Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-814/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı “torpaq və əmlak vergisinin hesablanması barədə qərarının ləğv edilməsi tələbinə dair” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5312/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən əmlaka və torpaq sahəsinə görə yaranmış 4001,20 manat məbləğində borcun bələdiyyənin büdcəsinə ödənilməsinə onun məcbur edilməsi barədə M.Ə.Rəsulzadə Bələdiyyəsinin 14/90-18 nömrəli xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.32.1). İddia ərizəsi aşağıdakılarla əsaslandırmışdır: “...M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi 10E ünvanda 0.17906 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 1614.7 kv.m daşınmaz əmlak onun mülkiyyətindədir və onun həmin əmlak üzərində xx.xx.2011-ci il tarixdə dövlət qeydiyyatına alınması barədə adına MA seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd edilən əmlakın yerləşdiyi 0.17906 ha torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. Belə ki, həmin torpaq sahəsinin icarəyə götürülməsi barədə Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi və iddiaçı arasında xx.xx.2011-ci il tarixdə 1434 №-li, daha sonra isə xx.xx.2017-ci il tarixdə 216/1484 nömrəli icarə müqaviləsi bağlanmışdır. O, bağlanmış icarə müqaviləsinin şərtlərinə uyğun məbləğdə və vaxtda icarə haqqını dövlət büdcəsinə ödəmiş və onun müqavilə üzrə hər hansı məbləğdə borcu yoxdur. Bu yaxınlarda iddiaçıya məlum olmuşur ki, cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi onun barəsində 14/90-18 №-li, xx.xx.2023- cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərarla, ünvan 2 ünvanda yerləşən əmlaka və torpaq sahəsinə görə yaranmış 4.001,20 manat məbləğində borcun Bələdiyyə büdcəsinə ödənilməsinə onun məcbur edilməsi qərara alınmışdır. Həmin qərardan məlumatlı olmamış, rəsmi qaydada ona təqdim olunmamışdır. Həmin inzibati aktın mövcudluğundan icra məmuru vasitəsilə şifahi qaydada xx.xx.2023-cü il tarixdə iddiaçının məlumatı olmuşdur. Bundan sonra, həmin qərar iddiaçı tərəfindən qeyrirəsmi qaydada əldə edilmişdir. Bundan başqa, M.Ə.Rəsulzadə Bələdiyyəsi xx.xx.2023-cü il tarixli qərarı qəbul edərkən, “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl etməmiş, inzibati icraat açmamış, inzibati icraat barədə İddiaçı məlumat verməyərək, onun iştirakını təmin etməmiş, mübahisələndirilən qərarı qəbul etməzdən əvvəl onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında iddiaçıya məlumat verməmiş, iddiaçının mülahizəsini dinləməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, İddiaçı həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməmiş, icraatla bağlı məlumat almaq hüququnu pozmuşdur. Cavabdehin yazılı formada təsbit olunmuş inzibati aktı yazılı şəkildə əsaslandırılmamış, inzibati aktda borcun hesablanması qaydası göstərilməmiş, əsaslandırılma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməmişdir. Ödəniş hesablanmış torpaq sahəsi bələdiyyəyə məxsus deyildir. Həmin torpaq sahəsi dövlət fonduna aid torpaqdır və bu torpaq sahəsindən istifadəyə görə İddiaçı, onunla müvafiq dövlət orqanı arasında bağlanmış icarə müqaviləsinə əsasən icra haqqını vaxtlıvaxtında ödəyir, onun dövlətə icarə haqqı ilə bağlı borcu yoxdur. Həmçinin M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən İddiaçı barəsində əvvəllər xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə inzibati aktlar qəbul edilmiş, İddiaçı həmin inzibati aktları məhkəmə qaydasında mübahisələndirmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 945/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin olunmuş, Bələdiyyənin qəbul etdiyi xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli inzibati aktları (qərarları) ləğv edilmişdir...” Cavabdeh iddia ərizəsinə dair yazılı etirazında iddianı qəbul etməmiş və bunu aşağıdakılarla əsaslandırmışdır: “Dövlət və bələdiyyələr mülkiyyətində olan torpaqlara görə torpaq vergisi tədiyyəçisi olmadığı üçün belə torpaqlar fiziki şəxslərin icarə və digər əsaslarla istifadəsinə verildiyi andan həmin torpaqlar vergitutma obyekti sayılır və torpaq vergisi onu icarə və digər əsaslarla istifadəyə götürən fiziki şəxslər tərəfindən bələdiyyə büdcəsinə ödənilir. Dövlət və bələdiyyələr torpaq vergisi tədiyyəçiləri olmadığı üçün dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini qanunvericiliyə uyğun olaraq fiziki şəxslərin icarəsinə verdikdə bələdiyyə torpaqları üzrə müəyyən olunmuş icarə haqqı və həm dövlət, həm də bələdiyyə torpaqları üzrə hesablanmış torpaq vergisi məbləği icarəçi tərəfindən ayrıayrılıqda təyinatları üzrə bələdiyyə büdcəsinə ödənilir. Digər tərəfdən icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarə müqaviləsi ilə müəyyənləşdiyi halda, torpaq vergisinin ödənilməsi qaydaları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin, “Yerli vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun və digər sahəvi normativ aktların tələblərinə əsasən müəyyən olunur. Nəzərə alınmalıdır ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri əsas götürülərək, mülkiyyətində torpaq sahəsi olan fiziki şəxslərlə yanaşı, icarəsində (istifadəsində) dövlət və bələdiyyə torpaqları olan fiziki şəxslərdə bələdiyyədə ödəyici kimi uçota götürülür. Odur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi - 10E ünvanında MA seriyalı ******* nömrəli çıxanşa əsasən fiziki şəxs İddiaçı mülkiyyətində olan 1614,7 kv.m-dən ibarət olan qeyri-yaşayış binasına və binanın yerləşdiyi qanuni istifadə də olan 0,17906 ha (1790,6 m2 ) torpaq sahəsinə görə əmlak, torpaq vergisi ödəyicisi qismində, eləcədə həmin ünvanda dövlət mülkiyyətində olan və Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi ilə 28 may 2017-ci il tarixdə bağlanmış 216/1484 nömrəli icarə müqaviləsinə əsasən icarəyə götürdüyü 15003,0 kv.m torpaq sahəsinə görə torpaq vergisi ödəyicisi qismində ayrı-ayrılıqda o, bələdiyyənin vergilər şöbəsində uçota götürülmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə imzalanmış 28 mart 2017ci il tarixli, 216/1484 nömrəli müvəqqəti torpaq icarəsi müqaviləsinə əsasən icarə əsasında fiziki şəxs İddiaçı istifadəsinə ayrılmış olan 15003,0 torpaq sahəsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.3- cü maddəsinə əsasən illik 2000,06 (iki min manat, 06 qəpik) manat olmaqla ona bələdiyyədə 2022-2023-cü illərə görə 4001,20 (dörd min bir manat, 20 qəpik) manat torpaq vergisi hesablanmışdır. xx.xx.2023-cü il tarixli, 03/840 saylı məktubla (TV10xx-xx-17679 nömrəli Tədiyyə bildirişi əlavə olunmaqla) borclu İddiaçı müraciət edilmiş, qanunvericiliyin tələbindən irəli gələn hallar izah olunmaqla hesablanmış vergi məbləğinin 15 (on beş) gün ərzində bələdiyyə büdcəsinə ödənilməsi ondan tələb edilmişdir. Müraciətdən məlumatlı olan İddiaçı bələdiyyənin sahə müfəttişi ilə mobil telefon əlaqəsi yaratmış, sözügedən torpaq sahəsinin bələdiyyəyə deyil, dövlətə məxsus olduğunu, bu səbəbdən də bələdiyyə vergi ödəməyəcəyini qeyd edərək, bələdiyyəyə qarşı məhkəmədə iddia qaldıracağını bildirmişdir. İddiaçı bələdiyyəyə dəvət edilsə də, bələdiyyəyə gəlməyəcəyini və onlarla məhkəmədə görüşücəyini söyləmişdir. Belə olan təqdirdə vergi borcunun ödətdirilməsi ilə bağlı onun barəsində bələdiyyə tərəfindən xx.xx.2023-cü il tarixli, 14/90-18 saylı qərar (inzibati akt) qəbul edilmişdir. Qərar xx.xx.2023-cü il tarixli 3/1092 nömrəli müşayətedici məktubla məlumat üçün İddiaçı göndərilmişdir. Bələdiyyə büdcəsinə yaranmış borc məbləğinin ödənişi könüllü təmin edilmədiyindən, bələdiyyənin borclu B.Ə.Adığözəlov barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 14/90-18 nömrəli qərarı məcburi icra edilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixli, 03/1122 nömrəli məktubla Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5312/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “… Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5312/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı əsassızdır. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi 10E ünvanda 0.17906 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 1614.7 kv.m daşınmaz əmlak İddiaçı mülkiyyətindədir və onun həmin əmlak üzərində xx.xx.2011 -ci il tarixdə dövlət qeydiyyatına alınması barədə adına MA seriyalı ******* №-li daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd edilən əmlakın yerləşdiyi 0.17906 ha torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. Belə ki, həmin torpaq sahəsinin icarəyə götürülməsi barədə Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi və İddiaçı arasında xx.xx.2011 -ci il tarixdə 1434 №-li, daha sonra isə xx.xx.2017-ci il tarixdə 216/1484 №-li icarə müqaviləsi bağlanmış və müqavilə şərtlərinə uyğun məbləğdə və vaxtda icarə haqqını dövlət büdcəsinə ödəmiş və onun müqavilə üzrə hər hansı məbləğdə borcu yoxdur. M.Ə.Rəsulzadə Bələdiyyəsinin qərarı ilə ünvan 2 ünvanda yerləşən ona məxsus əmlaka, habelə əmlakın yerlədiyi icarədə olan torpaq sahəsinə görə, 4.001,20 manat məbləğində verdi borcu hesablanmışdır. Əvvəlla, bələdiyyənin qərarından məlumatı olmamış, həmin qərar rəsmi qaydada iddiaçıya təqdim olunmamışdır. Həmin inzibati aktın mövcudluğundan icra məmuru vasitəsilə şifahi qaydada məlumatı olmuşdur. Bundan sonra həmin qərar iddiaçı tərəfindən qeyri-rəsmi qaydada əldə edilmişdir. Həmin qərar İddiaçı rəsmi qaydada verilməmişdir. Bundan başqa, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi 14/90-18 №-li cü il tarixli inzibati aktı (qərarı) qəbul edərkən, “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl etməmiş, inzibati icraat açmamış, inzibati icraat barədə İddiaçı məlumat verməyərək, onun iştirakını təmin etməmiş, mübahisələndirilən qərarları qəbul etməzdən əvvəl onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında iddiaçıya məlumat verməmiş, iddiaçının mülahizəsini dinləməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, İddiaçı həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməmiş, icraatla bağlı məlumat almaq hüququnu pozmuşdur. Bunlardan başqa, cavabdehin yazılı formada təsbit olunmuş inzibati aktı yazılı şəkildə əsaslandırılmamış, inzibati aktda borcun hesablanması qaydası göstərilməmiş, əsaslındırılma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməmişdir. Ödəniş hesablanmış torpaq sahəsi bələdiyyəyə məxsus deyildir. Həmin torpaq sahəsi dövlət fonduna aid torpaqdır və bu torpaq sahəsindən istifadəyə görə İddiaçı, onunla müvafiq dövlət orqanı arasında bağlanmış icarə müqaviləsinə əsasən icra haqqını vaxtlıvaxtında ödəyir, onun dövlətə icarə haqqı ilə bağlı borcu yoxdur. Həmçinin, bələdiyyə tərəfindən barəsində əvvəllər xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə inzibati aktlar qəbul edilmişdir. Həmin inzibati aktları məhkəmə qaydasında mübahisələndirmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 945/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin olunmuş, Bələdiyyənin qəbul etdiyi xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli inzibati aktları (qərarları) ləğv edilmişdir. Bakı İnzibati Məhkəməsi öz qərarının 7-ci səhifəsində göstərmişdir ki, “İddiaçı iddia ərizəsində tədiyyə bildirişi və qəbul edilmiş qərar barədə məlumatlı olmadığını bildirsə də, iş materiallarından görünür ki, cavabdeh həmin sənədləri poçt vasitəsilə iddiaçıya təqdim etmişdir.” Halbuki sözügedən bildiriş və qərardan İddiaçı xəbəri olmamışdır, ona rəsmi qaydada təqdim edilməmişdir, eyni zamanda poçt vasitəsilə göndərilməmişdir. İddiaçı sonradan icra məmuru vasitəsilə belə bir qərar verildiyini bilmişdir. Bundan başqa bir daha vurğulayır ki, cavabdeh tərəfindən tədiyyə bildirişi tərtib olunmamış və İddiaçı göndərilməmiş və ya şəxsən təqdim edilməmişdir. Bunun əksini, yəni tədiyyə bildirişinin tərtib olunaraq iddiaçıya göndərilməsini təsdiq edən hər hansı sübut, o cümlədən poçt xəbərnaməsi və ya iddiaçının imzası olan tədiyyə bildirişinin kötüyü məhkəməyə təqdim olunmamışdır. Məhkəmələr tərəfindən vergi ödəyicisi tərəfindən tədiyyə bildirişinin alınmasını təsdiq edən hal yalnız o zaman qəbul olunur ki, seriya nömrəsi eynilik təşkil etməklə tədiyyə bildirişinin kötüyündə vergi ödəyicisinin imzası mövcud olsun. Lakin belə bir sənəd mövcud deyil. Çünki İddiaçı həmin sənəd göndərilməmiş və ya təqdim olunmamışdır. Göründüyü kimi, M.Ə.Rəsulzadə Bələdiyyəsi ona qarşı olan qərəzli münasibətini davam edərək, yenə də onun barəsində əsassız və qanunsuz inzibati akt (qərar) qəbul etmişdir. Onun istifadəsinə verilmiş torpaq sahəsinin ölçüləri 1.790.6 kv.m təşkil edir. Hazırda mübahisələndirdiyi qərarla ona 2022- 2023-cü illər üzrə cəmi 4.001,20 manat məbləğində vergi borcu hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 203.1 -ci maddəsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyəətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə şəklində hesablanır. Vergi Məcəlləsinin 206.3-cü maddəsinə görə, sənaye, tikinti, nəqliyyat, rabitə, ticarətməişət xidməti və digər xüsusi təyinatlı torpaqlar, Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri-10.000 kv.m-dək olduqda hər 100 kv.metrinə görə 10 manat vergi hesablanır. İstifadəsində olan torpaq sahəsi 1.790,6 kv.m təşkil edir. Belə olan halda vergi qanunvericiliyinin tələbinə görə, 1.790,6 kv. m üçün hər il ödənilməli olan məbləğ 179,6 manatdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr 1 il 11 ay (və ya 23) ay təşkil edir. Bu vəziyyətdə aylıq vergi ödənişi 14,96 manat məbləğində müəyyən edilir.Belə olan haıda 1 il 11 ay (və ya 23 ay) müddət üçün vergi borcu 344,08 (23 ay x 14,96 manat) manat məbləğində təşkil edir. Lakin cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli qərarından görünür ki, bələdiyyə tərəfindən iddiaçıya 23 ay üzrə 4.001,20 manat, yəni 3.657,12 manat artıq vergi borcu hesablanmışdır…” Məhkəmə kollegiyasının iclasları barədə məlumat verilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi mübahisələndirmə haqqında iddia vasitəsilə ona torpaq və əmlak vergisi hesablanmasına dair cavabdeh bələdiyyənin 14/90-18 nömrəli xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini məhkəmədən tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia rədd olunmuşdur. Məhkəmə bu nəticəyə gələrkən aşağıdakıları qeyd etmişdir ki, qanunvericilik «…normaların tələblərindən görünür ki, torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanan vergidir və həmin vergi torpaq sahəsinin kimin mülkiyyətində olmasından asılı olmayaraq yerli vergi kimi bələdiyyələr tərəfindən alınır. Yəni torpaq vergisi Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsi olan yerli vergilərin bir növüdür və fiziki şəxslər həmin vergini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəməlidirlər.» Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşaraq hesab edir ki, aşağıdakı əsaslara görə vergi qanunvericiliyinin tələblərinə uyğundur. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun: 3.1-ci maddəsinə əsasən yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. 3.2-ci maddəsinə görə yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. 5.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3- cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. 5.2-ci maddəsinə əsasən vergi ödəyicisi - bu Qanuna uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergi ödəyən fiziki və hüquqi şəxslərdir. – 6.0-cı maddəsinə görə vergilər aşağıdakı formalarda tutulur: 6.0.3. bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında, bələdiyyələrin vergi xidməti orqanlarının hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi üzrə vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). 7.1-ci madəsinə görə qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. 7.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. 8.0-ci maddəsinə əsasən yerli vergilərə aşağıdakılar aiddir: 8.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1- 1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.0.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin əmlak vergisi; 8.0.4. bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi. Eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 8.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi yerli vergilərə (bələdiyyə vergiləri) aiddir. 8.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi yerli vergilərə (bələdiyyə vergiləri) aiddir. 196-cı maddəsinə əsasən Bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. 203.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir 205-ci maddəsinə görə fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. – 206.3-cü maddəsinə əsasən bu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur : Sənaye, tikinti, nəqliyyat, Yaşayış fondlarının, həyətyanı rabitə, ticarət-məişət xidməti və sahələrin torpaqları və digər xüsusi təyinatlı torpaqlar vətəndaşların bağ sahələrinin Yaşayış (manatla) tutduğu torpaqlar (manatla) məntəqələri 10000 m²- dən 10000 m²-dən 10000 m²- dək 10000 m²- dək yuxarı olan yuxarı olan olduqda olduqda hissə üçün hissə üçün Bakı şəhəri, habelə onun 10 20 0,6 1,2 qəsəbə və kəndləri Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və 8 16 0,5 1,0 Abşeron rayonunun qəsəbə və kəndləri Digər şəhərlər və rayon 4 8 0,3 0,6 mərkəzləri Rayon tabeliyində olan şəhərlər, 2 4 0,1 0,2 qəsəbələr və kəndlər 208.1-ci maddəsinə görə torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. 208.2-ci maddəsinə görə torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. 208.3-cü maddəsinə görə müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. 208.6-cı maddəsinə əsasən müəssisələrin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdehin mübahisələndirilən qərarı ilə iddiaçıya hesablanmış bələdiyyə vergisi, qanunvericiliyin tələblərinə uyğun hesablanıb ödənilməsi tələb olunmuşdur. Belə ki, işə əlavə olunmuş daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli çıxarışa və xx.xx.2011-ci il tarixli texniki pasporta əsasən müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi 10E ünvanda yerləşən ümumi sahəsi 1614.7 kv.m qeyri 1790,6 kv.m torpaq sahəsi üzərində yerləşir. Bundan əlavə, işə əlavə olunmuş iddiaçı ilə AR ƏMDK arasında bağlanmış 28 mart 2017-ci il tarixdə bağlanmış 216/1484 №-li icarə müqaviləsinə əsasən iddiaçının istifadəsinə qeyd edilən ünvanda 15003,0 kv.m.torpaq sahəsi verilmiş və müqavilə ilə icarə müddəti xx.xx.2017-ci il tarixdən xx.xx.2032-ci il tarixədək müəyyən edilir. İşə əlavə olunmuş TV-10xx-xx-17679 saylı 13 sentyabr 2023-cü il tarixli tədiyyə bildirişindən görünür ki, iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1 və 206.3-cü maddəsinə əsasən 2023-cü il üçün 2000.6 manat məbləğində əmlak, torpaq və torpaqdan istifadə vergisi hesablanmış, ötən dövrlər üzrə vergi borcu isə 2000,6 manat təşkil etmiş, ümumilikdə 4001,2 manat məbləğin ödənilməsi tələb edilmişdir. Daha sonra, cavabdeh tərəfindən icarə əsasında istifadəsində olan 15003 torpaq sahəsinə görə hesablanmış 4001,20 manat məbləğində torpaq vergisi borcunun 10 gün müddətində bələdiyyənin hesabına ödənilməsinə məcbur edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş və bələdiyyənin həmin qərar bələdiyyənin xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçıya göndərilmişlir (Poçt qəbzi işə əlavə olunmuşdur. i.v. 43. Bundan sonra, bir daha 5 avqust 2024-cü il tarixdə ona 2024-cü il üçün cari borcu (200,6manat), eyni zamanda, ötən dövrlər(2022-2023) üzrə 4001,20 manat məbləğində vergi borcu barədə ona tədiyyə bildirişi göndərilmişdir .) “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 5.8-ci bəndinə əsasən bələdiyyənin qərarının surəti və tələbnamə ödəyiciyə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Həmin Əsasnamənin 5.9-cu bəndinə əsasən ödəyicinin və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində bələdiyyənin qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim edilmirsə, bu sənədlər sifarişli məktubla göndərildiyi gündən sonrakı gün təqdim edilmiş hesab edilir. Qeyd olunanlar baxımından, iddiaçının apellyasiya şikayətinin bələdiyyənin qərarını və tədiyyə bildirişini almadığını borcdan xəbəri olmadığına mübahisələndirən dəlilləri əsasızdır (İddiaçı apellyasiya şikayəti versə də, məhkəmə iclaslarına da gəlməmiş, şikayətində istinad olunan mövqeyini mötəbər dəlil və sübutlarala əsaslandırmaışdır). İddiaçının ona hesablanmış torpaq vergisi ilə razılaşmayan dəlilləri də əsassızdır. Belə ki, torpaq vergisinin hesablanma qaydası Vergi Məcəlləsinin qeyd olunan normaları ilə tənzimlənmişdir. Bnunula bağlı iş üzrə araşdırma aparıldıqda, cavabdeh bələdiyyənin birinci instansiya məhkəməsinin müvafiq sorğusuna cavab olaraq məhkəməyə ünvanladığı 02/234 saylı xx.xx.2024-cü il tarixli izahlı məktubunda qeyd olunur ki,- Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi, 10E ünvanındakı əmlak kompleksinin yerləşdiyi, dövlət mülkiyyətində olan 15003,0 kv.m torpaq sahəsinə görə fiziki şəxs qismində İddiaçı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında imzalanmış 28 mart 2017-ci il tarixli, 216/1484 nömrəli müvəqqəti torpaq icarəsi müqaviləsinə əsasən istifadəsinə verilmiş torpaq sahəsinə (15003 kv.m) görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.3-cü maddəsinə əsasən hər bir il üçün 2000,60 ((10000 kv.m x 10 manat/100 kv.m = 1000 manat ) + 5003 kv.m x 20 manat/100 kv.m. = 1000,60 manat)) manatdan olmaqla torpaq vergisi hesablanmış, 2022-2023-cü illəri əhatə edən 2 il üçün bələdiyyəyə 4001,20 (2000,60+2000,60) manat vergi borcu yaranmışdır. Göründüyü kimi, mübahisələndirilən qərara əsasən cavabdeh tərəfindən iddiaçıdan ödənilməsi tələb olunan torpaq vergisi Vergi Məcəlləsinin 208.1-ci maddəsinə müvafiq olaraq onunla bağlanmış icarə müqaviləsi əsasında, istifadəsində olan 15003,00 kv.m torpaq sahəsinə görə həmin Məcəllənin 206.3-cü maddəsində nəzərdə tutulan hesablaşma qaydasına uyğun olaraq, əvvəlcə, torpağın 10.000 kv.metrinin hər 100 kv.m üzrə 10 manatdan, 10000kv.metrdən yuxarı olan 5003 kv.metrinə görə isə hər kv.m 20 manatdan olmaqla, ümumilikdə, ona iki ilə (2022-2023) görə 4001,20 manat məbləğində torpaq vergisi hesablanmışdır. Belə olan halda, bələdiyyənin mübahisələndirilən qərarı ilə onun hüquqları pozulmuş hesab edilə bilməz. Beləliklə də, iddiaçının, bələdiyyənin qərarının əsassız olduğunu və hesablanmış torpaq vergisinin düzgün olmadığını mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. İPM-in 70-ci maddəsinin mənasından isə göründüyü kimi, məhkəmə, o halda, inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir ki, inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasyia şikayətinin, həmin qərarın əsassız olduğunu, maddi və inzibati icraat haqqında hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5312/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5312/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-814/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-814/2025
13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver