Məhkəmə qərarları › İş №2-1(103)-824/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-824/2022

24.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-824/2022 24.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının dayandırılması ilə bağlı cavabdehin hərəkətlərin qanunsuz sayılması, ödənişi dayandırılmış pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi, hesablanmış borcun silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2-1(112)-6735/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının dayandırılması ilə bağlı hərəkətlərin qanunsuz sayılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı xx xxx 1954-cü il tarixdə doğulmuşdur, 10 aprel 1970-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 3 mart 2008-ci il tarixdən Respublika Taun Əleyhinə Stansiyada işləmiş, 3 iyun 2014-cü il tarixdən həmin qurumda virusoloji laboratoriyanın müdiri vəzifəsində müvəqqəti icraçı kimi çalışmışdır. Həmin stansiyada iş stajı 6 il 3 ay təşkil edir. Respublika Taun Əleyhinə Stansiya AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına salınmışdır. Həmin qərara əlavə edilmiş 2 saylı Siyahının XXİV bölməsinin (Səhiyyə və sosial təminat idarəsi) 22600000 – 1754 şifrinə əsasən tauna qarşı idarələrdə məşğul olan bütün işçilər güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Respublika Taun Əleyhinə Stansiyada iş stajı ikiqat sayıldığına görə onun həmin təşkilatda iş stajı 12 il 6 aydır. «Əmək pensiyaları haqqında» AR Qanununun 24-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına cüzam və taun əleyhinə müəssisələrdəki iş müddəti – ikiqat ölçüdə hesablanmaqla güzəştli şərtlərlə daxil edilir. Lakin cavabdeh 6 aprel 2021-ci il tarixdə ona pensiya ödənişinin dayandırılması haqqında məktub göndərərək 7 iyul 2014-cü il tarixdən 31 yanvar 2021-ci il tarixədək olan dövr üzrə yaşa görə təyin olunmuş güzəştli əmək pensiyasının dayandırılması və ona ödənilmiş 18.012,35 manat könüllü şəkildə ödəməyi xahiş etmişdir. İddiaçı hesab edir ki, bu imtina əsassızdır və ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı iddiası tam əsassız hesab edilir və rədd edilməlidir. İddiaçı 26 aprel 2021-ci il tarixdə iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı Filial tərəfindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi «Əmək pensiyaları haqqında» AR Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. İddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən araşdırılmışdır. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 24-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sıöorta stajına cüzam və taun əleyhinə müəssisələrdəki iş müddəti – ikiqat ölçüdə hesablanmaqla güzəştli şərtlərlə daxil edilir. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər AR Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın səhiyyə və sosial təminat idarələri bölməsinin (19) tauna qarşı idarələrdə məşğul olan işçilər nəzərdə tutulmuşdur. Araşdırma zamanı iddiaçıya vaxtilə əmək pensiyası təyin edilərkən təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən 3 mart 2008-ci il tarixdən 3 iyun 2014-cü il tarixədək dövr ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Taun X1 laboratoriyada konsultant vəzifəsində və həmin laboratoriyanın müdiri vəzifəsinin müvəqqəti icraçısı vəzifəsində işlədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az (6 il 3 ay) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya 7 iyul 2014-cü il tarixdən DSMF Nərimanov rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Sədrədddin Qurbanova 7 iyul 2014 – 31 yanvar 2021-ci il tarixlər arasındakı dövr ərzində ümumilikdə 18.012,35 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Mərkəzi Filial tərəfindən 29 aprel 2021-ci il tarixli məktubla həmin artıq ödənilmiş 18.012,35 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə onun əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş edilmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İddiaçı tərəfindən sözügedən yazılı razılıq Mərkəzi Filiala təqdim olunmadığından, Mərkəzi Filial tərəfindən 23 iyul 2021-ci il tarixdə artıq alınmış pensiya məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı inzibati Məhkəməsinə müraciət edilmişdir. Göründüyü kimi, iddiaçı yuxarıda qeyd olunanlarla razılaşmamış, onun pensiyasının yenidən hesablanaraq bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə əlavə ərizə təqdim etmiş və ərizədə iddia tələbini «əmək pensiyasının dayandırılması ilə bağlı cavabdehin hərəkətlərin qanunsuz sayılması, pensiyanın dayandırıldığı tarixdən xx.xx.2021-ci il tarixdən bərpa edilməsi, 18.012,35 manat borcun silinməsi» kimi göstərmişdir. Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2-1(112)-6735/2021 saylı qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı iddia ərizəsinin məzmununa uyğun apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. Hazırki işin hallarından görünür ki, iddiaçı xx xxx 1954-cü il tarixdə doğulmuş, 10 aprel 1970-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 3 mart 2008-ci il tarixdən 3 iyun 2014-cü il tarixədək dövr ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Taun X1 laboratoriyada konsultant vəzifəsində və həmin laboratoriyanın müdiri vəzifəsinin müvəqqəti icraçısı kimi çalışmışdır. İddiaçıya 7 iyul 2014-cü il tarixdən DSMF Nərimanov rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin sonradan hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən «Əmək pensiyaları haqqında» AR Qanununun 37.8.3-cü maddəsinə istinadən həmin pensiya ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Cavabdeh inzibati orqan bu dayandırmaya əsas kimi iddiaçının işlədiyi “tauna qarşı idarədə məşğul olan işçisi” kimi stajının güzəştli şərtlərlə əmək pensiyası hququ verən işlərdə staja ikiqat ölçüdə daxil edilməməsi göstərilmişdir. İddiaçı hazırda cavabdehin hərəkətlərini mübahisələndirir və ona pensiya ödənişinin bərpa olunmasını, əvvəlki dövrdə ödənilmiş pensiya məbləği üzrə borcun silinməsini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2017-ci il tarixədək adıçəkilən maddənin qüvvədə olmuş redaksiyasından görünür ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1 -ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Nazirlər Kabinetinin xx.xx.2007 -ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 21 06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı” (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nda (2.4.1-ci yarımbənd) güzəştli şərtlərlə şəxsə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair məhz iş yerinin arayışının təqdim edilməsi zərurəti müəyyən edilmişdir. İddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 24-cü maddəsində nəzərdə tutulan stajın “ikiqat ölçüdə” hesablanması şəxsin ümumi iş stajına münasibətdə tətbiq oluna bilər, güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə iş stajının hesablanmasında da ayrıca tətbiq edilməsi yolverilən hal deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 24-cü maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: - (24.0.3) cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti – ikiqat ölçüdə. Həmin Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1dən dayandırılır: (37.8.1) əmək pensiyaçısı vəfat etdikdə; (37.8.2) əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda, (37.8.3) bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. AR Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmişdir. Həmin qərarla təsdiqlənmiş Siyahının “19. Tibb və sosial təminat müəssisələri” bölməsində tauna qarşı müəssisələrdə məşğul olan işçilər peşəsi nəzərdə tutulmuşdur. İddiaçı 3 mart 2008-ci il tarixdən Respublika Taun Əleyhinə Stansiyada işləmiş, 3 iyun 2014-cü il tarixdən həmin qurumda virusoloji laboratoriyanın müdiri vəzifəsində müvəqqəti icraçı kimi çalışmışdır. Həmin stansiyada iş stajı 6 il 3 ay təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 24.0.3-cü maddəsinin tələbinə əsasən 3 mart 2008-ci il tarixdən işləmiş, 3 iyun 2014-cü il tarixədək Respublika Taun Əleyhinə Stansiyadakı iş müddəti ikiqat ölçüdə hesablanmaqla güzıştli iş stajı 12 il 6 ay təşkil edir. İddiaçıya pensiya təyin edilməsi ilə bağlı əsas şərtlərdən biri kimi güzəştli iş stajının minimum 12 il 6 ay olması tələb edilir ki, cavabdeh əksini iddia etsə də məhkəmə araşdırması nəticəsində həmin şərtin yerinə yetirildiyi öz təsdiqini tapmış, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinindən yeganə imtina əsası qismində çıxış edən güzəştli iş stajının olmaması barədə halın mövcud olmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməlidir. Məhkəmə kollegiyası pensiyanın dayandırıldığı tarixin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, xx.xx.2021-ci il tarixdən isə pensiya ödənişlərinin həyata keçirilməsi dayandırılmışdır. Odur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsi dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməlidir. İddianın cavabdeh tərəfindən hesablanmış 18.012,35 manat borcun silinməsi hissəsinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh inzibati orqan tərəfindən Sədrədddin Qurbanova 7 iyul 2014 – 31 yanvar 2021-ci il tarixlər arasındakı dövr ərzində ümumilikdə 18.012,35 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Mərkəzi Filial tərəfindən 29 aprel 2021-ci il tarixli məktubla həmin artıq ödənilmiş 18.012,35 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə onun əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş edilmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Kollegiya qeyd edir ki, 18.012,35 manat borcun silinməsi tələbi birinci tələblə (pensiyanın bərpa edilməsi) bağlı olduğundan, iddia güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının bərpasına münasibətdə təmin edildiyindən, cavabdeh inzibati orqanın 7 iyul 2014 – 31 yanvar 2021-ci il tarixlər arasındakı dövr ərzində artıq ödənilmiş 18.012,35 manatı iddiaçıdan tələb etməkdə haqlı olmamış, odur ki, 18.012,35 manat borcun silinməsi hissəsində də iddia tələbi təmin edilməlidir. Kollegiya qeyd edir ki, iddiaçının təqsirli hərəkətlərinin olduğu cavabdeh tərəfindən iddia edilmir. Pensiyanın hesablanması zamanı riyazi səhvə yol verildikdə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulmasına dair qanunvericinin mövqeyi aydın ifadə olunub. Buna baxmayaraq, inzibati orqan əmək pensiyaçısının razılığı olmadan birtərəfli qaydada artıq ödənilmiş əmək pensiyasının tutulmasını təmin edən qərar qəbul etmişdir. Hazırkı iş üzrə inzibati məhkəmə mübahisəsinin əsaslarından biri artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasının qanuni hesab edilib-edilməməsi ilə bağlıdır ki, məhkəmə hesab edir ki, bu zaman məhkəmə inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə və işin hallarına uyğun olaraq əmək pensiyasının təyin edilməsi barədə inzibati aktın, hazırkı iş üzrə də iddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının təyin edilməsi barədə qərarın qanuni və qanunsuzluğundan əvvəl həmin inzibati aktın əlverişsiz və ya əlverişli inzibati akt olmasını araşdırmalıdır. Başqa sözlə hazırkı iş üzrə mübahisələndirilən artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə qərarın ləğv edilibedilməməsi, əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının yenidən hesablanması barədə qərar və sərəncamların, o cümlədən cavabdehin faktiki xarakterli digər hərəkətlərinin əlverişli və ya əlverişsiz olmasından asılıdır. Belə ki, pensiyanın məbləği ilə bağlı səhv hesablama, o cümlədən pensiyasının ümumiyyətlə səhv təyin edilməsi məhkəmə hesab edir ki, hər bir halda artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasının qanuni olmasına əsas yaratmır Odur ki, iddiaçıdan pul məbləğinin tələb edilməsi qanunsuz hesab edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı pensiyanın dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa edilməsini xahiş etsə də, iş materiallarında olan pensiyanın dayandırılması barədə qərar xx.xx.2021-ci il tarixdə qəbul edildiyindən, pensiyanın verilməsi də xx.xx.2021-ci il tarixdən bərpa edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli və cavabdehin 18.012,35 manat məbləğin tələb etməsi ilə bağlı hərəkətləri qanunsuz hesab edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2-1(112)-6735/2021 saylı qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin və cavabdehin 18.012,35 manat məbləğin tələb etməsi ilə bağlı hərəkətləri qanunsuz hesab edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: İlham Kərimli Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar