Məhkəmə qərarları › İş №2-1(103)-822/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-822/2022

11.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-822/2022 11.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyriyaşayış binasının üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6691/2021 saylı iş üzrə qəbul etdiyi 22 sentyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən ümumi sahəsi 10.5 kv.m olan qeyri-yaşayış sahəsinin layihəyə əsasən dövlət reyestrində qeydiyyatına alınaraq, reyestrdən İddiaçı adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6691/2021 saylı, 22.09.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən ümumi sahəsi 10.5 kv.m olan qeyri-yaşayış sahəsinin layihəyə əsasən dövlət reyestrində qeydiyyatına alınaraq, reyestrdən İddiaçı adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər (torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı) təqdim edilməmişdir. Həmçinin, qeyri-yaşayış binasına baxış keçirilməsi və texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Məhkəmə qərarının çıxarılmasından sonra daşınmaz əmlaka baxış keçirilməsi üçün şərait yaradılmış və məlum olmuşdur ki, daşınmaz əmlak yol kənarında, yaşıllıq sahəsində yerləşir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarında olan, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1946-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təssərrüfat Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 115 saylı mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 13.03.2017-ci il tarixli 96 saylı arayışda qeyd edilmişdir ki, “verilir vətəndaş İddiaçı ona görə ki, həqiqətən Aşıq Alı küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsi 2000-ci il tarixdən hal-hazıradək istifadəsindədir.” İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsinin onun adına qeydiyyata alınması tələbilə inzibati orqana müraciət etsə də, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 16.04.2021-ci il tarixli, **********18 nömrəli məktubda bildirilmişdir ki, qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin qeyri-yaşayış binasına baxış keçirilməsi və texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə uyğun tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə və istismara icazə sənədləri təqdim edilməlidir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməsinin 3.0.24-cü bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bundan sonra İddiaçı cavabdeh inzibati orqana qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, onun istifadəsində olan qeyri-yaşayış sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; Apelyasiya şikayətindən göründüyü kimi, cavabdeh orqan iddiaçının qeyri-yaşayış sahəsinə hüquqlarının qeydiyyata alınması üçün zəruri hüquqmüəyyənedici sənədləri təqdim etmədiyini bildirmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; - 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.11-ci bəndinə əsasən Azərbaycan Respublikasının qanunlarının və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, daşınmaz dövlət əmlakını, o cümlədən dövlətə məxsus olan hüquqi şəxslərə məxsus daşınmaz əmlakı icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyə vermək və bu sahədə nəzarəti həyata keçirmək Xidmətin vəzifəsidir. İş materiallarına əlavə edilmiş, “İcarəyə verən” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə “İcarəçi” İddiaçı arasında bağlanmış “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə 774 nömrəli 06.09.2021-ci il tarixli müqavilənin 1-ci maddəsinə əsasən icarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı və Həsənoğlu küçələrinin kəsişməsi ünvanındakı qeyri-yaşayış sahəsinin yerləşdiyi 11.8 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Müqavilənin 3.1-ci maddəsinə əsasən bu müqavilə üzrə icarə haqqı aşağıdakı qaydada hesablanır: torpaq sahəsinin illik icarə haqqı 495.0 manat, aylıq icarə haqqı 41.25 manat. Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 17.03.2017-ci il tarixli, 125 saylı “qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə vətəndaş İddiaçı adına sənədləşdirilməsi haqqında” sərəncamından görünür ki, Bakı şəhəri, C.Qurbanov küçəsi 2/2 №li evdə qeydiyyatda olan vətəndaş İddiaçı ərizə ilə Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edərək, Aşıq Alı ilə Həsənoğlu küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun, mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən (2 saylı XTMKTB-nin 13.03.2017-ci il tarixli, 96 №li arayışı və tərtib etdiyi plan-sxem) müəyyən edilmişdir ki, Aşıq Alı ilə Həsənoğlu küçələrinin kəsişməsində yerləşən qeyriyaşayış sahəsindən uzun müddətdir ki, vətəndaş İddiaçı istifadə edir. Göstərilənlərə əsasən Aşıq Alı ilə Həsənoğlu küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun, mövcud vəziyyətdə vətəndaş İddiaçı adına sənədləşdirilməsinə icazə verilməsi, vətəndaş İddiaçı qeyri-yaşayış sahəsinin ətraf ərazisinin sanitariya vəziyyətinə nəzarətinin təmin edilməsinin tapşırılması, sözügedən mövcud qeyri-yaşayış sahəsinin müvafiq qaydada sənədləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilməsinin vətəndaş İddiaçı tövsiyə olunması qərara alınmışdır. İşdən müəyyən olunur ki, saatların və zərgərlik məmulatlarının təmiri üzrə qeyriyaşayış sahəsinin layihəsi (sxem) Bakı şəhər 115 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi A.Cəfərovun imzası və möhür ilə təsdiq edilmiş, həmin layihə (sxem) Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin memarı İ.A.İsrafilovun imzası və İcra Hakimiyyətinin möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 30 dekabr 1999cu il tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları”nın (Dövlət Tikinti norması (AzDTN 1.6-1)) 6.1-ci bəndinə görə tikintinin son mərhələsi obyektin istismara qəbul edilməsidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Məcəllənin 101.2-ci maddəsinə görə tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. (01.02.2018-ci il tarixə qədər müvafiq icra hakimiyyəti orqanı tərəfindən) İş materiallarından görünür ki, Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 20.03.2017-ci il tarixli, 14 nömrəli Tikinti obyektinin istismarına icazəyə əsasən Aşıq Alı və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən obyektin ümumi sahəsi 10.5 kv.m, ümumi torpaq sahəsi 14.3 kv.m, mərtəbələrinin sayı 1, ümumi tikinti həcmi 43.2 kv.m olan qeyriyaşayış sahəsi İddiaçı tikinti obyektinin istismarına icazə verilmişdir. İşin sadalanan hallarından da göründüyü kimi, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdiyi qeyri-yaşayış sahəsinə dair müvafiq icarə müqaviləsi, qeyri-yaşayış sahəsinin iddiaçının adına sənədləşdirilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının sərəncamı, obyektin lazımi qaydada təsdiq edilmiş layihəsi və istismara icazə aktı mövcuddur. Cavabdeh apelyasiya şikayətində iddiaçının təqdim etməsi zəruri olan sənədlərə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəni də aid etmiş və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə istinad edərək bildirmişdir ki, Əsasanamənin 4.11.11.5 və 4.11.12-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də, əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Buna münasibətdə kolegiya bildirir ki, qeyd edilən normalarda tikiləcək və yaxud tikilməsi nəzərdə tutulan qeyriyaşayış binalarının məsuliyyət səviyyəsindən asılı olaraq tikintisinə icazə verilməsi səlahiyyətinin şəhər icra hakimiyyəti başçılarına və ya şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid olması qeyd edilir. Lakin, hazırki işdən görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi 2000-ci ildən iddiaçının istifadəsindədir. Kollegiya qeyd edir ki, məhz qeyri-yaşayış sahəsi uzun müddətdir ki, İddiaçı istifadəsində olduğundan icra hakimiyyəti tərəfindən qeyri-yaşayış sahəsinin tikintisinə icazə sənədi deyil, iddiaçının adına sənədləşdirilməsinə icazə verilmişdir. Cavabdeh apelyasiya şikayətində həmçinin, qeyri-yaşayış binasına baxış keçirilməsi və texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığını, sonradan baxış keçirərkən obyektin yolkənarı, yaşıllıq ərazidə yerləşdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi cavabdehin qeyd edilən imtina əsasına qiymət verərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə istinad edərək orqanın mövqeyini formal imtina kimi qiymətləndirmiş və qeyd etmişdir ki, “... qeyd edilən normada cavabdehin istinad etdiyi qeyri-yaşayış binasına baxış keçirilməsi və texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmaması hüquqların dövlət qeydiyyatına almaqdan imtina əsası kimi göstərilməmişdir.” Məhkəmənin mövqeyilə razılaşan kollegiya həmçinin bidlirir ki, cavabdehin mübahisəli obyektin yolkənarı, yaşıllıq ərazidə yerləşməsinə dair mövqeyi mülahizə xarakterli olmaqla, bununla bağlı hər hansı dəlil şikayətə əlavə edilməmiş, məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə kollegiyası əlavə edir ki, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının 17.03.2017-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı və Həsənoğlu küçələrinin kəsişməsi ünvanındakı qeyri-yaşayış sahəsinin müvafiq layihəyə uyğun iddiaçının adına sənədləşdirilməsinə icazə verilməsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 06.09.2021-ci il tarixdə iddiaçı ilə mübahisəli qeyri-yaşayış sahəsinə dair icar müqaviləsi bağlaması, cavabdehin mübahisəli qeyri-yaşayış sahəsinin yaşıllıq ərazidə yerləşməsi ilə bağlı dəlilinin əsassız olmasına dəlalət edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Göründüyü kimi, apelyasiya şikayətinin qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul edilə bilməz. Yuxarıda sadalananlara əsasən, kollegiya qeyd edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6691/2021 saylı iş üzrə qəbul etdiyi 22 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Azər Hüseynov Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar