Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-821/2025 09.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayonu İcra şöbəsinə qarşı “qətnamənin icra edilməsi tələbinə dair» iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11924/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayonu İcra şöbəsinə qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4093-2014 saylı 10 iyun 2014-cü il tarixli qətnaməsinin tam şəkildə icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “... Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)-4093-2014 saylı mülki iş üzrə 10 iyun 2014-cü il tarixdə qətnamə qəbul edilmişdir. Həmin qətnamə aliment öhdəliyinin icra edilməsi hissəsində Bakı şəhəri Nəsimi rayonu İcra şöbəsinə göndərilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, 30 sentyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün X1 hər ay aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və hər ay 30 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qeyd edilən qətnamə icra edilməsi üçün Bakı şəhəri Nəsimi rayonu İcra şöbəsinə göndərilsə də, tam şəkildə icra edilməmişdir. İddiaçı hal-hazırda azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bu səbəbdən də azyaşlı uşağın normal şəraitdə saxlanılması üçün aliment öhdəliyinin tam şəkildə icra edilməsi zərurəti yaranmışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11924/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilməsini və mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Nəsimi rayon İcra şöbəsi tərəfindən qətnamə tam icra olunmamışdır. O, hal-hazırda azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, azyaşlı övladının normal şəkildə saxlanılmas üçün aliment öhdəliyinin tam şəkildə icra zərurəti yaranmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə isə iddia mümkün sayılmamışdır. Məhkəmə öz qərardadında hesab etmişdir ki, müvafiq tələblə bağlı aidiyyəti üzrə işə mahiyyəti üzrə baxan məhkəməyə müraciət etməlidir. Məhkəmə tərəfindən onun məhkəmə müdafisi hüququndan istifadə etmək hüquqlarını pozmuşdur. Bütün orqanlara şikayət etmi, lakin heç bir nəticə olmadığı üçün məcburiyyətində qalmışdır.Hesab edir ki, göstərilənlər nəzərə alınaraq onun məhkəmə müdafiəsi hüququndan istifadə imkanları bərpa olunmalıdır...” Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşıdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında baxılan iddia –subyektiv hüququ olan şəxs tərəfindən qanunla üzərinə müvafiq öhdəlik düşən inzibati orqana qarşı qaldırılmalı və inzibati icraat qaydalarına müvafiq iddia növünə uyğun olmaqla, iddiaçı tərəfindən hüquq və azadlıqların pozulması (sübutlar da əlavə olunmaqla) əsaslandırmalıdır ki, inzibati məhkəmə icraatı mümkün sayılsın.. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlük şərtləri öz təsdiqini tapmır. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilir ki, mülki icraat qaydasında baxılıb qanuni qüvvəsini almış - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4093-2014 saylı mülki iş üzrə 10 iyun 2014-cü il tarixli qətnaməsinə əsasən həmin məhkəmə tərəfindən verilmiş icra sənədi icra edilməsi üçün Bakı şəhəri Nəsimi ayon İcra Şöbəsinə göndərilmiş, lakin icra sənədi tam icra olunmamışdır. İPM-in 1.1-ci maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası, mübahisələndirilən həmin məsələ ilə əlaqədar öncə onu qeyd edir ki, inzibati icraat qaydasında qaldırılan iddianın ilkin mümkünlük şərti, tərəflər arasındakı mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasidır. Konkret halda isə iddia olunan məsələnin inzibati hüquq münasibətlərindən irəli gəldiyi müəyyən olunmur. Belə ki, işin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçı, məhkəmənin icra sənədinin icrası ilə bağlı barəsində şikayət etdiyi icra orqanı - Nəsimi İcra şöbəsinin hərəkət və hərəkətsizliyi ilə bağlı məsələ ilə bağlı həmin işə mülki icraat çərçivəsində mayhiyyti üzrə baxıb qətnamə qəbul etmiş və icra sənədini vermiş məhkəməyə müraciət etməli olduğu halda, ayrılıqda inzibati məhkəmə icraatı qydasında həmin icra qürumuna qarşı iddia qaldırmışdır. Halbuki, «İcra haqqında» Qanunun 26-cı maddəsinin tələbinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Qeyd edilməlidir ki, «Homsbi» Yunanıstana qarşı» işdə (19 mart 1997 40-cı bənd) Avropa Məhkəməsi də məhz, qərarında qeyd etmişdir ki, «İnsan hüquqları haqqında» Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması huququ, dinləmədən sonrakı prosedurları, məsələn, məhkəmə qərarının icrası prosedurunu da əhatə edir.» Göründüyü kimi, həm daxili, həm də beynəlxalq qanunvericiliyə görə icra sənədinin icra edilməsinə nəzarət icra sənədini icra edən icra qurumunun rəhbəri və həmin icra sənədini verən məhkəmənin özü tərəfindən həyata keçirilməlidir. Başqa sözlə, «icra sənədi üzrə icraatın iştirakçıları (tələbkar və borclu) icra məmurunun qanunsuz hərəkətlərindən irəli gələn məsələlər icra sənədini vermiş məhkəmədə mübahisələndirilə bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, icra sənədinin icrası zamanı icra məmurunun həyata keçirdiyi icra hərəkətləri və ya hərəkətsizliyi inzibati hüquq sahəsinə aid olan publik xarakterli məsələlərin tənzimlənməsinə yönəlmir. Belə ki, mülki icraat qaydasında baxılan iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarının icrası, məhz, həmin icraat çərçivəsində həll edilir və icra prosesi tərəflərin məhkəmə müdafiəsi hüquqlarının tərkib hissəsini təşkil etməklə, həmin işin davamı kimi qəbul edilir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını işin hallarına və prosessual hüquq normalarının tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan da, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu, onun məhkəmə müdafiəsi hüququnun pozduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-11924/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11924/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-821/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-821/2025
09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver