə məktubu verilmişdir. İddiaçı fərdi yaşayış evini söküb, Binəqədi RİH tərəfindən təsdiq olunmuş layihə əsasında yeni evi tikməyə başlamışdır. Müəyyən həddə tikinti işləri aparıldıqdan bir müddət sonra Binəqədi RİH tərəfindən tikntinin aparılması dayandırılmışdır. Uzun zaman keçməsinə baxmayaraq iddiaçıya tikinti işlərini davam etdirməyə imkan verilmir. 19 May 2022-ci il tarixdə qeyd olunan layihə əsasında tikinti işləri davam etdirilən zaman Binəqədi RİH-in nümayəndələri və polis əməkdaşları gəlib qeyriqanuni olaraq tikintini dayandırmışlar. Tikilmiş beton daşıyıcı divarlar əraziyə gələnlər tərəfindən sökülüb dağıdılmışdır. Nəzərə alınmalıdır ki, iddiaçı evi Binəqədi RİH ilə razılaşdırılmadan sonra sökmüşdür. Yeni tikinti işlərini də müəyyən qədər aparıb xərc qoymuşdur. Buna baxmayaraq, Binəqədi RİH hüququndan və səlahiyyətlərindən sui istifadə edərək aparılan tikintini qeyri-qanuni olaraq sökməklə və tikintini dayandırmaqla iddiaçıya külli miqdarda zərər vurmuşdur. Belə ki, aldığı evin dəyəri 2012-ci ildə 572.320 manat olmuşdur ki, həmin ev sökülmədən saxlanıldığı halda, hazırda onun dəyəri təxminən 2.000.000 manat olardı. Evin sökülməsi özlüyündə ona vurulmuş zərərdir, eyni zamanda iddiaçı tikinti işlərinə görə 170.000 manatdan artıq vəsait xərcləmişdi ki, həmin tikinti də cavabdeh tərəfindən qanunsuz olaraq sökülməklə yararsız vəziyyətə salınmışdır. Cavabdeh Binəqədi RİH=in ümumilikdə iddiaçıya vurmuş olduğu zərər 2.170.000 manatdan artıqdır. İddiaçı hesab edir ki, cavabdehin hərəkətləri qeyriqanuni hesab olunmalı, ona vurulan zərər cavabdeh tərəfindən ödənilməli və tikinti işlərinin aparılmasına qoyulan məhdudiyyətin aradan qaldırılması cavabdehə həvalə olunmalıdır. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə görə mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0" səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. İddiaçı qanunvericiliyin bu tələblərinə uyğun olaraq məlumatlandırma icraatı qaydasında Binəqədi RİH-ə müraciət etmiş və həmin tikinti ilə bağlı tələb olunan bütün qanuni işləri həyata keçirmişdir. Ona bundan sonra tikintiyə icazə sənədi də verilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. İddiaçıya qanunda göstrərilmiş formada hər ahnsı bir irad bildirilmədən, rəsmi olaraq hər hansı bir etiraz məktubu daxil olmadan qəflətən apardığı tikinti cavabdeh tərəfindən qanunsuz olaraq sökülmüşdür. «Yerli icra hakimiyyəti haqqında» Əsasnamənin 3.1.3-cü maddəsinə əsasən yerli icra hakimiyyəti müvafiq ərazidə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini və həyata keçirilməsini, mülkiyyətin və ictimai asayışın qorunmasını təmin etməlidir. Əsasnamənin və qanunların tələbinə zidd olaraq cavabdeh mənim hüquqlarımı pozur və mənə külli miqdarda zərər vurur. Göstərilənlərə əsaslanaraq, cavabdeh Binəqədi RİH-nin hərəkətlərinin qeyri-qanuni hesab olunması, iddiaçıya vurulan 2.170.000 manat maddi ziyanın cavabdehdən tutulub ödənilməsi, tikinti işlərinin apanlmasına qoyulan məhdudiyyətin aradan qaldırılması və tikinti işlərinin aparılmasına yaradılmış məhdudiyyətin cavabdehə qadağan olunmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmənin 12 yanvar 2023-cü il tarixli qərardadı ilə Bakı ŞİH və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində (adi cəlbetmə qaydasında) cəlb olunmuşdur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş «Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları»nın 4.2-1-ci bəndinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinə münasibətdə tikinti barədə məlumatlandırılan orqan (qurum) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin ikinci cümləsi ilə müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini Reyestrə təqdim edir. Lakin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair məlumatlar Reyestrə daxil edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilməmişdir. Dövlət şəhərsalma nəzarəti çərçivəsində monitorinq həyata keçirilmiş və monitorinq nəticəsində ünvan 2 ünvanında 790 kv.m sahədə təyinatı məlum olmayan tikinti işlərinin aparılması müşahidə olunmuşdur. Hesab olunur ki, iddia əsassızdır. Göstərilənlərə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Daha sonra iddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və Bakı şəhəri İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və şəhərsalma Baş İdarəsi işə cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. Məhkəmənin 25 iyun 2023-cü il tarixli qərardadı ilə həmin qurumlar inzibati məhkəmə icraatına onların üçüncü şəxs qismində prosessual iştirakına xitam verilməklə cavabdeh kimi cəlb olunmuşlar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1819/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qərardadı ilə iddia “vurulmuş maddi ziyanın ödənilməsi” hissəsində və cavabdeh Bakı ŞİHə münasibətdə mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1819/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, cavabdehlər Bakı şəhəri Binəqədi RİH-in və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin İddiaçı ünvan 3 ünvanında tikinti işləri aparmasına müdaxiləsi qanunsuz sayılmış, cavabdehlər Bakı şəhəri Binəqədi RİH-in və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin İddiaçı ünvan 3 ünvanında tikinti işləri aparmasına məhdudiyyətinin aradan qaldırılması və bu hərəkətlərin cavabdehlərə qadağan olunması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə əsasən Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 4.2-1-ci bəndinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinə münasibətdə tikinti barədə məlumatlandırılan orqan (qurum) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin ikinci cümləsi ilə müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti obyektlərinin tikinti layihəsinin memarlıq- planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini Reyestrə təqdim edir. Lakin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair məlumatlar Reyestrə daxil edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilməmişdir. Eyni zamanda bildirirlər ki, Dövlət şəhərsalma nəzarəti çərçivəsində monitorinq həyata keçirilmiş və monitorinq nəticəsində ünvan 2 ünvanında 790 m2 sahədə təyinatı məlum olmayan tikinti işlərinin aparılması müşahidə olunmuşdur. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 və məlumat üçün Bakı Şəhər İcra Hakimiyyətinə xx.xx.2022-ci il tarixli MİHO/2.1.1-2-2022-2154 nömrəli məktub ünvanlanmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 24.11,2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 1.2-ci bəndinə uyğun olaraq dövlət şəhərsalma nəzarətini respublika səviyyəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Həmin Qaydaların 2-ci hissəsinə əsasən dövlət şəhərsalma nəzarətinin məqsədi şəhərsalma fəaliyyəti sahəsində qanunvericiliyin tələblərinin pozulması hallarının qarşısının alınması, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin şəhərsalma fəaliyyətinin təsdiq edilmiş ərazi planlaşdırılması sənədlərinin (ümumi planlar, baş planlar, müfəssəl planlar) tələblərinə uyğun həyata keçirilməsi, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunması, ərazi planlaşdırılması sənədlərinin keyfiyyətinin yüksəldilməsi, şəhərsalmanın nizamlı inkişafı, torpaqlardan səmərəli istifadə, insanların həyatına, sağlamlığına və əmlakına zərər vurulmasının qarşısının alınması, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi, tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı tələblərin yerinə yetirilməsini təmin etməkdən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.11.5-ci yarımbəndinin tələblərinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə bağlı aşağıdakı halları aşkar etdikdə tikinti işlərinin dayandırılmasını sifarişçiyə (podratçıya) yazılı qaydada tövsiyə edir, tikinti işlərinin dayandırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini məlumatlandırır və bu barədə bütün məlumatları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 1.5-ci bəndinin tələblərinə əsasən tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi səlahiyyətləri Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Nazirliyin Tikintidə Təhlükəsizliyə X5 və Tikintidə Təhlükəsizliyə X5nin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirilir. Yuxarıda qeyd edilən fərmanlardan görünür ki, müvafiq dövlət orqanları öz səlahiyyətləri daxilində tikinti-quraşdırma işlərinin aparılmasına nəzarəti həyata keçirirlər. Bakı İnzibati Məhkəməsinin çıxardığı qərar isə dövlət orqanlarının öz səlahiyyətləri çərçivəsində nəzarətin həyata keçirilməsinin qarşısını alır. Məhkəmə qərarında qeyd olunanlardan da görünür ki, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar məhkəmə tərəfindən düzgün və ətraflı araşdırılmamışdır. Belə ki, təqdim edilmiş sübutlarda bütün faktiki hallar göstərilməmişdir. Sözügedən tikinti obyektinin icazəsinə dair məktub tikintiyə icazə sənədi hesab edilə bilməz. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən göründüyü kimi, iddia tələbi hər iki cavabdehə münasibətdə təmin olunsa da, cavabdehlərdən yalnız biri tərəfindən apellyasiya şikayəti verildiyindən, Məhkəmə kollegiyası yalnız cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə münasibətdə məhkəmə qərarını yoxlayır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.4-cü maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia), 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: -1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. -75.13-cü maddəsinə əsasən tikintiyə icazə barədə qərarın əsli və tikinti layihəsinin bir nüsxəsi müvafiq icra hakimiyyəti orqanında (qurumda) saxlanılır. Bu qayda barəsində məlumatlandırma icraatının aparıldığı obyektlərin tikinti layihəsinə də şamil edilir. -80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. -80.2-ci maddəsinə görə barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. -80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. -80.5-ci maddəsinə görə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. -80.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsində müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. -92.1-ci maddəsinə əsasən bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir: ( 92.1.1) tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; (92.1.2) tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda; (92.1.3) bu Məcəllə ilə nişanlanması tələb edildiyi halda tikintidə nişanlanmamış və ya qanunsuz nişanlanmış tikinti materiallarından və məmulatından istifadə edildikdə; (92.1.4) tikinti işlərinə bu Məcəllənin 51-ci maddəsində nəzərdə tutulmuş peşə sahələri üzrə müvafiq ixtisası və sertifikatı olmayan şəxslər cəlb edildikdə. -92.2-ci maddəsinə əsasən bu Məcəllənin 92.1-ci maddəsində nəzərdə tutulmuş yazılı göstərişdə hər bir pozuntu ayrıca təsvir olunur və həmin pozuntunun sifarişçi (podratçı) tərəfindən aradan qaldırılması üçün ağlabatan müddət müəyyən edilir. -92.3-cü maddısinə görə sifarişçi (podratçı) bu Məcəllənin 92.2-ci maddəsinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq pozuntuların aradan qaldırıldığı barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verdiyi, belə məlumatın verilmədiyi hallarda isə, həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı gündən ən geci 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq icra hakimiyyəti orqanı sifarişçiyə (podratçıya) icrası yoxlanılmış yazılı göstərişin icra olunmayan hissəsində yenidən yazılı göstəriş təqdim edir. -92.4-cü maddəsinə görə tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir: (92.4.1) tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə; ( 92.4.2) tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda; (92.4.3) bu Məcəllənin 92.1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda; (92.4.4) bu Məcəllənin 92.1.2-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 6 ay müddətində aradan qaldırılmadıqda; (92.4.5) bu Məcəllənin 92.1.3-cü və 92.1.4-cü maddələrində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanının - 4- cü bəndinə əsasən: (4.7) həmin Məcəllənin 80.4-cü maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində və 80.6-cı maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. - (4.7-1) həmin Məcəllənin 75.13-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə – həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsinə əsasən, tikintiyə icazə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə verilməklə) Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – yanındakı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir; (4.10) həmin Məcəllənin 80.5-ci maddəsində, 92.1-ci maddələrində, 92.3-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 92.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş «Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları»nın: -4.2-1-ci bəndinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinə münasibətdə tikinti barədə məlumatlandırılan orqan (qurum) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin ikinci cümləsi ilə müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini Reyestrə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Reyestrin internet səhifəsində yerləşdirilir. İnzibati İcraat haqqında Qanunun: -11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. -13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarından görünür ki: -01 noyabr 2012-ci il tarixdə satıcı X4 ilə alıcı İddiaçı arasında ilə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair notarial qaydada alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə ilə satıcı sözügedən evi müvafiq haqq müqabilində alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 28 noyabr 2013-cü il tarixdə qeydiyyat alınmış və bu barədə RX seriyalı ******* nömrəli reyestrdən çıxarış verilmişdir. -27 noyabr 2013-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasport tərtib edilmişdir. -Bakı şəhəri Binəqədi RİH-in İddiaçı ünvanlanmış məktubunda aşağıdakılar bildirilmişdir: Fərdi yaşayış evinin istismara yararsız olması ilə əlaqədar sökülərək təqdim olunmuş layihə əsasında yenidən tikintisinə dair məlumatlandırma icraatı barədə Binəqədi RİH-ə daxil olmuş müraciətə baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar təqdim edilmiş sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən 28 noyabr 2013-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsinin yerləşdiyi 1.042 kv.m torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 12 dekabr 2012-ci il tarixdə A seriyalı 423493 saylı “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. İstismara yararsız olması səbəbindən sökülərək yerində yenidən inşası nəzərdə tutulmuş zirzəmili, iki mərtəbəli fərdi yaşayış evinin layihəsi "xxxx" MMC tərəfindən işlənilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə təqdim edilən sənədlər aşağıdakı şərtlər daxilində razılaşdırılır: Tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun razılaşdırılmış eskiz layihə əsasında aparılmalıdır. Tikinti işləri aparılan sahədə mühəndisi-kommunikasiya xətləri qeydə alınarsa, aidiyyəti təşkilatlarla razılaşdırmaqla onların sahədən köçürülməsi sifarişçinin öz vəsaiti hesabına həyata keçirilməlidir. Tikinti işləri aparılarkən ətraf ərazi sanitar-texniki normalara və yanğından mühafizə qaydalarına riayət edilməklə saxlanmalı, qanunvericiliklə müəyyən edilmiş prinsiplərinə riayət edilməlidir. Qeyd etmək lazımdır ki, mövcud məlumatlandırma icraatının tətbiq olunduğu halda tikinti işləri razılaşdırılmış layihənin memarlıqplanlaşdırma bölməsinə uyğun aparıldığı təqdirdə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müddıalarına əsasən tikinti işlərinin dayandırılması istiqamətində tədbirlər görüləcəkdir. -ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin layihəsi Bakı şəhəri Binəqədi RİH tərəfindən 10 yanvar 2014- cü il tarixdə “Razılaşdırılmışdır” ştampı ilə (nömrə B286) təsdiqlənmişdir. Hazırkı işin hallarına görə İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin sökülərək yerindən məlumatlandırma icraatı üzrə müvafiq layihəyə uyğun yeni fərdi yaşayış evinin tikintisi ilə bağlı aidiyyəti səlahiyyətli qurum olan cavabdeh inzibati orqan Bakı şəhəri Binəqədi RİH-ə müraciət etmiş və həmin orqan həmin layihəyə dair hər hansı irad bildirməmiş, hətta layihəni təsdiqləməklə onunla razılaşmasını nümayiş etdirmişdir. Lakin bundan sonra iddiaçı fərdi yaşayış evinin tikintisinə başlayarkən, cavabdehlər tərəfindən ona həmin işlərin həyata keçirilməsinə maneələr yaradılmışdır. İddiaçı hazırda cavabdehlərin hərəkətlərini mübahisələndirir. Apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, mövcud qanunvericiliyin yuxarıda qeyd olunan normaları mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan müvafiq fərdi yaşayış evlərinin tikintisi ilə bağlı tikintiyə icazə istisna etmiş və sadələşdirilmiş icraat növü – məlumatlandırma icraatı müəyyən etmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, mülkiyyətində olan fərdi yaşayış evi qəzalı vəziyyətdə olduğundan, sökülərək yerində layihə əsasında yenidən fərdi yaşayış evinin tikintisi ilə bağlı məlumatlandırma icraatı qaydasında müvafiq müraciətinə inzibati orqan tərəfindən müsbət cavab verildiyindən, yəni layihə ona irad bildirilmədən (razılaşdırılmaqla) səlahiyyətli qurum kimi hazırkı cavabdeh Bakı şəhəri Binəqədi RİH tərəfindən təsdiqləndiyindən, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən iddiaçı fərdi yaşayış evinin tikintisinə başlamaqda haqlı olmuşdur. Apellyasiya şikayətinin “Müvafiq müddət bitdiyi gündən 3 iş günü ərzində apardığı tikintinin layihəsinin reyestrə (Şəhərsalma və Arxitektira Komitəsinə) təqdim edilməməsi” dəlilinə münasibətdə isə qeyd olunmalıdır ki, tikintinin layihəsinin reyestrə (Şəhərsalma və Arxitektira Komitəsinə) təqdim edilməməsi iddiaçının iradəsindən asılı olan hal deyil və tikintinin layihəsinin reyestrə təqdim edilməsi məlumatlandırma icraatını aparan orqanın məsuliyyət dairəsinə düşür. Həmçinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tikintinin dayandırılması üzrə icraatı tənzimləyən müddəaları bu səlahiyyət üzrə müvafiq orqan kimi yerli icra hakimiyyəti orqanını, eləcə də Şəhərsalma və Arxitektura Komitəsini (və ya onun tabeliyindəki qurumu) müəyyən etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanı ilə bu sahədə səlahiyyətli orqan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi müəyyən edilmişdir. İddiaçı tərəfindən məlumatlandırma icraatı çərçivəsində müvafiq tikinti işlərinin layihənin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmamasının müəyyən edilməsi də məhz həmin qurumun (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) səlahiyyətindədir. Beləliklə, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında tikinti işləri aparmasına cavabdehlər Bakı şəhəri Binəqədi RİH-in və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin müdaxiləsi qanuna, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 11, 13, 17-ci maddələrinin tələblərinə zidd qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1819/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar