Məhkəmə qərarları › İş №2-1(103)-821/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-821/2021

02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-821/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Hüseyn Aida Əli qızı və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı xidmət etdiyi dövrdə müalicə olunması ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı həcmində müavinətin ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2-1(112)-6359/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2-1(112)-6359/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim F.Mədətli). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən ildə bir dəfə olaraq iki aylıq təminat xərcliyi miqdarında müalicə üçün müavinətin cavabdeh tərəfindən 26.05.2006-cı il tarixdən ona ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 24.03.1975-ci il tarixdən 26.04.1994- cü il və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əvvələr İƏİİ (UİTU) adlanan, sonralar isə Penitensiar Xidmətə çevrilən idarənin müəssisələrində mülki və zabit vəzifələrində işləmişdir. 1994-cü ilin aprel ayından ədliyyə polis mayoru rütbəsində, səhhətinin məhdud imkanları ilə əlaqədar güzəştli şərtlərlə əmək pensiyasına çıxmışdır. “Ədliyyə orqanlarında qulluqkeçmə” haqqında Azərbaycan Respublikası Qanununun 23.2ci maddəsinə görə “Ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. 2020-ci ilin avqust ayında Qanunun 23.2-ci maddəsindən bəhrələnmək üçün indiyə kimi müxtəlif xəstəliklərdən dörd dəfə əməliyyat olunduğunu və bir neçə dəfə də əməliyyata ehtiyacı olduğunu qeyd edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət etmişdir ki, “Ədliyyə ZL orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi tarixindən, 27 may 2006-cı ildən 23.2-ci maddəsini nəzərə alaraq ildə bir dəfə müalicə üçün ödənilməli olan müavinətin verilməsini təmin etsinlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Maliyyə-iqtisadiyyat idarəsinin rəisinin imzası ilə cavab məktubunda Azərbaycan Respublikasının “Ədliyyə orqanlarında qulluqkeçmə” haqqında Qanunun 26.05.2006-cı il tarixdə, yəni onun pensiyaya çıxdığı 27.04.1994-cü il tarixdən sonra qüvvəyə minməsi ilə əlaqədar ona tətbiq olunmasından imtina olunmuşdur. İdarənin bu səbəbini əsassız sayır. Çünki o, pensiyaya “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 29.04.1992-ci il tarixli, 110 saylı Qanunu ilə çıxmışdır. Bu Qanunun 40-cı maddəsinə görə təminat xərcliyi hesablanarkən yeni artımlar və əlavələr də nəzərə alınmalıdır. Eyni şərt 2006-cı ilin 26 yanvar tarixində qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” 54-İİİQ-saylı Azərbaycan Respublikası Qanununun 20.14-cü maddəsində də öz əksini tapmışdır. “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsində və digər maddələrində müalicə üçün nəzərdə tutulmuş birdəfəlik müavinətin əvvəllər pensiyaya çıxmış işçilərə şamil olunmaması haqqında heç bir istisna yoxdur və ola da bilməzdi. Çünki o zaman bu 2006-cı ildən əvvəl pensiya çıxmış Ədliyyə orqanları işçilərinə qarşı bir “diskriminatsiyya” aktı olardı. Penitensiar xidmətin səbəb kimi göstərdiyi ikinci əsası ondan ibarətdir ki, Azərbaycan Respublikası Ədliyyət Nazirliyi üzrə 28.04.2008-ci il tarixli, 7-t saylı əmri ilə təsdiq olunmuş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydalarında pensiyaya çıxan əməkdaşlara müavinətin verilməsi nəzərdə tutulmamışdır. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsi AR ƏN-nin Penitensiar xidmətin Maliyyə-İqtisadiyyat idarəsindən müraciətinə gələn cavabda göstərilən səbəbləri əsas kimi götürmüşdür. Məktubda göstərilir ki, "Ədliyyə orqanlarında qulluqkeçmə" haqqında AR-nın Qanunu mən işdən pensiyaya ayrıldıqdan sonrakı dövrə aid olduğu üçün mənə tətbiq edilə bilməz. Qanun 26.05.2006-cı ildə qəbul edilmiş, o isə 29.04.1994-cü ildə işdən pensiyaya çıxmışdır. Qanunun keçmiş tarixə təsir qüvvəsi olmadığından, onun da bu müddətə heç bir iddiası yoxdur. İddiası Qanun qəbul edilən tarixdən, 26.05.2006-cı ildən sonrakı müddətlə bağlıdır. Göründüyü kimi məhkəmənin də əsas kimi qəbul etdiyi cavabdehin bu səbəbini aidiyyəti üzrə ona heç bir dəxli yoxdur. Məhkəmənin əsas kimi qəbul etdiyi, cavabdehin göstərdiyi ikinci səbəb isə AR ƏN üzrə 28.04.2008- ci il tarixli 7-T saylı əmri ilə təsdiq olunmuş "Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi" Qaydalarında pensiyaya çıxan əməkdaşlara müavinətin verilməsinin nəzərdə tutulmamasıdır. AR ƏN üzrə verilmiş hər hansı bir daxili əmri müzakirə etmək səlahiyyətində olmadığını bilir. Ancaq iddiası "Ədliyyə orqanlarında qulluqkeçmə" haqqında AR-nın Qanununun 23.2 maddəsinin tələblərinin yerinə yetirilməsi ilə bağlıdır. Yəni maddədə birmənalı şəkildə deyilir ki, Ədliyyə orqanları işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) pulsuz dövlət tibbi xidməti ilə təmin olunurlar və eyni zamanda onlara müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilməlidir. Hər hansı normativ akt, qərar, qayda, əmr və s. ilə AR Qanunu ziddiyyət təşkil edərsə, AR-nın qanunvericiliyinə uyğun olaraq Qanunun müddəaları əsas götürülür. Burdan belə nəticə çıxır ki, BİM-nin iddianın rədd edilməsində əsas kimi qəbul etdiyi, ƏN üzrə 7-T saylı əmr ilə "Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi" Qaydalarında pensiyaya çıxan əməkdaşlara müavinətin verilməsinin nəzərdə tutulmaması doğru deyildir. Qanunun 23.2 maddəsinin pensiyaya çıxan işçilərə aid olmasını bilavasitə Qanunun 23.3 maddəsi də təsdiqləyir. 23.3 maddəsində deyildiyi kimi Ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilir. Məhkəmə sonda bele qənaətə gəlir ki, "Ədliyyə orqanlarında qulluqkeçmə" haqqında AR-nın Qanununun 23.2 maddəsi üzrə müəyyən edilmiş müavinətin xidmətdən xaric olunmuş şəxslərə verilməsi nəzərdə tutulmadığından iddia rədd edilməlidir. Məhkəmənin bu qənaəti doğru deyildir, çünki birincisi o, xidmətdən xaric olunmamışdır, səhhətinin məhdud imkanlarına görə əmək pensiyasına göndərilmişdir, ikincisi isə bu müavinətin xidmətdən xaric olunmuş şəxslərə verilməməsi barədə Qanunun müddəalarında hər hansı bir istisna nəzərdə tutulmamışdır. Əksinə sosial yönümlü olan bu Qanunda müavinətin pensiyaya çıxan işçilərə də şamil olunması xüsusi qeyd edilir. Apellyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 izahatında apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması xahiş eymişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, işdə olan 10 aprel 1967-ci il tarixdə doldurulmuş əmək kitabçasının surətindən görünür ki, 24.03.1975-ci il tarixdən 26.04.1994-cü il tarixədək Azərbaycan Respublikası DİN-nin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində mülki və zabit vəzifələrində işləmişdir. 26.04.1994-cü il tarixdən xidmətdən xaric olmuşdur. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 07.09.2020-ci il tarixli, 17/7- 10808 saylı imtina məktubundan görünür ki, iddiaçının “müalicə xərci üçün müavinətin ödənilməsinə dair” müraciətinə Maliyyə-iqtisadiyyat idarəsində baxılmışdır. Azərbaycan Respublikasının “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanununun 26.05.2006-cı il tarixdə qüvvəyə mindiyini nəzərə alaraq bildirilmişdir ki, ədliyyə orqanlarında 08.02.1982ci il tarixdən 07.02.1994-cü il tarixədək qulluqda olduğu müddət ərzində əməkdaşlara müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə 28 aprel 2008-ci il tarixli 7-t nömrəli əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanlan işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydalarında pensiyaya çıxan əməkdaşlara müavinətin verilməsi nəzərdə tutulmamışdır. Müalicə olunması barədə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Poliklinikasına müraciət edə bilər. İşin hallarından görünür ki, 26.04.1994-cü il tarixdə pensiyaya çıxmaqla iddiaçının ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Hazırki iddia tələbi üzrə iddiaçı xidmətdən xaric olduqdan sonra qəbul edilmiş “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən ildə bir dəfə olaraq iki aylıq təminat xərcliyi miqdarında müalicə üçün müavinətin cavabdeh tərəfindən qanun qüvvəyə mindiyi tarixdən ona ödənilməsini tələb edir. İş materiallarında görünür ki, iddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən iddiaçının qulluqda olduğu dövrdə əməkdaşlara müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qanunvericiliklə nəzərdə tutulmadığı, hazırki halda isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə 28 aprel 2008-ci il tarixli 7-t nömrəli əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanlan işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydalarında pensiyaya çıxan əməkdaşlara müavinətin verilməsi nəzərdə tutulmadığı əsası imtina edilmiş, həmçinin iddiaçıya müalicə olunması barədə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Poliklinikasına müraciət edə biləcəyi bildirilmişdir. Belə ki, iddiaçının xidmətdə xaric olunduğu günədək Penitensiar xidmətin əməkdaşlarına müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununu isə 26 may 2006-cı il tarixdə, yəni iddiaçı xidmətdən xaric olduqdan sonra qəbul edilmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Qanunun həmin maddəsinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirinin 28.04.2008-ci il tarixli 7-T nömrəli əmri ilə «Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları» təsdiq edilmişdir. Qaydaların 1.3-cü bəndinə müvafiq olaraq işçinin sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir. Göründüyü kimi “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi üzrə müəyyən olunmuş ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət yalnız işçinin xidmətdə olduğu dövr ərzində verilir. İşçinin sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona həmin müavinətin verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir,hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2-1(112)-6359/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar