Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-819/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə , İddiaçı (xx.xx.1976-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan və ölçünün verilməsi, torpaq sahəsinə icarə hüququnun qeydə alınması ” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2049/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 04.12.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerəşən 1,5 ha torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və icarə hüququnun qeydiyyata alınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin 552 saylı, 11.11.2011-ci il tarixli “Zirə qəsəbəsində vətəndaş İddiaçı torpaq sahəsinin icarəyə verilməsi və orada müvafiq tikililərin aparılmasına icazə verilməsi barədə” Sərəncamına əsasən Bakı şəhəri Zirə qəsəbəsi ərazisində yerləşən istifadəsiz, antisanitariya vəziyyətində olmuş 1.5 ha torpaq sahəsini təmiz sahəyə çevirərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, orada müvafiq tikililərin aparılması məqsədi ilə istifadə etmək üçün İddiaçı icarəyə verilmişdir. Sonradan həmin torpaq sahəsi ilə bağlı İddiaçı ilə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti arasında 11 noyabr 2011-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Hal-hazırda da həmin qeyd olunan torpaq sahəsi İddiaçı icarəsində və istifadəsindədir. Həmin istifadəsiz və antisanitariya vəziyyətdə olan torpaq sahəsində təmizlik işlərinin görülməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün iddiaçı həmin torpaq sahəsində qanunvericiliyin və Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin 552 saylı, 11.11.2011-ci il tarixli Sərəncamının tələblərinə uyğun olaraq hasara alınması və yardımçı tikililərin aparılması məqsədilə iddiaçı mal-material almış və həmin torpaq sahəsinə aparmışdır. Bunun üçün iddiaçı külli miqdarda vəsait qoymuşdur. Qeyd olunan torpaq sahəsini hasara almaq istədikdə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşları torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və icarə hüququnun qeydiyyata alınmasının şərt olunduğunu bildirmişlər. Bundan sonra İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 1.5 ha torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və icarə hüququnun qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 30.10.2019-cu il tarixli, **********32 saylı cavabla Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən 1.5 ha torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və icarə hüququnun qeydiyyata alınmasından imtina olunmuşdur. İmtinanın əsası kimi həmin ünvanda yerləşən 1.5 ha torpaq sahəsinin 5508.0 kv.metr hissəsinin naməlum şəxs tərəfindən mişar daşı ilə hasarlanması və torpaq sahəsinin Xəzər dənizindən 50.0 metr məsafədə yerləşməsi qeyd olunmuşdur. İcarə hüququnun dövlət qeydiyyatına alınması tələb olunan torpaq sahəsi Xəzər dənizindən 50 metr məsafədə yerləşir. Belə olan halda onun dövlət qeydiyyatına alınması üçün qadağa mövcud deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2049/2020 saylı, 11.02.2020-ci il tarixli qərardadı ilə (hakim F.Mədətli) iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş, inzibati iş rəy verilməsi üçün Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. 10.03.2020-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən mülki iş üzrə rəy verilməsi üçün zəruri olan əlavə tədqiqat obyektlərinin təqdim olunması barədə ekspert İ.F.Xudiyevin 02 mart 2020-ci il tarixli vəsatəti məhkəməyə təqdim edilmişdir. 13.04.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən Bakı İnzibati Məhkəməsinə təqdim edilmiş 06.04.2020-ci il tarixli, **********26 №-li məktubda Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətlərinin müəyyən olunması səbəbindən tədqiqat obyektinə baxış keçirilməsi və mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır.Tətbiq edilən xüsusi karantin rejimi aradan qaldırılacağı, tədqiqat obyektinə baxış keçirilməsinin vaxtı və yeri barədə əlavə məlumat daxil olacağı təqdirdə tədqiqat obyektinə baxış keçirilməsi və mütəxəssis rəyinin verilməsi təmin ediləcəkdir. 07.08.2020-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 22.07.2020-ci il tarixli, 5458 №-li məktubla 11 fevral 2020-ci il tarixli qərardad icra olunmadan, 2-1(112)-2049/2020 saylı mülki iş materialları qaytarılmışdır. 09.10.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən mütəxəssis rəyi məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2049/2020 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 552 saylı, 11 noyabr 2011-ci il tarixli sərəncamı və 11 noyabr 2011-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı icarəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerəşən 1,5 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır. 28.12.2020-ci il tarixdə cavabdeh qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2049/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müvafiq ünvanda yerləşən 1,5 ha torpaq sahəsinin 5508,0 kv.m hissəsi naməlum şəxs tərəfindən hasarlanmışdır və həmin sahədə yarımçıq tikili var. Müvafiq torpaq sahəsinin yerləşmə cizgisində düzəliş edilmiş. Bundan başqa müvafiq torpaq sahəsi Xəzər dənizinin 50,0 metr məsafəsində yerləşir. Bundan əlavə , sözügedən torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən özəlləşdirilməsi nəzərdə tutulan torpaq sahəsi kimi İdarəyə müraciət edilmişdir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. 25.01.2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayətinə dair etiraz və mülahizələr məhkəməyə göndərilmişdir. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə iclasına gəlməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: İş materiallarında olan Xəzər RİH-nin 552 saylı, 11.11.2011-ci il tarixli sərəncamı ilə vətəndaş İddiaçı icarəyə verilmiş torpaq sahəsinin sxemi və xəritədən çıxarışa əsasən (kserosurətdir) torpaq sahəsi Xəzər dənizinin 50 metr məsafəsində yerləşir. (Xəzər rayon Təsərrüfatı şöbəsinin memarı Ş.Yaqubov və Xəzər RİHB-nın Zirə qəsəbə nümayəndəsi T.Əliyev tərəfindən imzalanmışdır) Qeyd edilən torpaq sahəsinin sxemi və xəritədən çıxarışa (kserosurət) əsasən torpaq sahəsinin koordinatları X-436858.46; Y4478972.54 göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış 11.11.2011-ci il tarixli icarə müqaviləsinə əsasən Xəzər rayon İcra Hakimiyyəti Başçısının 11.11.2011-ci il tarixli, 552 saylı sərəncamı əsasında Zirə qəsəbəsində yerləşən, istifadəsiz 1.5 ha boş sahəni təmiz sahəyə çevrilərək, orada sahibkarlıqla məşğul olmaq məqsədilə istifadə etmək üçün icarəyə vermiş, İcarə haqqı 1.5 ha üçün illik icarə haqqı 150 manat “ƏDV”siz təşkil etmişdir.Müqavilə 11 noyabr 2011-ci il tarixdən 11 noyabr 2110-cu il tarixinə qədər müddətə bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 09.10.2020-ci il tarixdə təqdim edilmiş mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin faktiki yerləşmə sxeminə əsasən döngə nöqtələrinin koordinatları aşağıdakı kimidir: 1- X 436835,4500; Y 4479001,8600 : 2- X 436980,7400; 4479104,0200; 3- X 437028,2356; Y4479034,7367; 4- X 436882,3500; Y 4478932,5500. Məsafə (metrlə) – 177,6 ; 84 ; 178,1 ; 83,7. Belə ki, iş materiallarından göründüyü kimi məhkəmə tərəfindən 2-1(112)-2049/2020 saylı, 11.02.2020-ci il tarixli qərardadı ilə (hakim F.Mədətli) iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş, 07.08.2020-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qərardad icra olunmadan qaytarılmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən işin obyektiv araşdırılması üçün vacib olan məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilsə də, qərardad icra edilməmiş, ekspertiza aparılmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən qərarda qeyd edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 30 sentyabr 2020-ci il tarixli, **********24 saylı mütəxəssis rəyindən (surətindən) görünür ki, İddiaçı iddia etdiyi və nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş sahilboyu mühafizə zolağına (0-50 metr) düşmür, Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu zolağından 20 metr (hal-hazırda quru hissədə məsafə 51.32 metrdir) məsafədə yerləşir. İddiaçı iddia etdiyi və nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2016- cı il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara aid deyil. Göründüyü kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 30 sentyabr 2020-ci il tarixli, **********24 saylı mütəxəssis rəyində Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin 552 saylı, 11.11.2011-ci il tarixli “Zirə qəsəbəsində vətəndaş İddiaçı torpaq sahəsinin icarəyə verilməsi və orada müvafiq tikililərin aparılmasına icazə verilməsi barədə” Sərəncamı ilə müəyyən edilmiş torpaq sahəsi üzrə deyil, İddiaçı iddia etdiyi və nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsi əsasında rəy verilmişdir. Həmçinin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərindən biri o olmuşdur ki, müvafiq torpaq sahəsinin yerləşmə cizgisində düzəliş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında Xəzər RİH-nin 552 saylı, 11.11.2011-ci il tarixli sərəncamı ilə vətəndaş İddiaçı icarəyə verilmiş torpaq sahəsinin sxemi və xəritədən çıxarışının kserosurəti mövcud olmuş, qeyd edilən kserosurətdəki koordinatlar ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 09.10.2020-ci il tarixdə təqdim edilmiş mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin faktiki yerləşmə sxemində göstərilmiş koordinatlar arasında fərqliliklər mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən cavabdeh inzibati orqana təqdim edilmiş yerləşmə cizgisi tələb edilməli, həmin cizgidə düzəlişin olub-olmaması, həmçinin iş materiallarında olan yerləşmə sxemləri arasındakı ziddiyyətlər araşdırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya məhkəməsi işin xüsusi hüquqi əhəmiyyətə malik hallarına düzgün qiymət vermədən iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, işin yenidən birinci instansiya icraatı zamanı yuxarıda qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalı, iş üzrə təyin edilmiş ekspertiza qərardadı icra olunaraq, ekspert rəyinin məhkəməyə təqdim edilməsi təmin edilməlidir. Azərbaycan Respublikası İPM-nin 87.7-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2- 1(112)-2049/2020 nömrəli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87,90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2049/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerəşən 1,5 ha torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və icarə hüququnun qeydiyyata alınmasının cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-819/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-819/2021
06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver