Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-816/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İran İslam Respublikasının “Səhənd Ab Azərbaycan Səhmdar Cəmiyyəti” – "xxxx" şirkətinin Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qanuni təmsilçinin qeydə alınması barədə dövlət reyestrində aparılmış qeydiyyatın və bu barədə verilmiş müvafiq çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X6 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı İran İslam Respublikasının “Səhənd Ab Azərbaycan Səhmdar Cəmiyyəti” – "xxxx" şirkətinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qanuni təmsilçinin qeydə alınması barədə dövlət reyestrində aparılmış qeydiyyatın və bu barədə verilmiş müvafiq çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6421/2022 saylı 29 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İran İslam Respublikasının “Səhənd Ab Azərbaycan Səhmdar Cəmiyyəti” – "xxxx" şirkəti cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “X1 "xxxx" MMC-nin qanuni təmsilçisi kimi qeydə alınması barədə dövlət reyestrində aparılmış qeydiyyatın və bu barədə verilmiş müvafiq çıxarışın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İran İslam Respublikasının Səhənd AB Azərbaycan Səhmdar Cəmiyyəti (SAACO) və Azərbaycan Respublikasının vətəndaşı X8 nizamnamə kapitalında 50 faizi miqdarında bərabər paylarla təsisçilərin 1 saylı ümumi yığıncağının 08 fevral 2002-ci il tarixli qərarına və 12 fevral 2002-ci il tarixli təsis müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmişdirlər. Təsisçilərin ümumi yığıncağının 25 aprel 2002-ci il tarixli iclasının qərarı ilə İran İslam Respublikasının vətəndaşı X17 MMC-nin baş direktoru qanuni təmsilçisi təyin edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət reyestrində 04 aprel 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. X17 isə MMC-nin qanuni təmsilçisi kimi 14 iyun 2011-ci il tarixdə hüquqi qeydiyyata alınmışdır. Şirkətin qanuni möhürü onda saxlanılır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X8 təkbaşına 03 noyabr 2021-ci il tarixdə MMC-nin təsisçilərinin ümumi yığıncağını keçirmiş və X2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoruqanuni təmsilçisi təyin etmişdir. Təsis sənədlərindəki həmin dəyişikiliklə bağlı cavabdeh, Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən reyestrdə 04 noyabr 2021-ci il tarixdə qeydiyyat aparılmış və ona reyestrdən müvafiq çıxarış verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin həm təsisçisi X8 MMC-nin təsisçilərinin ümumi yığıncağının çağırılması barədə təklifini digər təsisçi "xxxx" şirkətinə bildirməmişdir. Belə ki, "SAACO” şirkətinin faktiki və hüquqi ünvanı İran İslam Respublikası, Şərqi Azərbaycan vilayəti, Təbriz şəhəri, Abresan kəsişməsi, Rəsa Binası, mərtəbə 5 olmasına baxmayaraq təklifi iki dəfə səhv ünvanlara göndərmişdir. X8 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin ümumi yığıncağının keçiriləcəyi barədə birinci bildirişi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Rabitə Müəssisəsi vasitəsilə 19 oktyabr 2021-ci il tarixli, EE001741729AZ nömrəli qaimə ilə İran İslam Respublikasındakı "Bahman boulevard, in front of water and sewerage department Emerald building 4 th floor, Grele A, Tabriz, İran" ünvanına, ikinci bildirişi isə 29 oktyabr 2021-ci il tarixli EE**********0AZ nömrəli qaimə ilə "Bahman boulevard, Tabriz city 29, in front of water and sewerage department Emerald building 4 th floor, Grele, İran” ünvanına göndərmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Rabitə Müəssisəsinin 15 aprel 2022-ci il tarixli, PİKNŞ-137/163 saylı arayışından (inzibati işə əlavə edilmişdir) görünür ki, poçt qaimələrində bildirişlərin çatdırılma ünvanları səhv göstərildiyindən "SAACO” şirkətinə çatdırılması mümkün olmamış, hər iki göndəriş 30 noyabr 2022-ci il tarixdən "xxxx" Rabitə Müəssisəsinin AZ9602 məntəqəsinə geri qaytarılmışdır. Bildirişlərin geri qaytarılmasının səbəbi ünvanların səhv göstərilməsi olmuşdur. Tağı İbrahimova həmin vaxtdan bildirişləri məntəqədən geri götürməsi telefonla bir neçə dəfə təklif edilsə də, gəlib götürməmişdir. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi Tağı İbrahimov tərəfindən yeni direktorqanuni təmsilçi təyin edilməsi barədə təsis sənədlərinə edilmiş yeni dəyişikliyin qeydə alınması üçün ərizə və digər sənədlər təqdim edilərkən dəyişikliyin qanuni əsaslarla aparılmasını araşdırmadan, ancaq poçt qaimələrinin surətlərini tələb etməklə kifəyətlənmiş, bildirişlərin "SAACO” şirkətinə çatdırılıb-çatdırılmaması ilə maraqlanmamış, bu barədə təsdiqedici sənədlər tələb etməmişdir. Cavabdeh təsis sənədlərində aparılmış qanunsuz dəyişikliyi qeydə alan zaman "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1, 9.2, 11.3, 11.3.1 və 11.3.1-1-ci maddələrinin tələblərini pozmuşdur. X8 03 noyabr 2021-ci il tarixli qərarla X2 “AZACO" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru-qanuni təmsilçisi təyin edərkən, həmçinin əmək qanunvericiliyinin və MMC-nin Nizamnaməsinin tələblərini pozmuşdur. Belə ki, Tağı İbrahimov MMC-nin həmin vaxt fəaliyyətdə olan təsisçilərinin ümumi yığıncağının 25 aprel 2002-ci il tarixli iclasının qərarı ilə MMC-nin baş direktoru təyin edilmiş İran İslam Respublikasının vətəndaşı X17 MMC-nin baş direktoru-qanuni təmsilçisi vəzifəsindən azad etmədən X2 həmin MMC-nin direktoru-qanuni təmsilçisi təyin etmişdir. MMC-nin Nizamnaməsinin 9.2.3-cü maddəsinə əsasən direktor əmək müqaviləsində və qanunvericilikdə nəzərdə tutulan əsaslarla müqavilənin müddəti başa çatanadək ümumi yığıncağın qərarı ilə tutduğu vəzifədən azad edilə bilər. Nizamnamənin 15.1 və 15.2-ci bəndlərinə görə “AZACO" Məhdud Məsuliyyətli Cəmiyyətində işəgötürmə və işdən azad etmə məsələləri, əmək rejimi, əmək haqqı, kompensasiyalar da daxil olmaqla bütün əmək münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənir. Cavabdeh təsis sənədlərindəki dəyişikliyi qeydə alarkən həmin pozuntulara görə də qeydiyyatdan imtina etməli idi. Qeyd edilir ki, “AZACO" Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü direktor Fakhari Ahmadda saxlanılır. X11 hüquqi qeydiyyat barədə ərizəyə vurduğu möhürdə “AZACO" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı qeyd olunmuşdur. Bu isə ehtimal etməyə əsas verir ki, həmin möhür qanunsuz üsullarla əldə edilmişdir. X13 Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə qanunsuz tərtib etdiyi 03 noyabr 2021-ci il tarixli qərarı təqdim etməklə X1 “AZACO" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi-baş direktoru kimi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən hüquqi qeydiyyatının aparılmasına və çıxarışı almağa nail olmuşdur. Cavabdehin vəzifəli şəxsi təqdim edilmiş sənədlərin qanuniliyini araşdırmadan, imtina etməli olduğu halda hüquqi qeydiyyatı həyata keçirməsi nəticəsində “AZACO" Məhdud Məsuliyyətli Cəmiyyətinin bərabər paylarla digər təsisçisi kimi "xxxx" şirkətinin qanunla qorunan mənafelərinə, ona məxsus böyük bazar qiymətlərinə malik daşınmaz əmlaklarının özgəninkiləşdirilməklə əldən çıxmasına real təhlükə yaratmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 18 mart 2022-ci il tarixli, **********12 saylı arayışından göründüyü kimi “AZACO" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, ev 89, 10 saylı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, ev 89, 11 saylı mənzil, ünvan 3 qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 87A saylı əmlak kompleksi, ünvan 3 ünvanda yerləşən 116,9 kv.metr (xx.xx.2005-ci il tarixli, 005472 saylı şəhadətnaməyə əsasən), 104,1 kv.metr (xx.xx.2005-ci il tarixli, 005473 saylı şəhadətnaməyə əsasən) və 28,8 kv.metr (xx.xx.2006-cı il tarixli, 000525 saylı şəhadətnaməyə əsasən) qeyri-yaşayış sahələri vardır. Hüquqi qeydiyyat qanunsuz aparıldığından vurula biləcək maddi zərərə görə Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi də hüquqi məsuliyyət daşıya bilər. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 19-cu maddəsinə əsasən bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur. Qeyd olunanlara əsasən X1 “AZACO“ Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi kimi qeydə alınması barədə dövlət reyestrində aparılmış qeydiyyatın və bu barədə verilmiş müvafiq çıxarışın ləğv edilməsi 24 yanvar 2022-ci il tarixli, ******* saylı məktubla Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin rəisi xanım Lalə Cəfərovadan xahiş edilmişdir. Cavabdehin rəhbəri xanım Lalə Cəfərovanın imzası ilə təqdim edilmiş 08 fevral 2022-ci il tarixli **********489000 saylı məktubu ilə rədd cavabı verilmişdir. Cavab məktubunda göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.3.2-ci maddəsinə əsasən cəmiyyətin orqanını yaratmaq və onun səlahiyyətinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanının üzvlərini təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək təsisçilərin ümumi yığıncağının müstəsna səlahiyyətindədir. Göründüyü kimi Dövlət Vergi Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün hüquqi şəxsin dövlət reyestrində dəyişiklik edilməsi və X1 adına "xxxx" MMC-nin dövlət reyestrindən çıxarılması mümkün deyildir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərin qeydiyyata alınması “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu əsasında həyata keçirilir. Həmin qanuna əsasən baş verilmiş dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edilməlidir. Hüquqi şəxsin rəhbərinin dəyişilməsinin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə cəmiyyətin əvvəlki təmsilçisinin (direktorun) vəzifədən azad edilməsi və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə təsisçinin qərarı və yeni qanuni təmsilçinin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməlidir. Qanunvericiliyə əsasən qeydiyyat orqanı ona təqdim edilmiş sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlayır və müsbət halda qeydiyyatı həyata keçirir. ”AZACO” MMC-nin rəhbərinin dəyişilməsi faktının həyata keçirilməsi məqsədilə cəmiyyətin təsisçilərindən X8 xx.xx.2921-ci il tarixli protokol ilə ümumi yığıncağın ilk iclasını təşkil etmiş, daha sonra Mülki Məcəllənin 91.1.-5-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli ümumi yığıncağın növbəti iclasını təşkil etmiş və X7 Cəmiyyətə qanuni təmsilçi təyin edilmişdir. Qərar və digər sənədlər hüquqi şəxslərin dövlət reyestrini aparan qururma qanunla müəyyən edilmiş vaxtda və qaydada təqdim edildiyi üçün dəyişiklik dövlət reyestrinə daxil edilmişdir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, Dövlət Vergi Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün hüquqi şəxsin dövlət reyestrində dəyişiklik edilməsi və X1 adının "xxxx" MMC-nin dövlət reyestrindən çıxarılması mümkün olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddiaçı İran İslam Respublikasının "xxxx" Şirkətinin iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6421/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, X1 "xxxx" MMC-nin qanuni təmsilçisi kimi qeydə alınması barədə dövlət reyestrində aparılmış qeydiyyatın və bu barədə verilmiş müvafiq çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, təsisçilərdən biri X5 ümumi yığıncağın keçirilməsi barədə digər təsisçi İran İslam Respublikasının "xxxx" Şirkətinə ünvanlandığı hər iki poçt bildirişi cavabdeh Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilmiş və hüquqi şəxsin qeydiyyat qovluğuna əlavə edilmişdir. Bildirilir ki, qanunvericilik reyestr orqanın səlahiyyətlərini müəyyənləşdiridiyindən sözügedən poçt bildirişlərinin sonrakı aqibəti barədə cavabdehin hər hansı öhdəliyini müəyyən etməmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnamə’ sinin 3.0.11 -ci maddəsinə əsasən Xidmət kommersiya hüquqi şəxslərinin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət qeydiyyatını həyata keçirir və dövlət reyestrini aparır. Əgər iddiaçının hüquqlarının pozulduğu və ümumi yığıncağın səlahiyyətli olmadığı qənaətinə gəlinirsə, bu, təsisçilər arasında yaranan mübahisə hesab olunur və təsisçilərin bir- birinə qarşı öhdəliyi sayılır, qeydiyyat orqanının deyil. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, Dövlət Vergi Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün hüquqi şəxsin dövlət reyestrində dəyişiklik edilməsi və X1 adının "xxxx" MMC-nin dövlət reyestrindən çıxarılması mümkün olmamışdır. Qeyd edilənlərdən belə nəticəyə gəlmək olur ki, hüquqi şəxslərin qeydiyyatını həyata keçirmiş hazırkı cavabdeh inzibati orqan iddiaçının heç bir hüququnu pozmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat olan məhkəmə bildirişi onun göndərilməsi barədə poçt zərfinin üzərindəki qeydə əsasən «köçüb» səbəbindən geri qaytarıldığı üçün 3-cü şəxslər məhkəmə iclası barədə məlumatlandırıla bilməmiş və ona görə də məhkəmə iclasında iştirakını təmin edə bilməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə 3-cü şəxslər "xxxx" MMC-nin nümayəndəsinin və X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının tələbi “mübahisələndirmə haqqında” iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən -dövlət reyestrində təmsilçinin qeydiyyatının və bu barədə verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın ləğvi ilə bağlı məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət edilmişdir (həmin qeydiyyat və çıxarış barədə iddiaçının nə vaxtdan məlumatlı olduğu dəqiq olaraq bilinmir). Sözügedən qeydiyyat və çıxarışın ləğv edilməsi ilə bağlı iddiaçı cavabdeh inzibati orqana xx.xx.2022-ci il tarixli məktubla müraciət etdiyi, lakin sonuncunun xx.xx.2022-ci il tarixli məktübla onun tələbinin təmin olunmasından imtina etdiyi müəyyən olunur. Belə olan halda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı İran İslam Respublikasının “Səhənd Ab Azərbaycan Səhmdar Cəmiyyəti” – "xxxx" şirkətinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı tələbi “X1 "xxxx" MMC-nin qanuni təmsilçisi kimi qeydə alınması barədə dövlət reyestrində aparılmış qeydiyyatın və bu barədə verilmiş müvafiq çıxarışın ləğv edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırmanın aparılmadığı, nəticədə "xxxx" MMC-nin ikinci qanuni təmsilçisi haqqında qeydiyyatın əsassız aparıldığı, sonradan həmin qeydiyyatın ləğv edilməsi barədə iddiaçının müraciətinin təmin edilməsindən əsassız olaraq imtina edildiyinə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. "xxxx" MMC-nin Nizamnaməsinin 9-cu bəndinə əsasən Cəmiyyətin ali idarə orqanı iştirakçıların ümumi yığıncağıdır, Ümumi yığıncağın müstəsna səlahiyyətinə cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən Direktor və baş mühasibi təyin etmək və vəzifədən azad etmək (9.1.2.2), hər bir iştirakçının ümumi yığıncaqda iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə işttirak etmək, şəxsən iştirak etmək və ya qanunvericilikə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq hüququ vardır (9.1.3), cəmiyyətin iştirakçılarını yarıdan çoxunun iştirak etdiyi ümumi yığıncaq səlahiyyətli hesab edilir (.1.6-cı bənd). İddiaçı "xxxx" MMC-nin iki iştirakçısından biridir, onun həm qanunvericiliyin tələblərinə, həm də müəssisənin nizamnaməsinin müddəalarına əsasən cəmiyyətin icra orqanlarının (qanuni təmsilçisinin) təyin edilməsində iştirak etmək hüququ vardır, eyni zamanda cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən direktoru təyin etmək və vəzifədən azad etmək səlahiyyətlərinin aid olduğu cəmiyyətin ümumi yığıncağı cəmiyyətin iştirakçılarının yarıdan çoxu, hazırki halda iki iştirakçısı olduğu üçün iştirakçıların hər iksinin iştirakı olduqda səlahiyyətlidir. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin yeni qanuni təmsilçisinin qeydə alınması zamanı əsas götürülmüş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli ümumi yığıncağının protokolundan görünür ki, xx.xx.2021-ci ildə ümumi yığıncağın iclası keçirilmiş, təsisçilərə ümumi yığıncaqda iştirak etmək üçün bildirişlər göndərilmiş, cəmiyyətin təsisçisi olan iddiaçı heç bir əsas bildirmədən ümumi yığıncaqda iştirak etməmiş və buna görə də iclas xx.xx.2021-ci ilə təxirə salınmış və yenidən iştirak etmək üçün bildiriş göndərilmişdir. Bildiriş göndərilməsinə baxmayaraq iddiaçı ümumi yığıncaqda iştirak etməmişdir. Odur ki, Mülki Məcəllənin 91.1-5-ci maddəsinə əsasən yetərsay mövcud olması qərara alınmışdır. Habelə həmin bildirişlərin iddiaçıya ünvanlanmasına dair EE001741729AZ VƏ EE001742004AZ nömrəli qaimələrin surətləri də birinci instansiya məhkəməsinə təqdim edilmişdir. "xxxx" MMC-nin "xxxx" Rabitə Müəssisəsinin filialının iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən EE001741729AZ nömrəli göndəriş xx.xx.2021-ci ildə AZ 9602 kodlu stasionar qəbul məntəqəsində qəbul edilmiş və xx.xx.2021-ci il tarixində təyinatı üzrə İran İslam Respublikasına yola salınmışdır. Göndəriş xx.xx.2021-ci ildə (artıq birinci xx.xx.2021-ci il tarixli ümumi yığıncaq keçirildikdən sonra) İİR poçt xidmətində qeydiyyatdan keçmiş, xx.xx.2021-ci ildə alıcıya çatdırılmaq üçün yerli çatdırılma məntəqəsinə göndərilmiş, xx.xx.2021-ci ildə çatdırma məntəqəsinə çatmışdır. Lakin İİR-nin poçt xidməti göndərişi ünvan səhvi səbəbindən çatdıra bilməmiş və onu xx.xx.2021-ci ildə Azərbaycana geri qaytarmışdır. Göndəriş xx.xx.2021-ci ildən müəssisənin AZ9602 məntəqəsindədir və göndəriciyə telefonla bir neçə dəfə məlumat verilsə də, bu günə kimi göndərişi gəlib götürməmişdir. EE001742004AZ nömrəli göndəriş xx.xx.2021-ci ildə X3 müəssisənin AZ9602 kodlu stasionar qəbul məntəqəsində qəbul edilmiş və xx.xx.2021-ci ildə təyinatı üzrə İran İslam Respublikasına yola salınmışdır. Göndəriş xx.xx.2021-ci ildə (xx.xx.2021-ci ildə ikinci ümumi yığıncaq keçirildikdən sonra) İİR-in poçt xidmətində qeydiyyatdan keçmiş, xx.xx.2021-ci il tarixində alıcıya çatdırılmaq üçün yerli çatdırma məntəqəsinə göndərilmiş, xx.xx.2021-ci il tarixində çatdırma məntəqəsinə daxil olmuşdur. Lakin İİR-nin poçt xidməti göndərişi ünvan səhvi səbəbindən çatdıra bilməmiş və onu xx.xx.2021-ci ildə Azərbaycana geri qaytarmışdır. Göndəriş xx.xx.2021-ci ildən müəssisənin AZ9602 məntəqəsindədir və göndəriciyə telefonla bir neçə dəfə məlumat verilsə də, bu günə kimi gəlib götürməmişdir. İşin faktiki hallarına görə, iddiaçı "xxxx" MMC-nin icra orqanı – qanuni təmsilçisi dəyişdirilərək X1 təyin edilməsi zamanı onun (iddiaçının) ümumi yığıncaqda iştirak etməməsinə görə keçirilmiş ümumi yığıncağı səlahiyyətli hesab etmir və buna görə də qanuni təmsilçi barədə cavabdeh inzibati orqanın apardığı qeydiyyatın və bu barədə reyestrdən verilmiş çıxarışın ləğv olunmasını tələb edir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə müəssisənin qanuni təmsilçisinin təyin olunması ilə bağlı ümumi yığıncağın qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilmədiyinə, yəni ümumi yığıncağın iclasları barədə iddiaçı şirkətin təsisçi olaraq vaxtında məlumatlandırılmadığına, ona görə də yığıncağın səlahiyyətli olmadığına, buna baxmayaraq cavabdeh inzibati orqanın həmin səlahiyyətsiz yığıncaqla seçilmiş qanuni təmsilçini qeydiyyata almasının və bu barədə reyestrdən verdiyi çıxarışın qanunsuz olduğuna istinad edərək iddianın təmin olunması qənaətinə gəlmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən Cəmiyyətin yaradılması təsis yığıncağının keçirilməsini və müqavilənin bağlanmasını (bu Məcəllənin 45.2-ci maddəsində nəzərdə tutulmuş halda) və ya cəmiyyətin yaradılması haqqında qərarın qəbul edilməsini (cəmiyyət bir şəxs tərəfindən yaradıldıqda), nizamnamə kapitalının ödənilməsini (cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa) və nizamnamənin hazırlanmasını əhatə edir. Həmin Məcəllənin 87.5-ci maddəsinə əsasən Cəmiyyətin yaradılması zamanı keçirilən təsis yığıncağı: 87.5.3. bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə nəzərdə tutulmuş cəmiyyətin idarəetmə orqanlarını təşkil edir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən Cəmiyyətin təsis yığıncağında cəmiyyətin təsis edilməsi, nizamnamənin təsdiq edilməsi, cəmiyyətin yaradılması zamanı nizamnamə kapitalına ödənilən pul olmayan əmanətlərin dəyərinin təsdiq edilməsi, idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar təsisçilər tərəfindən yekdilliklə, digər məsələlər üzrə isə sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Məcəllənin 91.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Həmin Məcəllənin 91.1-1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. Həmin Məcəllənin 91.1-4-cü maddəsinə əsasən Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Həmin Məcəllənin 91.1-5-ci maddəsinə əsasən Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. Həmin Məcəllənin 91.1-6-cı maddəsinə əsasən yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. Həmin Məcəllənin 91.1-7-ci maddəsinə əsasən bir iştirakçıdan ibarət olan cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar həmin iştirakçı tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 91.3.2. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.15-ci maddəsinə əsasən xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət – əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə xarici ölkədə dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir; Həmin Qanunun 2.0.16-cı maddəsinə əsasən xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı – əcnəbi və vətəndaşlığı olmayan şəxsə məxsus gücləndirilmiş elektron imza ilə təsdiq edilən və müvafiq icra hakimiyyəti orqanına elektron qaydada təqdim edilən ərizə və ona əlavə edilən sənədlər əsasında xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin (yenidən təşkil nəticəsində yaranan məhdud məsuliyyətli cəmiyyət istisna olmaqla) dövlət qeydiyyatıdır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Həmin Qanunun 9.3-cü maddəsinə əsasən bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır. Həmin Qanunun 11.3-cü maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; 11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda. Qanunun 11.4-cü maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün bu Qanunda göstərilməyən sənədlərin tələb olunmasına yalnız o halda yol verilir ki, belə sənədlərin təqdim edilməsi Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulmuş olsun. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində aşağıdakı məlumatlar əks etdirilməlidir: 14.1.1. qurumun adı (firma); 14.1.2. qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat); 14.1.3. qurumun təşkilati-hüquqi forması; 14.1.4. maliyyə ili; 14.1.5. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (kommersiya qurumları və publik hüquqi şəxslər üçün), qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; 14.1.6. qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən məlumatlar; 14.1.7. qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri. Qanunvericiliyin tələbindən göründüyü kimi, qanuni təmsilçinin seçilməsi ümumi yığıncağın müstəsna səlahiyyətinə aiddir. Ümumi yığıncağın qərarına əsasən təqdim olunmuş sənədlər əsasında dövlət reyestrindəki məlumatlara dəyişikliyin edilməsi barədə müvafiq qeydiyyatı aparmaq və bu barədə reyestrdən çıxarış vermək isə vergi orqanın səlahiyyətinə aid edilmişdir. Hazırki işdən görünür ki, iddiaçı yeni qanuni təmsilçinin qeydiyyatını və bu barədə verilmiş reyestrdən çıxarışı mübahisələndirsə də, əslində onun hüquqi marağı ümumi yığıncağın sonuncu iclasında qəbul edilmiş qərarın, yəni qanuni təmsilçinin təyin olunmasından narazı qaldığı üçün həmin qərarın ləğvinə yönəlmişdir. Qeyd edilən məsələ ilə əlaqədar təsisçilər və ya təsisçilərlə hüquqi şəxs arasında olan mübahisələrə mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələri tərəfindən baxılır. Buna görə də iddiaçıya hazırki inzibati məhkəmə icraatı çərçivəsində iddia tələbini həmin hüquqi marağına uyğun dəqiqləşdirməklə bağlı təklifin verilməsini məhkəmə kollegiyası əhəmiyyətsiz hesab etmişdir. Odur ki, məhkəmə kollegiyası araşdırmaları iddiaçının verdiyi hazırki tələb üzrə aparmışdır. Yuxarıda sadalanan nomaların təhlili onu deməyə əsas verir ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik qeydiyyata alınarkən cavabdeh inzibati orqanın yoxladığı məsələlər həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq vergi orqanına müraciətin edilməsi ilə bağlıdır. Bu zaman ərizədə hüquqi şəxsin vəziyyətində baş vermiş dəyişiklik göstərilir, həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilir və dəyişiklik qanuna zidd olmadıqda, ərizədə göstərilən məlumatlar və ya sənədlər yanlış olmadıqda vergi orqanı tərəfindən 5 gün müddətində dəyişiklik qeydiyyata alınır. Hazırki işdən də görünür ki, vergi orqanı ona müəssisənin təsis sənədində aparılmış dəyişikliklə bağlı sənədlərin həmin dəyişikliyin elə baş verdiyi gündə (xx.xx.2021ci il tarixdə), yəni 40 gündən gec olmayan müddətdə təqdim edildiyini, bu dəyişikliyin qanuna zidd olmadığını, məlumatların yanlış olmadığını (vergi orqanının yoxladığı həddə) nəzərə alaraq xx.xx.2021-ci il tarixdə reyestrdə müvafiq qeydiyyatı aparmış və bu barədə müvafiq reyestrdən çıxarış sənədini vermişdir. O ki qaldı iddiaçının iddia etdiyi kimi- vergi orqanın adı çəkilən dəyişikliyi qeydiyyata alarkən və bu barədə reyestrdən çıxarış verərkən həm də “müəssisənin ümumi yığıncağının səlahiyyətli olub-olmaması və s.” bu kimi məsələləri yoxlamalı olduğuna, bu barədə məhkəmə kollegiyası hesab edir ki, həmin vəzifə qanunvericiliklə cavabdeh vergi orqanının dəyişikliyi qeydiyyata alarkən yoxlamalı olduğu məsələlər sırasına daxil edilməmiş, qanunla onun vəzifəsi kimi müəyyən edilməmişdir. Odur ki, hazırki işdə iddiaçı tərəf müvafiq dəyişikliyin qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi zamanı vergi orqanı tərəfindən hansı qanun normalarının pozulduğunu və öhdəliyini yerinə yetirmədiyini əsaslandıra bilməmişdir. Cavabdeh vergi orqanı isə dəyişikliyin qeydiyyata alınması zamanı tərəfindən qanunla hansı həddə yoxlamanın aparılmalı olduğunu, belə yoxlamanı apardıqdan sonra dəyişikliyi qeydiyyata aldığını, bu barədə də reyestrdən çıxarışı düzgün olaraq verdiyini tam sübuta yetirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən ona edilmiş müraciətlə bağlı təsis sənədinə edilmiş dəyişikliyin qeydiyyatının aparılmasını zəruri edən faktiki şərtlərin mövcudluğu tam sübuta yetirildiyindən belə qeydiyyatın və bu qeydiyyatla bağlı verilmiş reyestrdən çıxarışın ləğv edilməsi barədə iddiaçının iddiası əsassızdır və təmin oluna bilməz. Lakin göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini bu qərarın əsaslandırıcı hissəsində göstərilən məsələləri yoxlamadan təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələbinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işdə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə zəruri araşdırma aparılmadığından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6421/2022 saylı 29 iyul 2022-ci il tarixli qərarı ləğv edilməli və iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6421/2022 saylı 29 iyul 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-816/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-816/2023
19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver