Məhkəmə qərarları › İş №2-1(103)-82/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-82/2025

22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-82/2025 22.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-585/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində onun adına fərdi yaşayış evi inşa etmək üçün ayrılmış 0,06 ha torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 1971 saylı 30 dekabr 1998-ci il tarixli sərəncamı ilə Badamdar qəsəbəsi, 3cü yaşayış massivində İddiaçı adına fərdi yaşayış evi inşa etmək üçün 0,06 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi iddiaçı tərəfindən hasara alınmış, sərəncam verilən tarixdən bu günə kimi onun istifadəsindədir. Hüquqmüəyyənedici sənədinin mövcud olmasına baxmayaraq, sözügedən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 31 iyul 2018-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etsə də, müraciətindən imtina edilmişdir. Cavabdehin 11 sentyabr 2018-ci il tarixli məktubunda göstərilmişdir ki, təqdim edilmiş Səbail Rayon İcra Hakimiyyəti başçısının 1971 saylı, xx.xx.1998-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncam əsasında X1 adına verilmiş, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi Daş Karxanasının ərazisində yerləşdiyindən bu torpaq sahəsinin dövlət torpağı olması barədə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri Ərazi Şöbəsinə sorğu göndərilmişdir. Sorğuya cavab verilənə qədər ərizənin icrası müvəqqəti olaraq dayandırılmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikası qanunun 14.1-ci maddəsinə əsasən qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. Lakin qeyd edilənlərə baxmayaraq, müraciətindən imtina edilmiş və bununla da qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulmuşdur. Odur ki, mübahisənin məhkəmə qaydasında həll edilməsinə zərurət yaranmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-785/2019 nömrəli, 06 mart 2019cu il tarixli qərarı ilə iddia təmin edilmiş, Səbail Rayon İcra Hakimiyyəti başçısının 1971 saylı, 30 dekabr 1998-ci il tarixli sərəncamına əsasən ayrılmış Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinə dair plan və ölçünün tərtib edilərək İddiaçı adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1436/2019 nömrəli, 11 iyun 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-785/2019 nömrəli, 06 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2876/2019 nömrəli, 16 oktyabr 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1436/2019 nömrəli, 11 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-318/2020 nömrəli, 19 oktyabr 2020-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-785/2019 nömrəli iş üzrə 06 mart 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı Bakı şəhəri Badamdar qəsəbəsi 3-cü yaşayış massivində onun adına fərdi yaşayış evi inşa etmək üçün ayrılmış 0,06 ha torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmişdir. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-335/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-318/2020 nömrəli, 19 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1505/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-785/2019 saylı 06 mart 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 2-1(112)-585/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Səbail Rayon İcra Hakimiyyətinin 1971 nömrəli, 30 dekabr 1998-ci il tarixli sərəncamı əsasında istifadədə olan Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 563,0 kv.m torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun İddiaçı adına qeydə alınması və həmin daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçünün verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmş, iddia qalan hissədə təmin edilməmişdir. Hazırda həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Səbail Rayon İcra Hakimiyyətinin 1971 nömrəli, 30 dekabr 1998-ci il tarixli sərəncamı əsasında istifadədə olan Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 563,0 kv.m torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun İddiaçı adına qeydə alınması və həmin daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçünün verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İddiaçının cavabdehə xx.xx.2018-ci il tarixli müraciəti zamanı göstərdiyi torpaq sahəsi cavabdehin elektron kadastr baza məlumatlarına əsasən daş karxanasının ərazisində yerləşir və dövlətin mülkiyyətində olan torpaqlara aiddir. Cavabdehin elektron kadastr məlumatlarına əsasən Səbail Rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1998-ci il tarixli 1971 saylı sərəncamına əsasən İddiaçı ayrılmış 2225 saylı 600 kv.metr torpaq sahəsi Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən iki ədəd 0,0600 hektar torpaq sahələri ilə üst-üstə düşür. Belə ki, hər iki torpaq sahəsi 5 saylı Dövlət Notariat Kontorunda xx.xx.2014-cü il tarixli 4ə-280, 4ə-281 reyestr nömrəli alqı-satqı müqavilələri əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal hazırda onun mülkiyyətindədir. İddiaçının xx.xx.2017-ci il tarixdə idarəyə müraciəti zamanı ərizəyə əlavə edilmiş Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 1971 saylı sərəncamı əsasında verilmiş yerləşmə cizgisi ilə hazırda təqdim edilən yerləşmə cizgisi (Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 1971 saylı sərəncamı ilə) fərqlidir. Bu səbəbdən də Bakı şəhəri Səbail rayon İHB-nin Badamdar qəsəbə nümayəndəliyi tərəfindən xx.xx.2004-cü il tarixdə təsdiq edilmiş yerləşmə cizgisinə dair qeydiyyat orqanının ciddi şübhəsinin olması səbəbindən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə İdarə tərəfindən sorğu göndərilmişdir. Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli cavab məktubunda sözügedən cizgidə göstərilən tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, təqdim olunmuş cizginin memarlıq xidməti tərəfindən təsdiq olunmalı olması və təqdim olunmuş cizgidə təsdiq edilən möhür və imzalarda uyğunsuzluğun olduğu və Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmadığı qeyd olunmuşdur. Məhkəmə iddiaçının idarəyə edilmiş əvvəlki müraciətində daş karxanasının ərazisini göstərməsi, hazırkı torpaq sahəsinin digər fiziki şəxsin adına qeydiyyata alınmış sahə ilə üst-üstə düşməsi dəlillərinə münasibət bildirməmiş, torpaq sahəsinin həqiqi yerləşmə yeri məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2018-ci il tarixli ərizənizə baxılmışdır. Təqdim edilmiş Səbail rayon İcra Hakimiyyəti başçısının 1971 saylı, xx.xx.1998-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncam əsasında İddiaçı adına verilmiş, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi Daş Karxanasının ərazisində yerləşdiyindən bu torpaq sahəsinin dövlət torpağı olması barədə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri Ərazi Şöbəsinə sorğu göndərilmişdir. Sorğuya cavab verilənə qədər ərizənin icrası müvəqqəti olaraq dayandırılmışdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, sözügedən torpaq sahəsi kadastr məlumatlarına əsasən Daş Karxanasının ərazisində yerləşir. Bundan başqa, ********** nömrəli xx.xx.2017-ci il tarixli ərizəyə əlavə edilmiş Səbail RİH-in xx.xx.1998-ci il tarixli 1971 nömrəli sərəncamı əsasında verilmiş yerləşmə cizgisi ilə hazırda təqdim edilmiş yerləşmə cizgisi (Səbail RİHin xx.xx.1998-ci il tarixli 1971 saylı sərəncamı ilə) fərqlidir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1998-ci il tarixli, 1971 saylı “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” Sərəncamının surətindən görünür ki, fərdi ev tikmək üçün İddiaçı Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, iddiaçıya məxsus Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə dair cizgidə göstərilən tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim olunmuş cizgi memarlıq xidməti tərəfindən təsdiq olunmalıdır. Təqdim olunmuş cizgidən görünür ki, təsdiq edilən möhür və imzalarda uyğunsuzluq mövcuddur və RİH tərəfindən təsdiq olunmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə təqdim edilən mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi sənəd üzrə 600.0 kv.m olsa da, faktiki olaraq 563,0 kv.m təşkil edir (37.0 kv.m azdır). Torpaq sahəsi üç tərəfdən sökülmüş hasarın bünövrəsi və şərti olaraq bir tərəfdən qonşu sahənin daş hasarı ilə sərhədlənib (giriş-çıxış sərbəstdir). Sahə üzərində yarımçıq tikili vardır. Faktiki olaraq göstərilən 563,0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur: X -397758.520; 397784.452; 397776.063; 397750.239; Y- 4464611.244; 4464596.386; 4464579.353; 4464594.366. Vahid elektron kadastr baza məlumatlarında yerləşmə cizgisi təqdim olunmadığından araşdırma aparmaq mümkün olmadı. Vahid elektron kadastr baza məlumatlarında göstərilən sahə qeydiyyatdan keçmiş hər hansı sahə ilə üst-üstə düşmür. Həmçinin sahədə yerləşən tikilinin qeydiyyatı barədə məlumat aşkar olunmadı. Vahid elektron kadastr baza məlumatlarında sahə “Sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/2719 nömrəli ekspert rəyindən görünür ki, torpaq sahəsi sənəd üzrə 600.0 kv.m olsa da, faktiki olaraq 563,0 kv.m təşkil edir (37.0 kv.m azdır). Torpaq sahəsi üç tərəfdən sökülmüş hasarın bünövrəsi və şərti olaraq bir tərəfdən qonşu sahənin daş hasarı ilə sərhədlənib (giriş-çıxış sərbəstdir). Sahə üzərində yarımçıq tikili vardır. Faktiki olaraq göstərilən 563,0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur: X -397758.520; 397784.452; 397776.063; 397750.239; Y- 4464611.244; 4464596.386; 4464579.353; 4464594.366. Vahid elektron kadastr baza məlumatlarında yerləşmə cizgisi təqdim olunmadığından araşdırma aparmaq mümkün olmadı. Vahid elektron kadastr baza məlumatlarında göstərilən sahə qeydiyyatdan keçmiş hər hansı sahə ilə üst-üstə düşmür. Həmçinin sahədə yerləşən tikilinin qeydiyyatı barədə məlumat aşkar olunmadı. Vahid elektron kadastr baza məlumatlarında sahə “Sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1998-ci il tarixli, 1971 saylı Sərəncamına əsasən Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi fərdi ev tikmək üçün İddiaçı ayrılmışdır. İddiaçı hazırda qeyd olunan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncama torpağın yerləşmə sxemi (cizgisi) əlavə edilməmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş sxemdə isə qeyd olunan sərəncama əsasən ayrılmış torpaq sahəsinin istinad, istinad məsafəsi, perimetrik ölçüləri, koordinatları qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün deyildir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023cü il tarixli məktubdan görünür ki, sərəncama cizgi əlavə edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan da görünür ki, sərəncam əsasında iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi haqqında hər hansı məlumat aşkar edilməmişdir. İddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə sxemi mövcud olmadığı üçün həmin sahənin iddiaçıya ayrılmış torpaq sahəsi olması sübuta yetirilmir. Bununla əlaqədar qeyd edilməlidir ki, sərəncama əsasən ayrılmış torpağın yerinin müəyyən edilməsi üçün iddiaçı torpağın yerləşdiyi ərazi üzrə rayon icra hakimiyyətinə həmin torpağın yerləşmə sxeminin (cizgisi) tərtib olunaraq ona verilməsi üçün müraciət etməli, müraciətinin təmin olunmasından imtina edildiyi təqdirdə isə inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyasında icraat zamanı məhkəmə tərəfindən hazırki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/2719 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, sahə “Sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aiddir. Eyni zamanda, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda göstərilən sahənin keçmiş daş karxanasının ərazisində yerləşməklə Sənayə, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar olduğu qeyd olunmuşdur. Sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-585/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar