Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-821/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əlilliyin tarixinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7484/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AZ-İİ seriyalı 025533 saylı xx.xx.2007-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, Cavadzadə Məhəmməd Rəşad oğlu xx.xx.2007-ci il tarixdə doğulmuşdur (anası: İddiaçı; atası: Cavadzadə Rəşad Bəylər oğlu).
2. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış **********1 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 irəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq əməkdaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Musazadə Sabir Ceyhun oğlunun sağlamlıq imkanları məhdudluq vəziyyəti Bakı Baş Səhiyyə İdarəsinin U00005180QTZ nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması (səbəb: Xəstəliyin əlilliyə uyğun ağırlaşmaları ətraflı qeyd edilsin) məqsədi ilə səhiyyə müəssisəsinə geri qaytarılmışdır. Bununla əlaqədar, S.Musazadə dövlət tibb müəssisəsi tərəfindən ətraflı müayinə olunaraq müalicə aldıqdan sonra ona dair yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir.
3. K.Y.Fərəcova adına X1 X7 tərəfindən təqdim edilmiş epikrizə əsasən Cavadzadə Məhəmməd Rəşad oğlu (daxil olma tarixi: xx.xx.2022-ci il; çıxma tarixi: xx.xx.2022-ci il) “G54.8 Sinir köklərin və kələflərin zədəlonməsi Sol golun plexsopatiyasi Əsas xəstəliyin agirlaşmasi: G83.2 Sol qolun parezi” diaqnozu ilə qiymətləndirilmişdir.
4. Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Cavadzadə Məhəmməd Rəşad oğluna xx.xx.2023-cü il tarixdə üçüncü dərəcə əlillik təyin edilmişdir və “Sinir köklərinin və kələflərinin digər zədələnmələri, Sol qolun pleksopatiyası; Ağırlaşma G83.2 Yuxarı ətrafların monoplegiyası, Sol qolun parezi, Oynaqların kontrakturası, Oynaqların kontrakturası; Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Əzələlərin atrofıyası” diaqnozu ilə qiymətləndirilmişdir (əlillik və yan sağlamlıq imkanlarının məhdudluq müddəti: xx.xx.2024- cü il).
5. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-4/2-13987/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla Cavadzadə Məhəmməd Rəşad oğluna dair tibbisosial ekspertiza sənədlərinin surəti təqdim edilmişdir.
6. Cavadzadə Məhəmməd Rəşad oğluna dair əlillik alt sistemindən çıxarışdan görünür ki, ilkin xx.xx.2014-cü il tarixli müayinəyə əsasən “Doğuş travması nəticəsində y/ətrafın parezi.Hər iki böyrəyin anadangəlmə polikistozu” diaqnozu, iki il müddətinə doğuş travması nəticəsində y/ətrafın parezi kimiqiymətləndirilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2016-cı il qeyd edilmişdir. 28.03. 2016-cı il tarixdə təkrar qiymətləndirilmiş, Doğuş travması nəticəsində y/ətrafın parezi. Hər iki böyrəyin anadangəlmə polikistozu” diaqnozu qiymətləndirilmiş və 3 il müddətinə təkrar sağlamlıq imkanların məhdudluğu müəyyən edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2019-cu il tarixi qeyd edilmişdir. xx.xx.2019-cu il tarixdə “Sinir köklərinin və kələflərinin digər zədələnmələri, Sol tərəfli bazu kələfinin travmatik plesiti sol yuxan ətrafların vətər va sümük üstü refleksləri zəif altnır.dzələ gücü zəifdlr.Doğuş travması beyinə qan sızma ilə doğulub. Anadan olandan müayinə və müalicələr alır” diaqnozu ilə qiymətləndirilmiş və 3 il müddətinə təkrar sağlamlıq imkanların məhdudluğu müəyyən edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2022-ci il tarixi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixdə “Bazu kələfinin zədələnməsi,Yuxarı ətrafı qısaldan defektlər” diaqnozu müəyyən edilmiş, göndərişin natamam doldurulması səbəbi ilə imtina edilmişdir. xx.xx.2023-cü il tarixdə “Sinir köklərinin və kələflərinin digər zədələnmələri, Sol qolun pleksopatiyası; Ağırlaşma G83.2 Yuxarı ətrafların monoplegiyası, Sol qolun parezi. Oynaqların kontrakturası, Oynaqların kontrakturası; Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Əzələlərin atrofiyası” diaqnozu ilə qiymətləndirilmişdir. Cavadzadə Məhəmməd Rəşad oğlunun tibbi-sosial ekspertiza müayinəsinə dair xx.xx.2023-cü il tarixli əyani müayinə aktına əsasən qəyyumu İddiaçı müraciəti əsasında övladı Cavadzadə Məhəmməd Rəşad oğlunun (FİN- 7XZ24DP) əlillik vəziyyəti Səhiyyə müəssisəsinin N00061643KSF nömrəli göndərişi əsasında xx.xx.2023-ci il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması” barədə qərar verilmişdir. Ətraflı səbəb: “Köməkçi dıaqnostik müayinələr tam aparılmamışdır”. Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən edilmişdir kı, səhiyyə müəssisəsinin N00061643KSF nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Göndərişin natamam doldurulması” barədə qərar düzgün verilmişdir. Lakin xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı Cavadzadə Məhəmməd Rəşad oğlunun hazırkı vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Sinir köklərinin və kələflərinin digər zədələnmələri, Sol qolun pleksopatiyası Ağırlaşma G83.2 Yuxarı ətrafların monoplegiyası, Sol qolun parezi.Oynaqların kontrakturası, Oynaqların kontrakturası Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi, Əzələlərin atrofiyası) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyininə əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.5.1.1-ci bəndinə əsasən 40% 1 il müddətinə əlilliyin təyini qərarı verilmişdir.
7. Medika Hospital tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli baş beynin nativ kt müayinəsinə əsasən Cavadzadə Məhəmməd Rəşad oğlu “burun çəpərinin deviasiyası. sol orta konxada konxa bulloza” diaqnozu ilə qiymətləndirilmişdir.
8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-4/2-22703/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Cavadzadə Məhəmməd Rəşad oğluna dair dövlət tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin (Forma-088) surəti təqdim edilmişdir.
9. Tibbi-Sosial Ekspert Komissiyasının 7XZ24DP006 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavadzadə Məhəmməd Rəşad oğlunun əlilliyi təkrarən qiymətləndirilərək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarı “6.5.1.1. Sinir sistemi xəstəlikləri Serebral iflic və digər paralitik sindromlar => Serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) Ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 sm-lik əzələ hipotrofivası. vuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma...” olaraq qeyd edilmişdir.
10. Bakı Baş Səhiyyə İdarəsi tərəfindən Cavadzadə Məhəmməd Rəşad oğlu barədə təqdim edilmiş “Forma 88” arayışına əsasən (göndəriş №-si U00005180QTZ,xx.xx.2022) o, xx.xx.2022-ci il tarixdən Bakı Baş Səhiyyə İdarəsində qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.2007-ci il tarixdən müəyyən edilmişdir (xroniki; orta ağır). Xəstəliyin adı: “G54.0 Bazu kələfinin zədələnməsi”. Əsas diaqnoz – G54.0 Bazu kələfinin zədələnməsi. Ağırlaşma – M24.5 Oynaqların kontrakturası. Ağırlaşma – Q71 Yuxarı ətrafı qısaldan defektlər. Bakı Baş Səhiyyə İdarəsi tərəfindən Cavadzadə Məhəmməd Rəşad oğlu barədə təqdim edilmiş “Forma 88” arayışına əsasən (göndəriş №-si N00061643KSF,xx.xx.2022) o, xx.xx.2022-ci il tarixdən
11. Bakı Baş Səhiyyə İdarəsində qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.2007-ci il tarixdən müəyyən edilmişdir (xroniki; orta ağır). Xəstəliyin adı: “G54.8 Sinir köklərinin və kələflərinin digər zədələnmələri”. Əsas diaqnoz – G54.8 Sinir köklərinin və kələflərinin digər zədələnmələri, Sol qolun pleksopatiyası. Ağırlaşma – G83.2 Yuxarı ətrafların monoplegiyası. Sol qolun parezi. Ağırlaşma – M24.5 Oynaqların kontrakturası, Oynaqların kontrakturası. Ağırlaşma – M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Əzələlərin atrofiyası.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
12. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “uşağı Cavadzadə Məhəmməd Rəşad oğluna təyin edilmiş 3-cü dərəcəli əlilliyin təyinat tarixinin xx.xx.2023-cü il tarixdən deyil, xx.xx.2022-ci il tarixdən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, 6 il öncə 2007-ci il təvəllüdlü oğlu Cavadzadə Məhəmməd Rəşad oğluna təqaüdün təyin olunması üçün Komissiyada uşağa dedilər “gödəkcəni çıxart”, gördülər çıxarda bilmir, dedilər “kifayətdir”. 3 il öncə bu məsələni 8 saylı uşaq poliklinikası həll etmişdir. Lakin 6 ildən sonra 2022-ci ilin mart ayından təqaüdün bərpası üçün əziyyətli günlər yaşamışlar. X3 göndərilmişdir. Orada bildirilmişdir ki, oğlu stasionarda qalmalıdır, lakin yerlər dolu olduğundan onlara növbə 6 aydan sonra çatacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik şöbəsi ilə əlaqə saxladıqda isə bildirilmişdir ki, qolun parezi doğuş travması nəticəsində yarandığı üçün Nevroloji Xəstəxanaya deyil, Travmatologiya nstitutuna forma 88-i göndərmək lazımdır. Travmatologiya İnstitutundan alınan epikriz ilə onları mərkəzləşdirilmiş qəbul yeri olan 9 saylı uşaq poliklinikasına göndərmişlər. Onlar sənədləri DOST Xidmətinə göndərmişlər və demişlər ki, bir aydan sonra cavab gələcək. Bir aydan çox müddət keçsə də, cavab gəlməmişdir. Özü həmin quruma zəng etdikdən sonra deyilmişdir ki, onlara rədd cavabı gəlib, uşağı Tibbi-Sosial Ekspert Komissiyasına əyani baxışa aparılmalıdır. Daha sonra elektron ünvanına başqa bir şəxsə aid rədd cavabı göndərilmişdir. Komissiyada uşağı əyani müayinə etdikdən sonra deyilmişdir ki, onların göndərişi ilə X6 getmək lazımdır., bir gün ərzində arayış veriləcək və stasionarda qalmalı deyil. Xəstəxanada deyilmişdir ki, epikriz almaq üçün bir həftə burada yatmaq lazımdır. Şikayətlər nəticəsində bir həftədən sonra stasionarda yatmadan epikrizi alıb sənədləri Komissiyaya təqdim etmişdir. Uşağın videosunu çəkərək deyilmişdir ki, bir aydan sonra cavab alacaqlar. Bir aydan sonra cavab gəlmədiyinə görə, Komissiyanın «1923» qaynar xəttinə zəng etmiş və ona hər dəfəsində deyilmişdir ki, müraciətlərin sayı çox olduğundan gözləmək tövsiyə edilir. Məcbur qalaraq yenidən Komissiyaya getmişdir. Sənədləri qəbul edən uşaq həkimi demişdir ki, iyul ayında qanunvericilik dəyişdiyi üçün xəstəliyin kodu da dəyişib, poliklinika sənədləri yeni kodlarla sistemə salmalıdır. Komissiyanın əməkdaşlarına narazılığını bildirmişdir ki, əgər belə bir problem varsa, nəyə görə ona heç bir məlumat verilmədiyi bəs deyilmiş kimi, hər zəng etdiyində ona gözləmək tövsiyə edilmişdir. İki aydan çox vaxtı itirmək məcburiyyətində qalmışdır. Cavab olaraq bildirilmişdir ki, “narahat olmayın, onsuz da sizin uşağınıza əlillik düşür və ötürülmüş aylar üçün ödəniş ediləcəkdir”. Poliklinikada bildirilmişdir ki, uşağın 15 yaşı tamam olduğundan yeni şəxsiyyət vəsiqəsi almalıdır ki, məlumatlar sistemə düşə bilsin. ASAN Xidmətdə bildirilmişdir ki, vəsiqəni almaq üçün Hərbi Komissarlıqdan ağ bilet təqdim etmək lazımdır. Bu prosedurlardan sonra aydın olmuşdur ki, sənədlərin mərkəzləşdirilmiş qəbulu və sistemə vurulması səlahiyyəti 9 saylıdan 19 saylı poliklinikaya keçmişdir. Xətai rayon 19 saylı uşaq poliklinikasının baş həkimi bildirmişdir ki, “bu sənədlərlə uşağa əlillik düşmür, qolun parezinə görə baş müayinədən keçməlidir”. Lakin sənədlər Komissyada qəbul edilmişdir, o həll etmir, əlillik düşür və ya düşmür, ondan sadəcə yeni kodları sistemə vurmaq tələb edilmişdir. Komissiyada deyilmişdir ki, “qola görə baş MRT – sinə ehtiyac yoxdur”. Uşağı lazımsız müayinədən keçirməyə məcbur etmişlər. Sənədlər sistemə vurulandan bir ay sonra 19 saylı poliklinikadan bildirilmişdir ki, “yox cavabı gəlmişdir”. Bu səbəbdən yenidən Komissiyaya getməli olmuşdur. Komissiyanın uşaq həkimi bildirmişdir ki, “bizdə hamıya yox cavabı gəlir, bu bir növ yoxlama metodudur, narahat olmayın, müsbət cavab gələcək”, və bir daha vurğulanmışdır ki, ötən bütün müddət üçün əlillik təqaüdü ödəniləcəkdir. Bir aydan sonra müsbət cavab gəlmişdir. Lakin DOST Xidmətinin «142» qaynar xətti ilə əlaqə saxladıqda aydın olmuşdur ki, ötən 10 ayın təqaüdü verilməyəcək, çünki bərpa vaxtı 6 aydan çox çəkmişdir, bu barədə Prezidentin sərəncamı var, sonra isə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə istinad etmişlər (3.3.-1 .Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Hüquq şöbəsi ilə əlaqə saxladıqda isə deyilmişdir ki, rəsmi olaraq Nazirliyə ərizə yazsınlar və cavabın əsasında məhkəməyə müraciət edə bilər. Bildirilmişdir ki, “biz adi icraçıyıq, sizə kömək edə bilmirik”. Bundan daha əvvəl Nazirliyə müraciət etmişdir və heç bir cavab almamışdır. 10 ayın əlillik təqaüdünün ödənilməməsi məhkəməyə müraciət etmək üçün yetərli əsasdır. Təqaüdün təyin edilməsi müddətinin 6 aydan çox uzanması heç bir halda vətəndaşın marağında ola bilməz və vətəndaşın əlillik təqaüdünün kəsilməsi özü bir cinayət əməlidir.
14. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının oğlu Cavadzadə Məhəmməd Rəşad oğlunun əlillik vəziyyətinə Bakı 8 nömrəli Uşaq Poliklinikasının xx.xx.2019-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Sağlamlıq imkanları məhdud uşaqlar; X2: Vİ Sinif-Sinir sistemi xəstəlikləri => G50-G59 - Ayrı-ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi => G54 - Sinir köklərinin və kələflərinin zədələnmələri => G54.8 - Sinir köklərin...; Diaqnozun mətni: Sinir köklərinin və kələflərinin digər zədələnmələri, Sol tərəfli bazu kələfinin travmatik plesiti sol yuxarı ətrafların vətər və sümük üstü refleksləri zəif alınır.Əzələ gücü zəifdir.Doğuş travması beyinə qan sızma ilə doğulub.Anadan olandan müayinə və müalicələr alır.; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.2. davamlı, nəzərəçarpanhərəki pozuntular (ətrafların parezi, generalizə olunmuş hiperkinezlər, koordinasiya pozulmaları və s.) (G81-G83.9);." səbəbi ilə xx.xx.2019-cu il tarixdən üç il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Bazu kələfinin zədələnməsi,Yuxarı ətrafı qısaldan defektlər; Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin əlilliyə uyğun ağırlaşmaları ətraflı qeyd edilsin.” səbəbi ilə imtina verilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022- ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Sinir köklərinin və kələflərinin digər zədələnmələri, Sol qolun pleksopatiyası Ağırlaşma G83.2 Yuxarı ətrafların monoplegiyası, Sol qolun parezi.Oynaqların kontrakturası, Oynaqların kontrakturası Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi Əzələlər Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Köməkçi diaqnostik müayinələr tam aparılmamışdır.” səbəbi ilə imtina verilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: ümumi xəstəlik; Diaqnozun mətni: Sinir köklərinin və kələflərinin digər zədələnmələri, Sol qolun pleksopatiyası Ağırlaşma G83.2 Yuxarı ətrafların monoplegiyası, Sol qolun parezi.Oynaqların kontrakturası, Oynaqların kontrakturası Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Əzələlərin atrofiyası;” səbəbi ilə xx.xx.2023-cü il tarixindən bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-cril 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7484/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, xx.xx.2007-ci il təvəllüdlü Cavadzadə Məhəmməd Rəşad oğluna xx.xx.2023-cü il tarixdən təyin edilmiş 40% sağlamlıq imkanları məhdudluğunun (üçüncü dərəcəli əlillik) xx.xx.2022-ci il tarixdən qeyd edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
16. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən təyin edilmiş sağlamlıq imkanlarının məhdudluğun təkrar olması qeyd edilsə də, başlanğıc tarixin xx.xx.2022-ci il tarixi deyil, xx.xx.2023-cü il tarixdən qeyd edilməsi ilə iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur.
17. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na və “İnzibati icraat haqqında” Qanununa istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
18. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7484/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti iddia ərizəsinə yazılı etirazın dəlilləri ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, cavadzadə Məhəmməd Rəşad oğlunun əlilliyi Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında təkrar qiymətləndirilmiş və ona müddətsiz 1 il müddətinə əlillik təyin edilmişdir, lakin iddiaçı isə tələbində əlillik dərəcəsinin xx.xx.2022-ci il tarixdən hesablanmasını xahiş etmişdir. Belə olan halda iddiaçının tələbi qanunsuz və əsassızdır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilli olan şəxs hesab edilir. Odur ki, Cavadzadə Məhəmməd Rəşad oğlunun əlillik müddəti 14 mart 2022-ci il tarixdə bitmiş və ona təkrar əlillik xx.xx.2023-cü il tarixdən, yəni təxminən 14 ay sonra təyin edilmişdir.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır .
e) Prosses iştirakçılarının izahatları
21. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
22. Cavabdehin nümayəndəsi məhkəmə Kollegiyasının iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
24. “İnzibati icraat haqqında” Qanununun: - 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
29. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti aşağıdakılara görə əsaslıdır və təmin olunmalıdır.
30. Belə ki, məhkəmə Kollegiyası qeyd edir ki, işin mübahisələndirilməyən hallarına əsasən iddiaçının oğlu Cavadzadə Məhəmməd Rəşad oğlunun əlillik vəziyyətinə Bakı 8 nömrəli Uşaq Poliklinikasının xx.xx.2019-cü il tarixli göndərişi əsasında baxılmış və xx.xx.2019-cu il tarixdən üç il müddətinə əlillik dərəcəsi verilmişdir.
31. Daha sonra iddiaçının oğlu Cavadzadə Məhəmməd Rəşad oğlunun əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Bazu kələfinin zədələnməsi,Yuxarı ətrafı qısaldan defektlər; Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin əlilliyə uyğun ağırlaşmaları ətraflı qeyd edilsin.” səbəbi ilə imtina verilmişdir.
32. Həmçinin, iddiaçının oğlu Cavadzadə Məhəmməd Rəşad oğlunun əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022- ci il tarixli göndərişi əsasında baxılmış və göndərişin natamam doldurulması - Səbəb: Köməkçi diaqnostik müayinələr tam aparılmamışdır.” səbəbi ilə imtina verilmişdir. “
33. Daha sonra iddiaçının oğlu Cavadzadə Məhəmməd Rəşad oğlunun əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: ümumi xəstəlik; Diaqnozun mətni: Sinir köklərinin və kələflərinin digər zədələnmələri, Sol qolun pleksopatiyası Ağırlaşma G83.2 Yuxarı ətrafların monoplegiyası, Sol qolun parezi.Oynaqların kontrakturası, Oynaqların kontrakturası Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Əzələlərin atrofiyası;” səbəbi ilə xx.xx.2023-cü il tarixindən bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
34. İddiaçı hazırkı tələbində oğlunun xx.xx.2023-cü il tarixdən təyin edilmiş 40% sağlamlıq imkanları məhdudluğunun (üçüncü dərəcəli əlillik) xx.xx.2022-ci il tarixdən müəyyən edilməsi tələbini irəli sürmüşdür.
35. Cavabdeh isə iddiaya etiraz edərək əliliyin komissiya tərəfindəın tibb müəssisəsinin göndərişi əsasında müəyyən edildiyini, əlilliyə əsas verən göndərişin isə xx.xx.2022-ci il tarixdə daxil olduğunu göstərərək iddia tələbinin əsassız olduğunu bildirir.
36. İş materiallarında olan sənədlərdən də göründüyü kimi, iddiaçının oğlu Cavadzadə Məhəmməd Rəşad oğlunun sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2022-ci tarixli göndəriş əsasında xx.xx.2023-cü il tarixdə müəyyən edilsə də, iddiaçı oğlunun müayinəsi ilə bağlı tibb müəssisəsinə daha əvvəl müraciət etmiş, lakin əvvəlki göndərişlərin natamam doldurulması əsası ilə imtina verilmişdir.
37. Həmin imtinalar iddiaçı tərəfindən mübahisələndirilməyib.
38. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin tələbinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
39. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının oğlu Cavadzadə Məhəmməd Rəşad oğlunun əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixli göndəriş, xx.xx.2022- ci il tarixli göndəriş əsasında baxılmış və imtina edilmiş, Cavadzadə Məhəmməd Rəşad oğlu sağlamlıq imkanları məhdud uşaq hesab edilməmiş, həmin imtina iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada və müddətdə mübahisələndirilməmiş, həmin inzibati aktların məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmışdır (İPM-in 38.2-ci maddəsi).
40. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.
41. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına»və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
42. Beləliklə, uşağın sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə qərarın qəbul edilməsindən imtina barədə cavabdehin inzibati aktları qüvvədə olduğu halda, iddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsi yuxarıda istinad edilən normaların tələblərinə zidd olmuşdur. 43.Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır.Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün səlahiyyəti ilə əvəz edə bilməz.
44. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər.Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.
45. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir.Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2- ci maddəsi).
46. Məhkəmə Kollegiyası hesab edir ki, göstərilən maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7484/2023 saylı, xx.xx.2023-cü qərarı qanunsuz və əsassızdır.
47. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur.Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7484/2023 saylı, xx.xx.2023-cü qərarı ləğv edilməlidir.
48. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7484/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7484/2023 saylı, xx.xx.2023-cü il qərarı ləğv olunsun. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.