Məhkəmə qərarları › İş №2-1(103)-819/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-819/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-819/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Cəfərov Namiq Şamil oğlu və X1 ibarət tərkibdə, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs hərrac təşkilatçısı: "xxxx" MMC) “artıq ödənilmiş sadələşdirilmiş vergi məbləğinin qaytarılması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-200/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək .xx.xx.2019-cu il tarixli, 276/1 saylı hesab-faktura və xx.xx.2019-cu il tarixdə 29034 saylı ödəniş tapşırığı əsasında iddiaçı tərəfindən hərrac təşkilatçısı "xxxx" MMC-nin hesabına ödənilmiş və sonuncu tərəfindən də öz növbəsində xx.xx.2019-cu il tarixli, müvafiq olaraq 175,176,177 nömrəli və xx.xx.2020-ci il tarixli 01 No-li ödəniş tapşırıqları əsasında Milli Gəlirlər Departamentinin hesabına sadələşdirilmiş vergi qismində ödənilmiş 655.720, 65 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması və 10 manat dövlət rüsumunun çəkilmiş xərc kimi iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: «Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli 2-2(103)-6/2019 №-li qanuni qüvvəsini almış qətnaməsi ilə “Mars-M” firmasına məxsus ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasına tutma yönəldilməsi və „Mars- M” firmasından Kredit xətti müqaviləsi üzrə 17 000 000 ABŞ dolları məbləğində əsas borcun, 2 388 957,46 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, xx.xx.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 11161,62 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 19400119,08 ABŞ dollar məbləğində pul vəsaitinin və məhkəmə xərclərinin ipoteka predmetinin dəyərindən ASC “Xalq” Bankının xeyrinə tutulması qət edilmişdir. İcra icraatı qaydasında Respublika Xammal və Əmtəə Birjasının “Külək" MMC tərəfindən keçirilmiş hərraclarda həmin qeyri-yaşayış sahəsi satılmadığından o, əldə edilməsi üçün iddiaçıya təklif edilmişdir. Bank tərəfindən həmin təklif qəbul edilərək əmlakın satın alınması üçün dəyərinin 0.25% miqdarında xidmət haqqı və həmin məbləğ üzrə hesablanmış əlavə dəyər vergisi hərrac təşkilatçısına köçürmə yolu ilə xx.xx.2019-cu il tarixdə ödənilmişdir. Lakin hərrac təşkilatçısı Vergi Məcəlləsinə xx.xx.2018-ci il tarixli 1356-VQD nömrəli qanunla edilmiş dəyişikliyi əsas gətirərək, 655 720,65 manat məbləğində sadələşdirilmiş vergi məbləğinin ödənilməsini də Bankdan tələb etmişdir. İpotekaya xitam verilmə təhlükəsi yarandığından Bank tərəfindən hesab-fakturada nəzərdə tutulan məbləğ xx.xx.2019-cu il tarixdə "Külək'’ MMC-nin hesabına ödənilmişdir. Hərrac təşkilatçısı tərəfindən də qeyd edilən məbləğ öz növbəsində xx.xx.2019-cu il tarixli müvafiq olaraq 175, 176, 177 və xx.xx.2020-ci il tarixli 01 №-li ödəniş tapşırıqları əsasında AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsi) adı hesabına ödənilmişdir. Bundan sonra hərracın yekunları barədə 67/01 nömrəli protokol, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə müvafiq olaraq qeyri-yaşayış sahəsinin son satış qiyməti 24 607 500 manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində Bank tərəfindən əldə edilməsinə baxmayaraq, Borc alanın Kredit xətti müqaviləsi üzrə qətnamə ilə əmlak hesabına ödənilməsi qət edilən borcunun təxminən 4 925 119,08 ABŞ dolları məbləğində hissəsi ödənilməmiş qalmışdır. Hərrac təşkilatçısı tərəfindən Bankın həmin əmlakın əldə edilməsinin sadələşdirilmiş verginin ödənilməsi ilə şərtləndirilməsinin hüquqi əsasları ilə bağlı nəzərə alınmalıdır ki, sadələşdirilmiş vergi ödəyicilərinin mütləq dairəsini müəyyən edən Vergi Məcəlləsinin 218.4-cü maddəsinin tərkib hissəsi olan 218.4.3-cü maddəsinə görə mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Bu halda isə hərracdan satılan əmlak iddiaçıya deyil, borc alan qismində çıxış edən “Mars-M” firmasına mülkiyyət hüququ ilə məxsus olduğu üçün sadələşdirilmiş vergini də Vergi Məcəlləsinin normalarına əsasən “Mars-M” firması ödəməlidir. Digər tərəfdən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.5-ci maddəsi ilə sadələşdirilmiş vergi ödəyicisi kimi çıxış etmək hüququ olmayan şəxslərin siyahısı müəyyən edilmişdir ki. həmin maddənin 218.5.2-ci maddəsinə əsasən kredit təşkilatları sadələşdirilmiş vergi ödəyicisi kimi çıxış edə bilməzlər. Hazırkı halda isə faktiki olaraq Bank başqa bir vergi ödəyicisinin əvəzinə yuxarıda qeyd edilən sadələşdirilmiş vergi məbləğini ödəməklə əslində vergi yükünü öz üzərinə götürmüşdür. Bankın həmin əməliyyat üzrə sadələşdirilmiş vergiyə cəlb olunmasını mülki qanunvericilik baxımından da düzgün hesab edilmir...» Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia tələbinə etirazında iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, vergi orqanı tərəfindən hər hansı bir məbləğin ödənilməsi iddiaçıdan tələb edilməmişdir. İddiaçının qeyd etdiyi kimi sadələşdirilmiş vergi məbləği hərrac təşkilatçısı tərəfindən tələb edilmiş və vergilər hərrac təşkilatçısının hesabına ödənilmişdir. İddiaçı bank tərəfindən artıq ödənilmiş 655720,65 manat vergi məbləği hərrac təşkilatçısının hesabına ödənildiyi üçün həmin məbləğin qaytarılması üçün hərrac təşkilatçısına qarşı bank tərəfindən iddia qaldırmalı idi. Eyni zamanda, ödənilmiş vergi məbləği hərrac təşkilatçısı tərəfindən vergi orqanına ödənildiyi üçün həmin ödənilmiş vergi məbləğlərinin qaytarılması üçün hərrac təşkialatçısı tərəfindən vergi orqanına qanunvericiliklə müəyyən edilmiş qaydada ərizə ilə müraciət etməli idi. İddiaçı tərəfindən həm düzgün olmayaraq cavabdeh qismində vergi orqanı cəlb edilmiş, eyni zamanda artıq ödənilmiş vergi məbləğlərinin qaytarılması barədə qanunvericiliklə müəyyən edilmiş prosedur normaya düzgün əməl edilməmişdir. Qeyd edilən iş üzrə isə iddiaçı bank tərəfindən birbaşa büdcəyə hər hansı ödəniş edilmədiyindən, ödənişin hərrac təşkilatı tərəfindən həyata keçirildiyindən iddiaçı tərəfindən belə bir ərizə ilə vergi orqanına müraciət etmək hüququ da yoxdur, həmçinin ödnilmiş vergilərin geri qaytarılması barədə təyin verilməsindən imtinaya da dair hər hansı sübut yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-200/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, məhkəmənin istinad etdiyi ödənilməmiş məbləğin qaytarılmasından cavabdeh tərəfindən imtina edilməsi barədə məlumatın məhkəməyə təqdim edilməməsi əsası ilə bağlı qeyd edilməlidir ki, bank tərəfindən vergi agenti olan hərrac təşkilatçısı ilə aparılmış müvafiq yazışmalar və imtina məktubu iddia ərizəsinə əlavə edilmişdir. Məhkəmənin istinad etdiyi, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv huququnun pozulmassının iddia ərizəsində göstərilməməsi və əsaslandırılmaması əsası ilə bağlı qeyd edir ki, bank iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququnun sahibi kimi qəbuledilməlidir. Çünki bank qanunsuz olaraq vergi ödəyicisi qismində vergi agenti olan hərrac təşkilatçısına xx.xx.2019-cu il tarixli 276/1 saylı hesab-faktura və xx.xx.2019-cu il tarixdə 29034 nömrəli ödəniş tapşırığı əsasında 655 720,65 manat məbləğində vəsait ödənilmiş və həmin vəsait vergi orqanının hesabına ödənilmişdir. İddiaçının tələbi əsaslıdır, bankın hüquqlarının pozulması aydın şəkildə əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Y.Xammədov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, cavabdehin nümayəndəsi N.Xəlilov isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərardadının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş üçüncü şəxs «hərrac təşkilatçısı "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş İPM-in 62.3cü maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçınn apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə, iddianın mümkünsüzlüyü qənaətinə gələrkən qeyd etmişdir ki, nə iddiaçı, nə də cavabdeh tərəfindən məhkəməyə qədər iddiaçının cavabdehə vergi orqanına 655.720,65 manat sadələşdirilmiş vergi məbləğinin qaytarılması barədə müraciət etməsi barədə sübut məhkəməyə təqdim edilməmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçının iddia ərizəsindən görünür ki, artıq ödənilmiş 655.720, 65 manat məbləğində sadələşdirilmiş vergi məbləğinin hərrac təşkilatçısı tərəfindən Milli Gəlirlər Departamentinin (hazırk Milli Gəlirlər Baş İdirasinin) hesabına ödənildiyini bildirsə də, həmin pul vəsaitinin qaytarılması barədə iddia tələbini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı deyil, həmin xidmətin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı irəli sürmüşdür. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin iş materiallarının 169-cu vərəqində olan məhkəməyə ünvanladığı 03 mart 2022-ci il tarixli məktubunda da məhz bildirmişdir ki, "xxxx" ASC-nin (VÖEN: **********) vergi uçotu Milli Gəlirlər Baş İdarəsidir. Lakin işə baxan birinci instansiya məhkəməsi iddia tələbinə cavab verməli olan şəxsin kimliyə ilə bağlı tərəflərin iştirakı ilə araşdırma aparmamış, iddia tələbinin dəqiqləşdirilməsində iddiaçıya müvaifiq yardım göstərməmişdir. Digər tərəfdən, iddiaçının dəlillərinə əsasən müəyyən olunur ki, hərrac təşkilatçısına (üçüncü şəxs "xxxx" MMC-yə) Milli Gəlirlər Baş İdarəsinin hesabına sadələşdirilmiş verginin ödənilməsinə etirazını ehtiva edən yazılı müraciət ünvanlamışdır (i.v.171). “Vətəndaşların müraciətləri haqqında” Qanunun 7.10-cu maddəsinin tələbinə görə müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir. Həmin Qanunun 7.11-ci maddəsinə əsasən Yuxarı dövlət orqanı vətəndaşların müraciətlərini baxılmaq üçün aidiyyəti dövlət və bələdiyyə orqanlarına və ya digər müraciətə baxan subyektə göndərdikdə həmin müraciətə baxılmanın nəticəsi barədə yuxarı dövlət orqanının tələbi ilə müraciətə baxan subyektin rəhbəri tərəfindən ona məlumat verilməlidir. İş materiallarından görünür ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən hərrac təşkilatçısı "xxxx" MMC (nümayəndəsi) məhkəməyə dəvət olunmaqla, mübahisələndirilən vergi məbləğinin qaytarılması ilə bağlı iddiaçının hansı müraciətlərinin MMC-yə daxil olmamsı, olmuşdursa, bu barədə iddiaçının aid olduğu vergi orqanına məlumat verib-vermədiyi və ya müraciətin aidiyyəti üzrə səlahiyyətli vergi orqanıa göndərib-göndərmədiyinin müəyyən edilməsi istiqamətində heç bir araşdırma aparmamışdır. Bundan əlavə, məhkəmə, prosessual qanunvericiliklə müəyyən olunan səlahiyyətlərindən istifadə edərək, mübahisələndirilən müraciətlə bağlı yaranmış bu bürokratik əngəlliyin aradın qaldırılması üçün, aralıq qərardadı qəbul etməklə, vergi orqanına müddət təyin etməklə, ona iddiaçının müvafiq müraciətinə baxılması üçün tərəflərə prosessual şərait yaratmaq imkanından da isğifadə etməmişdir. Birincisi, İPM-in 12.1-ci maddəsinin tələbinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Digər tərəfdnə 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Avropa İnsan Hüquqları Məhkəməsinin praktikası üzrə «Vinterverp Niderlanda qarşı» (A33(1979)) işdə Məhkəmə bildirmişdir ki, «Hüquqi müəəyyənlik prinsipi lazımi qaydada əlçatan olan və kifayət qədər dəqiq ifadə edilən, yəni «qanun» anlayışının tələblərinə cavab verən dövlətdaxili normativ aktların mövcud olmasını və onlara riayət edilməsini nəzərdə tutur. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəmsinin məhkəməsinin qərardadının əsassız olduğunu vurğulayan dəlilləri ilə prosessual qanunvericiliyin tələbləri baxımından razılaşır və yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-200/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-200/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar