Məhkəmə qərarları › İş №2-1(103)-821/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-821/2022

09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-821/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5216/2021 saylı 22 sentyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 09 fevral 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. B seriyalı 019827 saylı 24.07.1979-cu il tarixli diplomdan görünür ki, İddiaçı 01.09.1976-cı ildən 24.07.1979-cu ilədək Azərbaycan SSR Bakı şəhəri 56 nömrəli texniki peşə məktəbində çilingər peşəsi üzrə təhsil almışdır. H3 seriyalı ******* saylı 19.11.1980-ci il tarixli hərbi biletə görə İddiaçı 19.11.1980-ci ildən 10.12.1982-ci ilədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 15.07.1979-cu il tarixli əmək kitabçasından görünür ki, o, 03.08.1979-cu ildə Bakı Baş Tikinti İdarəsinin mexaniki təmir zavoduna 2-ci dərəcəli çilingər yığmaçı qəbul edilmiş, 28.02.1980-ci ildə işdən azad edilmişdir. 09.06.1980-ci ildə Razin avtoparka konduktor qəbul edilmiş, 05.11.1980-ci ildə işdən azad edilmişdir. 25.02.1983-cü ildə fəhlə qəbul edilmiş, 02.08.1983-cü ildə avtoparka sürücü vəzifəsinə keçirilmiş, 18.05.1984-cü ildə fəhlə vəzifəsinə keçirilmiş, 06.06.1984-cü ildə profilaktoriyaya 3-cü dərəcəli çilingər vəzifəsinə keçirilmiş, 02.10.1984cü ildə 3-cü dərəcəli sürücü vəzifəsinə, 14.05.1985-ci ildə 4-cü dərəcəli avtoçilingər vəzifəsinə, 20.08.1985-ci ildə 3-cü dərəcəli sürücü vəzifəsinə keçirilmiş, 02.09.1985-ci ildə işdən azad edilmişdir. 07.09.1985-ci ildə 3-cü dərəcəli sürücü vəzifəsinə qəbul edilmiş, 15.10.1985-ci ildə işdən azad edilmişdir. 10.11.1985-ci ildə Bakı Baş Tikinti İdarəsinin mexaniki təmir zavoduna 2-ci dərəcəli çilingər yığmaçı qəbul edilmiş, 05.03.1990-cı ildə işdən azad edilmişdir. 05.03.1990-cı ildə “Keyfit” KOOP vulkanizatorçu vəzifəsinə qəbul edilmiş, 01.07.1991-ci ildə işdən azad edilmişdir. 04.07.1991-ci ildə Bakı eksperimental mebel fabrika № 2 tədarük sexinə dəzgahçı vəzifəsinə qəbul edilmiş, 03.02.1994-cü ildə işdən azad edilmişdir. 05.11.1994-cü ildə Əsaslı Təmir Xidmətinə gecə növbəsinə 2-ci dərəcəli izolyasiyaçı vəzifəsinə qəbul edilmiş, 01.09.1995-ci ildə işdən azad edilmişdir. 02.04.2001- ci ildə 6 məvaciblə 2-ci dərəcəli yol montyoru vəzifəsinə qəbul edilmiş, 12.09.2001-ci ildə növbəti 3-cü dərəcə, 01.03.2004-cü ildə növbəti 4-cü dərəcə verilmişdir. 17.01.2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin 289 saylı Sərəncamına əsasən BMP və “Az.TMT” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. 18.07.2014-cü ildə "xxxx" QSC Yol xidməti 2 saylı Yol hissəsi 2-ci sahəsinə 4-cü dərəcə ilə yol montyoru peşəsinə qəbul edilmişdir (iş gecə tuneldə xüsusi zərərli iş şəraiti), hal-hazırda həmin peşədə işləyir. Elektron hökumət portalından çıxarılmış iddiaçının adına qeyd olunmuş əmək müqaviləsi bildirişində işəgötürənin VÖEN-i **********, vəzifə yol fəhləsi, dəmir yolu, müqavilənin nömrəsi xxxxxxx000103, müqavilənin tarixi 18.07.2014-cü il qeyd olunmuşdur. Azərbaycan Respublikası "xxxx" QSC-nin A/323 saylı 17.12.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən 02.04.2001-ci il tarixindən 18.07.2014-cü il tarixinədək Bakı Metropoliteninin Yol xidmətində yol montyoru (tuneldə yalnız gecə işi xüsusi zərərli iş şəraitində (24%), iş saatı 23:30-dan 05:30-dək) peşəsində çalışmışdır. 18.07.2014-cü il tarixindən "xxxx" QSC-nin Yol xidmətində yol montyoru (tuneldə yalnız gecə işi xüsusi zərərli iş şəraitində (24%), iş saatı 23:30-dan 05:30-dək) peşəsində işləyir. Qeyd: Yol montyoru yol fəhləsi hesab edilir və yol fəhləsi tuneldə hər gecə ağır, xüsusi zərərli iş şəraitində (xüsusi zərərli iş şəraitinə görə əmək haqqına 24%, gecə saatına görə 40% əlavə ilə) işləyir. Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müracitə etsə də, sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********9 saylı 17.02.2021-ci il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) yol montyoru vəzifəsi nəzərdə tutulmamışdır. Mərkəzi Filiala təqdim edilmiş "xxxx" QSC-nin A/323 saylı 17 dekabr 2020-ci il tarixli arayışında onun 02.04.2001-ci il tarixindən bugünədək "xxxx" QSC-nin Yol Xidmətində yol montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Onun işlədiyi yol montyoru vəzifəsi yuxarıda qeyd olunan Siyahı üzrə metropoliten sahəsində olmadığından onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdehin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair imtina məktubu göndərərkən bu əsası təkzib edən iş yerindən verilmiş 17.12.2020-ci il tarixli, A/323 saylı arayışda göstərilən əsaslara əhəmiyyət və diqqət verilməmişdir. Belə ki, cavabdehə təqdim etdiyi AR "xxxx" QSC-nin 17.12.2020-ci il tarixli A/323 saylı arayışından məlum olur ki, iddiaçı həqiqətən də 02.04.2001-ci ildən 18.07.2014-cü il tarixədək Bakı Metropoliteninin yol xidmətində yol montyoru (tuneldə yalnız gecə işi xüsusi zərərli iş şəraitində (24%) iş saatı 23:30-dan 05:30-dək) peşəsində işləmişdir. 18.07.2014-cü ildən bu günədək "xxxx" QSC-nin yol xidmətində yol montyoru (tuneldə yalnız gecə işi xüsusi zərərli iş şəraitində (24%) iş saatı 23:30-dan 05:30-dək) peşəsində işləmişdir. Yol montyoru yol fəhləsi hesab edildiyi və yol fəhləsi tuneldə hər gecə ağır xüsusi zərərli iş şəraitində (xüsusi zərərli iş şəraitinə görə əmək haqqına 24%, gecə saatına görə 40% əlavə ilə) işlədiyi bildirilmişdir. Ümumiyyətlə hesab edir ki, Bakı Metropoliteninin tunellərində fəhlə kimi yalnız yol montyorları fəaliyyət göstərdiklərindən, tuneldə hər gecə ağır xüsusi zərərli iş şəraitində işləyən yol montyorları işəgötürənin də göstərdiyi kimi, yol fəhləsi kimi qəbul edilməlidir. Belə olduğu halda hesab edir ki, cavabdehin bu əsasla verdiyi imtina əsassız hesab edilməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) yol montyoru vəzifəsi nəzərdə tutulmamışdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin 17 dekabr 2020-ci il tarixli A/323 nömrəli arayışında 02.04.2001-ci il tarixindən bugünədək "xxxx" QSC-nin Yol Xidmətində yol montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Onun işlədiyi yol montyoru vəzifəsi yuxarıda qeyd olunan Siyahı üzrə metropoliten sahəsində olmadığından iddiaçının güzəştli iş stajı yoxdur. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5216/2021 saylı 22 sentyabr 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı 60 yaşdan, yəni 29.12.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 17.02.2021-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə 29.03.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçı ona 60 yaşının tamam olduğu 29.12.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun 02.04.2001-ci il tarixdən bugünədək "xxxx" QSC-nin Yol Xidmətində yol montyoru vəzifəsində işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) yol montyoru vəzifəsinə uyğun olmaması səbəbindən tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi tərəfindən iddiası təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 29.12.2020-ci il tarixədək tələb olunan 25 il ümumi sığorta stajının, 12 il 06 aydan çox güzəştli iş stajının olmasına, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlərin ödənilməsinə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, təhsil barədə sənədini (diplomu), əmək kitabçasını və iş yerindən arayışı təqdim etmişdir. İddiaçıya məxsus diplomdan və hərbi biletdən görünür ki, o, 01.09.1976-cı ildən 24.07.1979-cu ilədək Azərbaycan SSR Bakı şəhəri 56 nömrəli texniki peşə məktəbində çilingər peşəsi üzrə təhsil almış, 19.11.1980-ci ildən 10.12.1982-ci ilədək hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, onun 03.08.1979- 28.02.1980-ci ilədək 06 ay 27 gün, 09.06.1980-05.11.1980-ci ilədək 04 ay 27 gün, 25.02.1983- 02.09.1985-ci ilədək 02 il 06 ay 06 gün, 07.09.1985-15.10-1985-ci ilədək 01 ay 09 gün, 10.11.1985-05.03.1990-cı ilədək 04 il 03 ay 26 gün, 05.03.1990-01.07.1991-ci ilədək 01 il 03 ay 28 gün, 04.07.1991-03.02.1994-cü ilədək 02 il 07 ay 01 gün, 05.11.1994- 01.09.1995-ci ilədək 09 ay 27 gün, 02.04.2001-29.12.2020-ci ilədək 19 il 08 ay 28 gün olmaqla, 01.09.1976-24.07.1979-cu ilədək təhsil dövrü 02 il 10 ay 24 gün, 19.11.1980- 10.12.1982-ci ilədək hərbi xidmət dövrü 2 il 22 gün də nəzərə alınmaqla, ümumilikdə stajı 37 il 04 ay 15 gün təşkil edir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının 01.01.2006-cı ilədək işlədiyi vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də öz əksini tapmışdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixinədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Beləliklə, iddiaçının əmək kitabçasından müəyyən olunur ki, onun ümumi iş stajı 25 ildən artıq təşkil edir və bu hal cavabdeh tərəfindən mübahisələndirilmir. Hazırki işdə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xüsusi iş stajının kifayət qədər olmaması mübahisələndirilir. Nəzərə alınmalıdır ki, iddiaçının işlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. İşə birinci instansiya qaydasında baxmış məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" QSC-nin 40N-10/3-662 saylı 04.06.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı 05.11.1994-cü il tarixindən 01.09.1995-ci il tarixinədək Bakı Metropoliteninin Əsaslı təmir xidmətində izoləedici (tuneldə yalnız gecə işi, 24% zərərli əmək şəraiti ilə) peşəsində çalışmış, 02.04.2001-ci il tarixindən bu günədək Yol xidmətində yol montyoru (tuneldə yalnız gecə işi, 24% zərərli əmək şəraiti ilə) peşəsində işləyir. İddiaçı xüsusi zərərli əmək şəraitində çalışdığı peşələr üzrə əmək stajı 20 il 11 ay 29 gün (iyirmi il on bir ay iyirmi doqquz gün) (03.06.2021-ci il tarixinə) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.Nəqliyyat maddəsinin 21.5. Metropolitenlər bəndinə (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) aiddir ki, bu da qüvvədən düşmüş 21.09.1993-cü il tarixli 320 saylı Qərarın 23000000 XXVİİİ. Nəqliyyat 23002000 2. Metropolitenlər bölməsinin 2300200a (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndi ilə tənzimlənir. Qeyd: Yol montyoru yol fəhləsi hesab edilir. Gecə saatlarına görə yol fəhləsinin əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir. Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" QSC-nin 40N-10/3-894 saylı 22.07.2021-ci il tarixli məktubu ilə göndərilmiş "xxxx" QSC-nin Aparat rəhbəri tərəfindən təsdiq edilmiş "xxxx" QSC-nin Yol xidmətinin yol montyorları Vəzifə Təlimatına əsasən əsas vəzifə və funksiyalar aşağıdakılardan ibarətdir: 1. işlərin icrası zamanı ancaq saz vəziyyətdə olan alət, avadanlıq və qurğulardan istifadə etmək; 2. işə başlamazdan əvvəl, işin növündən asılı olaraq, xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrindən istifadə etmək; 3. gecə vaxtı tuneldə və ya yerüstü sahədə işləyən zaman təmas relsinə gərginliyin verilməsini bildirən İİ xəbərdarlıq işarəsinə kimi icra etdiyi işi başa çatdırmaq və stansiyaya çıxmaq; 4. işin sonunda iş yerindən bütün alətləri və digər materialları yığışdırmaq; 5. iş yerinə getməmişdən əvvəl TİQ və TTQ üzrə vəsiqəni götürmək; 6. yolda aparılan cari və əsaslı təmir işlərinin norma və qaydalarına ciddi əməl etmək; 7. iş yerinə çatdıqdan sonra iş yerini hər iki tərəfdən “Dayan” işarəsi ilə çəpərləmək; 8. sahə rəhbərinin göstərişinə əsasən yolda müvafiq işləri (epyura üzrə şpalları və əksqaçıcıları yerləşdirmək, relslərdə deşikləri açmaq və relsləri kəsmək, şpalları təmir etmək və s.) yerinə yetirmək; 9. istehsalat sanitariyası qaydalarının tələblərinə müvafiq olaraq, bədbəxt hadisələr zamanı həkim gələnə kimi zərərçəkənə ilkin köməklik göstərməyi bacarmaq. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********9 saylı 13.08.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 14820,87 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 28231,03 manat olmaqla, cəmi pensiya kapitalı 43051,90 manat təşkil edir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 19 il 5 ay 12 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 14820,87 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 28231,03 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə onun Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 60 yaşının tamam olduğu 29.12.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39400,00 manat məbləğində hesablanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 iyun 1997-ci il tarixli 20-3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Metropoliten sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası”na əsasən Vahid Tarif-İxtisas Sorğu kitabçasının bu bölməsi özündə ancaq metropoliten sahəsinə aid olan fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətlərini əks etdirən sənəddir və onun tədqiqi mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə - təşkilatlarda məcburi xarakter daşıyır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 28 iyun 1999-cu il tarixli 14-7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Metropoliten sahəsi üzrə qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu kitabçasında (hissə 56-2)” (hissə 1) Fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətləri altı dərəcəli tarif cədvəli üzrə əmək şəraiti nəzərə alınmadan işlərin mürəkkəbliyinə əsasən müəyyənləşdirilmişdir. Bu peşələrin X6 üzrə əməyin ödəniş dərəcələri peşələrin ixtisas dərəcələri səviyyəsində təyin edilir. Yuxarıda istinad olunan normalardan göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələri və göstəricilərin Siyahısı”nın 21-ci bölməsinin 21.5-ci bəndində sadalanan vəzifə adları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 iyun 1997-ci il tarixli 20-3 nömrəli və 28 iyun 1999-cu il tarixli 14-7 nömrəli Qərarları ilə təsdiq edilmiş “Metropoliten sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası” və “Metropoliten sahəsi üzrə qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu kitabçası (hissə 56-2)”nda qeyd edilən vəzifə adlarının heç biri eyni deyildir, lakin görülən işin (xidmətin) xüsusiyyətləri əsasında vəzifələrin adlarının uyğunlaşdırılması mümkündür. "xxxx" QSC-nin təqdim etdiyi güzəştli arayışda iddiaçının 02.04.2001- ci il tarixindən Bakı Metropoliteninin Yol xidmətində yol montyoru peşəsində, tuneldə yalnız gecə işi xüsusi zərərli iş şəraitində (24%) iş saatı 23:30-dan 05:30-dək işlədiyi, yol montyorunun yol fəhləsi hesab edildiyi, gecə saatlarına görə yol fəhləsinin əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əlavə ödənc hesablandığı, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verildiyi qeyd edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi 39400,00 manat məbləğində hesablandığı halda, iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 14820,87 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 28231,03 manat olmaqla cəmi pensiya kapitalı 43051,90 manat təşkil edir. Başqa sözlə, iddiaçının fərdi hesabında qeydə alınmış pensiya kapitalı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyininə imkan verir. Beləliklə, aparılmış araşdırmalar nəticəsində aydın oldu ki, iddiaçının ümumi iş stajı 25 ildən, xüsusi iş stajı isə 12 il 6 aydan (19 il 08 ay 28 gün) artıqdır. Bununla yanaşı, iddiaçının yuxarıda qeyd olunan tarixlərdə adı çəkilən müəssisədə işlədiyi “yol montyoru” peşəsi iş yerinin verdiyi arayışlara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda: 21. Nəqliyyat 21.5. Metropolitenlər yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr peşəsinə uyğun olmaqla, zərərli peşə kimi qəbul edilir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. Odur ki, iddiaçıya 29.12.2020-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunda və iddiaya dair yazılı etirazda qeyd edilənlərlə eynilik təşkil edib, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5216/2021 saylı 22 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5216/2021 saylı 22 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar