Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-821/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə (X14 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-821/2023 (Açar sözlər: “qeydiyyatdan çıxarılma”) Bakı şəhəri 23 may 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X5 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Üçüncü şəxs X10 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9181/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 089/3 №-li Sərəncamının surətindən görünür ki, vətəndaş X15 müstəsna hal kimi Azərbaycan EA-nın Şərifzadə küçəsi 12-də yerləşən yataqxanasının pasport qeydiyyatına götürülmüşdür.
2. Azərbaycan MEA Neft-kimya Prosesləri İnstitutu üzrə işdən azad olma haqqında xx.xx.2010-cu il tarixli K-217 №-li əmrdən xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, 26 saylı labor. böyük elmi işçisi X14 xx.xx.2010-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur.
3. AMEA Rəyasət Heyəti aparatı İşlər İdarəsinin tabeliyində Yataqxananın müdiri A.Quliyev, elektrik S.Sarxanov, fəhlə T.Məlikov tərəfindən 18 mart 2022-ci il tarixində tərtib edilmiş aktda qeyd olunmuşdur ki, həmin Yataqxananın 7-ci mərtəbəsində 73A №-li otaqda qeydiyyatda olan X14 qeyd olunan ünvanda yaşamır. Otaqda qızı yaşayır.
4. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X14 ünvan 1 ünvanında qeydiyyatdadır.
5. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubuna əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı Rəyasət Heyətinin 25 avqust 2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, X13 Gəncə şəhərində yerləşən İddiaçı Gəncə Bölməsində əvəzçilik üzrə böyük elmi işçi işləyir; - İddiaçı Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş X14 (FİN-3C4876S; doğum tarixi-xx.xx.1959) İddiaçı magistratura, doktorantura və dissertanturasında hazırda təhsil almır.
6. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, 091-22994-1222 nömrəli məktubda bildirilmişdir ki, siyahıda adları qeyd olunan şəxslərin qeydiyyatdan çıxarılmaları ilə əlaqədar iddiaçının mülki qaydada məhkəməyə müraciət etməsi məqsədə müvafiqdir.
7. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1959-cu il təvəllüdlü X14 xx.xx.2005-ci il tarixdən hal-hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. S.İbrahimlinin qeydiyyata alınmasına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilmişdir;
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 12, 73A saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir;
9. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 10 avqust 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Dövlət Arxivinin Bakı filialında sənədlər müvafiq İcra strukturlarının qərar və sərəncamlarına uyğun saxlanılır. Ünvanlara, vətəndaşların ad və soyadlarına görə Dövlət Arxivinin filialından hər hansı bir məlumatın əldə olunması mümkün deyildir;
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 5 saylı binanın İddiaçı adına qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
11. İşin hallarından müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən yataqxana binası iddiaçı Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının balansındadır.İddiaçı sözügedən yataqxananın 73A nömrəli mənzilində qeydiyyatda olan X10 hazırda AMEA-da işləmədiyi, təhsil almadığı, sözügedən mənzildə faktiki yaşamadığını əsas gətirərək sonuncunun həmin ünvandan qeydiyyatdan çıxarılmasını inzibati məhkəmə icraatında mübahisələndirir.
12. İddiaçı Rəyasət Heyətinin 51 saylı, 25 avqust 2022-ci il tarixli Arayışından görünür ki, X13 hazırda Gəncə şəhrində yerləşən İddiaçı Gəncə Bölməsində əvəzçilik üzrə böyük elmi işçi işləyir.
13. İddiaçı Gəncə Bölməsinin 27 saylı, 30 avqust 2022-ci il tarixli Arayışından görünür ki, X13 xx.xx.2016-cı il tarixdən İddiaçı Gəncə Bölgəsində Ekologiya və X9 böyük elmi işçi vəzifəsində işləyir.Arayış İddiaçı aspirantlar yataqxanasına təqdim etmək üçün verilir.
14. Təqdim olunmuş qəbzlərdən görünür ki, X13 ünvan 3 ünvanında yerləşən yataqxana binasının 73A nömrəli mənzilinə dair kommunal ödənişlər, o cümlədən işıqdan istifadəyə görə ödənişlər etmişdir.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AMEA-nın Yataqxanasının yerləşdiyi ünvana, ünvan 4aimi qeydiyyata alınmış X10 AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin tabeliyində olan yataqxananın qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, bina 12 ünvanında yerləşən İddiaçı yataqxanasında AMEA-nın Neft-kimya Prosesləri İnstitutunun 26 saylı laboratoriyasının böyük elmi işçisi vəzifəsində 19 oktyabr 2010-cu il tarixə qədər çalışmış, AMEA əməkdaşı olmuş X1 yataqxanada yaşayış sahəsi kimi 73A nömrəli otaqla təmin olunmuş və həmin yaşayış yeri üzrə daimi qeydiyyata alınmışdır. X10 Əmək müqaviləsinə 19 oktyabr 2010-cu il tarixində, AMEA Neft-kimya prosesləri İnstitutunun direktorunun 19 oktyabr 2010-cu il tarixli K- 217 №-li əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. Bununla belə, vaxtilə AMEAnın Yataqxanasında yaşayış yeri üzrə qeydiyyata alınmış, lakin hazırda AMEA-da işləməyən X14 uzun müddətdir qeyd olunan otaqda yaşamır və onun yaşayış yeri AMEA-ya məlum deyildir. 10-18 mart 2022-ci il tarixlərində ünvan 5 ünvanında yerləşən İddiaçına aid yataqxananın 7-ci mərtəbəsində yerləşən, 73 A saylı otaqda yaşayışın olub-olmamasının müəyyənləşdirilməsi məqsədi ilə keçirilən yoxlamalar zamanı tərtib olunmuş 18 mart 2022- ci il tarixli aktla müəyyən olunmuşdur ki, X14 həmin 73 A nömrəli otaqda uzun müddətdir yaşamır, onun yaşayış yeri AMEA-ya məlum deyildir. 18 mart 2022-ci il tarixində ünvan 5 ünvanında yerləşən İddiaçına aid yataqxananın müdiri X16, həmin yataqxananın elektriki X11, fəhlə vəzifəsində çalışan X12 tərəflərindən tərtib olunan aktla müəyyən olunur ki, X14 vaxtilə yataqxanada məskunlaşsa da, lakin qeyd edilən otaqda uzun müddətdir yaşamır, otaqdan qızı yaşayış sahəsi kimi istifadə edir. 73A nömrəli otağı bağlı saxlamaqda davam edən X14 hal-hazırda AMEA-nın X2 işləmir və sözügedən 73A nömrəli otaqda yaşamır, lakin qeydiyyatda qalmaqda davam edir. Sözügedən 73A nömrəli otağın X14 tərəfindən AMEA-ya qaytarılması məqsədi ilə sözügedən sənədlər AMEA Rəyasət Heyəti aparatının Hüquq şöbəsinin müdiri Nümayəndə tərəfindən 08 aprel 2022-ci il tarixində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə 08-69-/2022 nömrəli məktub ünvanlanmışdır. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən cavab olaraq, 14 aprel 2022-ci il tarixli 091-22994-1222 nömrəli məktubla AMEA-ya 25 aprel 2022-ci il tarixdə daxil olmuş məktubda AMEA Rəyasət Heyəti aparatının Hüquq şöbəsinə bildirilmişdir ki, X10 ünvan 8 ünvanında yerləşən AMEA-nın Yataqxanasından qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət olunmalıdır. Hal-hazırda qeyd olunan səbəblərlə bağlı bir sıra şəxslərin, o cümlədən X10 AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin tabeliyində olan Yataqxanada qeydiyyatdan çıxarmadan otaqla təmin olunmaq üçün AMEA-nın onlarla əməkdaşını, o cümlədən AMEA-nın doktorant, dissertant və magistrantlarını yaşayış sahələri ilə təmin etmək mümkün deyildir.
17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9181/2022 saylı, 01 iyun 2022-ci il tarixli qərardadı ilə X14 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.
18. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı qismində İddiaçı qəbul edilməsini xahiş etmişdir.
19. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X10 ünvan 9 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir
21. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddiaya etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir.
22. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır.
23. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9181/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
24. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı cavabdehin istinad etdiyi hazırkı halda üçüncü şəxsin AMEA-nın əməkdaşı olmaması və ya təhsil almaması dəlili və yaxud hazırkı halda həmin mənzildə faktiki yaşamaması üçüncü şəxsin həmin mənzildən passport qeydiyyatından çıxarmağa bilavasitə əsas verilmədiyi müəyyən edilmişdir.
25. Həmçinin qeyd olunmalıdır ki, üçüncü şəxs işlədiyi və təhsil aldığı dövrdə sözügedən aspirantlar yataqxanasının mənzilinə köçmüş, həmin mənzilə pasport qeydiyyatına alınmışdır. Üçüncü şəxsin Mənzil Məcəlləsinin tələbləri əsasında istifadəsinə verilmiş mənzilə dair istifadə hüququnun hazırda mövcud olub-olmaması (xitam verilməsi və ya itirilmiş hesab edilməsi) məsələsi inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməz. Çünki, bu hüquqlar əmlak hüquqi xarakterli olub, mülki hüquq münasibətlərindən meydana gəlməklə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmeti ola bilər. İnzibati mühakimə icraatı qaydasında isə iddiaçının həmin şəxslər barəsində hüququna inzibati orqanın müdaxiləsinin qanuni olub-olmaması məsələləri araşdırıla bilər.
26. Məhkəmə hesab edir ki, hazırkı tələb inzibati orqan olan rayon polis idarəsinə qarşı yönəldiyindən, qeydiyyatdan çıxarılması tələb olunan şəxslərin mübahisəli mənzilə dair hər hansı əmlak hüququna, o cümlədən istifadə hüququna sahib olub-olmamasını müəyyənləşdirmək və bu əsasdan şəxsləri mənzilə əmlak hüququ olmayan şəxs kimi tanıyaraq onları iddiaçının tələbi əsasında qeydiyyatdan çıxarmaq cavabdeh inzibati orqanın hazırkı inzibati icraat çərçivəsində baxıb öz qiymətləndirməsi ilə həll edə biləcəyi məsələ deyildir. Cavabdeh inzibati orqanın hərəkət və ya hərəkətsizliyinin qanuniliyini yoxlayan inzibati məhkəmə isə inzibati məhkəmə icraatında üçüncü şəxsin mənzil ilə bağlı istifadə hüququna dair və yaxud üçüncü şəxsin həmin mənzildən çıxarılma ilə bağlı qətnamə qəbul etməyə səlahiyyətli məhkəmə deyildir. Məhkəmə hazırkı iş üzrə iddiaçının balansında olan yataqxana mənzilinə dair üçüncü şəxsin Mənzil Məcəlləsinin tələbləri əsasında istifadə hüquqlarının mövcud olub-olmamasının qiymətləndirilməli olduğunu, bu məsələlərin həll edilməsinin isə mülki məhkəmə icraatının predmeti olmaqla inzibati məhkəmə icraatında baxıla bilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehə qarşı yönəlmiş qeydiyyatdan çıxarma barədə hazırkı iddia tələbi təmin edilə bilməz.
27. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 60-cı maddəsinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, 2-ci maddəsinə, 5ci maddəsinə, 9-cu maddəsinə, 8 iyul 1982-ci il tarixli 979—X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 106-108-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
28. Qərardan İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9181/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından da göründüyü kimi nəzərə alınmalıdır kı, iddiaçı və üçüncü şəxs arasında əmək münasibətləri yaranmışdır ki, bu münasibətlər zəmnində iddiaçı həmin dövrdə işləyən əməkdaşına yaşayış sahəsinin onun istifadəsinə verilməsi barədə orderin verilməsini təmin etmişdir.Göründüyü kimi, iddiaçı mübahisəli yaşayış sahəsinin üçüncü şəxsin istifadəsinə verilməsində öz iradə ifadəsini nümayiş etdirmişdir.Lakin Bakı inzibati Məhkəməsi 2-1(112)-9181/2022 saylı inzibati işə baxarkən yaddan çıxarmışdır ki, Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı yataqxanası Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Dövlət reyestrində AMEA-nın Aspirantları üçün yataqxana binası kimi qeydiyyatdan keçmişdir.Məhkəməyə təqdim olunmuş İddiaçı xx.xx.2022-ci il tarixli 01-6/757 nömrəli arayışında qeyd edilmişdir ki, vətəndaş X14 İddiaçı magistratura, doktorantura və dissertanturasında hazırda təhsil almır.İlkin iddia verildikdən sonra AMEA məhkəməyə iddia ərizəsinə dəqiqləşmələr təqdim edərək, bildirmişdir ki, ünvan 10 ünvanında yerləşən AMEA-nın Aspirantlar yataqxanasında qeydiyyatda olan vətəndaş X10 yaşayış sahəsindən qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Yasamal rayon Polis idarəsinin üzərinə qoyulması barədə yekun məhkəmə qərarının çıxarılması zamanı xahiş edirlər nəzərə alınsın ki, AMEA-nın aspirantlar yataqxanası Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 93-cü maddəsinə əsasən vətəndaşların AMEA-da təhsil aldıqları müddət ərzində yaşamaları üçün nəzərdə tutulduğundan, vətəndaşlar AMEA-da təhsillərini başa vurduqdan sonra həmin yataqxanadan qeydiyyatdan çıxmalı və onlara yaşamaq üçün verilən yaşayış sahəsini AMEA-ya təhvil verməlidirlər.Hər hansı bir sənədlə, o cümlədən AMEA-nın aspirantlar yataqxanasına kim tərəfindən verilməsindən asılı olmayaraq, hər hansı bir orderin verilməsi qanunsuzdur. Heç bir müdriyyətin və ya həmkarlar ittifaqı komitəsinin belə bir order vermək səlahiyyətləri olmamışdır və yoxdur. Vətəndaş könüllü olaraq AMEA-nın yataqxanasından qeydiyyatdan çıxmadığına və Bakı şəhər Yasamal rayon Polis idarəsinin onu qeydiyyatdan çıxarmaqdan imtina etdiyinə görə qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçı tərəf məhkəməyə müraciət etmişdir ki, vətəndaşın qeydiyyatdan çıxarılma öhdəliyi Polis idarəsinin üzərinə qoyulması ilə bağlı Məhkəmənin yekun qərarı çıxarılsın. Eyni zamanda, bildirilir ki, vətəndaşın vaxtilə yataqxanaya hansı sənədlər əsasında və hansı formada qeydiyyata düşməsi hazırda yataqxanada yaşayıb-yaşamaması və ya digər halların onun qeydiyyatdan çıxarılmasına heç bir aidiyyəti yoxdur.Bu məsələ ilə bağlı, yəni qeydiyyatdan çıxarılması üçün əhəmiyyət kəsb edən yeganə hal vətəndaşın qanunun birbaşa tələblərinə əsasən, hazırda AMEA-da təhsil almaması faktıdır.Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsinin tələblərinə əsasən, AMEA-nın aspirantlar yataqxanası xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aid olmaqla, yalnız AMEA-da təhsil alan şəxslər üçün nəzərdə tutulmuşdur.Məcəllənin 91.3.-cü maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməzlər.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci maddəsinin tələblərinə əsasən, AMEA-nın aspirantlar yataqxanası təyinatına görə yalnız AMEA-da təhsil alan şəxslər üçün nəzərdə tutulmuş müvəqqəti yaşayış sahələridir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X14 apellyasiya şikayətinə etiraz etdiyini bildirmişdir. Əlavə olaraq apellyasiya baxışı zamanı üçüncü şəxs X14 verilən suallara cavabında bildirmişdir ki, o ailə üzvləri ilə birlikdə ünvan 11 ünvanında daimi olaraq yaşayır.İşi ilə bağlı həftə içi Gəncə şəhərinə gedib gəlir.Belə ki, o, xx.xx.2016-cı il tarixdən İddiaçı Gəncə Bölgəsində Ekologiya və X9 böyük elmi işçi vəzifəsində işləyir.Bayram günlərində isə Atası Gəncədə yaşadığı üçün oraya gedib gəlir.Həmişə və hal-hazırda da ailə üzvləri ilə birlikdə ünvan 11 ünvanında daimi olaraq yaşamışdır və yaşayır. ünvan 3 ünvanında yerləşən yataqxana binasının 73A nömrəli mənzilinə dair kommunal ödənişlər, o cümlədən işıqdan istifadəyə görə ödənişlər edir.
32. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.İddiaçının nümayəndəsi apellyasiya şikayətinə izahat xarakterli vəsatət (izah) göndərmişdir.
33. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
35. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.
36. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020- ci il tarixli Qərarında göstərilmişdir ki, “yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur”.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd edilən 24 sentyabr 2020-ci il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
39. 8 iyul 1982-ci il tarixli 979—X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin:
-106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. SSR İttifaqı qanunvericiliyinə uyğun olaraq yataqxanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və komsomol orqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Soveti, SSRİ nazirlikləri, dövlət komitələri və baş idarələri təsdiq edirlər. -107-ci maddəsinə görə yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Mədəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. -108-ci maddəsinə əsasən işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər -105-ci maddəsinə görə aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və İİ qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər; yalqız şəxslər və onlarla birlikdə yaşayan həddi-büluğa çatmamış uşaqlar
40. Azərbaycan SSR Nazirlər Sovetinin 29 avqust 1980-ci il tarixli 363 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yataqxanalar haqqında nümunəvi əsasnamə”nin:
-2-ci bəndinə görə yataqxanada fəhlələrə, qulluqçulara, tələblərə və şagirdlərə yaşayış sahsi yataqxananın tabe olduğu müəssisənin müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Yaşayış sahəsi verilməsi haqqında qərara əsasən müdriyyət yataqxanada yaşayış sahəsinin tutulmasına dair müəyyən edilmiş formada order verir. -16-cı bəndinə görə yataqxanalarda yaşayan şəxslər Azərbaycan SSR Mənzil Məcəlləsinin 108-ci maddəsində nəzərdə tutulan hallarda və qaydada yataqxanadan çıxarılmalıdırlar.
41. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.2.3-inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1-öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
42. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
43. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
45. Həmçinin, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
46. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, aşağıdakı səbəblərə əsasən apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir.
47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəyə maddi hüquq normaları düzgün tətbiq edilmiş, iddia tələbi əsaslı olaraq təmin edilmişdir.
48. Kollegiya qeyd edir ki, işin hallarından müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən yataqxana binası iddiaçı Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının balansındadır. İddiaçı sözügedən yataqxananın 73A nömrəli mənzilində qeydiyyatda olan X10 hazırda AMEA-da işləmədiyi, təhsil almadığı, sözügedən mənzildə faktiki yaşamadığını əsas gətirərək sonuncunun həmin ünvandan qeydiyyatdan çıxarılmasını inzibati məhkəmə icraatında mübahisələndirir.
49. Üçüncü şəxs X14 isə bildirir ki, o ailə üzvləri ilə birlikdə ünvan 11 ünvanında daimi olaraq yaşayır.İşi ilə bağlı həftə içi Gəncə şəhərinə gedib gəlir.Belə ki, o, xx.xx.2016-cı il tarixdən İddiaçı Gəncə Bölgəsində Ekologiya və X9 böyük elmi işçi vəzifəsində işləyir.Bayram günlərində isə Atası Gəncədə yaşadığı üçün oraya gedib gəlir.Həmişə və hal-hazırda da ailə üzvləri ilə birlikdə ünvan 11 ünvanında daimi olaraq yaşamışdır və yaşayır. ünvan 3 ünvanında yerləşən yataqxana binasının 73A nömrəli mənzilinə dair kommunal ödənişlər, o cümlədən işıqdan istifadəyə görə ödənişlər edir.
50. İşin hallarından o da müəyyən olunur ki, X14 İddiaçı ilə əmək münasibətlərini kəsməmişdir, Akademiyanın böyük elmi işçisi işləyir. hazırda Gəncə şəhrində yerləşən İddiaçı Gəncə Bölməsində əvəzçilik üzrə böyük elmi işçi işləyir.( xx.xx.2016-cı il tarixdən İddiaçı Gəncə Bölgəsində Ekologiya və X9 böyük elmi işçi vəzifəsində işləyir).Təqdim olunmuş qəbzlərdən görünür ki, X13 ünvan 3 ünvanında yerləşən yataqxana binasının 73A nömrəli mənzilinə dair kommunal ödənişlər, o cümlədən işıqdan istifadəyə görə ödənişlər etmişdir.(12-14-cü bəndlər)
51. Məhkəmə Kollegiyası qeyd edir ki, işin faktiki hallarına əsasən X14 xx.xx.2005-ci il tarixdə ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışdır.
52. Məhkəmə Kollegiyası vurğulayır ki, həm sözügedən mənzilin üçüncü şəxsin istifadəsinə verilərkən qüvvədə olmuş 8 iyul 1982-ci il tarixli 979—X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 108-ci maddəsinin tələbləri, (Həmin Məcəllənin 108-ci maddəsinə əsasən işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər.) həm də qüvvədə olan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbləri (Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarılır.) hazırkı iddianın inzibati mühakimə icraatında təmin olunmasını istisna edir.
53. Belə ki, tətbiq edilən hüquq normalarından göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir.
55. Qərarında həmçinin, göstərilmişdir ki, Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir.
56. Qərarda daha sonra qeyd edilmişdir ki, müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olubolmaması məsələsini araşdırmalıdır.
57. Qərarda eyni zamanda qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur”.
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd edilən 24 sentyabr 2020-ci il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. -“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
59. Beləliklə, Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:
1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir;
2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.
60. Beləliklə, hüquq münasibətlərini tənzimləyən dövr qanunvericiliyin tələblərindən görünür ki, yataqxanada mənzil sahəsi vətəndaşların istifadəsinə iş və ya təhsil dövründə, müvafiq müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı əsasında verilməklə eyni zamanda həmin mənzili tutmaq üçün müdiriyyət tərəfindən order təqdim edilir.
61. Məhkəmə vurğulayır ki, hazırkı iş üzrə üçüncü şəxsə müvafiq orderin verilməməsi, onun iradəsindən asılı olmayan hallardan irəli gəlməklə, orderin olmamasına əsaslanmaqla həmin yataqxanada istifadəsinə mənzil sahəsi verilmiş digər şəxslərlə ədalətli olmayan differensasiyanın aparılması eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının fərqləndirilməsinə gətirib çıxarır ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə ziddir.
62. Məhkəmə Kollegiyası vurğulayır ki, Əmək müqaviləsi əsasında işləmiş, eləcə də təhsil almış və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan qeydiyyatdan çıxarılmalıdırlar.Qanunvericilik eyni zamanda digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməyən şəxslərin dairəsini də müəyyən etmişdir.
63. İddiaçının istinad etdiyi hazırkı halda üçüncü şəxsin AMEA-nın əməkdaşı olmaması və mübahisəli yaşayış sahəsində yaşamaması iş materialları ilə təsdiqini tapmamışdır.
64. Bundan başqa qeyd edildiyi kimi, üçüncü şəxs işlədiyi və təhsil aldığı dövrdə sözügedən aspirantlar yataqxanasının mənzilinə köçmüş, həmin mənzilə pasport qeydiyyatına alınmışdır. Üçüncü şəxsin Mənzil Məcəlləsinin tələbləri əsasında istifadəsinə verilmiş mənzilə dair istifadə hüququnun hazırda mövcud olub-olmaması (xitam verilməsi və ya itirilmiş hesab edilməsi) məsələsi də inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməz. Çünki, bu hüquqlar əmlak hüquqi xarakterli olub, mülki hüquq münasibətlərindən meydana gəlməklə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmeti ola bilər.
65. İnzibati mühakimə icraatı qaydasında isə iddiaçının həmin şəxslər barəsində hüququna inzibati orqanın müdaxiləsinin qanuni olub-olmaması məsələləri araşdırıla bilər.
66. Qeyd olunan mövqedən çıxış edərək Məhkəmə Kollegiyası hesab edilir ki, hazırkı tələb inzibati orqan olan rayon polis idarəsinə qarşı yönəldiyindən, qeydiyyatdan çıxarılması tələb olunan şəxslərin mübahisəli mənzilə dair hər hansı əmlak hüququna, o cümlədən istifadə hüququna sahib olub-olmamasını müəyyənləşdirmək və bu əsasdan şəxsləri mənzilə əmlak hüququ olmayan şəxs kimi tanıyaraq onları iddiaçının tələbi əsasında qeydiyyatdan çıxarmaq cavabdeh inzibati orqanın hazırkı inzibati icraat çərçivəsində baxıb öz qiymətləndirməsi ilə həll edə biləcəyi məsələ deyildir.
67. Cavabdeh inzibati orqanın hərəkət və ya hərəkətsizliyinin qanuniliyini yoxlayan inzibati məhkəmə isə inzibati məhkəmə icraatında üçüncü şəxsin mənzil ilə bağlı istifadə hüququna dair və yaxud üçüncü şəxsin həmin mənzildən çıxarılma ilə bağlı qətnamə qəbul etməyə səlahiyyətli məhkəmə deyildir.
68. Məhkəmə Kollegiyası hazırkı iş üzrə iddiaçının balansında olan yataqxana mənzilinə dair üçüncü şəxsin Mənzil Məcəlləsinin tələbləri əsasında istifadə hüquqlarının mövcud olub-olmamasının, onun həmin yaşayış sahəsindən çıxarılmalı olub-olmamasının qiymətləndirilməli olduğunu, bu məsələlərin həll edilməsinin isə mülki məhkəmə icraatının predmeti olmaqla inzibati məhkəmə icraatında baxıla bilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehə qarşı yönəlmiş qeydiyyatdan çıxarma barədə hazırkı iddia tələbi təmin edilə bilməz.
69. Göstərilənlərə əsasən, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9181/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9181/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.