Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-823/2023 27.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi tələbinə dair» inzibati mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4191/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon X2 06 sentyabr 1992-ci il tarixli, 25 nömrəli əmri ilə X2 torpaq fondundan ona ayrılmış 0,08ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bununla bağlı çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə Abşeron rayon X2 06 sentyabr 1992-ci il tarixli, 25 nömrəli əmri ilə ona X2 torpaq fondundan 0,08 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh ərizəsini təmin etməmiş, cavab məktubunda göstərmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətinə xx.xx.2021-ci il tarixli məktubla cavab verilmiş, lakin qeyd olunan iradlar tam aradan qaldırılmamışdır. Həmçinin qeyd etmişdir ki, bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. Cavabdeh mövqeyini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsi ilə əsaslandırmışdır. Cavabdehin hərəkətləri qanunsuzdur, cavabdeh ona xx.xx.2021-ci il tarixli məktubunda atasının adının Abşeron rayon X2 06 sentyabr 1992-ci il tarixli, 25 nömrəli əmrində “Xalpaşa” kimi deyil, “Xan paşa” kimi qeyd olunmasını irad tutmuşdur. O, həmin iradı aradan qaldırmış, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Abşeron rayon X2 06 sentyabr 1992-ci il tarixli, 25 nömrəli əmrdən çıxarışın ona məxsus olması faktı müəyyən edilmişdir. Lakin cavabdeh heç bir hüquqi əsas olmadan yenə də mülkiyyət hüququnun qeydiyyatından faktiki olaraq imtina etmişdir. Cavabdeh iddianı qəbul etməmiş, rədd olunasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsasladırmışdır ki, torpaq sahəsinin yerləşmə cizgisi və sovxoz əmrinin arxiv arayışı idarəyə təqdim edilməmişdir. Həmçinin təqdim edilmiş sənədlərdə ata adında uyğunsuzluq vardır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4191/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir,apllyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmənin gəldiyi nəticə ilə heç cür razılaşmaq olmaz, cavabdehin verdiyi imtinanı qanuni hesab etməklə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Mübahisəli torpaq sahəsi qanuni istifadəsində olmaqla, həmin torpaq sahəsindən istifadə etməklə torpaq və əmlak vergisi ödəməklə bu günə kimi hüquq və vəzifələr həyata keçirməkdədir. Belə olan halda hesab edir ki, sözügedən torpaq sahəsinə dair zəruri sənədlərə malik olduğu halda, cavabdeh inzibati orqanın imtinası əsassızdır və iddiaçı kimi onun hüquqlarımın pozulmasına səbəb olmuşdur.İddia tələbi Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, “Daşınmaz əmlakın dövlət reyestri” Haqqunda” Qanunun 2, 3, 8, 11, 15 və 16- göstərilənlərə görə əsaslı hesab edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. ” Belə olan halda, cavabdehin imtinası qanunsuzdur və hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Lakin Bakı İnzibati Məhkəməsi cavabdehin imtinasını əsaslı hesab etməklə səhv nəticəyə gəlmişdir. İmtinanın digər əsasına, sənəddə hüquq sahibinin atasının adının fərqli olmasına münasibətdə isə qeyd edir ki, Abşeron rayon tcra Hakimiyyətinin 10 avqust 1992-oi 11 tarixli 368 nömrəli sərəncamına əsasən ona Abşeron rayon X2 06 sentyabr 1992-ci il tarixli, 25 nömrəli əmri ilə X2 torpaq fondundan mənə ayrılmış 0,08 ha torpaq sahəsinin ayrılması barədə X2 həmkarlar ittifaqı komitəsinin əmək kollektivi şurasının protokolundan çıxarışında 13. İddiaçı Xanpaşa oğlu yazılmışdır. Halbuki, onun doğum haqqında və digər sənədlərində atasıın adı Xalpaşa kimi yazılmışdır. Bununla əlaqədar olaraq, yaşadığı ərazi üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət edərək, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini xahiş etmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli 2(011)-4745/2021 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Abşeron Rayon Hövsan Südçülük Sovxozu tərəfindən verilmiş 06 sentyabr 1992-ci il tarixli, 100 nömrəli əmrdən çıxarışın İddiaçı məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir Qeyd edilən yanlışlıq aradan qaldırıldığından və hüquq sahibi kimi mənim atamın adında Xanpaşa adının Xalpaşa adına müvafiq düzəliş edildiyindən və düzəliş qanunvericliyinə uyğun olaraq müvafiq qaydada təsdiq edildiyindən bu hissədə də cavabdehin imtinası əsassızdır və təmin edilməməlidir. Cavabdehin imtinasının digər əsasına, torpaq sahəsinə dair yerləşmə cizgisi ilə torpaq sahəsinin faktiki yerləşməsi arasında uyğunsuzluğun olmasına münasibətdə isə məhkəmə qeyd edir ki. hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 -ci maddəsində sadalanmışdır . Lakin cavabdeh tərəfindən istinad edilən hal imtinaya əsas olan hal olaraq nəzərə tutulmamışdır. Məhkəmə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0.1-ci, Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.5-ci və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 30 oktyabr tarixli 664 nömrəli Fərmanının 2-ci bəndinə tam əməl etməmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11 -ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, inzibati orqanın imtinası qanunsuz olduğundan və iddiaçı kimi hüquqlarının pozulmasına səbəb olduğundan iddia tələbi təmin edilməlidir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, cavabdehin nümayəndəsi N.Rzazadə onunla razılaşmamış, torpaq sahəsinin cizgisinin mövcud olmadığını bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 34-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi, cavabdehə qarşı öhdəliyin icrası haqqında iddia vasitəsilə, Abşeron rayon X2 06 sentyabr 1992-ci il tarixli, 25 nömrəli əmri ilə X2 torpaq fondundan ona ayrılmış 0,08 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasıbarədə iddia tələbi birinci instansiya məhkəməsinin qərarı ilə rədd olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, işin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçıya Abşeron rayon X2 06 sentyabr 1992-ci il tarixli, 25 nömrəli əmri ilə ona X2 torpaq fondundan 0,08 ha torpaq sahəsi ayrılmışdır. İşin iddia ərizəsinə, cavabdehin imtina məktubu və onun iddia ərizəsinə etirazının dəlillərinə əsasən işin mübahisələndirilən haları ondan ibarətdir ki, iddiaçı tərəfindən həmin əmrlə ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi və əmrin arxiv arayışı idarəyə təqdim olunmamış, həmçinin təqdim edilmiş sənədlərdə ata adında uyğunsuzluq var. Məhkəmə kollegiyası cavabdehin, əmrin arxiv arayışının və təqdim edilmiş sənədlərdə iddiaçının ata adında uyğunsuzluq olduğunu bildirən dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, birinci instansiya məhkəməsinin müvafiq sorğusuna ünvanladığı Abşeron rayon Dövlət Arxivinin 21 iyul 2022-ci il tarixli H302 nömrəli məktubunda bildirilir ki, “Abşeron Rayon X2 06 sentyabr 1992-ci il tarixli 100 saylı qərarı ilə vətəndaşlara torpaq sahəsi ayrılmışdır və adlı siyahı tərtib edilmişdir. Bu siyahıda vətəndaş İddiaçı 13 sıra sayı ilə qeyd edilmişdir. əlavə olunmuş X2 həmkarlar təşkilatı və əmək kollektivi şurasının birgə yığıncağının 06 sentyabr 1992-ci il tarixli 100 №-li protokolunda göstərilmişdir ki, sovxozda işləyən fəhlələrin yaşayış mənzil sahəsi darısqal olduğu üçün və onların bəzilərinin evi olmadığı üçün Abşeron rayon İcraiyyə Hakimiyyətinin 10 avqust 1992-ci il tarixli 368 №-li sərəncamına əsasən aşağıdakı şəxslərə 0,08 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı Xanpaşa oğlu –fəhlə.” Qeyd olunmalıdır ki, iddiaçının təqdim edib etmədiyindən asılı olmayaraq, mübahsələndirdiyi arxiv arayışnı əldə etmək, cavabdeh orqanın özünün də “İnzibati icraat haqqında Qanunun 24.4-cü maddəsinin tələbindən irəli gələn xidməti borcudur. İddiaçının sənədlərdə “ata” adında uyğunsuzluq olduğunu mübahisələndirən dəlilləri də əsassızdır. Çünki işdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021 ci il tarixli 2(011)-4745/2021 saylı qətnaməsi ilə bu uyğunsuzluğa da son qoyulmuş və Abşeron Rayon X2 həmin əmrdən çıxarışının İddiaçı məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qeydiyyat orqanının sovxoz direktorunun əmri ilə iddiaçıya ayrılan torpaq sahəsinin yerləşmə cizgisi mövcud olmadığı halda, həmin torpaq sahəsinin onun adına dövlət qeydiyyatının aparılmasının mümkünsüz olduğunu əsas tutaraq qeydiyytıdan imtina etməsi tamamilə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının «Dövlət reyestri haqqında» Qanunun 8.0.8-ci maddəsinin tələbinə görə bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmışdaşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvfaiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlakın dövlət reyestrində hüquqların əmələ gəlməsi üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli 664 №-li Fərmanın 1.2-ci bəndi ilə Siyahıya aşağıdakı məzmunda 2.5-ci bənd əlavə olunmuşdur: “2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri;” Həmin Fərmanın 2-ci bəndi ilə həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanupuna uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir.» İşdən isə görünür ki, iddiaçı tərəfindən qanunvericiliyin həmin tələblərinə müvafiq olan sənədlər cavabdeh qeydiyyat orqanına, həm də məhkəməyə təqdim edilməmişdir. Konkret halda, sovxozun torpaq fondundan ona 0,08 ha torpaq sahəsi ayrılması barədə Abşeron rayon X2 06 sentyabr 1992-ci il tarixli, 25 nömrəli əmrinin arxiv arayışı mövcud olsa da, Azərbaycan Respublikası Prezidentinin qeyd olunan 30 oktyabr 2015-ci il tarixli 664 №-li Fərmanın 2-ci bəndi üzrə qeydiyyat orqanına təqdim edilməsi tələb olunan - mübahisəli torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən, mübahisəli torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən müvafiq cizgisi iddiaçı tərəfindən nə cavabdeh orqana, nə də ki məhkəməyə təqdim olunmamışdır. Ümumiyyətlə, qeyd olunan arxiv arayışından göründüyü kimi, arxivdə aşkar edələn yalnız, sovxoz direktorunun əmrinin surətidir. Məhkəmə araşdırması zamanı da iddiaçının izahatına əsasən müəyyən olunmuşdur ki, torpağın cizgisi mövcud deyil, əmrlə birlikdə həmin cizgi ona təqdim olunmamışdır. Belə olan halda, yəni, torpaq sahəsi ayrılarkən onun yerini müəyyən edən sənədlər (ayrıc aktı, planı) təqdim edilmədyi təqdirdə, faktiki vəziyyətində ölçmə işləri aparılmaqla, torpağın planının tərtib olunması, ilkin torpaqayırma sənədlərinə uyğun hesab olunması mümkünsüzdür. Məhz, bu bu səbəbdən də mübahisəli torpaq sahəsinə dair hüququn iddiaçının adına reyestrdə qeydə alınıb çıxarış verilməsi mümkünlüyü də istisna olunur. Qeyd olunmalıdır ki, eyni hallar üzrə məhkəmə mübahisələrinə baxılarkən sözügedən sovxoz diretorunun əmri ilə ayrılmış torpaq sahələrinə dair, sonradan, yerli (Surayxanı) icra hakimiyyəti orqanı tərəfindən tərtib edilmiş cizgiyə (torpaq sahəsinin planına) rast gəlinir ki, bu da məhkəmələr tərəfindən qeyd olunan Fərmanın tələblərindən irəli gələn sənədə bərabər tutulur. Həmçinin, “torpağın cizgisinin tərtib olunması tələbinə dair” həmin yerli icra hakimiyyətinə qarşı qaldırılan iddialar üzrə uğurla yekunlaşmış məhkəmə mübahisələrinə də rast gəlinir. Beləliklə də qeyd olunanlardan aydın olur ki, Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 №-li Fərmanın qeyd olunan tələblərinə müvafiq olaraq iddiaçı tərəftindən ona ayrılmış mübahisəli torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər cavabdeh idarəyə təqdim olunmadığından cavabdeh orqan tərəfindən iddiaçının ərizəsi təmin olunmasından imtina olunmasının əsaslı olduğu sübuta yetirilir. Ən azından, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 10.2-ci maddəsi nəzərədə tutur ki, qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Eyni zamanda, torpağın iddiaçının istifadəsinə ayrıldığı vaxt qüvvədə olan Azərbaycan respublikasının Torpaq Məcəlləsinin 23-cü maddəsi ilə də müəyyən edilirdi ki, torpaq sahələrinin verilməsi yer quruluşu sənədləriən uyğun torpaqayırma qaydasında həyata keçirilir və torpaqayırma aktında torpağın məqsədli təyinatı göstərilir. Eyni zamanda, qeyd olunmalıdır ki, hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 68ci maddəsinin tələbi nəzərədə tutur ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Lakin iddiaçı tərəfindən qanunvericiliyin qeyd olunan tələbləri qaydasında nə cavabdeh idarəyə, nə də hazırkı mərhələdə məhkəməyə torpağın yer quruluşu sənədi, o cümlədən, torpaq sahəsini planı (plan-cizgisi və ya ayrıc aktı) təqdim olunmamış, dövlət arxivindən də məhkəməyə yalnız əmr (surəti) təqdim olunmuşdur. İPM-in 14.3-cü maddəsinin təlbinə görə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı İPM-in qeyd olunan 14.3-cü maddəsi ilə üzərinə düşən sübutetmə yükünü yerinə yetirə bilməmişdir. Belə olan halda, iddiaçının mübahisəlndirilən torpaq sahəsi ilə bağlı cavabdeh qeydiyyat orqanına müraciət etdiyi hüquq, dövlət qeydiyyatına alınmalı hüquq kimi qiymətləndirilə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsi isə nəzərdə tutur ki, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquqlarının pozulduğu sübuta yetirilmir. İPM-in 73.1-ci maddəsindən də görünür ki, məhkəmə o halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, cavabdehin imtinasının qanunsuz, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edilməsinin əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4191/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4191/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-823/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-823/2023
27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver