Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-815/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1309/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Birinci instansiya məhkəməsində aparılan icraat İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 8999.72 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2023-cü il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2023-cü il tarixə yaranan 9027.94 manat borcuna görə 15000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2023-cü il tarixli **********8 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx/xx/2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 8999.72 manat ödənilməmiş borcu qalmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1309/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, siyahıya alınmış əmlakların siyahıya alınma zamanı mütəxəssis tərəfindən qiymətləndirmə rəyi olmamış vergi orqanının qoyduğu mümkünsüz məbləğ nəzərə alınaraq ekspertiza təyin edilmədən, əmlaka baxış keçirilməmiş, siyahıya alınmış əmlaklar nəzərə alınmaqla real bazar və likvid qiymətləri müəyyən edilməmişdir. Borcun məbləği 8999.72 manat olmasına baxmayaraq 15.000 manat məbləğində əmlak siyahıya alınmış və siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması qərara alınmışdır. Borc məbləği ilə siyahıya alınmış əmlakın dəyəri mütənasib deyildir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdehnə göndərilmiş xx.xx.2023-cü il il tarixli, **********319000 saylı bildirişdən bildirişlə xx.xx.2023-cü il tarixə ümumilikdə 21.628.15 manat, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 18.333.41 manat, faizlər üzrə 3.294.74 manat vergi borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli, **********8 nömrəli qərarının surətindən görünür ki, vergi öhdəliyi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli **********8 nömrəli protokoldan görünür ki, vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1 ədəd 15000 manat dəyərində Logio-Ps UZİ aparatı siyahıya alınmışdır. “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2023-cü il tarixli aktdan görünür ki, vergi ödəyicisinə məxsus siyahıya alınmış əmlak məsul saxlanma üçün cavabdehə təhvil verilmiş və o, imza edərək əmlakı təhvil almışdır. Bundan sonra iddiaçı siyahıya alınmış əmlakın satılması barədə qərar qəbul edilməsi üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yekunlaşmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: -89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. -89.2-ci maddəsinə görə əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. -89.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. -89.4-cü maddəsinə görə vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. -89.5-ci maddəsinə əsasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. -89.6-cı maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. -89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. -89.10-cu maddəsinə görə siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. -90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Vergi ödəyicisinin siyahıya alınmış əmlakı vergi orqanının sifarişinə əsasən elektron hərrac vasitəsi ilə də satıla bilər. Elektron hərracın təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Göründüyü kimi, əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. İş materiallarından müəyyən edilir ki, cavabdeh vergi ödəyicisi xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 8999.72 manat məbləğində borcun ödənilməsi öhdəliyini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməmişdir. Vergi orqanı tərəfindən cavabdehin sözügedən borcunun ödənilməsinin təmin olunması məqsədilə Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görülmüşdür. Həmin tədbirlər nəticə vermədiyindən, xx.xx.2023-cü il tarixli **********8 nömrəli protokolla cavabdehin 1 ədəd Logio-Ps UZİ aparatı siyahıya alınmışdır. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, siyahıya alınmış əmlakların siyahıya alınma zamanı mütəxəssis tərəfindən qiymətləndirmə rəyi olmamışdır. Siyahıya alınmış əmlak ilə bağlı ekspertiza təyin edilməmiş, əmlaka baxış keçirilməmiş, real bazar və likvid qiymətləri müəyyən edilməmişdir. Bununla bağlı Kollegiya qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-10501/2023 nömrəli qərardadı ilə iş üzrə qiymətləndirilmə təyin edilmişdir. Qiymətləndiricinin qarşısında aşağıdakı sual qoyulmuşdur: Bakı şəhəri, Nərimanov rayonu, Xətai-15, Şərq bazarı ünvanında Cavabdeh MMC-nin “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli **********8 nömrəli protokolla siyahıya alınmış 1 ədəd Logio p5 markalı uzi aparatının bazar dəyəri nə qədər təşkil edir? Qiymətləndirmə "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən keçirilmişdir. Əmlak Ekspert Mərkəzinin xx.xx.2024-cü il tarixli, ƏEM/M 37-351/24 nömrəli ekspert rəyinə əsasən aparılan araşdırmalar və təhlillərə əsasən “X2” MMC-yə məxsus Logia p5 (Melody/ Logia p5, Sonoring, istehsal ili 2007) modelinin 2024- cü il tarixinə: Bazar dəyəri: 17 000,0 (on yeddi min) manat təşkil etmişdir. Göründüyü kimi, məhkəmə siyahıya alınmış 1 ədəd Logio p5 markalı uzi aparatının bazar dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə təyin etmiş və nəticə etibarı ilə müstəqil qiymətləndirici Əmlak Ekspert Mərkəzinin xx.xx.2024-cü il tarixli, ƏEM/M 37- 351/24 nömrəli ekspert rəyinə əsasən Logia p5 (Melody/ Logia p5, Sonoring, istehsal ili 2007) modelinin 2024-cü il tarixinə bazar dəyərinin 17 000,0 (on yeddi min) manat təşkil etdyi müəyyən edilmişdir. Beləliklə, qeyd edilənlərə məcmu halında qiymət verən Kollegiya apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, təmin edilməməsini, mübahisələndirilən məhkəmə qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1309/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-815/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-815/2025
11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver