Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-823/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının vəkili X4 və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı "xxxx" MTK-nın cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi borcunun silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1987/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 yanvar 2018-ci il tarixdə "xxxx" MTK-nın şəxsi hesab vərəqəsinə Azərbaycan Respublikası 30.12.2016-cı il tarixli 474-VQ nömrəli Qanunu (f) dürüstləşmə adı ilə işlənilmiş 435.490.12 manat vergi borcunun və 103.302,82 faiz borcunun silinməsinin Bakı şəhər Vergilər Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK uzun müddətdir ki, vergi orqanında qeydiyyatda olmaqla mənzil tikintisi fəaliyyəti ilə məşğul olmuşdur. MTK-nın vergi orqanında olan şəxsi hesab vərəqəsindən də göründüyü kimi "xxxx" MTK-nın 05 noyabr 2015-ci il tarixə heç bir borcu olmamış, əksinə qeyd olunan tarixə Kooperativin 158 279.96 manat artıq ödəməsi olmuşdur. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin 17.03.2015-ci il tarixli, **********876212 saylı qərarına əsasən "xxxx" MTK-da müxtəlif tədiyələr üzrə olmaqla 2013-2015-ci il dövründə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Keçirilmiş növbədənkənar səyyar vergi yoxlamasının nəticəsi olaraq 19.10.2015-ci il tarixli **********910997 saylı səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Yoxlama zamanı "xxxx" MTK-nın 227.192,06 manat mənfəət vergisinin, 1.272.562,17 manat ƏDV-nin, 700 manat əmlak vergisinin, 248,23 manat sadələşdirilmiş verginin, cəmi 1.500.702,46 manat məbləğində vergilərin azaldıldığı müəyyən edilmiş, azaldılmış məbləğə görə 750.227.12 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Bakı Vergilər Departamentinin **********979535 nömrəli məsuliyyətə cəlb etmə haqqında qərarına əsasən "xxxx" MTK-ya mənfəət vergisi üzrə yayındırılmış məbləğə görə 113.596,03 manat, ƏDV üzrə 636.281,09 manat, əmlak vergisi üzrə 350 manat maliyyə sanksiyası tətbiq olunmuş və 04.12.2015-ci il tarixdə hesablanmış vergilər və maliyyə sanksiyası birlikdə 2.250.681,35 manat olmaqla Kooperativin şəxsi hesab vərəqəsinə işlənilmişdir. Bundan sonra səyyar vergi yoxlaması əsasında toplanılmış materiallar araşdırılması üçün Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilmiş, 08 yanvar 2016-cı il tarixdə Departamentin təhqiqatçısı Cavanşir Sayidov tərəfindən fakt üzrə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Səyyar vergi yoxlaması 2013-2105-ci illər üzrə dövrü əhatə etdiyi halda cinayət işi üzrə 2010- 2016-cı illər araşdırılmış, lakin SVY aktında göstərilən məlumatlar öz təsdiqini tapmamışdır. Belə ki, ibtidai istintaq zamanı aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, səyyar vergi yoxlaması zamanı müəyyən edilmiş vergilərin azaldılması ilə bağlı məqamlar əsl həqiqəti əks etdirmir. İbtidai istintaq zamanı "xxxx" MTK tərəfindən 2010-2016-cı illərdə vergilərin azaldılması 415.128 manat olmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 1 iyul 2016-cı il tarixli qərarına əsasən "xxxx" MTK-nın rəhbəri X2 təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CMnin 213.2.2-ci maddəsi ilə ittiham elan edilmiş və cinayət işinin materialları baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Verilmiş ittihama əsasən X1 Məcəlləsinin tələblərini pozaraq 01.01.2009-cu il tarixdən 01.01.2016-cı il tarixədək olan dövr ərzində bəyannamə təqdim etməməklə ümumilikdə külli miqdar təşkil edən 419.470 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındıraraq, Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Nərimanov Rayon Məhkəməsində aparılmış məhkəmə istintaqı zamanı "xxxx" MTK tərəfindən 307.349,33 manat məbləğində ƏDV-nin dövlət büdcəsinə az hesablanması müəyyən edilmiş, 2010-cu ilin yanvar ayı üzrə 24.618.05 manat, fevral ayı üzrə 24.350,34 manat ƏDV, 2009-cu il üzrə 4341,80 manat mənfəət vergisi ilə bağlı 7 illik cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin məbləğlərin ödənilməsindən azad edilmişdir. Beləliklə məhkəmə istintaqı zamanı aparılmış araşdırma ilə "xxxx" MTK tərəfindən 254.039,14 manat ƏDV, 56.916,42 manat mənfəət vergisinin dövlət büdcəsinə ödənilməkdən yayındırılması müəyyən edilmiş və 311000 manat dövlət büdcəsinə ödənilməklə cinayət işinə xitam verilmişdir. Lakin bütün bu qeyd olunanlara baxmayaraq 31 yanvar 2018-ci il tarixdə "xxxx" MTK-nın şəxsi hesab vərəqəsinə Azərbaycan Respublikası 30.12.2016-cı il tarixli 474-VQ nömrəli Qanunu (f) dürüstləşmə adı ilə heç bir vergi adı göstərilmədən, qərar qəbul etmədən 435.490,12 manat vergi və 103.302.82 faiz borcu işlənmişdir. İddiaçı MTK-ya əsassız olaraq yazılmış vergiləri və faizlərin silinməsi ilə bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyinə və Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə müraciət olunsa da, müraciətə baxılmadan şifahi olaraq həmin məbləğin Nazirlik tərəfindən şəxsi hesab vərəqəsinə işlənildiyi bildirilmişdir. Sonuncu dəfə Azərbaycan Respublikası Vergilər Nazirliyinə və Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə edilmiş müraciətə cavab olaraq 05 noyabr 2019-cu il tarixdə “vergi orqanı tərəfindən həyata keçirilmiş səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş 20.12.2017-ci il tarixli **********134580 nömrəli qərarla 04.12.2015-ci il tarixli **********979535 nömrəli qərara düzəliş edilməsi nəticəsində Səyyar vergi yoxlaması ilə hesablanmış məbləğlərə (2014-cü il mənfəət və 2014-cü il əlavə dəyər vergisi) azalma verildiyindən həmin dövrlərə hesablanmış faiz məbləğləri cəmiyyətin şəxsi hesab vərəqəsindən texniki səhv olaraq təkrarən ikinci dəfə silinmişdir. Bununla əlaqədar olaraq, 31.01.2018-ci il tarixdə dürüstləşmə aparılaraq 435.490,12 manat əsas vergi məbləği, habelə ona həmin məbləğə hesablanmış 103.302,82 manat faiz məbləği vergi məbləği şəxsi hesab vərəqəsinə bərpa edildiyi” bildirilmişdir. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474-VQ nömrəli Qanununun icrası məqsədilə kooperativin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan faizlər üzrə 491.984,48 manatı qeyd-şərtsiz silinmişdir. Vergi orqanının 20.12.2017-ci il tarixli **********134580 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında Qərar”ı əsasında 2017-ci ilin 1 yanvar tarixindən əvvəlki dövrdə keçirilmiş 04.12.2015-ci il tarixli **********979535 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”a düzəliş edildiyindən faiz məbləğləri kooperativin şəxsi hesab vərəqəsindən texniki səhv olaraq təkrarən ikinci dəfə silinmişdir. Bununla əlaqədar olaraq 31.01.2018-ci il tarixdə dürüstləşmə aparılaraq 435.490,12 manat vergi məbləği şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Bunun nəticəsində vergi ödəyicisinin 01.02.2018-ci il tarixə 315.701,28 manat əsas vergi borcu, 103.614,7 manat faiz borcu, 162.957,78 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 582.273,76 manat borcu mövcud olmuşdur. Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1987/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsi ekspert rəyini nəzərə almamış, heç bir əsası olmayan hesablama aparmış, ekspert rəyinin nədən nəzərə alınmamasını əsaslandırmadan özü tərəfindən aparılmış hesablamaya istinad edərək qərar çıxarmışdır. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz iddia ərizəsinə etirazla eyni əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, şəxsi vərəqənin 13 və 14-cü səhifələrində vergi orqanı tərəfindən aparılmış azalmalar əks etdirilmişdir. Həmin azalmalara sadə riyazi hesablama metodu ilə hesabladıqda sistem tərəfindən azalmalar zamanı baş vermiş xəta aydın şəkildə bəlli olur. Belə ki, vergi ödəyicisinin şəxsi vərəqə üzrə azalmalar aparılan dövrə olan qalıq əsas borcu 3.079.038,07 manat, aparılmış azalmaların ümumi məbləği 1.189.498,67 (400+300+174.617,44+1.014.181,23) manatdır. 3.079.584,07-1.189.498,67=1.890.085,4. Aparılmış azalmalardan sonra vergi ödəyicisinin şəxsi vərəqəsi üzrə 1.889.539,4 manat qalıq borcu qalmalı olduğu halda 1.454.729 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, inzibati işin halları tam olaraq araşdırılmış və yekunda düzgün qərar qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 02 saylı, 13 avqust 2020-ci il tarixli qərardadından görünür ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474 VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində vergi orqanı tərəfindən vergilərin hesablanması ilə əlaqəli olmayan əməliyyatların (o cümlədən, yol verilmiş texniki səhvlərlə bağlı dürüstləşmə adı altında edildiyi bildirilən düzəlişlərin) edilməsi üçün ayrıca yazılı inzibati aktın qəbul olunması tələb olunmur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli, 1(005)- 23/2017 saylı qərarından görünür ki, "xxxx" MTK-da 2010-cu ilin yanvar ayı üzrə 24.618,05 manat, fevral ayı üzrə 24.350,34 manat ƏDV, 2009-cu il üzrə 4.341,70 manat mənfəət vergisinin, cəmi 53.310,19 manat məbləğində vergilərin ödənilməkdən yayındırılmasına görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizodlar üzrə X2 cinayət məsuliyyətindən azad edilmiş və həmin hissədə cinayət təqibinə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 1308/2017 saylı, 18 avqust 2017-ci il tarixli qərarına əsasən apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında "xxxx" MTK-nın 01.11.2015-ci il tarixədək dövlət büdcəsinə nə qədər borcu olması, "xxxx" MTK tərəfindən 01.01.2015-ci ildən hal-hazırkı dövrədək dövlət büdcəsinə nə qədər pul ödənildiyi, vergi orqanları tərəfindən 01.11.2015-ci il tarixdən 01.01.2018-ci il tarixədək olan dövrdə cinayət işi üzrə azalmalar nəzərə alınmaqla "xxxx" MTK-ya nə qədər vergi və faiz hesablanması, "xxxx" MTK-nın şəxsi hesab vərəqəsinə 31 yanvar 2018-ci tarixdə “düzəliş” adı ilə yazılmış 435.490,12 manat borcun tərkibinə nələr daxil olması (tədiyyələr üzrə vergi borcu, maliyyə sanksiyası və faiz borcu), "xxxx" MTKnın yoxlanılan dövrdə dövlət büdcəsinə ödəməli olduğu vergi məbləğinin nə qədər təşkil etməsi, 07.06.2018-ci il tarixli Səyyar vergi yoxlaması aktında göstərilən sadələşdirilmiş, əlavə dəyər vergisi və mənfəət vergisi üzrə azaldılmış vergi məbləğlərinin düzgün müəyyən edilməsi barədə suallar qoyulmuşdur. 17.03.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin böyük eksperti Zaur Məmmədovun əlavə tədqiqat materiallarının təqdim edilməsi barədə 09/63 saylı, 06.03.2020-ci il tarixli ekspert vəsatəti ilə məhkəməyə müraciət edərək, vergi orqanı tərəfindən "xxxx" MTK-nın şəxsi hesab vərəqəsinə 31.01.2018-ci il tarixdə “düzəliş” adı ilə yazılmış 435.490,12 manat borcun (tədiyyələr üzrə vergi borcu, maliyyə sanksiyası və faiz borcu) tərkibinə nələrin daxil olması barədə məlumat tələb edilmişdir. Bununla bağlı cavabdehə sorğu göndərilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş 01.05.2020-ci il tarixli, **********8080000 saylı məlumatın təqdim edilməsi haqqında məktubda göstərilmişdir ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474-VQ nömrəli Qanununun icrası məqsədilə cəmiyyətin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan faizlər üzrə 491.984,48 manat qeyd-şərtsiz silinmişdir. Vergi orqanının 20.12.2017-ci il tarixli **********134580 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında Qərar”ı əsasında 2017-ci ilin 1 yanvar tarixindən əvvəlki dövrdə keçirilmiş 04.12.2015-ci il tarixli **********979535 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”a düzəliş edildiyindən faiz məbləğləri kooperativin şəxsi hesab vərəqəsindən texniki səhv olaraq təkrarən ikinci dəfə silinmişdir. Bununla əlaqədar olaraq, 31.01.2018-ci il tarixdə dürüstləşmə aparılaraq 435.490,12 manat vergi məbləği şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Bunun nəticəsində vergi ödəyicisinin 31.01.2018-ci il tarixə 315.701,28 manat əsas vergi borcu, 103.624,69 manat faiz borcu, 162.957,78 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 582.283,75 manat borcu mövcud olmuşdur. Həmin məktuba əlavə edilmiş vergi borcunun tərkibi haqqında 01 may 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı MTK-nın 31.01.2018-ci il tarixə şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə ümumilikdə 582.283,75 manat (o cümlədən əsas vergilər üzrə 315.701,28 manat, maliyyə sanksiyası üzrə 162.957,78 manat, faiz üzrə 106.624,69 manat) borcu vardır. Məhkəmə qərardadının icrası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 iyun 2020-ci il tarixli, 9/63 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, "xxxx" MTK-nın iş materiallarında olan şəxsi hesab vərəqəsindən göründüyü kimi müəssisənin 01.11.2015-ci il tarixə dövlət büdcəsinə borcu olmamış, 157.712,96 manat məbləğində artıq ödəməsi olmuşdur. "xxxx" MTK tərəfindən 01.01.2015-ci ildən 30.01.2020-ci il tarixə olan dövr ərzində dövlət büdcəsinə 1.617.629,2 manat məbləğində ödəniş aparılmışdır. Rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə (şəxsi hesab vərəqəsi və s.) əsasən "xxxx" MTK-nın şəxsi hesab vərəqəsinə 31 yanvar 2018-ci il tarixdə “düzəliş” adı ilə yazılmış 435.490,12 manat faiz borcunun təkrarən silinməsi halı müəyyən olunmur. İş materiallarına 07.06.2018-ci il tarixli səyyar vergi yoxlaması aktı əlavə edilmədiyindən, qeyd olunan sual üzrə tədqiqat aparılmadı. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Hazırkı iddia tələbi üzrə iddiaçı dürüstləşmə adı ilə onun şəxsi hesab vərəqəsinə işlənilmiş 435.490,12 manat vergi borcunun, 103.302,82 manat məbləğində faiz borcunun heç bir vergi adı göstərilmədən onun şəxsi hesabına işləndiyini iddia edərək, həmin vergi borcunun silinməsini cavabdehdən tələb edir. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və qeyd etmişdir ki, cavabdeh səlahiyyətlərinə uyğun olaraq iddiaçının şəxsi hesab vərəqəsində 2017-ci ilin 1 yanvar tarixinə olan vergi borcunu silmiş, lakin azalma aparılarkən texniki yanlışlığa yol verilərək artıq azalma aparılmışdır. Bundan sonra vergi orqanı tərəfindən 31 yanvar 2018-ci il tarixdə yol verdiyi xətanın aradan qaldırılması məqsədi ilə “dürüstləşmə” əməliyyatı aparılmaqla artıq azalmış vergi borcu şəxsi hesab vərəqəsində bərpa edilmişdir. İddiaçının vergi borcu bərpa edildiyindən sistem tərəfindən avtomatik olaraq faiz məbləği də şəxsi hesab vərəqəsində bərpa edilmişdir. Beləliklə vergi orqanı tərəfindən 31 yanvar 2018-ci il tarixdə yol verdiyi xətanın aradan qaldırılması məqsədi ilə “dürüstləşmə” əməliyyatı aparılmaqla artıq azalmış vergi borcu və faiz məbləğinin iddiaçının şəxsi hesab vərəqəsində bərpa edilməsi əsaslı olmuşdur və həmin borcun silinməsi üçün hər hansı əsas mövcud deyildir. iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə "xxxx" MTK-nın şəxsi hesab vərəqəsinə 31 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikası 30.12.2016-cı il tarixli 474-VQ nömrəli Qanununa əsasən dürüstləşmə adı ilə işlənilmiş 435.490.12 manat vergi borcunun və 103.302,82 faiz borcunun iddiaçının şəxsi hesab vərəqəsində bərpa edilməsinin əsaslı olduğu müəyyən edildiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini tam rədd etməklə əsaslı nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.0.4. hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmağa və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək vergi orqanının vəzifəsidir. Vergi Məcəlləsinin 87.2-ci maddəsinə əsasən vergi ödəyicisinin ödədiyi vergilərin, faizlərin və maliyyə sanksiyalarının artıq məbləğləri digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına aid edildiyi halda, vergi ödəyicisinin tələbi ilə ona şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilir, habelə rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü və 213-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ibtidai istintaq aparıldığı zaman vergi yoxlaması ilə əhatə olunmamış dövr üzrə şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilmir. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474 VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 02 saylı, 13 avqust 2020-ci il tarixli qərardadının 46-cı bəndinə göstərilmişdir ki, vergi orqanının mövqeyinə görə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” 30.12.2016-cı il tarixli 474-VQ nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi zamanı proqram təminatının yol verdiyi xətanın aradan qaldırılması məqsədi ilə “dürüstləşmə” əməliyyatı aparılmaqla təkrar silinmiş faiz məbləği şəxsi hesab vərəqəsinə bərpa edilir, yaxud əsassız olaraq yaranmış artıq ödəmə azaldılır. 2017-ci il 01 yanvar tarixdən qüvvəyə minmiş “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” 30 dekabr 2016-cı il 474-VQ nömrəli Qanuna əsasən Azərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədi ilə vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borclarının vergi orqanları tərəfindən silinməsi qərara alınmış və bu Qanuna əsasən faiz borclarının silinməsi həyata keçirilmişdir. 14.01.2017-ci il tarixdə "xxxx" MTK-nın 491.984,48 manat faiz borcu “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq silinmişdir. İşdə olan Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MTK-ya ünvanlanmış müraciətlərə baxılması barədə məktubdan görünür ki, iddiaçının şəxsi hesab vərəqəsində aparılmış dürüstləşmə barədə müraciətinə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmış və bildirilmişdir ki, “Vergi ödəyicilərinin 2017-ci il 01 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474-VQ nömrəli Qanununun icrası məqsədilə cəmiyyətin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan faizlər üzrə 491984,48 manat qeyd-şərtsiz silinmişdir. Vergi orqanı tərəfindən həyata keçirilmiş səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş 20.12.2017-ci il tarixli **********134580 nömrəli qərarla 04.12.2015-ci il tarixli **********979535 nömrəli qərara düzəliş edilməsi nəticəsində Səyyar vergi yoxlaması ilə hesablanmış məbləğlərə (2014-cü il mənfəət və 2014-cü il əlavə dəyər vergisi) azalma verildiyindən həmin dövrlərə hesablanmış faiz məbləğləri cəmiyyətin şəxsi hesab vərəqəsindən texniki səhv olaraq təkrarən ikinci dəfə silinmişdir. Bununla əlaqədar olaraq 31.01.2018-ci il tarixdə dürüstləşmə aparılaraq 435490,12 manat əsas vergi məbləği, habelə ona həmin məbləğə hesablanmış 103302,82 manat faiz məbləği şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Vergi orqanının 20.12.2017-ci il tarixli **********134580 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında Qərar”ı əsasında 2017-ci ilin 1 yanvar tarixindən əvvəlki dövrdə keçirilmiş 04.12.2015-ci il tarixli **********979535 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”a düzəliş edilərək 310 955.56 manat vergi məbləği və 155477.78 manat maliyyə sanksiyası hesablanmışdır. Vergi borcunun tərkibi haqqında 01 may 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı MTK-nın 31.01.2018-ci il tarixə şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə ümumilikdə 582.283,75 manat (o cümlədən əsas vergilər üzrə 315.701,28 manat, maliyyə sanksiyası üzrə 162.957,78 manat, faiz üzrə 106.624,69 manat) borcu vardır. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli, 1(005)- 23/2017 saylı qərarında qeyd olunmuşdur ki, "xxxx" MTK tərəfindən təqdim olunmuş mənzillərdən əldə olunan gəlirlərdən dövlət büdcəsinə ödənilməli vergilərin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Belə ki, "xxxx" MTK-da 2010-cu ilin yanvar ayı üzrə 24618,05 manat, fevral ayı üzrə 24350,34 manat ƏDV, 2009-cu il üzrə 4341,80 manat mənfəət vergisinin, cəmi 53310,19 manat məbləğində vergilərin ödənilməsindən yayındılmasına görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin hissədə cinayət təqibinə xitam verilməlidir. Beləliklə, "xxxx" MTK tərəfindən 53310,19 manat məbləğində vergilərin ödənilməsindən yayındırılmasına görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyini və 55.204,25 manat ləğv edilmiş müqavilələr üzrə azadılmış vergilər nəzərə alınsa (419.470-108.514.44=310,955,56 manat) MTK tərəfindən 310.955,56 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması müəyyən edilmişdir. Qeyd olunan məbləğin 160000,00 manatı ibtidai istintaq zamanı, qalan hissəsi isə məhkəmə istintaqı ərzində ödənilmişdır. Həmçinin, məhkəmə qərarında qeyd olunmuşdur ki, ibtidai və məhkəmə istintaqı zamanı iş üzrə keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmiş dövlət büdcəsinə ödəməli olduğu 364265,75 manat məbləğdən "xxxx" MTK-ya faktiki rəhbərliyi həyata keçirmiş V.Talıblı tərəfindən 311000 manatı dövlət büdcəsinə tam ödənilmiş, 53310,19 manat hissəsinin ödənilməsindən isə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən məhkəmə onu azad edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda vergi orqanın 20.12.2017-ci il tarixli qərarla bərpa etdiyi 310,955,56 manat vergi borcunun "xxxx" MTK tərəfindən tam ödənilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə sübut olunduğundan ödənilmiş həmin məbləğin təkrarən vergi borcu kimi iddiaçının şəxsi hesab vərəqəsinə bərpası əsaslı olmamışdır. Həmçinin, ekspert rəyində də qeyd olunmuşdur ki, "xxxx" MTK-nın iş materiallarında olan şəxsi hesab vərəqəsindən göründüyü kimi müəssisənin 01.11.2015-ci il tarixə dövlət büdcəsinə borcu olmamış, 157.712,96 manat məbləğində artıq ödəməsi olmuşdur. "xxxx" MTK tərəfindən 01.01.2015-ci ildən 30.01.2020-ci il tarixə olan dövr ərzində dövlət büdcəsinə 1.617.629,2 manat məbləğində ödəniş aparılmışdır. Rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə (şəxsi hesab vərəqəsi və s.) əsasən "xxxx" MTK-nın şəxsi hesab vərəqəsinə 31 yanvar 2018-ci il tarixdə “düzəliş” adı ilə yazılmış 435.490,12 manat faiz borcunun təkrarən silinməsi halı müəyyən olunmur. Məhkəmə kollegiyası AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ekspert rəyi ilə razılaşaraq hesab edir ki, ekspertiza iş materiallarında olan sənədlər əsasında aparıldığından, ekspert rəyi işdəki sənədlərlə ziddiyyət təşkil etmədiyindən, ekspert qarşısında qoyulan suallara ətraflı cavab verildiyindən mötəbərdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmə tərəfindən cavabdeh inzibati orqandan iddiaçının şəxsi hesab vərəqəsinə dürüstləşmə aparılaraq bərpa edilmiş 435490,12 manat vergi məbləğinin tərkibi (tədiyyələr üzrə vergi borcu, maliyyə sanksiyası və faiz borcu) barədə məlumatın təqdim edilməsi tələb edilsə də, bununla bağlı hər hansı rəsmi bir sənəd təqdim edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş apellyasiya şikayətinə qarşı etirazda qeyd olunmuşdur ki, İddiaçı MTK-nın 01.02.2018-ci il tarixə 315.701,28 manat əsas vergi borcu, 103.614,7 manat faiz borcu, 162.957,78 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 582.273,76 manat borcu mövcud olmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, nə qədər ki cavabdeh inzibati orqan bərpa edilmiş 435.490,12 manat məbləğin tərkibi barədə məlumat təqdim edə bilməmişdir, bərpa edilmiş məbləğin tərkibinə 310.955,56 manatla yanaşı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli, 1(005)-23/2017 saylı qərarında öz əksini tapmış vergilərin ödənilməsindən yayındırılmasına görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmiş 53.310,19 manat və ləğv edilmiş müqavilələr üzrə azadılmış vergilər üzrə 55.204,25 manat, cəmi 108.514.44 manat (53.310,19+55.204,25=108.514.44) vergi məbləği də daxil edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli qərarından mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamenti apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, mülki iddianın tam təmin edilməsi, Bakı şəhəri Lokal Gəlirlər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" MTK-da külli miqdar təşkil edən 108514,44 manat məbləğində dövlət büdcəsinə ödənilməkdən yayındırılmış ziyanın (verginin) mülki cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1308/2017 saylı, 18 avqust 2017-ci il tarixli qərarına əsasən apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. "xxxx" MTK-nın şəxsi hesab vərəqəsinə baxış keçirilərkən müəyyən edilir ki, iddiaçının şəxsi hesab vərəqəsindən 14.01.2017-ci il tarixdə Azərbaycan Respublikası 30.12.2016-cı il tarixli 474-VQ nömrəli Qanununun icrası məqsədilə 491.984,48 manat məbləğində silinmə aparılmış, 31.01.2018-ci il tarixdə 103302,82 manat bərpa edilmişdir, cavabdeh isə bunu belə əsaslandırmışdır ki, 20.12.2017-ci il tarixli **********134580 nömrəli qərarla 04.12.2015-ci il tarixli **********979535 nömrəli qərara düzəliş edilməsi nəticəsində Səyyar vergi yoxlaması ilə hesablanmış məbləğlərə (2014-cü il mənfəət və 2014-cü il əlavə dəyər vergisi) azalma verildiyindən həmin dövrlərə hesablanmış faiz məbləğləri cəmiyyətin şəxsi hesab vərəqəsindən texniki səhv olaraq təkrarən ikinci dəfə silindiyindən 31.01.2018-ci il tarixdə dürüstləşmə aparılaraq 435490,12 manat əsas vergi məbləği, habelə ona həmin məbləğə hesablanmış 103302,82 manat faiz məbləği şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 31.01.2018-ci il tarixdə aparılmış əməliyyatla iddiaçının şəxsi hesab vərəqəsindən silinmiş 103302,82 manat faiz məbləğinin bərpa edilməsinin nəyin əsasında həyata keçirildiyi, başqa sözlə, məbləğin səhvən silinməsi, texniki səhv olması cavabdeh tərəfindən əsaslandırılmamış, buna dair hər hansı sənəd, sübut məhkəməyə təqdim edilməmişdir. 14.01.2017-ci il tarixdə Azərbaycan Respublikası 30.12.2016-cı il tarixli 474-VQ nömrəli Qanununun icrası məqsədilə faiz borcları silindiyi halda, 103302,82 manat faiz məbləğinin yenidən şəxsi hesab vərəqəsinə hansı əsasla bərpa edilməsi əsaslandırılmamışdır. Halbuki, inzibati orqan kimi onun tərəfindən edilmiş hərəkətlərin qanuniliyini sübut etmək yükü vergi orqanının üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, 31.01.2018-ci il tarixdə "xxxx" MTK-nın şəxsi hesab vərəqəsinə bərpa edilmiş 435490,12 manat vergi məbləğindən məhkəmə qərarı ilə iddiaçının ödəməsi təsdiq edilmiş 310.955,56 manat, vergilərin ödənilməsindən yayındırılmasına görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmiş və ləğv edilmiş müqavilələr üzrə azadılmış vergilər üzrə 108.514.44 manat (53.310,19+55.204,25), cəmi 419470 manat, habelə 103302,82 manat faiz borcu şəxsi hesab vərəqəsindən silinməlidir. Qalan bərpa edilmiş 16020,12 manat vergi borcunun əsassız olmasına dair iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədiyindən həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, 31 yanvar 2018-ci il tarixdə "xxxx" MTK-nın şəxsi hesab vərəqəsinə işlənilmiş 419470 manat vergi məbləği və 103302,82 manat faiz borcunun silinməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1987/2020 saylı qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. 31 yanvar 2018-ci il tarixdə "xxxx" MTK-nın şəxsi hesab vərəqəsinə işlənilmiş 419470 manat vergi məbləği və 103302,82 manat faiz borcunun silinməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq dövlət nəfinə keçirilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-823/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-823/2021
05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver