Məhkəmə qərarları › İş №2-1(103)-819/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-819/2024

09.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-819/2024 09.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evi iddiaçının adına ilkin hüquqi qeydiyyata alınmaqla mülkiyyət hüququ haqqında reyestrdən çıxarışın verilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6042/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı X3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evi iddiaçının adına ilkin hüquqi qeydiyyata alınmaqla mülkiyyət hüququ haqqında reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir Bakı ŞİH başçısının Aparatının 24 aprel 1992-ci il tarixli 611 saylı sərəncamına əsasən vətəndaşlara paylanan torpaq sahələrinin siyahısında X1 da adı qeyd edilmiş və sərəncamın icrası təmin olunaraq iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş və evin texniki pasportu 18 avqust 1993-cü il tarixdə tərtib edilmişdir. 1992-ci ildən hal-hazırki vaxtadək iddiaçı Bakı ŞİH başçısının Aparatının 24 aprel 1992-ci il tarixli 611 saylı sərəncamında qeyd edilmiş torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evində yaşayırlar. Lakin həmin fərdi yaşayış evinin texniki pasportu tərtib edilsə, də fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Qeyd olunan sərəncamın arxiv çıxarışını Dövlət Arxivinin Bakı Filialından alınmış və texniki pasportun təsdiq edilmiş surəti də iddiaçıya təqdim edilmişdir. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, müraciətinə cavab olaraq 24 noyabr 2022-ci il tarixli məktubla bildirilmişdir ki, İdarənin arxivində saxlanılan İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, tərəvəzçilik-südçülük sovxozunda yerləşən fərdi yaşayış evinə dair texniki pasportun hazırlnamasına əsas olmuş Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun siyahısı ilə bağlı məlumat aşkar edilməmişdir. Bundan sonra, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tərəvəzçilik-Südçülük Sovxozunda yerləşən fərdi yaşayış evinə dair texniki pasportun hazırlanmasına əsas olmuş Maştağa Tərəvəzçilik- Südçülük Sovxozunun siyahısının əldə edilməsi ilə bağlı Bakı ŞİH-ə, Dövlət Arxivinin Bakı Filialına iddiaçı müraciət etsə də, nəticəsi olmamışdır. Məktubda qeyd olunan müraciətin imtina hesab edilməməsi qeyd edildiyindən, iddiaçı təkrarən cavabdehə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tərəvəzçilik-Südçülük Sovxozunda yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin müraciətin təmin edilməsindən imtina olunmuşdur. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.11-ci maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 23.1-ci maddəsinə, İPM-in 2, 33, 35, 73-cü maddələrinə əsaslanaraq, Bakı şəhər, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tərəvəzçilik-Südçülük Sovxozunda yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Qərardan narazı qalan cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zaman müəyyən edilmişdir ki, torpaq sahəsinin faktiki sahəsi 0.1721 ha-dır. Texniki pasportda perimetrik ölçü fərqi var. Həmçinin hazırki işdə iddiaçının iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”dan görünür ki, İddiaçı adına rəsmiləşdirilməsini tələb etdiyi fərdi yaşayış evi ona Bakı Şəhər XDS İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1993-cü il tarixində verilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar hüquqların əldə edilməsinə əsas hesab olunan sənəd hesab olunur. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında apelyasiya şikayətini müdafiə edərək, Bakı İnzibati Məhkəməsinin mübahisələndirdikləri qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. Belə ki, işin hallarından aydın olur ki, Bakı Şəhər XDS İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan SSR Təsərrüfat Nazirliyinin müraciəti təmin olunmuş, Maştağa qəsəbəsi, tərəvəzçilik-südçülük sovxozunda yerləşən torpaq sahələrində fərdi yaşayış evlərinin və uşaq bağçalarının layihələndirilməsinə icazə verilmişdir. Bakı ŞİH başçısının 24 aprel 1992-ci il tarixli, 611 saylı sərəncamı ilə Maştağa qəsəbəsi, Tərəvəzçilik-Südçülük Sovxozunda yerləşən torpaq sahələrində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi İddiaçı ayrılmışdır. İddiaçı ayrılmış torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə dair 1993-cü ildə texniki pasport tərtib edilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsədə, cavabdeh tərəfindən müraciətdəki tələbinin təminindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Belə ki, «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 1-ci bəndində (1.11) Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar, 2-ci bəndində isə (2.4) Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) nəzərdə tutulmuşdur. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsi və ya Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”) daşınmaz əmlaklara, o cümlədən fərdi yaşayış evlərinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması əsasların dairəsini konkret müəyyən etmişdir. İş materiallarından görünür ki, Bakı Şəhər XDS İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan SSR Təsərrüfat Nazirliyinin müraciəti təmin olunmuş, Maştağa qəsəbəsi, tərəvəzçilik-südçülük sovxozunda yerləşən torpaq sahələrində fərdi yaşayış evlərinin və uşaq bağçalarının layihələndirilməsinə icazə verilmişdir. İş materiallarında olan Bakı ŞİH başçısının 24 aprel 1992-ci il tarixli, 611 saylı sərəncamı ilə Maştağa qəsəbəsi, Tərəvəzçilik-Südçülük Sovxozunda yerləşən torpaq sahələrində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi X2 ayrılmışdır. İş materiallarından görünür ki, İddiaçı ayrılmış torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə dair 1993-cü ildə texniki pasport tərtib edilmişdir. Texniki pasportun “Qeyd” bölməsində texniki pasportun Maştağa tərəvəzçili-südçülük sovxozunun siyahısına əsasən tərtib edildiyi göstərilmişdir. Eyni zamanda texniki pasportda torpaq sahəsinin faktiki ölçüsünün 0,1810 ha olduğu göstərilmişdir. Yuxarda qeyd olunan hüquq normalarının hazırkı işin hallarına tətbiqi zamanı belə nəticəyə gəlinir ki, iddiaçı sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 439 saylı xx.xx.2015-ci il tarixli Fərmanının 1.11-ci bəndinə əsasən tələb etməkdə haqlıdır. Cavabdehin apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının hüquqmüəyyənedici sənəd olaraq təqdim etdiyi texniki pasportu Bakı Şəhər XDS İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1993-cü il tarixində verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinə əsasən isə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar hüquqların əldə edilməsinə əsas hesab olunan sənəd hesab olunur. Məhkəmə kollegiyası cavabdehin qeyd edilən dəlili ilə razılaşmayaraq bildirir ki, Bakı şəhəri və respublikanın digər yaşayış məntəqələrində mənzil-kommunal təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi və əhaliyə kommunal xidmətin yaxşılaşdırılması məqsədilə “Bakı şəhərində mənzil-kommunal təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 140 saylı 28 aprel 1984cü il tarixli qərarına müvafiq olaraq Kommunal Təsərrüfatı Nazirliyinin Bakı şəhərində yerləşən təşkilatları, o cümlədən Bakı şəhər texniki İnventarlaşdırma Bürosu eksperiment şəklində birbaşa Bakı şəhər İcraiyyə Komitəsinin tabeliyinə verilmişdir. 1987-ci ildən başlayaraq yerli kommunal təsərrüfatı orqanlarının tərkibində toplanmış arxiv materiallarının bazasında rayonlararası texniki inventarlaşdırma büroları yaradılmağa başlamışdır. İşdən də görünür ki, iddiaçının iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” ona Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmişdir. Göründüyü kimi iddiaçıya “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”u verən orqan - Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu həmin dövrdə səlahiyyətli orqan olmuşdur. Qeyd olunanlar bir daha təstiq edir ki, iddiaçı sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 439 saylı xx.xx.2015-ci il tarixli Fərmanının 1.11-ci bəndinə əsasən cavabdeh inzibati orqandan tələb etməkdə haqlı olmuşdur. Cavabdehin apelyasiya şikayətinin digər dəlili isə sözügedən torpaq sahəsinin faktiki sahəsinin hüquqmüəyyənedici sənəddə göstərilən sahədən az olması ilə bağlıdır ki, birinci instansiya məhkəməsi qeyd edilən dəlilə öz qərarında qiymət verərək haqlı olaraq qeyd etmişdir ki, “..........mübahisə predmetini təşkil edən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüləri və hüquqmüəyyənedici sənəddə nəzərdə tutulan ölçü arasında ziddiyyətli məqamların olması hər bir halda vəziyyəti iddiaçının ziyanına dəyişmir. Çünki fərdi yaşayış evinin 0,1721 ha torpaq sahəsində yerləşməsi belə torpaq sahəsinin artırıldığı göstərmir, əksinə hüquqmüəyyənedici sənəddə nəzərdə tutulmuş ölçüdən az olduğuna dəlalət edir.” İnzibati İcraat Haqqında Qanunun ; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; İş üzrə müəyyən olunmuş hallardan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin edilməsini istisna edən şərtlərin mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2016-cı il tarixli qərarında göstərtilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə Avropa Məhkəməsi 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları”, “mülkiyyət” kimi qiymətləndirilə bilər “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6042/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar