Məhkəmə qərarları › İş №2-1(103)-824/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-824/2021

26.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-824/2021 26.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı dövlət hesabına mənzillə təmin olunan hərbi qulluqçuların siyahısına daxil edilmə vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5985/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq adının dövlət vəsaiti hesabına mənzillə təmin olunan hərbi qulluqçuların siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 16.11.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı 26.04.1994-cü il tarixdən 12.11.1995ci il tarixədək AR Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında xidmət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 06.10.1995-ci il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 38-ci maddəsinə əsasən 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 42-ci maddəsi tətbiq olunaraq döyüşən orduya göndərilməklə hökmün icrası hərbi əməliyyat qurtaranadək təxirə salınmışdır. Naxçıvan Qarnizonu Hərbi Tribunalının 09.04.1997-ci il tarixli Qərarı ilə özünü Vətənin mətin müdafiəçisi kimi göstərdiyindən həmin cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. 12.11.1995-ci il tarixdən 17.11.2015-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz 20 il xidmət etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0764 saylı 17.11.2015-ci il tarixli əmri ilə ehtiyata buraxılmışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qərarında 11.12.1995-ci il tarixdən 09.04.1997-ci il tarixədək olan hərbi xidmət dövrünün qüsurlu olduğu bildirilmişdir. Halbuki, onun AR Müdafiə Nazirliyində xidmət etdiyi 20 təqvim ili ərzində heç bir qüsuru olmamışdır. AR Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında törədilmiş “qüsur”un Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətlə bağlı qəbul olunmuş 569 nömrəli Fərmanın məqsədləri üçün nəzərə alınmasını tamamilə əsassız hesab edir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı şikayəti müdafiə edərək, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. İşdə olan, iddiaçıya məxsus EZ ******* nömrəli hərbi biletin notariat təsdiqli surətindən müəyyən edilir ki, iddiaçı 06.08.1984-cü il tarixdən 17.11.2015-ci il tarixədək hərbi xidmətdə olmuş, 17 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası müdafiə nazirinin 0764 saylı əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. AR MN Mənzil-istismar idarəsinin iddiaçıya ünvanladığı 04.08.2020-ci il tarixli 2752 nömrəli məktubunda bildirilmişdir ki, barəsində məhkəmə hökmü çıxarıldığı üçün Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahılarına daxil edilməmişdir. Cavabdehin iddiaçıya ünvanlanan 30.06.2020-ci il tarixli 11/3291 nömrəli məktubunda isə göstərilmişdir ki, 11.12.1995-ci ildə məhkumluğu olan şəxs hesab edilirdi və onun məhkum olunduğu dövr, yəni 09.04.1997-ci il tarixədək olan müddət qüsursuz xidmət hesab edilmir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. Göründüyü kimi, Fərmanla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. İşdən iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu kimi 20 təqvim ili xidmət etməsi müəyyən edilsə də, həmin xidmət illərinin hamısı qüsursuz olmamışdır. Belə ki, iddiaçının xidmət etdiyi həmin müddətdə 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və 11.12.1995-ci il tarixdən 09.04.1997-ci il tarixədək məhkum olması işin mübahisəsiz hallarıdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 152-ci maddəsinin 4-cü abzasına əsasən, xidməti uyğunsuzluğuna, hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə, ya da törətdiyi cinayətlə əlaqədar məhkum olunduğuna görə (hərbi rütbəsindən məhrum edilməyən) həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilədən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamaqla, iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5985/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar