Məhkəmə qərarları › İş №2-1(103)-817/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-817/2024

03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-817/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh Firmasına qarşı “siyahıya alınmış əmlakların satılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh Firmasına qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3188/2023 saylı 28 avqust 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Cavabdehə ünvanlanmış vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə **********552300 saylı xx.xx.2022-ci il tarixli xəbərdarlıqda bildirilmişdir ki, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx/xx/2021 tarixli **********6 nömrəli Qərarına əsasən xx/xx/2022 tarixində 813760 manat dəyərində əmlakları siyahıya alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.2-ci maddəsinə əsasən siyahıya alınmış əmlaklar barəsində sərəncam vermək hüququna malik olmadığı üçün həmin əmlaklara sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Bununla əlaqədar olaraq siyahıya alınmış bu əmlaklara dair bağladığı əqdlər etibarsız hesab edilməklə həmin əmlakların israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyətə cəlb ediləcəyi barədə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu və Cinayət Məcəlləsinin 303-cü maddələrinə əsasən xəbərdarliq edilmişdir. Əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacaqdır. **********3 saylı xx.xx.2021-ci il tarixli vergi borcunun ödənilməsinə dair bildirişdə bildirilmişdir ki, Cavabdeh Firmasının xx.xx.2021-ci il tarixə dövlət büdcəsinə ümumilikdə 576659,47 manat, o cümlədən: vergilər üzrə 484134,90 manat, maliyyə sanksiyaları üzrə 100 manat, faizlər üzrə ******* manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat borcu vardır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqqında” **********6 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən Cavabdeh Firmasının əmlakı siyahıya alınmış və əmlakın siyahıya alınmasının həyata keçirilməsi böyük dövlət vergi müfəttişi X1 tapşırılmışdır. Əmlakın siyahıya alınması haqqında **********477900 saylı xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavədən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********477900 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən dövlət vergi müfəttişi X4 tərəfindən Cavabdeh Firmasının borclarını Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyinə və yaxud öhdəliyini yerinə yetirməkdən boyun qaçırdığına görə 591360 manat dəyərində 4928 kv.m qeyri-yaşayış binası və 222400 manat dəyərində 0,278839 ha torpaq sahəsi siyahıya alınmışdır. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında xx.xx.2022-ci il tarixli akta əsasən siyahıya alınmış əmlak məsul saxlanmaya verilmək üçün X5 təhvil verilmişdir. Əmlakı məsul saxlanmaya təhvil almış şəxs siyahıya alınmış əmlak barəsində sərəncam vermək hüququndan məhrum edildiyi, həmin əmlaka sahiblik və ondan istifadə edilməsinin yalnız vergi orqanının nəzarəti ilə həyata keçirilə biləcəyi, habelə bu əmlaka dair onun bağladığı əqdlərin etibarsız hesab ediləcəyi və siyahıya alınmış əmlakın israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilmişdir. Hazırda iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh Firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 548329.24 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 813760 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsi ilə satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Firması (VÖEN **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsıılu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2021 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2021 tarixə yaranan 576659.47 manat borcuna görə 813760 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2022 tarixli **********6 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx/xx/2022 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2021 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 548329.24 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin etirazı: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar; məhkəmə baxışı gedişində əsaslar əmələ gəlmiş olsun. Vergi orqanı bu məbləğdə borcun hansı hesablamalar ilə dövriyyədən əmələ gəlməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməyə borcludur. Lakin belə sənəd və əsaslar mövcud deyil. 2020-ci il boyu "xxxx" Firmasının direktorunun Firmada hər hansı işgüzar fəaliyyəti olmamışdır. İşgüzar fəaliyyətinə xitam vermək üçün işdən çıxmış və ondan sonra müəssisəyə bir-birini əvəz edən iki direktor təyin edilmiş və hər iki direktor iş yerinə bir saatlıq belə buraxılmamışdır. Belə olan halda "xxxx" Firmasına analogiya ilə vergi tutmanın tətbiq olunması barədə hər hansı sənədin olmaması və bunu dəqiqləşdirmək üçün 06 yanvar 2023-cü il tarixdə iddiaçıya müraciət etmişdir. 2020-ci il dövründə "xxxx" Firmasının 456 manat 80 qəpik dövriyyəsi olmuşdur. "xxxx" Firması bu qədər vergi borcunun 2019-2020-2023-cü illərə qədər yaranmasını absurd hesab edir. Firmanın fəaliyyəti məcburi dayandırılmış idi. Həmçinin pandemiya dövründə "xxxx" Firmasının gərək 20 milyon manat dövriyyəsi olardı ki, 500 min manat mənfəət vergisi hesablanardı. Bəyananmə və hesabat dövrü 2020-ci il tarixi ilə qeyd edilmişdir. Halbuki həmin 2020-ci il hesabat dövründən də əvvəl 2019-cu il və bu gün 2023-cü ilə qədər Baki İnzibati ilə Baki Kommersiya Məhkəmələrinin Qərardadlari ilə Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna şikayətləri təsdiq edilmişdir. "xxxx" Firmasının qanuni nümayəndələri ilə işçiləri vergi ödəmələrinin mənbəyi və predmeti sayılmaqla fəaliyyəti olan ünvan 3 ünvanından zorakı yol ilə “Cesko Mühafizə Şirkəti”nin dəstələri tərəfindən qovulmuş və içəri buraxılmamışdır. 2019-2023 tarixinə qədər "xxxx" Firmasının qeyriyaşayış sahələrində icarədarlardan icarə haqqı Xalq Bank tərəfindən adlarını bilmədiyi insanlar tərəfindən yığılmış və hara ödənildiyi məlum deyil. Beləliklə, "xxxx" Firması vergi ödəyicisi kimi iddia üzrə ödədiyi vergi məbləğini təkrar ödəməyə məcbur edilə bilməz. Odur ki, vergi borcunun tələb edilməsi ilə əlaqədar iddiaçının hərəkətləri qanunsuz hesab edilməklə **********231400 №-li 14 noyabr 2022-ci il tarixli qərar ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3188/2023 saylı 28 avqust 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 3188/2023 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə qərarında qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş inzibati icraat materialları ilə 591360 manat dəyərində 4928 kv.m qeyri-yaşayış binası və 222400 manat dəyərində 0,278839 ha torpaq sahəsinin siyahıya alınmış daşınmaz əmlakların cavabdehə məxsus olub-olmaması müəyyən edilmir, həmçinin əmlakın dəyərinin müəyyən edilməsinə dair inzibati icraat aparılmamışdır. Halbuki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicisi olan “MARS -M ”F irmasının (VÖEN: **********) əmlakının siyahıya alınması haqqında xx.xx.2022-ci il tarixli **********477900 nömrəli qərar qəbul edilmişdir. Qərarın icrası ilə əlaqədar tədbirlər görülərkən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi şəxsindən vergi orqanına daxil olan məlumatda vergi ödəyicisinin mülkiyyətində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 74G ünvanında yerləşən 492,8 kv.m, qeyri-yaşayış binası və ünvan 5 ünvanında yerləşən 0,278839 kv.m olan torpaq sahəsinin olduğu müəyyən olunmuşdur. Bununla bağlı vergi ödəyicisinə **********029400 nömrəli xx.xx.2022-ci il tarixli “Əmlakın siyahıya almaya təqdim edilməsi barədə” xəbərdarlıq ünvanlanmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********477900 nömrəli protokol tərtib olunaraq yuxarıda qeyd olunan əmlaklar siyahıya alınmışdır. Əmlaklar siyahıya alınarkən vergi ödəyicisinin 548329,24 manat məbləğində borcu olmuş, sonradan dəqiqləşdirilmiş hesabatlar təqdim edilərək vergi borcunu azaltmışdır. Siyahıya alınmış əmlakın satılması barədə iddia ərizəsi məhkəməyə təqdim edilərkən sözügedən əmlakların iddiaçıya məxsus olmasını təsdiq edən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsinin vergi orqanına ünvanladığı məlumat da iddia ərizəsinə əlavə edilmişdir. Bu baxımdan hesab edirik ki, məhkəmənin siyahıya alınmış daşınmaz əmlakların cavabdehə məxsusluğunun müəyyən edilmədiyi barədə dəlili əsassızdır. Məhkəmə həmçinin əmlakının dəyərinin müəyyən edilməsinə dair inzibati icraatın aparılmadığını da qeyd edir. Məhkəmənin bu dəlili ilə bağlı qeyd etməyi zəruri hesab edirik ki, Vergi Məcəlləsinin 90.3-cü maddəsinin 3-cü və 4-cü abzaslarına əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Məhkəmə qərarlarına əsasən verilən icra vərəqələri daxil olduqdan 10 (on) gün müddətində qiymətləndirici icra məmuru tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada dəvət olunur. Qiymətləndiricinin xidməti məhkəmənin qərarı ilə əmlakı satılan vergi ödəyicisi tərəfindən ödənilir. Vergi orqanı qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Yuxarıda qeyd olunan normanın mənasından aydın olur ki, həmin maddədə qeyd olunan hallar istisna olmaqla əmlakın qiymətləndirilməsi qiymətləndirici tərəfindən həyata keçirilir və həmin proses məhkəmə qərarına əsasən verilən icra vərəqələrinin vergi orqanına daxil olduğu gündən 10 gün müddətində yerinə yetirilir. İşin fakitki hallarından görünür ki, vergi orqanı tənzimlənən qiymətlər istisna olmaqla digər hallarda özü əmlakı qiymətləndirmir, protokola sadəcə əmlakın ehtimal edilən təxmini qiymətini yazır. Bu səbəbdən də məhkəmənin əmlakın qiymətləndirilməsi ilə bağlı bu dəlili də əsaslı sayıla bilməz. Məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğu digər əsaslandırma cavabdehin cari borc məbləği ilə siyahıya alınmış əmlakın iddiaçı tərəfindən göstərilən dəyərinə mütənasib olmamasıdır. Məhkəmənin bu mövqeyi ilə bağlı qeyd edirik ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin78.3, 85.4, 90.3-cü maddələrinin şərh edilməsinə dair 12 yanvar 2011-ci il tarixli qərarında qeyd olunur ki, VMin 90.1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisinin öhdəliklərinin icra edilməsi məqsədilə məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin qeyd olunan hüququn təmin edilməsi üçün vergi ödəyicisinin əmlakı VM-nin 89.1-ci maddəsinin tələblərinə görə siyahıya alınmalıdır. Cavabdehin dövlət büdcəsinə 548329,24 manat borcu olmuş, lakin işə məhkəmə baxılması zamanı dəqiqləşdirilmiş hesabatlar təqdim edilərək vergi borcunu azaltmış, lakin yerdə qalan borc məbləğinin ödənilməsini təmin etməmişdir. Məhkəmə də iddianı rədd etməklə faktiki olaraq vergi ödəyicisinə borcu ödəməmək şəraiti yaratmışdır. Tərəflərin izahatları: xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehə poçt vasitəsilə bildiriş göndərilsə də “ünvan düzgün deyil” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iş üzrə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cavabdeh Firmasına ünvanlanmış vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə **********552300 saylı xx.xx.2022-ci il tarixli xəbərdarlıqda bildirilmişdir ki, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx/xx/2021 tarixli **********6 nömrəli Qərarına əsasən xx/xx/2022 tarixində 813760 manat dəyərində əmlakları siyahıya alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.2-ci maddəsinə əsasən siyahıya alınmış əmlaklar barəsində sərəncam vermək hüququna malik olmadığı üçün həmin əmlaklara sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Bununla əlaqədar olaraq siyahıya alınmış bu əmlaklara dair bağladığı əqdlər etibarsız hesab edilməklə həmin əmlakların israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyətə cəlb ediləcəyi barədə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu və Cinayət Məcəlləsinin 303-cü maddələrinə əsasən xəbərdarliq edilmişdir. Əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacaqdır. **********3 saylı xx.xx.2021-ci il tarixli vergi borcunun ödənilməsinə dair bildirişdə bildirilmişdir ki, Cavabdeh Firmasının xx.xx.2021-ci il tarixə dövlət büdcəsinə ümumilikdə 576659,47 manat, o cümlədən: vergilər üzrə 484134,90 manat, maliyyə sanksiyaları üzrə 100 manat, faizlər üzrə ******* manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat borcu vardır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqqında” **********6 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən Cavabdeh Firmasının əmlakı siyahıya alınmış və əmlakın siyahıya alınmasının həyata keçirilməsi böyük dövlət vergi müfəttişi X1 tapşırılmışdır. Əmlakın siyahıya alınması haqqında **********477900 saylı xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavədən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********477900 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən dövlət vergi müfəttişi X4 tərəfindən Cavabdeh Firmasının borclarını Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyinə və yaxud öhdəliyini yerinə yetirməkdən boyun qaçırdığına görə 591360 manat dəyərində 4928 kv.m qeyri-yaşayış binası və 222400 manat dəyərində 0,278839 ha torpaq sahəsi siyahıya alınmışdır. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında xx.xx.2022-ci il tarixli akta əsasən siyahıya alınmış əmlak məsul saxlanmaya verilmək üçün X5 təhvil verilmişdir. Əmlakı məsul saxlanmaya təhvil almış şəxs siyahıya alınmış əmlak barəsində sərəncam vermək hüququndan məhrum edildiyi, həmin əmlaka sahiblik və ondan istifadə edilməsinin yalnız vergi orqanının nəzarəti ilə həyata keçirilə biləcəyi, habelə bu əmlaka dair onun bağladığı əqdlərin etibarsız hesab ediləcəyi və siyahıya alınmış əmlakın israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-653/2020 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən "xxxx" firmasının "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı özəl mühafizə şirkətləri haqqında nizamnamə və lisenziya haqqında əsasnamələri pozmaqla qeyri-yaşayış binasının zorakı zəbt ilə mülki dövriyyə iştirakçılarını sahibçilik və istifadə hüququndan məhrum etmə, iddiaçının işğüzar fəaliyyətinə maneələrlə, məqsədli iflasına nail olma, qanunsuz sahibkarlıqla məşğul olma, zəbt olunmuş obyektdə işçilərə sərəncam və tapşırıqlar vermə, icrasını tələb etmə, direktor və təsisçilərin vəzifə səlahiyyətlərini mənimsəmə, məhkəmə və icra orqanlarının səlahiyyətlərini əvəzləmə nəticəsində iddiaçıya küllü miqdarda dəymiş zərərin ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli e-2- 2(113)-653/2020 saylı qətnaməsindən "xxxx" firmasının verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-653/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadına əsasən Cavabdeh Firmasının “özəl mühafizə şirkətləri haqqında nizamnamə və lisenziya haqqında əsasnamələri pozmaqla qeyri-yaşayış binasının zorakı zəbt ilə mülkü dövriyyə iştirakçılarını sahibçilik və istifadə hüququndan məhrum etmə, iddiaçının işğüzar fəaliyyətinə maneələrlə, məqsədli iflasına nail olma, qanunsuz sahibkarlıqla məşğul olma, zəbt olunmuş obyektdə işçilərə sərəncam və tapşırıqlar vermə, icrasını tələb etmə, direktor və təsisçilərin vəzifə səlahiyyətlərini mənimsəmə, məhkəmə və icra orqanlarının səlahiyyətlərini əvəzləmə nəticəsində iddiaçıya küllü miqdarda dəymiş zərərin ödənilməsi” barədə iddiası rədd edilmişdir. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq **********978900 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan Cavabdeh Firmasının (VÖEN: **********) xx.xx.2019-cu il taixli **********98 saylı icraat vərəqəsi üzrə xx.xx.2023-cü il tarixə 3097,37 manat ödənilməli olan borcu var. Həmçinin məhkəmə sorğusuna cavab olaraq iddiaçı tərəfindən **********082100 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, xx.xx.2023-cü il tarixə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan "xxxx" Firmasının (VÖEN: **********) xx.xx.2019-cü il tarixli **********98 saylı icraat vərəqəsi üzrə 3097,37 manat ödənilməli olan borcu var. İşin apellyasiya baxışı zamanı məhkəməyə daxil olmuş ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, məhəllə 2528, 74G ünvanında yerləşən qeyri-yaşayış binası Mars M" Firmasının istifadəsindədir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş inzibati icraat materialları ilə 591360 manat dəyərində 4928 kv.m qeyri-yaşayış binasının və 222400 manat dəyərində 0,278839 ha torpaq sahəsinin siyahıya alınmış daşınmaz əmlakların cavabdehə məxsus olub-olmamasının müəyyən edilməməsinə, həmçinin əmlakın dəyərinin müəyyən edilməsinə dair inzibati icraatın aparılmamasına istinad edərək iddia tələbini rədd etmişdir. Məhkəmə kollegiyası həmin əmlakın cavabdehə məxsus olub-olmamasını müəyyən etmək üçün müvafiq məlumatların verilməsi barədə sorğu vermiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, məhəllə 2528, 74G ünvanında yerləşən qeyri-yaşayış binası Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 237 nömrəli xx.xx.1995-ci İl tarixli sərəncamına, 10/109 nömrəli “İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin Ayrıc Aktı”na, xx.xx.2011-ci il tarixli “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının Aktı"na, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarına və layihəyə əsasən xx.xx.2012-ci il tarixdə "xxxx" Firmasının adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Yuxarıda qeyd olunan qeyri-yaşayış binası "xxxx" ASC-nin xeyrinə ipoteka yüklü edilmişdir. Həmçinin ünvan 5 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsi 2308 nömrəli xx.xx.2009-cu il tarixli “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” müqaviləsinə əsasən xx.xx.2010-cu il tarixdə "xxxx" Firmasının adına qeydiyyata alınmışdır. Sonradan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 327 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamına, MA seriyalı ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışa, Azərbaycan Respublikasının Mərkəzi Bankının 05/04-719 nömrəli xx.xx.2010-cu il tarixli məktubuna əsasən sözügedən torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binasına dair "xxxx" Firmasının adı ilə bağlı xx.xx.2010-cu il tarixli “Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayış” verilmişdir. Sözügedən əmlak 67/01 nömrəli xx.xx.2019-cu il tarixli “Hərracın yekunları barədə protokolu”na, xx.xx.2019-cu il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləyə, "xxxx" ASC-nin 493 nömrəli xx.xx.2021-ci il tarixli məktubuna və Bakı Apellyasiya Məhkəməsinin 2- 2(103)-6/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən "xxxx" ASC-nin adı ilə bağlı xx.xx.2021-ci il tarixli “Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayış” verilmişdir. Sözügedən qeyri-yaşayış binası hazırda digər hüquqi şəxsin adına qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı vergi orqanı tərəfindən vergi ödəyicisinin dövlət büdcəsinə olan borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlak artıq həmin vergi ödəyicisinə məxsus deyildir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1, 23.1.6 və 23.1.15-1-cı maddələrinə uyğun olaraq müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək; hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanının hüququdur. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. 89.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5-ci maddəsinə əsasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6-cı maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); -hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli 393 №li Fərmanının 1.40-1-ci bəndində göstərilmişdir ki, həmin Məcəllənin 23.1.15-1-ci, 90.1-ci maddələrində, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik normalarından müəyyən etmək olur ki, vergi orqanı yalnız vergi ödəyicisinə məxsus əmlakı siyahıya ala bilər. Lakin hazırki işdən müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, məhəllə 2528, 74G ünvanında yerləşən qeyri-yaşayış binası 2012-ci il tarixdə reyestrdə "xxxx" firmasının adına istifadə hüququ qeydiyyata alınsa da, sonradan həmin əmlak 67/01 nömrəli xx.xx.2019-cu il tarixli “Hərracın yekunları barədə protokolu”na, xx.xx.2019-cu il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləyə, "xxxx" ASC- nin 493 nömrəli xx.xx.2021-ci il tarixli məktubuna və Bakı Apellyasiya Məhkəməsinin 2- 2(103)-6/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən "xxxx" ASC-nin adı ilə bağlı xx.xx.2021-ci il tarixli “Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayış” verilmişdir. Sözügedən qeyri-yaşayış binası hazırda digər hüquqi şəxsin adına qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı vergi orqanı tərəfindən vergi ödəyicisinin dövlət büdcəsinə olan borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlak artıq həmin vergi ödəyicisinə məxsus olmadığı üçün onun satılması ilə bağlı iddiaçının tələbi əsassızdır və təmin oluna bilməz. Bu barədə yuxarıda sadalanan maddi hüquq normalarının tələbinə görə birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının iddiasının təmin edilməməsi qənaətinə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri isə qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilib, iddiaçının iddiasının təmin edilməsi üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəldiyi üçün iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3188/2023 saylı 28 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3188/2023 saylı 28 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar