Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-822/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1964-cü il tarixdə Cəbrayıl rayonunun Maralyan kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qarşı “ərizələrə cavab verilməməsinin qanunsuz hesab edilməsi, nəqliyyat vasitəsinin saxlanılaraq qaytarılmasının təmin edilməsi, dəymiş maddi ziyanın ödənilməsi ” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(112)-6044/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 25.08.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 09.06.2020-ci il və 17.07.2020-ci il tarixli ərizələrin cavablandırılmamasında ifadə olunmuş cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, onun adına olan “Qaz2410” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılaraq ona qaytarılmasının təmin edilməsi, 19.11.2017-ci il və 26.11.2018-ci il tarixli müraciətlərinə cavabdeh tərəfindən mahiyyəti üzrə baxılmaması nəticəsində (inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv olunmamasına görə) ona dəymiş 90 manat məbləğində maddi ziyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, iddiaçı ona məxsus olan “QAZ2410” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 26.11.2005-ci il tarixdə baş etibarnamə ilə (həmin etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə biləcəyi şərti ilə) Qubadlı rayonu, Mahrızlı kəndində yaşayan (qeydiyyatda olan) X1 3 il müddətinə vermişdir. Etibarnamənin müddəti 26.11.2008-ci il tarixdə bitdiyinə baxmayaraq həmin avtomobil ona qaytarılmamış və tərəfindən təkrar etibarnamə verilməmişdir. Etibarnamənin müddəti bitdiyi tarixdən 26.11.2008-ci ildən sonra nəqliyyat vasitəsinin kimin istifadəsində olması, kimlərə satılması və ya hazırda kiminsə istifadəsində olması barədə onda heç bir məlumat yoxdur. Həmin etibarnamə Abşeron rayonu 1-ci Dövlət notariat kontoru tərəfindən 26.11.2005-ci il tarixində verilmişdir. Maşını satdığı şəxs bildiyinə görə məcburi köçkün kimi Sumqayıt şəhərində yaşayır və həmin avtomobildə səyyar meyvə-tərəvəz satışı ilə məşğuldur. 16.11.2017-ci il tarixdə ona poçt vasitəsi ilə 07.11.2017-ci il tarixli MMX ******* №-li “İnzibati xəta haqqında elektron protokol”, 21.11.2018-ci il tarixdə isə 01.11.2018-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” 133617 №-li elektron qərar göndərilmişdir. Bu protokollarla əlaqədar o, 19.11.2017-ci il tarixdə və 26.11.2018-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Polis İdarəsinə və X3 Şöbəsinə ərizə ilə müraciət edərək, barəsində elektron protokollar tərtib edilmiş nəqliyyat vasitəsinin onun tərəfindən baş etibarnamə ilə digər şəxsə verdiyi (satdığı) bildirmiş və həmin protokolların ləğv edilməsini xahiş etmişdir. 19.11.2017-ci il tarixli müraciətinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Polis İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovniki Elşən Kazımov tərəfindən verilən 09.12.2017-ci il tarixli, 016-137034Q-3217 №- li məktubda müraciətinin baxılması üçün Binəqədi Rayon Polis İdarəsinə göndərildiyi göstərilir. 26.11.2018-ci il tarixli müraciətinə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Polis idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovniki Elşən Kazımov tərəfindən verilən 25.12.2018-ci il tarixli, 016128156Q-3218 №-li məktubda isə bildirilir ki, müraciətinə baxılmış və barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarlar üzrə icraatın dayandırılması, eləcə də həmin nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərarlar qəbul olunmuşdur. Cavab məktubunda daha sonra göstərilir ki, həmin nəqliyyat vasitəsi saxlanılmaqla qaldırdığı məsələnin müsbət həlli istiqamətində müvafiq tədbirlər görüləcək və nəticəsi barədə ona əlavə məlumat veriləcəkdir. Lakin bu müraciətlərinə baxılmasının nəticələri barədə ona nə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Polis idarəsi, nə də ki, Binəqədi Rayon Polis İdarəsi tərəfindən heç bir məlumat verilməmişdir. Lakin həmin elektron qərarların icraatı dayandırılmamış və o, 02.06.2020-ci il tarixdə 1 saylı ASAN xidmət mərkəzində müddəti bitmiş sürücülük vəsiqəsini dəyişərkən bu günə qədər onun adında olan “QAZ- 2410” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən 2017 və 2018-ci illərdə törədilmiş inzibati xətalara görə 90 manat cəriməni ödəməli olmuşdur. Nəticədə Baş X4 İdarəsinin müvafiq şəxslərinin qanunsuz hərəkətsizliyi nəticəsində ona 90 manat maddi ziyan dəymişdir. 19.11.2017-ci il tarixli və 26.11.2018-ci il tarixli müraciətlərinin mahiyyəti üzrə baxılıb cavablandırılmamasında günahkar şəxslərin məsuliyyətə cəlb olunması, onun adında olan “QAZ-2410” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılaraq ona qaytarılmasının təmin edilməsi, 19.11.2017-ci il tarixli və 26.11.2018-ci il tarixli müraciətlərinin baxılmaması nəticəsində (inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv olunmamasına görə) ona dəymiş 90 manat məbləğində maddi ziyanın (ödədiyi cərimələrin) Baş X4 İdarəsi tərəfindən ona ödənilməsi xahişi ilə o, 09.06.2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Müraciəti cavabsız və nəticəsiz qalmışdır. 17.07.2020-ci il tarixdə yenidən cavabdehə ərizə ilə müraciət edərək 09.06.2020-ci il tarixli ərizəsinin cavablandırılmasını xahiş etmişdir. Lakin bu müraciəti də cavabsız və nəticəsiz qalmışdır. Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(112)-6044/2020 nömrəli qərardadı ilə (hakim F.Mədətli) iddia iddiaçının adına olan “Qaz-2410” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılaraq ona qaytarılmasının təmin edilməsi, 19.11.2017-ci il və 26.11.2018-ci il tarixli müraciətlərinə cavabdeh tərəfindən mahiyyəti üzrə baxılmaması nəticəsində (inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv olunmamasına görə) ona dəymiş 90 manat məbləğində maddi ziyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(112)-6044/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin İddiaçı 09.06.2020-ci il və 17.07.2020-ci il tarixli ərizələrinin cavablandırılmamasında ifadə olunmuş hərəkətsizliyi qanunsuz hesab edilmiş, İddiaçı 09.06.2020-ci il və 17.07.2020-ci il tarixli ərizələrinin cavablandırılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə həvalə edilmişdir. Qərardan apellyasiya şikayəti verilməmişdir. Qərardaddan narazı qalan iddiaçı 07.01.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, iddianın mümkünsüz sayılması barədə Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(112)-6044/2020 nömrəli qərardadının ləğv olunmasını və işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayətində şikayət verilən aktın “qərar” qeyd edilməsi məhkəmə kollegiyası tərəfindən texniki yazı xətası kimi qiymətləndirilir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı izahat verərək, apellyasiya şikayətini müdafiə etdiyini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddianı qismən mümkün saymayaraq hesab etmişdir ki, “hazırkı iddia tələbi mahiyyəti üzrə inzibati xəta barədə qərarlarının ləğv edilməsindən ibarət olduğundan inzibati icraat qaydasında baxıla bilməz.” Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının iddia tələbinin “iddiaçının adına olan “Qaz-2410” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılaraq ona qaytarılmasının təmin edilməsi, 19.11.2017-ci il və 26.11.2018-ci il tarixli müraciətlərinə cavabdeh tərəfindən mahiyyəti üzrə baxılmaması nəticəsində (inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv olunmamasına görə) ona dəymiş 90 manat məbləğində maddi ziyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsi” qeyd edilən hüquq normalarının məzmununa əsasən inzibati xətalara dair işlərə aid olduğundan və inzibati icraatın predmetinə daxil olmadığından birinci instansiya məhkəməsinin iddia tələbinin bu hissədə mümkün sayılmaması barədə gəldiyi nəticə düzgündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(112)-6044/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-822/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-822/2021
11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver