Məhkəmə qərarları › İş №2-1(103)-816/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-816/2021

23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-816/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (xx.xx.1981-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır, VÖEN **********, VÖEN alma tarixi-01.03.2010, növü-fiziki şəxs) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6021/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 19.03.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 Departamentinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin 14.01.2019-cu il tarixli, **********938 nömrəli qərarının (inzibati aktın) ləğv edilməsini və cavabdeh vergi orqanın üzərinə ona tətbiq edilmiş 4000 manat vergi borcunun (sanksiyanın) silinməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 Departamentinin 14.01.2019-cu il tarixli, **********6938 nömrəli qərarı ilə Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 58.10-cu maddəsinə əsasən ona 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Hesab edir ki, qeyd olunan inzibati akt özü-özlüyündə vergi qanunvericiliyinin tələblərinə zidd olduğundan qanunsuz hesab edilərək ləğv edilməli və nəticə etibarı ilə ona tətbiq edilmiş 4000 manat vergi sanksiyası silinməlidir. Belə ki, sözü gedən inzibati aktın qəbul edilməsinə əsas olmuş aktdan da, görünür ki, vəzifəli şəxs tərəfindən heç bir araşdırma aparılmadan qərəzli şəkildə guya ona məxsus obyektdə 4 nəfər şəxsin əmək müqaviləsi olmadan işlədiyi müəyyən edilmiş və vergidən yayınma hallarına yol verilmiş, habelə bu barədə 27.11.2018-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. Cavabdeh vergi orqanın tərtib etdiyi akt tam qərəzli şəkildə və tamah məqsədi ilə tərtib edilmişdir. Ona məxsus obyektdə 3 nəfər şəxs çalışır və onlarla arasında 25.11.2018-ci il tarixdə, yəni qeyd olunan akt tərtib edilməmişdən 2 gün əvvəl bağlanmışdır. Lakin buna baxmayaraq cavabdeh vergi orqanı özbaşınalıq edərək heç bir qanuna sığmayan pozuntuya yol verərək onun hüquqlarını taptalamış və nəticə etibarı ilə sahibkar olaraq onun işgüzar nüfuzuna xələl gətirmişdir. 22.04.2019-cu il tarixində iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə daxil olmuş, ərizədə iddia tələbinin məcbur etmə hissəsinin iddiadan çıxarılması xahiş edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.04.2019-cu il tarixli, 2-1(81)-1843/2019 saylı qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.04.2019-cu il tarixli, 2-1(81)-1843/2019 saylı qərardadı ilə (hakim E.Məmmədov) iş ərazi aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Daha sonra cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair vəsatət məhkəməyə daxil olmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.11.2019-cu il tarixli, 2-1(82)-2266/2019 saylı qərardadı ilə (hakim X.İmanov) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və vergi borcunun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddiası geri götürülmüş hesab edilmiş və bu əsasla da iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı 25.12.2019-cu il tarixdə apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-479/20 saylı, 29 yanvar 2020-ci il tarixli qərardadı ilə (hakimlər M.Tağızadə, Ü.Mayılov, K.Abiyeva) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.11.2019-cu il tarixli, 2- 1(82)-2266/2019 saylı qərardadı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və vergi borcunun silinməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. 24.02.2020-ci il tarixdə cavabdeh qərardaddan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1093/2020 saylı, 09 iyun 2020-ci il tarixli qərarı ilə (hakimlər N.Rəsulbəyova, İ.Hüseynov, K.Bədəlov) cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-479/20 saylı, 29 yanvar 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6021/2020 nömrəli qərardadı ilə (hakim M.Qarayeva) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 22.12.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6021/2020 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o inzibati orqanın qərarını rəsmi poçt vasitəsilə aldıqdan sonra bir ay müddətində məhkəmə qaydasında mübahisələndirmişdir. Lakin, məhkəmə cavabdehin mövqeyi ilə guya həmin mübahisələndirilən qərarı vergi orqanı tərəfindən onun elektron şəxsi kabinetinə yerləşdirildiyindən iddia vermə müddətinin 14.01.2019-cu il tarixdən hesablandığı qənaətinə gəlmiş və nəticə etibarilə onun hazırkı iddiasını mümkün hesab etməmişdir. Əgər inzibati orqanın qərarından şikayət vermək müddəti həmin qərarın elektron şəxsi kabinetə yerləşdiyi tarixdən hesablanırsa o zaman mübahisələndirilən qərarın poçt vasitəsilə ona göndərilməsinə hansı zərurət var idi. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin dəftərxanası vasitəsilə 27.01.2021-ci il tarixdə apellyasiya şikayətinə dair etiraz daxil olmuşdur. Etirazda qərardadın dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçı və onun vəkili X4 (Bakı şəhəri 6 saylı Vəkil Bürosu) lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, “işə əlavə edilmiş, sənədlərdən görünür ki, 14.01.2019-cu il tarixli **********6938 nömrəli qərar iddiaçının elektron kabinetinə göndərilmiş, həmin qərarın mübahisələndirilməsinə dair ərizə qərarın oxunmasından 4 aydan artıq müddət keçdikdən sonra məhkəməyə təqdim edilmişdir. Başqa sözlə, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə iddiaçı həmin qərarın mübahisələndirilməsinə dair məhkəmədə iddia qaldırılmasının prosessual şərtlərinə riayət etməmişdir, müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetməmişdir” Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qərardadında iddiaçının iddia qaldırılması üçün nəzərdə tutulmuş prosessual müddəti ötürdüyünü qeyd edərək, müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş halların məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyini bildirsə də, iddiaçıya buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təqdim edilməsi təklif edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə iddiaçının iddia verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətinin ötürülməsini qeyd etsə də, həmin prosessual müddətin iddiaçı tərəfindən üzrlü səbəbdən buraxılıb-buraxılmamasını araşdırmamış, bu barədə ərizənin təqdim edilməsinin iddiaçıya təklif edilməsi məhkəmə iclas protokollarından və iş materiallarından müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, işin yenidən birinci instansiya icraatı zamanı iddiaçıya buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim edilməsi təklif edilməlidir. Azərbaycan Respublikası İPM-nin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2- 1(112)-6021/2020 nömrəli qərardadı ləğv edilməli və iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82 və 87 -ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6021/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar