Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-818/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya Baş Prokurorun müavini kimi 2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7600/2024 nömrəli, 03 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya Baş Prokurorun müavini kimi 2015-ci ildən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 12 iyun 1979-cu ildən 22 sentyabr 1993-cü ilə kimi (14 il 3 ay 10 gün) Azərbaycan Respublikasının prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. Baş ədliyyə müşaviri olmuş, işlədiyi müddətdə dəfələrlə mükafatlandırılmışdır. Ümumi iş stajı isə 35 ildən çoxdur. 24 dekabr 2015-ci il tarixdə onun 60 yaşı tamam olmuş və “Əmək pensiyaları haqqında” 7 fevral 2006-cı il tarixli (sonrakı əlavə və dəyişikliklər nəzərə alınmaqla) Azərbaycan Respublikasının Qanununa əsasən sabiq prokurorluq əməkdaşı kimi onun güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmışdır. Həmin Qanunun 9.4 və 9.4.2-ci maddələrində göstərilmişdir ki, 25 il və daha çox ümumi stajı olan və bu stajın 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri güzəştli şərtlərlə əmək pensiyası almaq hüququna malikdirlər. 29 oktyabr 2023-cü il tarixdə ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmişdir. Ona güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina edilmişdir. Cavabdeh qurum Qanunun 20.8.1 və 20.8.2-ci maddələrinə əsaslanaraq 15 il və daha yuxarı qulluq stajının olması halında pensiyaya çıxa biləcəyini bildirmişdir. Eyni zamanda prokurorluq orqanlarında iş stajını qanunsuz olaraq 9 il 6 ay 23 gün kimi hesablamışlar. xx.xx.2024-cü il tarixində yenidən cavabdeh quruma müraciət etmişdir. xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş 25 il və daha çox ümumi stajı olan, bu stajın isə 12 il 6 ayını (1 iyul 2017-ci il tarixindən sonra 17 il 6 ay) prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilrinin yaşa görə əmək pensiyası hüququ var idi. Prokurorluq orqanlarında xüsusi rütbəli vəzifələrdə qulluq illəri 12 il 6 aydan az olduğundan, həmçinin prokurorluq orqanlarında qulluğuna yaşa görə xitam verilmədiyindən, müraciətində göstərdiyi 60 yaşının tamamlandığı tarixdən prokurorluq orqanlarının sabiq xüsusi rütbəli işçisi kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mükün deyildir. Göründüyü kimi, cavabdeh onun staj illərini düzgün hesablamamaqla yanaşı eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 9.4.2-ci maddəsini də cavab məktubunda düzgün əks etdirməmişdir. Belə ki, Qanunun 9.4.2-ci maddəsində qeyd olunur ki, yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Baş Prokurorluğun xx.xx.2011-ci il tarixli məktubuna əsasən onun prokurorluq orqanlarında işə başladığı ilk iş olan arxiv müdiri vəzifəsi Baş Prokurorluğun strukturuna əsasən rütbəli vəzifədir. Cavabdeh qurum isə 1979-cu ilin avqust ayının 30-dan 1984-cü ilin 29 fevral tarixinədək olan dövrü qanunsuz olaraq əmək stajına daxil etmir. Halbuki, iddiaçının xx.xx.1979-cu il tarixindən xx.xx.1993-cü ilə kimi Azərbaycan Respublikası Prokurorluğunda işlədiyi müddət 14 il 3 ay 10 gün təşkil edir. Göründüyü kimi, Qanunun 12 il 6 ay iş stajı tələbi tam olaraq təmin edilir. 30 avqust 1979-cu ildən 29 fevral 1984-cü ilədək Baş Prokurorluqda arxiv müdiri işləmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun 27 may 2011-ci il tarixli nömrəli arayışından göründüyü kimi, arxiv müdiri vəzifəsi Baş Prokurorluğun strukturuna əsasən hazırda rütbəli vəzifədir. Onun Azərbaycan Respublikası Baş prokurorluğunda arxiv müdiri vəzifəsində işlədiyi 30 avqust 1979-29 fevral 1984-cü illər (4 il 8 ay 17 gün) də ona prokurorluqda qulluq stajı kimi hesablanaraq ona pensiya təyin olunarkən nəzərə alınmalıdır. İlk əmək fəaliyyətinə xx.xx.1972-ci il tarixində başlamışdır. Əmək kitabçamda olan iş yerləri və əmək stajı aşağıdakı kimidir: xx.xx.1972-xx.xx.1973 - 8 ay, xx.xx.1973xx.xx.1974 - 3 ay, xx.xx.1974-xx.xx.1976 - 2 il hərbi xidmət, xx.xx.1976-xx.xx.1979 - 2 il 8 ay 24 gün, xx.xx.1979-xx.xx.1993 - 14 il 3 ay 10 gün, xx.xx.2000-xx.xx.2023 - 3 il 13 gün, xx.xx.2006-xx.xx.2019 - 13 il 4 ay 25 gün. Göründüyü kimi, ümumilikdə 35 il 5 ay 25 gün tam əmək stajı mövcutdur. Bu əmək stajının 14 il 3 ay 10 günü Prokurorluq orqanlarına aiddir. Həmçinin 1977-ci il tarixindən 1983-cü il tarixinə kimi Kirov adına Azərbaycan Dövlət Universitetində axşam təhsili üzrə hüquqşünaslıq təhsili almışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq təhsil müddətinin əmək stajına daxil edilməsi ilə 40 ilə yaxın əmək stajı tamam olur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2010-cu il tarixli redaksiyasının 9.4 və 9.4.2-ci maddələrinə əsasən onun pensiya hüququ yaranmışdır. 2015-ci ildə 60 yaşım tamam olmuş, 25 ildən artıq əmək stajı olmuş və bu stajın 14 ildən çox hissəsi prokurorluq orqanlarına aiddir. Qanunun 9.4.2-ci maddəsində qeyd olunur ki, yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, Qanun 25 il ümumi iş stajı olan və bu stajın 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin pensiya hüququnu tanıyır. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-7600/2024 nömrəli, 03 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 03 sentyabr 2024-ci il tarixli qərarı ilə onun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona prokurorluq əməkdaşı kimi pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməmişdir. Məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, onun prokurorluq orqanlarında müstəntiq, Respublika Baş prokurorunun müavini vəzifələrində işlədiyi illər üçün iş stajı 9 il 6 ay 23 gün təşkil etmişdir. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, Baş Prokurorluqda arxivarius və arxiv müdiri işlədiyi dövr ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün staja daxil edilə bilməz. Belə ki, “Prokurorluq haqqında” qanuna əsasən prokurorluq işçiləri-prokurorlar, prokurorluğun müstəntiqləri, prokurorluğun əməliyyatçıları və prokurorluğun stajorları sayılırlar. Eyni zamanda məhkəmə onun hazırda Baş Prokurorun müavini vəzifəsində olmağı təqdim etdiyi sənədlərlə təsdiq olunmasına baxmayaraq, məhkəmə onun təqdim etdiyi sənədlərdə göstərdiyi sübutlara və faktlara heç bir hüquqi qiymət vermədən, hətta onları təkzib edəcək bircə fakt belə öz qərarında göstərmədən onun iddia tələbini əsassız və qanunsuz olaraq təmin etməmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki o, faktiki olaraq 12 iyun 1979-cu ildən 22 sentyabr 1993-cü ilə kimi (14 il 3 ay 10 gün) Azərbaycan Respublikasının prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. 12 iyun 1979-cu ildən 30 avqust 1979-cu ilə kimi iddiaçı Azərbaycan SSR Prokurorluğunda arxivarius, 30 avqust 1979-cu ildən 29 fevral 1984-cü ilə kimi isə arxiv müdiri vəzifələrində işləmişdir. Həmin dövrdə arxiv müdiri vəzifəsi rütbəli vəzifə olmamışdır. Lakin sonradan Baş Prokurorluğun strukturuna əsasən həmin vəzifə rütbəli vəzifə olmuşdur. Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun verdiyi 27 may 2011-ci il tarixli və Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi tərəfindən verilmiş 02 sentyabr 2024-cü il tarixli arayışlara əsasən arxiv müdiri vəzifəsi Baş Prokurorluğun strukturuna əsasən hazırda rütbəli vəzifədir. Məhkəmə “Prokurorluq haqqında” Qanuna istinad edərək belə bir yanlış nəticəyə gəlmişdir ki, Baş Prokurorluqda Arxiv müdiri vəzifəsi prokurorluq işçisi kimi göstərilməmişdir. İddiaçı xx.xx.1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Baş Prokurorun müavini vəzifəsinə təyin edilmişdir. Baş Prokurorun xx.xx.1993-cü ili tarixli əmrinə əsasən heç bir əsas olmadan o, tutduğu vəzifədən azad edilərək, Bakı şəhər Prokurorluğunun İstintaq şöbəsinin istintaq hissəsinə böyük müstəntiq vəzifəsinə təyin edilmişdir. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli Qanununa əsasən Baş Prokurorun müavinləri Baş Prokuror tərəfindən işə təyin və azad edilir, təyinetmə və azadetmə Azərbaycan Respublikası Ali Soveti tərəfindən təsdiq olunmalı idi. Ona qarşı qanunsuzluq və özbaşınalıq edilərək o, vəzifəsinin icrasına buraxılmamış və sonra da prokurorluq orqanlarından xaric edilmişdir. Beləliklə, o, status baxımından hazırda da Baş Prokurorun müavini vəzifəsində qalmaqda davam edir. Lakin məhkəmə təqdim etdiyi sənədləri məhkəmənin gedişində tədqiq etməmiş, onlara qarşı heç bir münasibət bildirməmiş, həmçinin qəbul etdiyi iddia tələbinin təmin edilməməsi barədə yekun qərarında da həmin sənədlərlə bağlı heç bir münasibət bildirməmiş və həmin sənədlərə nəyə görə istinad etməməsini əsaslandırmamış, hüquqi qiymət verməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Cavabdeh tərəfindən məhkəməyə apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı cavabdehə qarşı müvafiq iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarın əsaslandırma hissəsində qeyd etmişdir ki, iddiaçının prokurorluq orqnlarında arxivarius vəzifəsində işlədiyi dövr prokurorluq işçiləri üçün güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün staja daxil edilə bilməz. Belə ki, “arxivarius”, “arxiv müdiri" qanunverici tərəfindən “prokurorluq işçiləri” sayılmamışdır. “Prokurorluq haqqında” Qanuna görə “prokurorluq işçiləri-prokurorlar, prokurorluğun müstəntiqləri, prokurorluğun əməliyyatçıları, prokurorluğun stajorları”dır. Göründüyü kimi, iddiaçının ümumi stajı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 35 (və ya iddiaçının 60 yaşı tamam olduğu tarixə Qanunun qüvvədə olan redaksiyasına əsasən 25 il) stajından az təşkil edir. Bundan başqa, iş materiallarına əlavə edilmiş sənədlərdən məlum olduğu kimi, iddiaçının prokurorluq orqanlarında qulluğuna xitam yaşa görə, yəni 60 yaşına çatması əsası ilə 2015-ci ildə deyil, 2010-cu ildə prokurorluq orqanlarından xaric edilməsi səbəbi ilə baş vermişdir. Halbuki “Əmək pensiyaları haqqında” Qanunun 9.4.2-ci maddəsinə əsasən yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ olduğu qeyd edilmişdir. İddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinin sözügeden qərarından apellyasiya şikayəti verilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməli, həmin iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Mərkəzi filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli imtina məktublarında bildirilmişdir ki, iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olduğundan, həmçinin prokurorluq orqanlarında qulluğa yaşa görə xitam verilmədiyindən, ona sabiq xüsusi rütbəli işçi kimi yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikasının “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanununun 32.2-ci maddəsinə əsasən prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır. Qanunun 32.4-cü maddəsinə əsasən yaş həddi çatanadək prokurorluqda azı 35 il qulluq etmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər. Qanunun 20.14-cü maddəsinə əsasən pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 20.8.1-ci və 20.8.2-ci maddələrinə əsasən prokurorluq orqanlarının işçisi kimi yaşa görə əmək pensiyası prokurorluq orqanlarında 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Qanunun 9.4.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını (1 iyul 2017-ci il tarixdən sonra 17 il 6 ay) prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ var idi. İddiaçı cavabdehə təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən prokurorluq orqanlarında iş stajı 15 ildən az (9 il 6 ay 23 gün (xx.xx.1984-xx.xx.1993-cü il tarixləri arasındakı dövr) təşkil etmişdir. İddiaçı prokurorluq orqarlarında xüsusi rütbəli vəzifələrdə qulluq illəri 12 il 6 aydan az olduğundan, həmçinin prokurorluq orqanlarında qulluğa yaşa görə xitam verilmədiyindən, iddiaçıya 60 yaşının tamamlandığı tarixdən prokurorluq orqanlarının sabiq xüsusi rütbəli işçi kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İddiaçı Azərbaycan SSR Prokurorluğunun arxiv müdiri vəzifəsində işlədiyi (xx.xx.1979-ci il tarixdən xx.xx.1984-cü il tarixədək) olan müddət həmin dövr üçün rütbəli vəzifə olmadığından prokurorluq orqanlarında qulluq illərinə əlavə edilməmişdir. Həmçinin, İddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış iddia ərizəsində qeyd edilmişdir ki, 1977-ci il tarixdən 1983-cü il tarixə kimi Kirov adına Azərbaycan Dövlət Universitetində təhsil almışdır. İddiaçı təhsil aldığı illərin onun ümumi iş stajına daxil edilməsi tələbini irəli sürmüşdür. İddiaçı təhsil aldığı dövrlə Azərbaycan SSR Prokurorluğunun arxiv müdiri vəzifəsində işlədiyi dövr (xx.xx.1979-ci il tarixdən xx.xx.1984cü il tarixədək) eyni tarixə təsadüf etmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Beləliklə, hər iki dövrün iddiaçının ümumi iş stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından qanunsuzdur. Beləliklə, İddiaçı prokurorluq orqanlarında qulluq stajı qanunvericiliklə müəyyən edilmiş müddətdən az olduğundan sabiq xüsusi rütbəli işçi kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsi və qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını (1 iyul 2017-ci il tarixindən sonra 17 il 6 ay) prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ var idi. Qeyd olunanları nəzərə alaraq, prokurorluq orqanlarında xüsusi rütbəli vəzifələrdə quliuq illəriniz 12 il 6 aydan az olduğundan, həmçinin prokurorluq orqanlarında qulluğunuza yaşa görə xitam verilmədiyindən, Sizə müraciətinizdə göstərdiyiniz 60 yaşınızın tamamlandığı tarixdən prokurorluq orqanlarının sabiq xüsusi rütbəli işçisi kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası - 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri.). “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq (bundan sonra – “prokurorluqda qulluq keçmə” adlanacaq) prokurorluğun fəaliyyət istiqamətləri üzrə prokurorluq işçilərinin səlahiyyətlərini yerinə yetirmələri ilə əlaqədar həyata keçirdikləri dövlət qulluğunun xüsusi növüdür. 20.14. Pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 32.2. Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır. 32.4. Yaş həddi çatanadək prokurorluqda azı 35 il qulluq etmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu qanunda aşağıdakı anlayışlar istifadə olunmuşdur: prokuror - Azərbaycan Respublikasının baş prokuroru, bütün tabe prokurorlar, prokuror müavinləri, prokurorun böyük köməkçiləri, prokuror köməkçiləri, idarə, şöbə rəisləri, rəislərin müavinləri, idarə, şöbələrin böyük prokuror-metodistləri, böyük prokurorları, böyük prokuror-kriminalistləri, prokurorları və prokuror-kriminalistləri; müstəntiq - xüsusilə mühüm işlər üzrə böyük müstəntiqlər, xüsusilə mühüm işlər üzrə müstəntiqlər, böyük müstəntiqlər, müstəntiqlər, stajor müstəntiqlər; əməliyyatçı - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə böyük əməliyyatçıları və mühüm işlər üzrə əməliyyatçıları; prokurorluq işçiləri - prokurorlar, prokurorluğun müstəntiqləri, prokurorluğun əməliyyatçıları, prokurorluğun stajorları; prokurorluğun stajorları - prokurorluq orqanlarında ilk dəfə iş təcrübəsi keçən şəxslər. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur. Onun prokurorluq orqanlarında iş stajı 9 il 6 ay 23 gün (xx.xx.1984 - xx.xx.1993-cü il tarixləri arasındakı dövr) təşkil edir. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2015-ci ildə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 1. prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri; 2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçının prokurorluq orqanlarında iş stajı cəmi 9 il 6 ay 23 gün olmuşdur. Bundan başqa, iddiaçının prokurorluq orqanlarında qulluğuna yaşa görə xitam verilməmişdir. Eyni zamanda, iddiaçının prokurorluq orqanlarında işlədiyi arxivarius və arxiv müdiri vəzifələri ilə əlaqədar qeyd edilməlidir ki, həmin vəzifələr iddiaçının işlədiyi dövrdə rütbəli vəzifələr hesab edilmədiyi üçün həmin dövrlər prokurorluq işçiləri üçün güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün staja daxil edilə bilməz. Göründüyü kimi, iddiaçıya 60 yaşının tamam olduğu tarixdən prokurorluq orqanlarında qulluq etmiş şəxs kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan şərtlər ödənilmir. Bu səbəbdən də cavabdehin imtinası qanuni və əsaslıdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7600/2024 nömrəli, 03 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-818/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-818/2025
02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver