Məhkəmə qərarları › İş №2-1(103)-82/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-82/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-82/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X14 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(112)- 2017/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, o, Dəmir yolu nəqliyyatında ilk yardım bölməsinin yaradılması barədə xx.xx.1992-ci il tarixli, 106/H saylı Azərbaycan Respublikası Dəmir yolu rəhbərliyinin əmrinə müvafiq olaraq, o cümlədən Azərbaycan Dəmir Yolu X6 tibbi və sanitariya xidmətinin rəisinin xx.xx.1992-ci il tarixli, 15/HBC saylı əmrinə müvafiq olaraq, Azərbaycan Respublikası Dəmiryolu 26 Bakı Komissarı adına olan Xəstəxana rəhbərliyinin “İlk yardım bölməsinin təşkili və yerləşdirilməsi barədə” xx.xx.1992-ci il tarixli, 68 nömrəli əmrə əsasən xx.xx.1992-ci il tarixdə Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüş bölgələrində yaralı əsgərlərə və mülki vətəndaşlara ilk tibbi yardım göstərilməsi üçün 26 nəfərdən ibarət dəstə yaranmış və Ağdam rayonuna cəbhəyanı bölgəyə göndərilmişdir. Ezam olunmuş şəxslər içərisində o, OPM-nin tibb bacısı vəzifəsində göndərilmişdir və vəzifə borcunu ləyaqətlə yerinə yetirmişdir. Azərbaycan Dəmir Yolunun hərbi tibbi-sanitar qatarı formalaşdırılaraq Ağdam rayonuna cəbhəyanı bölgəyə göndərilmişdir. Həmin hərbi tibbi-sanitar qatarın rəisi Abbasov Yadulla, qatarın rəis mavini X12, o isə tibb bacısı kimi təyin edilmişdir. Ondan başqa həmin hərbi qatarda 10 nəfər əməkdaş çalışırdı və onların hər biri müharibə gedən bölgədə döyüşlər getdiyi zaman orada olmalarını təsdiq edə bilər. Azərbaycan Respublikası Dəmir Yolları Bakı stansiyası Xəstəxanası üzrə verilmiş xx.xx.1992-ci il tarixli, 118 nömrəli əmrə əsasən xx.xx.1992-ci il tarixdən o, bir qrup tibb əməkdaşı tərkibində səkkizinci partiya ilə cəbhəyanı bölgəyə ezamiyyətə göndərilmişdir. Cəbhəyanı bölgədə qaldıqları və 19 gün ərzində hərbiçilərə tibbi yardım göstərdiklərinə görə onlara 19 günlük ezamiyyət pulu verilmişdir. Bundan başqa, o, arxivdən aldığı xx.xx.1992-ci il tarixli, 106/H saylı Azərbaycan Respublikası Dəmir yolu rəhbərliyinin əmri, Azərbaycan Oktyabr İnqilabı X18 tibbi və sanitariya xidmətinin rəisinin xx.xx.1992-ci il tarixli, 15/HBC saylı əmri və Azərbaycan Respublikası Dəmiryolu 26 Bakı Komissarı adına olan Xəstəxana rəhbərdiyinin xx.xx.1992ci il tarixli, 68 nömrəli əmri Azərbaycan Dəmir Yolunun hərbi tibbi-sanitar qatarın həqiqətən formalaşdığını, Ağdam rayonuna cəbhəyanı bölgəyə göndərilməsini və onun həqiqətən də həmin tibbi-yardım hərbi dəstənin tərkibində hərbi tibbi xidmət keçməsini təsdiq edir. xx.xx.1992 tarixdən xx.xx.1992-ci tarixə qədər Ağdam rayonunda yerləşən cəbhə bölgəsində təcili yardım hərbi tibb qatarın olmasını və zərər çəkənlərə və yaralanan əsgərlərə ilk tibbi yardım göstərməsi Ağdam rayonunun komendantı polkovnik P.Məmmədov tərəfindən 20 oktyabr 1992-ci il tarixində təsdiqlənmiş hərbi qatarın heyətinin siyahısı sübuta yetirir. Dörd ay ərzində onların cəbhə bölgəsində xidmət etmələrini komendant tərəfindən təsdiq edilmiş siyahı subuta yetirir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə müraciət edərək həmin xx.xx.1992-ci il tarixli siyahı alınmışdır. Arxivlərdən toplanmış sənədləri aldıqdan sonra o, 2019-cu ili yay aylarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdir. Xeyli müddət keçdikdən sonra Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müraciətinə formal cavab verərək, onun xahişini təmin etməkdən imtina etmiş və döyüş əməliyyatlarında iştirakını subut edən sənədlər olduğu təqdirdə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə baxıla biləcəyini bildirmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Göstərilən qanunvericilik aktının tələblərinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, arxiv arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. İddiaya əsasən, İddiaçı döyüş bölgələrində yaralılara ixtisaslaşdırılmış tibbi yardım səviyyəsinin artırılması məqsədi ilə ezamiyyətə göndərilməsini bildirmişdir. Lakin İddiaçı həqiqətən həmin rayonlara getməsi və yaralılara tibbi yardım göstərməsi, həmçinin onun bilavasitə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması barədə məlumat qeyd olunmamışdır. İddiaçı özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını, həmçinin döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması barədə sübut edən sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz. Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(112)-2017/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması müəyyən edilmədiyi üçün, həmçinin özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər olmadığından iddia tələbi təmin edilə bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Tələbdən də göründüyü kimi iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdehə müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə müraciət etsə də müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış uzrə Dövlət Xidmətinə daxil olmuş “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinizə və sənədlərinizə baxılmışdır. Bildiririk ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun və “Muharıbə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtlər haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarının tələblərinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyuş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xıdmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma travma kontuziya alma haqqında arayışlar yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında vətəndaşlara müharibə veteranı adı verilir. Bildiririk ki, döyüş əməliyyatlarında iştirakınızı sübut edən sənədlər olduğu təqdirdə Sizə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə baxıla bilər. Dəmir yolu nəqliyyatında ilk yardım bölməsinin yaradılması barədə Azərbaycan Respublikası Dəmir yolu rəisinin xx.xx.1992-ci il tarixli, 106/H saylı əmrinin və Azərbaycan Dəmir Yolu X6 tibbi-sanitar xidmətinin rəisinin xx.xx.1992-ci il tarixli 15/HBC saylı əmrinin təsdiq edilmiş surətindən görünür ki, (İş materiallarında olan "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktuba əlavə edilmişdir), dəmir yolu nəqliyyatında ilk tibbi yardım dəstələri yaradılmış, həmin dəstələrin texniki, tibbi, ərzaq, tibbi sanitar heyətinin komplektləşdirilməsinə başlanılmışdır. Bakı şəhər Baş Polis İdarəsi Suraxanı rayon Polis İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarilxi 096-650-1220 saylı məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəs. Hövsan prospekti, ev 20, mən. 1-də qeydiyyatda olan, xx.xx.1967-ci ildə Gürcüstan Respublikası Dumanis rayonunda anadan olmuş vətəndaş İddiaçı barəsində hər hansı bir təqsirləndirici material və məhkumluğu aşkar olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş Tələbnamədən görünür ki, İddiaçı əvvəllər məhkum olunmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Həmin Əsasnamənin 1-ci hissəsinin üçüncü bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün döyüş bölgəsinə ezam olunması iş materialları ilə öz təsdiqini tapdığından, inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması əsassız olmuşdur. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının döyüş zonalarına qeyd edilən ezamiyyətləri döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmamışdır. Cavabdehin apellyasiya şikayətinin bu dəlilinin əsassız olması iş materiallarında olan sənədlərlə təsdiq olunur. Belə ki, iddiaçının döyüş zonalarına tibbi yardım məqsədi ilə həmin döyüş zonalarına ezam olunduğu iş materialları ilə təsdiq olunur. Başqa sözlə, iddiaçı ezamiyyətdə olarkən döyüş zonasına tibbi yardım ilə bağlı xidməti vəzifəsini yerinə yetirmişdir. Azərbaycan Dəmiryolu Bakı stansiyası 26 Bakı Komissarı adına Xəstəxanasının “İlk yardım bölməsinin təşkili və yerləşdirilməsi barədə” xx.xx.1992-ci il tarixli, 68 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, (İş materiallarında olan "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktuba əlavə edilmişdir), xx.xx.1992-ci il tarixli, 106/H saylı və xx.xx.1992-ci il tarixli 15/HBC saylı əmrlərinin tələblərinə uyğun olaraq xx.xx.1992-ci il tarixdə döyüş bölgələrində yaralı əsgərlərə və mülki vətəndaşlara ilk tibbi yardım göstərilməsi üçün 26 nəfərdən ibarət tibbi işçisi ezam edilmişdir. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X12 izahatında bildirmişdir ki, 1992-ci ildə onları Ağdama göndəriblər. Qatarda müavin işləmişdi. Xanımlar tibb bacısı kimi 8-ci partiyada əmrlə gəlmişdilər. Svetlana xanım onun yanında işləyirdi. Özü də vəsiqəni məhkəmə qərarı ilə alıb, müraciət edəndə imtina vermişdilər. Svetlana xanım orada cərrahiyyə şöbəsində işləyirdi. Abbasova Validə də var idi. Digər tibb bacılarının adları yadında deyil. Dəmiryolu rəisinin əmri olub. Briqada təşkil edib göndəriblər. Apellyasiya baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1408/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, X7 Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” barədə tələbi Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-2019/2020 saylı qərarına əsasən təmin edilmiş, iddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-441/2021 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-2019/2020 saylı qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Kassasiya instansiyası məhkəməsi tərəfindən isə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-441/2021 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulmuşdur. Həmin qərarda qeyd olunmuşdur ki, Azərbaycan Dəmir Yolları 26 Bakı Komissarları adına Xəstəxananın həkimi olan iddiaçının xx.xx.1992-ci il tarixdə Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüş bölgələrində yaralı əsgərlərə və mülki vətəndaşlara ilk tibbi yardım göstərilməsi üçün döyüş bölgəsinə ezam edildiyi, Ağdam rayonunda xx.xx.1992-ci ilədək yaralı əsgərlərə və mülki vətəndaşlara ilk tibbi yardım göstərilməsində iştirak etdiyi müəyyən edilmişdir. Bununla da iddiaçının həmin dövrdə döyüş zonasında döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğu öz təsdiqini tapmışdır. Məhkəmənin mövqeyinə görə iddiaçının döyüş zonasında həkim kimi tapşırığın yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə iştirakı müvafiq sənədlərlə təsdiqləndiyindən və belə status alınmasına yol verilməyən hallar ona münasibətdə mövcud olmadığından, iddiaçı “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin tələblərinə əsasən müharibə veteranı sayılır. Azərbaycan Dəmiryolu Bakı stansiyası 26 Bakı Komissarı adına Xəstəxanasının “İlk yardım bölməsinin təşkili və yerləşdirilməsi barədə” xx.xx.1992-ci il tarixli, 68 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1992-ci il tarixli, 106/H saylı və xx.xx.1992-ci il tarixli 15/HBC saylı əmrlərinin tələblərinə uyğun olaraq xx.xx.1992-ci il tarixdə döyüş bölgələrində yaralı əsgərlərə və mülki vətəndaşlara ilk tibbi yardım göstərilməsi üçün 26 nəfərdən ibarət tibbi işçisi ezam edilmişdir (24-cü sırada İddiaçı adı qeyd edilmişdir). xx.xx.1992-ci il tarixli, 68 nömrəli əmrdə 24-cü sırada qeyd olunan “Цветлaна” adının yanlışlıqla, yoxsa düzgün olaraq yazılması, “Цветлaна” adı ilə “Светлaна” adının eyni olub-olmaması barədə məlumatın məhkəməyə təqdim olunması məqsədilə "xxxx" QSC-yə sorğu ünvanlanmış, "xxxx" QSC tərəfindən sorğuya xx.xx.2022-ci il tarixdə cavab daxil olmuşdur. Cavab məktubunda bildirilmişdir ki, xx.xx.1992-ci il tarixli, 68 nömrəli əmrin 24cü sırasında adı göstərilən Musayeva Svetlana ilə hazırkı İddiaçı eyni şəxs olmaması onunla təsdiq olunur ki, X3 1998-ci il tarixdə vəfat etmişdir. Bununla əlaqədar arxiv arayışı təqdim olunmuşdur. Arxiv arayışından görünür ki, X1-Sanitar Xidməti "xxxx" MMC-nin 48/k saylı xx.xx.1980-ci il tarixli əmrlə işə qəbul edilmiş, 229 saylı xx.xx.1998-ci il tarixli əmrilə ölümü ilə əlaqədar ştat cədvəlindən çıxarılmışdır. Azərbaycan Dəmiryolu Bakı stansiyası Xəstəxanasının 118 nömrəli xx.xx.1992-ci il tarixli əmrinin təsdiq edilmiş surətindən (xx.xx.1992-ci il tarixli, 106/H saylı və xx.xx.1992-ci il tarixli 15/HBC saylı əmrlərinin tələblərinə uyğun olaraq) görünür ki, (İş materiallarında olan "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktuba əlavə edilmişdir), döyüş bölgəsində yaralı hərbi qulluqçulara ilk tibbi yardımın göstərilməsi üçün ezam olunmuş bir neçə şəxsə, o cümlədən tibb bacısı Hacıyeva Svetlanaya ezamiyyət pulunun verilməsi qeyd edilmişdir. "xxxx" QSC-nın 30 noyabr 2021-ci il tarixli, 122227 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.1992-ci il tarixli 118 nömrəli əmrdə adı qeyd edilən Svetlana Hacıyeva ilə Mustayeva Svetlana eyni şəxsdir. Belə ki, “Bakı Dəmir Yolu” Xəstəxanası” MMC-də işləyən X2 2002-ci ildə X4 adlı şəxslə rəsmi nikaha daxil olduqdan sonra ərinin soyadını götürmüşdür. Azərbaycan Dəmiryolu Bakı stansiyası 26 Bakı Komissarı adına Xəstəxanasının “İlk yardım bölməsinin təşkili və yerləşdirilməsi barədə” xx.xx.1992-ci il tarixli, 68 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1992-ci il tarixli, 106/H saylı və xx.xx.1992-ci il tarixli 15/HBC saylı əmrlərinin tələblərinə uyğun olaraq xx.xx.1992-ci il tarixdə döyüş bölgələrində yaralı əsgərlərə və mülki vətəndaşlara ilk tibbi yardım göstərilməsi üçün ilkin olaraq 26 nəfərdən ibarət tibbi işçisi ezam edilmiş, daha sonra isə xx.xx.1992-ci il tarixli 118 nömrəli əmrlə xx.xx.1192-ci il tarixdən döyüş bölgələrinə ezam olunmalı şəxslər siyahısında Hacıyeva (Mustayeva) Svetlananın da adı olmuş və buna görə ona ezamiyyə pulunun verilməsi qərara alınmışdır. Bununla bağlı nəzərə almaq lazımdır ki, hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının döyüş əməliyyatları zonasına tibbi yardım məqsədi ilə ezam olunmasını və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tibbi yardım üzrə hərbi tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Bununla əlaqədar, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya münasibətdə cavabdehin iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinası Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. Apellyasiya baxışı zamanı təqdim olunmuş vəsiqələrdən görünür ki, X8, X9 müharibə veteranı adı və vəsiqəsi verilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə kollegiyası hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(112)-2017/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar