Məhkəmə qərarları › İş №2-1(103)-815/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-815/2021

08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-815/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədan və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2847/2020 saylı 19 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 sentyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ğlu xx.xx.1962-ci il təvəllüdlüdür. HZ seriyalı ******* saylı 12.01.1984-cü il tarixli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 25 noyabr 1981-ci il tarixdən 14 dekabr 1983-cü il tarixədək SSRİ Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. AA seriyalı 420887 saylı vəsiqədən görünür ki, İddiaçı Zəngilan rayonundan məcburi köçkündür. İT-İ seriyalı ******* saylı 01.02.1994-cü il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı 25.11.1981-ci il tarixdən 15.12.1983-cü il tarixədək Milli Orduda xidmət etmiş, 1984-cü ildən 04.01.1994-cü il tarixədək 59 saylı Zəngilar rayon X6, 01.02.1994-cü ildə elektromexanika xidmətində xüsusilə ağır əmək şəraitində 3-cü dərəcəli çilingər elektrik vəzifəsinə qəbul edilmiş, 01.06.1995-ci il tarixdən ağır əmək şəraitinə keçirilmiş, 01.05.1996-cı il tarixdən ağır əmək şəraitində 4-cü dərəcəli çilingərelektrik təyin edilmiş, 01.03.2000-ci il tarixdən xüsusilə ağır əmək şəraitində 5-ci dərəcəli çilingər-elektrik təyin edilmiş, 01.09.2003-cü il tarixdən ağır iş şəraiti ilə 5-ci dərəcəli çilingər vəzifəsinə keçirilmiş, 01.03.2005-ci il tarixdən xüsusilə ağır iş şəraiti ilə 5-ci dərəcli elektrik çilingəri su təchizatı sahəsinə keçirilmiş, 18.07.2014-cü il tarixdən 2 saylı Elektromexanika distansiyasına xüsusi ağır və zərərli iş şəraiti ilə 5-ci dərəcəli elektrik çilingəri peşəsinə qəbul edilmişdir. Azərbaycan Dəmir Yolu 9 saylı Mincivan yol distansiya tərəfindən verilmiş HK148 saylı 26.12.1993-cü il tarixli arayışdan da görünür ki, İddiaçı 94 saylı əmrlə 15.08.1978-ci il tarixdə Azərbaycan Dəmir Yolu 9 saylı Mincivan yol distansiyasına yol montyoru vəzifəsinə qəbul olunmuş, 141 saylı əmrlə 20.10.1981-ci ildən işdən azad edilmişdir. Torpaqların işğalı ilə əlaqədar 1993-cü ilə qədər bütün sənədlər, o cümlədən, maliyyə sənədləri işğal ərazisində qalmışdır. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********9saylı 29 dekabr 2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumu məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi bildirilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə X1rşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xüsusi ağır iş şəraitində uzun müddət işləmişdir. İşlədiyi iş şəraiti ona güzəştli şərtlərə əmək pensiyası hüququ verir. Hazırda da güzəştli şərtlərlə əmək stajı davam edir. Onun işlədiyi iş şəraiti xüsusi ağır və zərərli iş şəraitidir. Ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə müraciət etməsinə baxmayaraq pensiya təyin edilməmiş, onun xüsusilə ağır iş şəraiti və zərərli iş şəraiti ilə işləməsi nəzərə alınmayaraq ona pensiya təyin edilməsindən imtina edilmişdir. Onun ümumi iş stajı 41 il təşkil edir. Ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən cavabdehin imtina etməsi əsassızdır. Cavabdehin etirazları: Cavabdehin etirazı iddiaçıya ünvanlanmış imtina məktubunun məzmununa uyğun əsaslandırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2847/2020 saylı 19 noyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 22.12.2019-cu il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtinanın və iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, qeyd olunmuşdur ki, məhkəmə tərəfindən iddiaçının iş stajının müəyyənləşdirilməsi zamanı səhvə yol verilmişdir. Məhkəmənin mövqeyinə görə işdə olan "Bakı Metropoliteni” QSC tərəfindən məhkəməyə ünvanlanmış 40N-10/3-933 saylı 15 sentyabr 2020-ci il tarixli məktuba əsasən iddiaçı fasiləsiz olaraq metropolitendə elektromexanika sahəsində 01.02.1994-cü ildən 01.01.2006-cı ilədək müddət ərzində ağır və xüsusilə ağır iş şəraitində işləməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 N:-li qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə 11 ay, 11 il güzəştli iş stajını toplamışdır. Məhkəmə iddiaçının işlədiyi vəzifəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən 2 nömrəli siyahısının 28-ci, yəni “Nəqliyyat” fəslinin “metropolitenlər” bölməsində 2300200a şifri altında, a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr peşəsinə uyğun gəldiyini təsbit etmişdir (barəsində şikayət verilən qərarın 6-cı vərəqinin 7-ci abzası). Lakin həmin fəsildə, həmin bölmədə və həmin şifr altında qeyd edilən vəzifələr siyahısında iddiaçının 01.02.1994-cü ildən 01.01.2006-cı ilədək işlədiyi elektrik çilingəri vəzifəsi qeyd olunmamışdır. Məhkəmə hər hansı formada iddiaçının işlədiyi vəzifəni Nazirlər Kabinetinin sözügedən 2 nömrəli siyahısının 28-ci “Nəqliyyat” fəslinin “metropolitenlər” bölməsinin 2300200a şifri altında a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr peşəsinə uyğunlaşdırmışdırsa, həmin vəzifənin yalnız gecə vaxtlarında yeraltı tunellərdə və qurğularda yerinə yetirilməsini dəqiqləşdirməli idi. Buna baxmayaraq, məhkəmə bu istiqamətdə hər hansı araşdırma aparmamış, görülən işin yalnız gecə vaxtlarında yerinə yetirilib-yetirilməməsini müəyyənləşdirməmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı 01.01.2006-cı il tarixədək ümumi iş stajının 41 il olmasına, güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan 12 il 6 ay güzəştli iş stajının toplanmasına əsaslanaraq ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə pensiya təyin edilməsini tələb edir. Bu barədə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmasına istinad edərək tələbinin təmin olunmasından imtina etmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajının tamam olmasına istinad edərək onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Qeyd olunmalıdır ki, Qanunun tələbinə görə Qanunun 9.8-ci maddəsinin tətbiqi həmin Qanunun 9.1-ci maddəsinin tətbiqini istisna edir. Belə olan halda Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olubolmaması yoxlanılmalıdır. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını, iş yerlərindən arayışları təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletin surətindən aydın olur ki, o, 16.11.1981-ci il tarixdən 19.12.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Əmək kitabçasına görə iddiaçının fəaliyyət göstərdiyi dövr 1984-04.01.1994-cü il və 01.02.1994-cü il tarixdən hazırki vaxtadək olan dövrü əhatə edir. İddiaçının 1984- 1992-ci ilədək işlədiyi dövrdə qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin 04.08.1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci bəndinin a) yarımbəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut kimi qəbul edilmişdir. İddiaçının 1992-ci ildən 2005-ci ilədək işlədiyi vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də öz əksini tapmışdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixinədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Belə olan halda iddiaçı 01.01.2006-cı il tarixədək qüvvədə olan qanunun tələbinə görə hərbi xidmət dövrü (2 il 20 gün) və iddiaçının əmək kitabçasında qeyd olunmayan 15.08.1978-ci ildən 20.10.1981-ci ilədək (3 il 2 ay) Azərbaycan Dəmir Yolu 9 saylı Mincivan yol distansiyasına yol montyoru vəzifəsində işləməsi ilə bağlı Azərbaycan Dəmir Yolu 9 saylı Mincivan yol distansiya tərəfindən verilmiş HK148 saylı 26.12.1993-cü il tarixli arayış (həmin arayışda torpaqların işğalı ilə əlaqədar 1993-cü ilə qədər bütün sənədlərin, o cümlədən, maliyyə sənədlərinin işğal ərazisində qaldığı qeyd olunmuşdur) da nəzərə alınmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, hərbi xidmət dövrünün yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. İddiaçının 1984-cü ildən 04.01.1994-cü ilədək (10 ilə yaxın) Zəngilan rayon 47 nömrəli Yol Sahəsində işləməsi faktı isə nəinki onun əmək kitabçasında qeyd edilmiş, həmçinin "xxxx" Dövlət Şirkəti Cəbrayıl şəhər 2 saylı Yol İstismar Təmir İdarəsi Zəngilan şəhər 59 saylı İstehsalat Sahəsi tərəfindən verilmiş 11.01.1997-ci il tarixli 19 saylı arayışı ilə də təsdiq olunduğundan, Kollegiya hesab edir ki, bu faktı təsdiqləyəcək əlavə arxiv arayışının da alınmasına zərurət yaranmır (bu barədə müvafiq orqanlara birinci instansiya məhkəməsi tərəfindən göndərilən sorğu məktublarına əsasən həmin arxiv arayışının alınması mümkün olmamışdır), buna görə də həmin illər də o dövrdə qüvvədə olmuş yuxarıda sadalanan qanunvericilik aktlarına əsasən iddiaçının qazanmış hüququ olduğu üçün onun ümumi iş stajına daxil edilməlidir. İddiaçının 01.02.1994-cü il tarixdən 01.01.2006-cı il tarixədək (11 il 11 ay) "xxxx" QSC-nin Elektromexanika xidmətində olan əmək fəaliyyəti ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı həmin illərdə güzəştli şərtlərlə pensiyaya çıxmasına imkan verən vəzifədə çalışmasına istinad edir. Kollegiya iddiaçının güzəştli şərtlərlə ona yaşa görə pensiya təyin edilməsini tələb etdiyi üçün bu tələbin təmin olunması üçün Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini yoxlayır və aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Birinci instansiya məhkəməsinə "xxxx" QSC tərəfindən ünvanlanmış 40N-10/3-933 saylı, 15 sentyabr 2020-ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı İmran oğlunun 01 yanvar 2006-cı ilədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Elektromexanika xidmətində əmək fəaliyyəti aşağıdakı kimidir: 01.02.1994-cü ildən 01.06.1995-ci ilədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Elektromexanika xidmətində xüsusi ağır iş şəraiti ilə (Əmr 13/ok 01.02.1994-cü il), 01.06.1995-ci ildən 01.03.2000-ci ilədək ağır iş şəraiti ilə (Əmr 42/ok 01,05.1995-ci il, Əmr 116/ok 20.05.1996-cı il), 01.03.2000-ci ildən 01.09.2003-cü ilədək xüsusi ağır iş şəraiti ilə (Əmr 49/kş 09.03.2000-ci il), 01.09.2003-cü ildən 01.03.2005-ci ilədək ağır iş şəraiti ilə (Əmr 98/kş 01.09.2003-cü il), 01.03.2005-ci ildən 01.01.2006-cı ilədək xüsusi ağır iş şəraiti ilə (Əmr 30/kş 28.02.2005-ci il) elektrik çilingəri peşəsində işləmişdir. İddiaçı İmran oğlunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın XXVİİİ fəsil 2 nömrəli (Metropoliten) 2300200a bəndinə əsasən güzəştli şərtlərlə əmək stajı 5 il 08 ay təşkil edir. Qeyd olunan arayış birinci instansiya məhkəməsi tərəfindən qəbul edilərək, arayışda iddiaçının 01.02.1994-cü ildən 01.01.2006-cı ilədək olan güzəştli şərtlərlə əmək stajının 5 il 8 ay kimi göstərilməsi formal mətn xətası kimi qiymətləndirilmiş və həmin güzəştli iş stajı 11 il 11 ay götürülmüşdür. Həmçinin iddiaçının 15.08.1978-ci ildən 20.10.1981-ci il tarixədək Azərbaycan Dəmir Yolu 9 saylı Mincivan Yol distansiyasında yol montyoru vəzifəsində işlədiyi 3 il 2 ay müddət də “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 28-ci, yəni “Nəqliyyat” fəslinin “1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomativ briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər" bölməsində “23001000-19825” şifri altında olan “magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları” peşələrinə düşdüyü üçün məhkəmə həmin müddəti də iddiaçının xüsusi iş stajına aid etmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçının nəinki kifayət qədər (25 ildən artıq) ümumi iş stajının olduğunu, həmçinin 15.08.1978-ci ildən 20.10.1981-ci il tarixədək olan 3 il 2 ay güzəştli iş stajının olduğunu mübahisələndirməsə də, onun 01.02.1994-cü ildən 01.01.2006-cı il tarixədək olan 11 il 11 ay güzəştli iş stajının olması ilə bağlı birinci instansiya məhkəməsinin yuxarıda adı çəkilən 2 saylı Siyahıda 28-ci, yəni “Nəqliyyat” fəslinin “metropolitenlər” bölməsində 2300200a şifri altında a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr peşəsinə uyğunlaşdırmanı apardığı zaman həmin şifrə altında “elektrik çilingəri” vəzifəsinin qeyd olunmadığını və iddiaçının həmin vəzifəni yalnız gecə vaxtlarında yeraltı tunellərdə və qurğularda yerinə yetirməsini dəqiqləşdirmədiyini göstərmişdir. Bununla bağlı apellyasiya baxışı zamanı İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Elektromexanika xidmətində 01.02.1994-cü ildən 01.01.2006-cı ilə qədər işlədiyi dövrlərdə elektrik çilingəri kimi gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda işə cəlb edilibedilmədiyi, o cümlədən işlədiyi elektrik çilingəri peşəsinin funksiyalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın XXVİİİ fəsil 2 nömrəli (metropoliten) 2300200a bəndində nəzərdə tutulan - “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr” peşəsinin funksiyaları ilə eynilik təşkil edib-etməməsinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası "xxxx" QSC-yə sorğular göndərilmişdir. Həmin sorğulara cavab olaraq 31.05.2021-ci il tarixdə Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən məhkəməyə daxil olmuş cavab məktubunda göstərilmişdi ki, iddiaçının çalışdığı peşə üzrə xüsusi zərərli iş şəraitində əmək stajının 05 il 08 ay, 03 gün təşkil etdiyi və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər maddəsinin “a” (avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər)) bəndi ilə tənzimləndiyi, onun da qüvvədən düşmüş 21.09.1993-cü il tarixli 320 saylı qərarın ******* XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin 22901000 1. Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər maddəsinin 2290100a-19931 (avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingəri (çilingərlər)) koduna aid olduğu göstərilmişdir. Həmçinin 25.08.2021-ci il tarixdə Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən məhkəməyə daxil olmuş daha təfərrüatlı sorğuya cavab məktubunda göstərilmişdi ki, İddiaçı 01.02.1994-cü il tarixdən 01.06.1995-ci il tarixədək Elektromexanika xidmətində xüsusi ağır iş şəraiti ilə, 01.06.1995-ci il tarixdən 01.03.2000-ci il tarixədək ağır iş şəraiti ilə, 01.03.2000-ci il tarixdən 01.09.2003-cü il tarixədək xüsusi ağır iş şəraiti ilə, 01.09.2003-cü il tarixdən 01.03.2005-ci il tarixədək ağır iş şəraiti ilə, 01.03.2005-ci il tarixdən 18.07.2014-cü il tarixədək xüsusi ağır iş şəraiti ilə elektrik çilingəri peşəsində işləmişdir. 18.07.2014-cü il tarixdən 01.09.2015-ci il tarixədək xüsusi ağır və zərərli iş şəraiti ilə, 01.09.2015-ci il tarixdən 01.07.2017-ci il tarixədək ağır və zərəli iş şəraiti ilə, 01.07.2017-ci il tarixdən hal-hazıradək xüsusi ağır və zərərli iş şəraiti ilə elektrik çilingəri peşəsində işləyir. Onun xüsusilə zərərli əmək şəraitində işlədiyi peşə üzrə iş stajı 19 il 03 ay 26 gün təşkil edir və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəl 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güşəztli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu Bina, qurğu və digər obyektlərin inşası, yenidənqurması, texniki təchizatı, bərpası və təmiri bölməsinin Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər maddəsinin “a” (avadanlığın təmiri üzrə və növbətçi eleltrik çilingəri (çilingərlər)) bəndi ilə tənzimlənir ki, bu da qüvvədən düşmüş 21.09.1993-cü il tarixli 320 saylı Qərarın 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin ******* 1. Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər maddəsinin 229100a-19931 (avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər)) koduna aiddir. Gecə vaxtı işlədiyi üçün İddiaçı çalışdığı elektrik çilingəri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəl 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güşəztli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndinə aid etmək məqsədəuyğundur ki, bu da 320 saylı 21.09.1993-cü il tarixli Qərarın 23000000 XXVİİİ. Nəqliyyat bölməsinin 23002000 2. metropolitenlər bəndinin ******* a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr kodu altında göstərilmişdir. Gecə saatlarına görə İddiaçı əmək haqqına 40%, xüsusi zərərli iş şəraitində işlədiyinə görə 20% əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas məzuniyyətə əlavə 6 təqvim günü verilir. Beləliklə, apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. Cavabdehin mübahisələndirdiyi digər məsələ isə “iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minumu məbləğindən aşağı olması” ilə bağlıdır. Bu barədə Kollegiya qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ 01.01.2006-cı ilədək yarandığı üçün və 01.07.2017-ci ilədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən ona bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb qanuna 01.07.2017-ci il tarixdən sonra daxil edilmişdir. Müvafiq olaraq da həmin tələb 01.07.2017-ci ildən sonra yaranmış münasibətlərə tətbiq edilə bilər. İddiaçı isə 01.01.2006-cı ilədək ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan ümumi və xüsusi staja malik olmuşdur. Beləliklə, Qanun dəyişənədək iddiaçı artıq güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün hüquq əldə etmişdir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericiliyin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 22.12.2019-cu il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2847/2020 saylı 19 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2847/2020 saylı 19 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar