Məhkəmə qərarları › İş №2-1(103)-82/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-82/2021

16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-82/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun tanınması” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(82)-2306/2018 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, X7 Dövlət Pedaqoji Universiteti tərəfindən adına verilmiş 107704 ******* nömrəli, xx xxxx 2016-cı il tarixli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması vəzifəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1994-cü il tarixində Zərdab rayonunun Sarıqaya kəndində anadan olmuş, 2012-ci il tarixində X7 Dövlət Pedaqoji Universitetinin əyani şöbəsinə daxil olmuş, xx.xx.2016-cı ildə həmin universiteti bitirmişdir. Dövlət və Bələdiyyə İdarəetməsi hazırlıq istiqaməti üzrə bakalavriat proqramını mənimsəmiş və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçmişdir. Dövlət imtahan komissiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə bakalavr dərəcəsinə layiq görülmüşdür. Universitet tərəfindən onun adına verilmiş **********369 saylı, xx.xx.2016-cı il tarixli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması ilə əlaqədar olaraq cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh xx.xx.2017-ci il tarixli imtina məktubunda aşağıdakıları qeyd etmişdir: xarici ali təhsil ixtisasınızın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya Nostrifikasiya İdarəsinə daxil olmuş xx.xx.2016-cı il tarixli elektron müraciətinizə baxılmışdır. Ali təhsil sənədlərinizin araşdırılması zamanı müəyyən edilmişdir ki, universitetin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında siz həmin ölkədə qısa müddət ərzində olduğunuzdan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyiniz qeyrimümkündür. Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması ilə bağlı ərizəsinin cavabdeh tərəfindən təmin olunmadığı üçün bunu əsassız və qanunsuz hesab edir. Buna görə də hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsində göstərilir ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. O, ali təhsil almaq üçün ixtisasını və təhsil alacağı ali təhsil müəssisəsini seçməkdə tam sərbəstdir və onun bu hüquqları məhdudlaşdırıla bilməz. Universiteti ali təhsil ocaqlarından biri hesab olunmaqla tam qanuni şəkildə fəaliyyət göstərir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2306/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakim-X.İmanov) iddia tələbinin təmin edilməsi, iddiaçıya X7 Dövlət Pedaqoji Universiteti tərəfindən xx xxxx 2016-cı ildə verilmiş 107704 ******* nömrəli (qeydiyyat nömrəsi 05-16/009 16) bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək 2-1(82)-2306/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nazirlikdə iddiaçının sənədləri araşdırılarkən məlum olmuşdur ki, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları”na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən edilmişdir. Bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyində qeyd edilir ki, X7 Dövlət Pedaqoji Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkədə qısa müddət ərzində olmuşdur. Ekspert rəyində qeyd edilir ki, X7 Dövlət Pedaqoji Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyrimümkündür. Bu qısa müddətdə diploma əlavədə qeyd olunmuş fənnləri mənimsəmək, kurs işi yazmaq, təcrübə keçmək, yekun dövlət imtahanı və diplom işi yazıb müdafiə edərək ali məktəbdən məzun olmaq qeyri-mümkündür. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1168/19 saylı xx xxxx 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(82)- 2306/2018 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək İddiaçı iddiası təmin olunmamışdır. Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1168/19 saylı xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-41/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1168/19 saylı xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, iddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Növbəti apellyasiya baxışı zamanı məhkəmə kollegiyası 2-1(103)-1191/2020 saylı xx.xx.2020-ci il tarixli aralıq qərardadı ilə İddiaçı diplom üzrə ixtisasının tanınması ilə bağlı müraciətinə AR Təhsil Nazirliyi tərəfindən yenidən baxılması ilə əlaqədar bir aylıq müddət təyin edilmişdir. AR Təhsil Nazirliyi xx.xx.2021-ci il tarixli, 18-18-01/12 nömrəli məktub ilə məhkəməyə müraciət edərək İddiaçı AR Təhsil Nazirliyinə qarşı diplom üzrə ixtisasın tanınması və müvafiq şəhadətnamələrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1191/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadının icra edildiyi və iddiaçıya məxsus sənədlərin araşdırılaraq imtinanın qüvvədə saxlanıldığı bildirilmişdir. Növbəti apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək bildirmişdir ki, iddiaçı Rusiya Federasiyasında bağçaya gedib. Orta təhsilini də Rusiya Federasiyasında alıb. 3-cü kursda təhsil alan zaman iddiaçını məlum olmayan səbəblərdən deportasiya olunub. Dekabr ayında məsələ həll olunub və iddiaçı Rusiyaya gedib. Həmin yarımildə onlayn şəkildə təhsil alıb. Semestr imtahanlarını da müvəffəqiyyətlə verib. Apellyasiya şikayətinin təmin olunmamasını, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(82)-2306/2018 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərin surətlərindən müəyyən edilmişdir ki, İddiaçı xx xxxx 1994-cü il tarixində Zərdab rayonunda anadan olmuş, 2012-ci ildə X7 Dövlət Pedaqoji Universitetinin əyani şöbəsinə daxil olmuş, xx xxxx 2016-cı ildə həmin universiteti bitirmiş, dövlət yekun attestasiyasını keçərək bakalavr dərəcəsinə layiq görülmüşdür. Universitet tərəfindən ona verilmiş **********369 saylı, xx xxxx 2016-cı il tarixli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması ilə əlaqədar olaraq cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə ərizə ilə müraciət etmiş, cavabdeh isə xx xxxxxxx 2017-ci il tarixli məktubla diplomun tanınmasından imtina edərək bildirilmişdir ki, X7 Dövlət Pedaqoji Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o, həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Bununla razılaşmayan İddiaçı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək X7 Dövlət Pedaqoji Universiteti tərəfindən onun adına verilmiş **********369 nömrəli, xx xxxx 2016-cı il tarixli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 Təhlükəsizlik Xidmətinin «Домодедово» X5 Sərhəd Nəzarət Xidmətinin xx.xx.2014-cü il tarixli, 7998 saylı bildirişinə əsasən iddiaçının xx.xx.2016-cı il tarixinədək Rusiya Federasiyasına girişinin qadağan olunduöu bildirilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2- 1(82)2306/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçıb Aruz oğluna X7 Dövlət Pedaqoji Universiteti tərəfindən xx xxxx 2016-cı ildə verilmiş 107704 ******* nömrəli (qeydiyyat nömrəsi 05-16/009 16) bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, sözügedən diplomun ekvivalentliyi Azərbaycan Respublikasının xx xxx 2003-cü il Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin 6-cı maddəsinin tələblərinə uyğun olaraq müəyyən edildiyinə görə, ekvivalentlik haqqında Şəhadətnamə iddiaçıya ekspertiza keçirilmədən verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1168/19 saylı xx xxxx 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(82)- 2306/2018 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək İddiaçı iddiası təmin olunmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının bakalavr səviyyəsi üzrə təhsil aldığı ali məktəbin yerləşdiyi ölkədə olduğu müddət onun müvafiq tədris proqramını mənimsəməsi üçün kifayət hesab oluna bilməz. Odur ki, Təhsil Nazirliyində yaradılmış Komissiya tərəfindən qanunvericiliyin tələblərinə əsasən diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar aşkar olunduğundan və bu hallar məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapdığından cavabdeh inzibati orqan olan nazirliyin iddiaçının bakalavr və magistr diplomunun tanınmasından imtinası qanuna uyğun olmaqla onun hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-41/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1168/19 saylı xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, iddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasıya) Qaydaları”-nın 3.6-cı bəndinə əsaslanaraq qeyd etmişdir ki, X7 Dövlət Pedaqoji Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyrimümkündür. Qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmiş,xx xxxx 2016-cı il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Halbuki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçının aldığı təhsilin forması (əyani), müddəti (4 il), sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında verilən təhsilin meyarlarına uyğundur. Bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Belə ki, işə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının Rusiya Respublikasında olma müddətlərini diplomun əlavəsində göstərilən həcmdə tədris yükünü mənimsənilməsi üçün kifayət hesab etməsə də, iddiaçının diplomun əlavəsində göstərilən həcmdə tədris yükünü mənimsənilməsi üçün hansı müddət ərzində Rusiya Respublikasında olmalı olmasını qeyd etməmişdir. Həmçinin, Ali Məhkəmə Kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi iş materiallarında olan Azərbaycan Respublikasından çıxışı və respublika ərazisinə giriş barədə sərhədkeçmə məlumatını qiymətləndirərkən iş materiallarına əlavə olunmuş “İddiaçı “Özəl Terapevtik Müayinə və Müalicə” mərkəzində “sağ tərəfli eksudativ Plevrit, Pnevmotoraksla ağırlaşma” diaqnozu ilə xx xxxxxx 2015-ci ildən xx xxxx 2015-ci il tarixinədək müayinədə və müalicədə olması” barədə arayışı nəzərə almamış, yalnız cavabdeh orqanın cavab məktubuna əsaslanaraq qərar qəbul etmişdir. Ali Məhkəmə Kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən İnzibati Prosessual Məcəllənin sözügedən maddələrini pozaraq iş üçün əhəmiyyətli olan bütün faktiki halları araşdırmamış və nəticə etibarı ilə iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. İnzibati prosessual məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan X7 Dövlət Pedaqoji Universiteti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 031 nömrəli arayışa (arayış Universitetin direktoru İ.P.Balaşova tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, İddiaçı X7 Dövlət X1 filialının "Dövlət və bələdiyyə idarəçiliyi" istiqamətində tam zamanlı təhsilin tam kursunu tamamlamışdır. Dövlət imtahanını müvəffəqiyyətlə keçmiş və son ixtisas seçmə işini müdafiə etmişdir. X2 Təhlükəsizlik Xidmətinin Domodedovo X8 X9 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2014-cü il tarixli, 7998 nömrəli məktubda qeyd edilmişdir ki, Rusiya Federasiyasının “Rusiya Federasiyasından çıxma və Rusiya Federasiyasına girmə haqqında” Federal Qanununun 26-cı maddəsinin 8-ci bəndinə uyğun olaraq, iddiaçıya xx xxxx 2016-cı il tarixinə qədər Rusiya Federasiyasına daxil olmağa icazə verilməmişdir. Qadağa müddətinin bitməsindən əvvəl Rusiya Federasiyasının ərazisinə daxil olduğu halda, X6 Məcəlləsinin 322-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş cinayətin törədilməsinə görə cinayət məsuliyyətinə cəlb edilə bilər. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti İdarəsi tərəfindən təqdim edilmiş, xx.xx.2019-cu il tarixli, 33/2853 saylı cavab məktubundan (məktub Sərhəd Nəzarəti rəisinin müavini Azad Qasımov tərəfindən imzalanmışdır) görünür ki, İddiaçı 2012-2019-cu illər ərzində xx.xx.2012-ci il Gəncə-çıxış Rusiya; xx.xx.2013-cü il-Gəncə-giriş Rusiya; xx.xx.2013-cü il- Gəncə-çıxış Rusiya; xx.xx.2013-cü il-Gəncə-giriş Rusiya; xx.xx.2013-cü il-Qəbələ Aeroportu-çıxış Rusiya; xx.xx.2014-cü il-Gəncə-giriş Rusiya; xx.xx.2014-cü il- Qəbələ Aeroportu-çıxış Rusiya; xx.xx.2014-cü il-Gəncə-giriş Rusiya; xx.xx.2014-cü il-Gəncə-çıxış Rusiya; xx.xx.2015-ci il-Gəncə-giriş Rusiya; xx.xx.2015-ci il-Samur-çıxış Rusiya; xx.xx.2016-cı il-Şıxlı-Giriş Gürcüstan olmuşdur. Beləliklə, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının aldığı təhsilin forması (əyani), müddəti (4 il), sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında verilən təhsilin meyarlarına uyğundur. Ona görə də şikayət təmin edilməməli, cavabdehin imtinası qanunsuz hesab edilməli, İddiaçı X7 Dövlət Pedaqoji Universiteti tərəfindən xx xxxx 2016-cı ildə verilmiş 107704 ******* nömrəli (qeydiyyat nömrəsi 05-16/009 16) bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(82)- 2306/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar