Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-824/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə) qarşı «dövlət ehtiyacları üçün sökülmüş evin və altındakı torpaq sahəsinin dəyərinin ödənilməsi» tələbinə dair 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-4469/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4469/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində Kardiologiya Sanatoriyasının qərbində Qələbə küçəsi 15 ünvanında yerləşən 98 kv.m. olan tikililərə görə 73.500 (yetmiş üç min beş yüz) manat məbləğində kompensasiyanın İddiaçı dövlət büdcəsi hesabına ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd olunan tikilinin iddiaçıya məxsus olduğunu qeyd etsə də, bu faktı tutarlı sübutlarla (dövlət reyestrindən çıxarışla) əsaslandıra bilməmiş, yalnız Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bələdiyyəsinin 2005-ci il 22 aprel tarixli torpaq sahəsinin ayrılması barədə qərarına istinad etmişdir. Halbuki, hazırkı məhkəmə işi üzrə kompensasiya tikiliyə görə hesablandığından torpaq sahəsinin ayrılması barədə qərar əhəmiyyətli sübut kimi qəbul edilə bilməz.Sözügedən tikilinin dövlət reyestrindən çıxarışı mövcud olmadığı üçün İddiaçı mübahisələndirilən daşınmaz əmlak üzrə mülkiyyətçi hesab oluna bilməz. Bununla yanaşı, iş materiallarına sözügedən tikili ilə bağlı icazə sənədi, texniki pasport, yaxud hər hansı digər bir sənəd əlavə edilmədiyindən ümumiyyətlə belə bir daşınmaz əmlakın mövcud olub-olmaması şübhə doğurur. Bundan başqa məhkəmə kompensasiya məbləğini hesablayarkən sözügedən tikilinin 1 kv.metrini 750 manat dəyərində qiymətləndirmişdir. Lakin qərardan məhkəmənin nəyə əsaslanaraq belə qənaətə gəlməsi məlum deyildir. Azərbaycan Respublikasının Maliyyə Näzirliyi tərəfindən müvafiq məktubla Ali Məhkəməyə müraciət edilərək daşınmaz əmlakın qiymətləri ilə əlaqədar məhkəmə işlərinə Nazirliyin ekspert və ya mütəxəssislərin iştirakının təmin edilməsi xahiş edilmişdir. Maliyyə Nazirliyinin həmin müraciətinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin xx xxxxx 2010-cu il tarixli 2-182 nömrəli məktubu ilə respublikanın rayon (şəhər) məhkəmələrinə, yerli iqtisad məhkəmələrinə və apellyasiya instansiyası məhkəmələrinə tövsiyyə edilmişdir ki, daşınmaz əmlakın qiymətləri ilə əlaqədar mübahisələrə baxılarkən daşınmaz əmlakın qiymətləndirilməsi prosesində iştirak etmək üçün Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakını təmin etsinlər. Lakin məhkəmə iş üzrə təyin edilmiş ekspertiza zamanı Maliyyə Nazirliyinin mütəxəssisinin rəyini öyrənməyərək Ali Məhkəmənin göstərişinə əməl etməmişdir. Yuxarıda qeyd olunanlar kontekstində hazırkı tələb həm məntiqi və hüquqi baxımdan, həm də məhkəmə praktikası baxımından əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki iş üzrə üçüncü şəxsin apelyasiya şikayəti qərarının ləğvinə yönəldiyindən, iddiaçı tərəfindən isə apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını iddia tələbinin təmin edilmiş hissəsində-tikiliyə görə kompensasiyanın ödənilməsi hissəsində qanuniliyini yoxlayır. Torpaq sahəsinə görə kompensasiyanın hesablanıb ödənilməsi barədə iddia tələbi hazırki apelyasiya baxışının predmetinə daxil deyildir. İşdən müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində Kardiologiya Sanatoriyasının qərbində Qələbə küçəsi 15 ünvanında yerləşən ona məxsus torpaq sahəsinə və sahəsi 98 kv.m. olan fərdi yaşayış evinə görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli, Ə-3/16-9671 saylı imtina məktubunda qeyd olunmuşdur ki, qeyd olunan ünvanda Agentlik tərəfindən heç bir tikili sökülməmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində Kardiologiya Sanatoriyasının qərbində Qələbə küçəsi 15 ünvanında yerləşən ona məxsus torpaq ahəsinə görə 20.000 manat, sahəsi 98 kv.m. olan fərdi yaşayış evinə görə 76.832 manat və həmin daşınmaz əmlakın kompensasiyasının 20%-i miqdaında satınalma qiymətinə əlavə haqq olaraq 19.366 manat, cəmi 116.198 (yüz on altı min yüz doxsan səkkiz) manat pulun dövlət büdcəsindən tutularaq ona ödənilməsinin cavabdehə həvalə edlməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinin xx xxxxx 2005-ci il tarixli, 016 saylı qərarı ilə Bilgəh qəsəbəsi ərazisində, Kardiologiya Sanatoriyasının qərbində Qələbə küçəsi ev 15 ünvanında yerləşən 98 kvm. torpaq sahəsini alqı-satqı yolu ilə Bilgəh Bələdiyyəsindən almışdır. Həmin vaxtdan iddiaçının mülkiyyətində olan torpaq sahəsində hələ 1996-cı ildən ümumi sahəsi 98 kvm.dən ibarət fərdi yaşayış evini inşa etmişdir. 2011-ci ilə kimi ailəsiylə birlikdə həmin evdə yaşamışdır. Bu müddət ərzində həmin tikililərin əmlak və torpaq vergisini Bilgəh Bələdiyyəsinə ödəmişdir. Azərbaycan Respublikası Prezidentinin 08.07. 2008-ci il tarixli 2930 saylı sərəncamı ilə “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün Tədbirlər Planı” təsdiq edilərək sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabinetinə həvalə edilmişdir. Tədbirlər Planının 2.3-cü bəndində X3 Limanı - Mərdəkan dairəsi - Bilgəh mövcud avtomobil yolunun 6 cərgəli hərəkət üçün yenidən qurulması nəzərdə tutulmuş və icraçı qurumlar kimi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi müəyyən edilmişdir. Bununla əlaqədar iddiaçıya məxsus ümumi sahəsi 98 kvm.dən ibarət fərdi yaşayış evinə görə kompensasiya ödənilməmişdir. Birinci instansiya məhkəməsi sözügedən ərazidə cavabdeh orqan tərəfindən söküntü işləri aparılarkən iddiaçıya məxsus tikililərə dair heç bir kompensasiya ödənilmədiyini əsas gətirərək iddianı həmin hissədə təmin etmiş, torpaq sahəsinə dair hüquqların dövlət reyestrində qeydiyyata alınmadığını nəzərə alaraq həmin hissədə iddianı rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə (hazırki apelyasiya baxışında yoxlanılan hissəsində) razılaşmır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. İşdən müəyyən olunur ki, Bakı şəhəri Sabunçu rayonu, Bilgəh bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 016 saylı torpaq sahəsinin ayrılması barədə qərarı ilə Bilgəh qəsəbəsi ərazisində Karioloji sanatoriyanın qərbidə yerləşən 98 kv.m. torpaq sahə əvəzi ödənilməklə Bakı şəhəri, Bilgəh qəsəbəsi, Karioloji sanatoriya A/YAT ünvanda yaşayan İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. İş materiallarında olan xx xxxxx 2005-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən Bilgəh bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 016 saylı qərarı ilə 98 kv.m. torpaq sahəsinin satılması qərara alınmışdır. İşdən göründüyü kimi Bakı şəhəi Sabunçu rayon Bilgəh qsəbə bələdiyyədi tərəfindən vətəndaş İddiaçı oğlu xx xxxxx 2005-ci il tarixində verilmiş 016 saylı qərarı ilə təsdiq edilmiş torpaq sahəsinin eskiz sxemi tərtib edilmişdir. Azrəbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun: - 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. -7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. -7.3. Bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: -7.3.1. torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər; -7.3.2. siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz); -7.4. Bu Qanunun 7.3.1-7.3.4-cü maddələrində nəzərdə tutulmuş kateqoriyalara aid olan şəxslər bu Qanunun müddəalarına əsasən itirdikləri torpaqla bağlı kompensasiya və digər yardımlarla təmin edilirlər. Sadalanan normalardan görünür ki, sökülən daşınmaz əmlakla bağlı mülkiyyət, istifadə hüququ dövlət qeydiyyatına alınmış şəxslər alınmanın təsirinə məruz qalan şəxslərdir və onlara itirdikləri əmlaka görə qanunla müəyən edilmiş kompensasiya ödənilir. Hazırki iş üzrə iddiaçıona məxsus olduğunu iddia etdiyi sahəsi 98 kv.m olan tikilinin mövcudluğu və həmin tikiliyə dair hüquqların dövlət reyestrində qeydiyyatı müəyyən olunmamışdır. Belə olan halda iddiaçının həmin əmlaka dair mülkiyyətçi statusundan irəli gələn kompensasiya verilməsini tələb etmək hüququ yaranmamışdır. Digər tərəfdən birinci instansiya məhkəməsi Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi, kardioloji sanatoriyanın ərazisində yerləşən yaşayış binalarının sökülməsi zamanı vətəndaş İddiaçı məxsus tikilmiş 98 kv.m. fərdi yaşayış evinin mövcud olduğunu, lakin cavabdeh orqan tərəfindən söküntü işləri aparılarkən iddiaçıya məxsus tikiliyə dair heç bir kompensasiya ödənilmədiyi nəticəsinə gələrkən iddiaçının iddia etdiyi tikiliyə dair hər hansı hüquqmüəyyənedici sənədə istinad etməmişdir. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində Kardiologiya Sanatoriyasının qərbində Qələbə küçəsi 15 ünvanında yerləşən ona məxsus torpaq sahəsinə dair sənədlərini təqdim etsə də həmin torpaq üzərində yerləşən 1996-cı ildən tikdiyini iddia etdiyi evlə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, həmin dövr qanunvericliyi ilə (Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair hüquqmüəyəynedici sənəd qismində hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı tələb olunduğu halda iddiaçı iddia etdiyi tikiliyə dair adı çəkilən sənədləri, o cümlədən razılaşdırlmış tikinti layihəsi, icazə sənədi, texniki pasport və s. kimi sənədlər təqdim etməmişdir. Belə olan halda iddia edilən torpaq sahəsində mövcudluğu təsdiqini tapmayan tikiliyə görə kompensasiyanın ödənilməsi tələbinin hüquqi və faktiki əsası yoxdur. Azrəbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinəyönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassızdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qərarı qisməniddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apelyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4469/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı yoxlanılan hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində Kardiologiya Sanatoriyasının qərbində Qələbə küçəsi 15 ünvanında yerləşən 98 kv.m. olan fərdi yaşayış evinə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-824/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-824/2020
07.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver