Məhkəmə qərarları › İş №2-1(103)-822/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-822/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-822/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “inzibati orqanın xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4764/2022 saylı 31 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. 30 iyun 2016-cı il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsi tərəfindən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ona pensiya təyin olunarkən təhsil müddətinin nəzərə alınmadığına istinad edərək həmin dövrün də nəzərə alınmaqla pensiyasının yenidən hesablablanması barədə cavabdeh inzbati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış “Artıq ödənilmiş pensiya məbləği haqqında” xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunda ali təhsil müddətinin hazırda qüvvədə olan qanunvericiliklə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajının hesablanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilməsi nəzərdə tutulmamışdır. Buna baxmayaraq DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ünvanladığı 6 yanvar 2021-ci il tarixli ərizəsinə əsasən texniki səhv səbəbindən xx.xx.2006-cı il tarixinədək təhsil illəri nəzərə alınmaqla pensiya məbləği yenidən hesablanaraq 431,44 manatdan 467,85 manata (xx.xx.2021-ci il tarixinə indeksləşdirilərək 521,18 manat) artırılmış, həmçinin keçmiş üç il müddət üçün 1229,58 manat fərq məbləği müəyyən edilmişdir. Qeyd olunan fərq məbləği xx.xx.2021- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində pensiyanın üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də iddiaçıya xx.xx.2021xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 1302,38 manat artıq pul vəsaiti ödənilib. Bu səbəbdən də əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada təhsil müddəti nəzərə alınmadan tərəflərindən yenidən hesablanaraq 521,18 manatdan 502,98 manata azaldılmışdır. Qeyd edilənləri nəzərə alaraq, iddiaçıya xx.xx.2016-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində əskik ödənilmiş pensiya məbləği (661,68 manat) xx.xx.2021- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində artıq ödənilmiş vəsaitdən (1302,38 manat) çıxarılaraq, iddiaçıya artıq ödənilmiş 640,70 manat pul vəsaitinin olduğu müəyyən edilmişdir. Həmin pul vəsaitinin büdcəyə qaytarılması ilə əlaqədar əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir. Əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun qaydada xx.xx.2021-ci il tarixindən etibarən 502,98 manat məbləğində olmaqla iddiaçıya ödənilir. Həmçinin DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında’’ Qanunun 7-ci maddəsinə əsasən ona xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2021-ci il tarixində cavablandırılmış müraciətinə əlavə olaraq bir daha bildirilmişdir ki, xx.xx.2021-ci il tarixli müraciətinə əsasən əyani təhsil müddəti nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 23 il 8 ay sığorta stajına və 2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 36183.0 manat pensiya kapitalına əsasən iddiaçıya yenidən yaşa görə əmək pensiyası hesablanmışdır. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən əmək pensiyası indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 521.18 manata çatdırılmışdır. Qanunun 32.1- 1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən ötən dövr üzrə yaranmış fərq məbləği cari pensiyasına əlavə edilməklə növbəti aylarda iddiaçıya ödəniləcəkdir. Cavabdehin qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “1983-1989-cu illərdə əyani təhsil aldığı müddətin sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanması, xx.xx.2021ci il tarixdən əvvəlki 3 il - xx.xx.2018-ci il tarixədək ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək SSRİ silahlı qüvvələrində müddətli hərbi xidmətdə olmuş, xx.xx.1983-cü il tarixindən xx.xx.1989-cu il tarixinədək Ukrayna SSR, Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutunda 5 il 6 ay əyani bölmədə ali təhsil almış, xx.xx.1989-cu il tarixindən hal-hazıradək Azərbaycan Hava Yolları Mülki Aviasiya İdarəsinin Bakı və Naxçıvan şəhər aeroportlarında, “X9” MMC və "xxxx" MMC-də stajçı, mühəndis, təyyarələrə texniki xidmət sahəsinin rəisi, növbə rəisi, növbə mühəndisi, aparıcı mühəndis vəzifələrində çalışıb hava gəmilərinə operativ və vaxtaşırı texniki xidməti təmin etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarının 21.3 maddəsinin tələbinə müvafiq olaraq, mülki aviasiyada hava gəmilərinə texniki xidmət göstərən mühəndis texniki heyəti kimi ağır və zərərli iş şəraitinə görə xx.xx.2016-cı il tarixindən güzəştli şərtlərlə təqaüd alır. xx.xx.2021-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı Operativ Sosial Təminat Agentliyinin 2 saylı Bakı şəhəri Xəzər “DOST’ Mərkəzinə ərizə ilə xx.xx.1983-cü il tarixindən xx.xx.1989-cu il tarixinədək Ukrayna SSR, Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutunda əyani bölmədə ali təhsil müddətinin ümumi pensiya stajına daxil olunması və pensiyasının yenidən hesablanması və hesabına köçürülməsi barədə müraciət etmişdir. xx.xx.2021-ci il tarixində hesabına 431.44 manat, xx.xx.2021-ci il tarixində saat 09:40-da 480.63 manat və həmin gün saat 13:30-da 49.18 manat, növbəti dəfə xx.xx.2021-ci il tarixində 2 saylı Bakı şəhəri Xəzər “DOST” Mərkəzinə ərizə ilə müraciətindən sonra xx.xx.2021-ci il tarixində saat 18:14-də 521.18 manat və həmin gün saat 21:01-də 409.86 manat, xx.xx.2021-ci il tarixində isə 931.04 manat köçürülmüşdür. Keçən 3 il üçün (xx.xx.2018-xx.xx.2021-ci illər) yenidən hesablamaq yolu ilə alınan 1229.58 manat məbləğində pensiya kapitalı xx.xx.2021-ci il tarixli ərizəsindən sonra hesablanaraq hissə-hissə mart, aprel və may ayları ərzində hesabına köçürülmüşdür. Ancaq bu məbləğin keçən dövr ərzində yaranma mənşəyi, nə vaxt və necə hesablanaraq ortaya çıxarıldığı, niyə ümumi pensiya məbləğinə keçən 3 il ərzində əlavə olunaraq, ümumi məbləğin indekslənmədiyi haqqında məlumat verilməmişdir. Müraciətlərinə əsasən aldığı cavabların heç birində qeyd edilən məbləğin vaxtlı-vaxtında nəzərə alınaraq pensiyasına niyə daxil edilməməsi barədə məlumatlar qeyd edilməmişdir. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, 30 iyun 2016-cı il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsi tərəfindən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində nəzərdə tutulmuşdur. Qanunun qeyd olunan maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunda ali təhsil müddətinin hazırda qüvvədə olan qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajının hesablanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilməsi nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4764/2022 saylı 31 avqust 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 1983-1989-cu illərdə əyani təhsil aldığı müddət sığorta stajına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması, müraciət edilən tarixdən (xx.xx.2021-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iddiaçıya göstərdiyi hüquqi yardımla bağlı iddiaçı iradə ifadəsini bildirərək, tələbinin “1983-1989-cu illərdə əyani təhsil aldığı müddətin sığorta stajına daxil edilməklə pensiyanın yenidən hesablanması, xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il- xx.xx.2018-ci il tarixədək ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” ilə yanaşı, həm də “cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi” kimi qəbul edilməsini və bu barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi, “1983- 1989-cu illərdə əyani təhsil aldığı müddətin sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanması, xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il- xx.xx.2018-ci il tarixədək ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbi “hazırki qanunvericiliyin tələblərində ali təhsil müddətinin güzəştli şərtlərlə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajının hesablanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilməsinin nəzərdə tutulmaması” əsası ilə təmin edilməmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyininin təsbit edilməsinə, buna görə də, iddiaçının həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malik olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 16 fevral 2022-ci il tarixli məktubuna əlavə edilmiş pensiya işinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək təqdim etdiyi təhsil sənədi əsasında təhsil illərinin də onun əmək stajına daxil edilməsini xahiş etmişdir. Bununla bağlı DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında **********3 saylı 29 yanvar 2021-ci il tarixli qərarı ilə İddiaçı təhsil əlavəsi də nəzərə alınmaqla pensiyası yenidən hesablanmış, pensiya məbləği 467.85 manat olmuş, indeksləşdirilərək 521,18 manata çatdırılmışdır. Lakin sonradan DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında **********0 saylı 04 avqust 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı əmək pensiyası yenidən hesablanmış və onun pensiya məbləği 521,18 manatdan 502,98 manata azaldılmışdır. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixl qərar qəbul edilərkən iddiaçı inzibati icraata dəvət olunmamış, dinlənilməmiş və nəticədə təhsil müddəti yenidən cavabdeh tərəfindən onun əmək stajına daxil edilmədən pensiya məbləği 521.18 manatdan 502.98 manata azaldılmışdır. Beləliklə də inzibati orqan tərəfindən inzibati icraat öz təşəbbüsü ilə aparılmışdır. İddiaçı barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli “pensiyanın yenidən hesablanması haqqında” qərarın onun hüquqlarını pozduğunu və iddiaçının qoyduğu tələblərin təmin olunmasına maneçilik yaratdığı nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən iddiaçıya həmin inzibati aktı da mübahisələndirmək hüququnun olduğu izah olunmuş və bu hüquqi yardımdan sonra iddiaçı birinci instansiya məhkəməsində qoyduğu tələblərdən başqa iradə ifadəsinin həm də cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsinə yönəldiyini bildirmiş və həmin inzibati aktın da ləğv olunmasını xahiş etmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya xx.xx.2021-ci il tarixli qərarla təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin araşdırma aparmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya sonuncu dəfə xx.xx.2021-ci il tarixli qərarla təyin edilmiş (yenidən hesablanmış) pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, inzibati orqan öz təşəbbüsü ilə araşdırma apararaq, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi- iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola onun icrası ilə bağlı verilmiş pensiya artıq ödəmə kimi geri tələb olunması barədə inzibati akt qəbul edilmədən hüquq normalarını pozaraq bu barədə iddiaçıya müvafiq məktubla məlumat verməklə kifayətlənmiş, bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının pensiyasının düzgün hesablanmadığı qənaətinə gəlirdisə bu barədə inzibati icraatın təzələnməsi barədə əlində mötəbər sübutlar olmaqla, iddiaçının iştirakını təmin etməklə inzibati icraatı təzələməli və yenidən hesablama məsələsini “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməliydi. Buna görə, inzibati orqan müvafiq qaydada inzibati icraat aparmadan inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində iddiaçının pensiyasını yenidən hesablaya bilməzdi. Nəzərə alınmalıdır ki, iddiaçının pensiyasının yenidən hesablanması barədə olan xx.xx.2021-ci il tarixli qərar iddiaçı üçün əlverişli inzibati akt sayılan digər- xx.xx.2021-ci il tarixli pensiyasının yenidən hesablanması barədə olan qərar qüvvədə ola-ola qəbul edilmiş və qəbul edildikdən sonra belə iddiaçıya maraqlarına birbaşa toxunduğu nəzərə alınmadan məlumat üçün belə göndərilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Hazırki işdə pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt- xx.xx.2021-ci il tarixli qərar qüvvədə olduğu halda, iddiaçının iştirakı olmadan həmin pensiyanın yenidən hesablanması barədə xx.xx.2021-ci il tarixli qərar “İnzibati icraat haqqında” Qanunun 64.2ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırki işdə cavabdeh inzibati orqan mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının pensiyasının yenidən hesablanması barədə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərar inzibati icraat haqqında qanunvericiliyin tələblərinə riayət olunmadan qəbul edildiyindən və iddiaçının qanunla qorunan hüquqlarını pozduğu üçün ləğv edilməlidir. İddiaçının “təhsil aldığı müddətin nəzərə alınmaqla pensiyasının yenidən hesablanması” barədə tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu tələbin təmin olunmasından imtina etmənin səbəbini cavabdeh orqan hazırki qanunvericiliyin tələblərində ali təhsil müddətinin güzəştli şərtlərlə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajının hesablanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilməsinin nəzərdə tutulmaması ilə əsaslandırmışdır. Hazırda iddiaçının tələbi məhz təhsil müdətinin nəzərə alınamaqla ona təyin edilmiş pensiyasının yenidən hesablanması barədədir. İddiaçı X1 təhsil sənədindən görünür ki, o, 1983-cü il tarixdən 1989-cu il tarixədək Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutunda təhsil almışdır. Nəzərə alınmalıdır ki, mübahisəli hüquq münasibətinə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 1044 saylı, 04 avqust 1956-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydalarının 109-cu bəndinə təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Göründüyü kimi, istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının 1983-1989-cu illərdə əyani təhsil aldığı dövrün onun sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanması qənaətinə gəlmişdir. O ki qaldı iddiaçıya yenidən hesablanmış pensiyanın müraciət etdiyi tarixdən (xx.xx.2021-ci ildən) əvvəlki 3 il üçün, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi məsələsinə, iş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının təhsil dövrü nəzərə alınmaqla pensiyasının yenidən hesablanması barədə xx.xx.2021-ci il tarixli qərarın qəbulundan sonra ona muvafiq məbləğlər ödənilmişdir. Bu hal işin mübahisəsiz halıdır. Odur ki, iddiaçıya müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən pensiyasının yenidən hesablanıb ödənilməsi zamanı ona xx.xx.2021-ci il tarixli qərarın icrası ilə bağlı edilmiş ödənişlər də nəzərə alınmalıdır. Lakin hazırki işdə birinci instansiya məhkəməsi qərarının nəticəvi hissəsində bu məsələni konkret olaraq göstərməmişdir. Hazırki vəziyyətdə məhkəmə kollegiyası bu halı kobud pozuntu kimi qəbul etmədiyi üçün hesab edir ki, həmin halın qərarda göstərilməməsi mahiyyətcə qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün də əsas yaratmır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, məhkəmə qərarı “cavabdeh inzibati orqanın qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və iddiaçıya əyani təhsil aldığı müddət nəzərə alınmaqla pensiyasının yenidən müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilərkən xx.xx.2021-ci il tarixli qərarın icrası ilə bağlı edilmiş ödənişlərin nəzərə alınması” göstərilməklə dəyişdirilmədən saxlanılmalı, bununla da cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4764/2022 saylı 31 avqust 2022-ci il tarixli qərarı “cavabdeh inzibati orqanın qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və iddiaçıya əyani təhsil aldığı müddət nəzərə alınmaqla pensiyasının yenidən müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilərkən xx.xx.2021-ci il tarixli qərarın icrası ilə bağlı edilmiş ödənişlərin nəzərə alınması” göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar