Məhkəmə qərarları › İş №2-1(103)-822/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-822/2024

06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-822/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2-1(112)-2473/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “müvafiq sualların hüquqi əsasla cavablandırılması (1. Sözügedən ərazidə yaşayan vətəndaşların köçürülməsi “Azərbaycan Respublikasında Ekoloji vəziyyətin yaxşılaşdırmasına dair 2006- 2010-cu illər üçün Kompleks Tədbirlər planı”nin, yoxsa “Ağ Şəhər” lahiyəsinin icrası dövrünə aiddir? 2. Sözügedən ərazidən əhalinin departasiya edilməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 1967, ya xx.xx.2013-cü il tarixli 2607 №-li və ya məlum olmayan başqa sərəncamları ilə icra edilib və hal hazırda icra edilir? 3. Sözügedən ərazidə yerləşən mülklərin alınmasına “Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu şamil olunur? 4. Sözügedən dövlət planının və “Ağ Şəhər” layihəsinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən maliyyə vəsaiti ilə himayə edilən icraçılar kimlərdir? 5. Sözügedən ərazidən əhalinin köçürülməsi və mülk sahiblərinin mülklərinin hər cür kompensasiya (mülklərin alqı-satqısı, bərpası, mütənasib olaraq mənzil ilə təmin edilməsi və s.) edilməsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin funksiyası nədən ibarətdir? 6. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə vəzifə və ya hər hansı bir başqa bağlılığı var? 7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin bu dövlət planının və “Ağ Şəhər” layihəsinin icrasına maliyyə nəzarəti etmək vəzifəsi var?)” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 1967 saylı xx.xx.2006-cı il tarixli sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasındaekoloji vəziyyətin yaxşılaşmasına dair 2006-2010-cu illəri üçün Kompleks Tədbirlər planının icrasına başlanılmışdır. Mülkləri Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçələrinin əhatə etdiyi məhəllələrdə yerləşdiyi üçün bu planın təsir dairəsinə düşmüşdür. Sözügedən ərazidən əhalinin köçürülməsi, mülklərin sökülməsi və kompensasiyanın ödənilməsi Bakı Şəhər İcra Hakimiyyətinin 262 saylı xx.xx.2007-ci il tarixli sərancamı ilə ADEC AİŞ-ə həvalə edilmişdir. 2007-ci ilin sonunda ADEC AİŞ Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə birlikdə ərazidə yerləşən mülklərin və torpaqların invertarizasiyasını apararaq başa çatdırmışlar (Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanladığı 114 saylı xx.xx.2007-ci il tarixli məktubundan). 2008-ci ilin yanvar-aprel aylarında ADEC AİŞ sözügedən ərazidə yerləşən mülkləri, o cümlədən ona məxsus 2 evi də müqavilə əsasında sökmüşdür. Evləri sökərək və altındakı çirkli torpağı təmizləyərək, mülklərini bərpa edəcəyi barədə onunla müqavilə bağlamışdır. 2013-cü ilin mart ayının 12də ADEC AİŞ onun hər iki evini əvvəlkindən də yaxşı vəziyyətdə bərpa etdirərək özünə qaytarmışdır. 2013-cü ilin yayında Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti orada yaşayan vətədaşların “Ağ Şəhər” layihəsi çərçivəsində bərpa edilmiş mülklərinə, o cümlədən onun evlərinə də gəlməyə başlamışlar. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2-1(112)-2473/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq məhkəmə Kollegiyasının İPM-in 13-cü maddəsinin tələbləri baxımından iddia tələbini uğurlu iddia ilə dəyişmək istəyi barədə iddiaçıya verilən suallara cavabında iddiaçı bildirmişdir ki, hazırkı iddianı müdafiə edir, müraciətinə verilən cavablarla razı deyil, Xətai rayon İcra Hakimiyyəti dövlətin adından istifadə edib, hazırkı işlə bağlı hərəkətlərin hər bir nöqtəsi, vergülü, sözü, cümləsi, elementi onun üçün çox önəmlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarında həmçinin qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. (6 və 7-ci bəndlər). “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1- ci maddəsinə əsasən müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir. Məhkəmə araşdırması zamanı zamanı müəyyən edilmişdir ki, iddiaçının cavabdehə ünvanladığı çoxsaylı və oxşar məzmunlu müraciətləri, o cümlədən də, hazırkı iddia tələbinin əsasını təşkil edən müraciəti cavabdeh tərəfindən cavablandırılmışdır. Bu hal iddiaçının özü tərəfindən iddia ərizəsinə əlavə etdiyi, eləcə də cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş inzibati icraat materialları ilə öz təsdiqini tapır. Həmçinin, məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı məhkəmə Kollegiyasının İPM-in 13-cü maddəsi baxımından iddia tələbini uğurlu iddia ilə dəyişmək istəyi barədə iddiaçıya verilən suallara cavabında bildirmişdir ki, hazırkı iddianı müdafiə edir, müraciətinə verilən cavablarla razı deyil, Xətai rayon İcra Hakimiyyəti dövlətin adından istifadə edib, hazırkı işlə bağlı hərəkətlərin hər bir nöqtəsi, vergülü, sözü, cümləsi, elementi onun üçün çox önəmlidir. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın onun səlahiyyətinə aid edilməyən sualların cavablandırılması ilə bağlı hazırkı iddia tələbi mümkün sayılmamalıdır. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2-1(112)-2473/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar