Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-824/2023 06.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh 6 saylı Bakı “ASAN xidmət” X3 qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2- 1(112)-8105/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh 6 saylı Bakı “ASAN xidmət” X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş doğum aktı qeydi kitabına düzəliş olunaraq ata qrafasının dəyişdirilərək “Borisoviç” yerinə “Anatoliy” kimi, soyad qrafasının dəyişdirilərək “Çmil” yerinə “Qrankin” kimi qeyd edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Belə ki, buna dair ona Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Belə ki, doğum haqqında şəhadətnamənin təkrarının verilməsi barədə cavabdehə müraciət edən zaman doğum haqqında akt qeydi kitabında soyadı “Çmil”, ata adı isə “Borisoviç” kimi qeyd edildiyi ona məlum olmuşdur. Doğum haqqında şəhadətnamənin əksinə olaraq digər bütün sənədləri əmək kitabçasında, xarici pasportunda, hərbi biletində, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda, hətta nikah haqqında şəhadətnaməsində soyadı və ata adı düzgün şəkildə İddiaçı kimi qeyd olunmuşdur. Hal-hazırda bu yanlışlıq ona sənədləşdirmə işləri aparılan zaman problem yaşadır, maneələrlə qarşılaşmağına səbəb olur. O doğum aktı qeydində yanlışlıq nəticəsində sənədləşdirmə işlərini yekunlaşdırıb vətəndaşlığa qəbul edilmək üçün müraciət edə bilmir. Doğum haqqında akt qeydində soyadın və ata adının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidmət” X3 müraciət etmişdir. Qeydiyyat Şöbəsi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 05/76-988 saylı məktub ilə tərəfindən təqdim olunmuş sənədlər arasında ziddiyyət olduğu bildirilərək, ərizəsinin təmin olunmasından imtina olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(112)-8105/2022 nömrəli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Sözügedən normaya əsasən, məhkəmə hazırki inzibati iş üzrə icraatı tam, hərtərəfli, obyektiv araşdıraraq yekun akt qəbul etməli idi. Belə ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş, doğulduğu zaman Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə iddiaçı tərəfindən naməlum şəraitdə itirilmişdir. Belə ki, İddiaçı kimi doğum haqqında şəhadətnamənin təkrarının verilməsi barədə cavabdehə müraciət edən zaman doğum haqqında akt qeydi kitabında soyadının “Çmil”, ata adının isə “Borisoviç” kimi qeyd edildiyi məlum olmuşdur. Deməli həmin doğum aktı ilə bağlı alt sistemdə hər hansı bir dəyişikliyə dair sənəd mövcuddur ki, bu sənəd əsasında iddiaçının soyadı və ata adı dəyişdirilmişdir. Əgər belə olmasaydı, soyadı və ata adı uyğun gəlməyən başqa birinin doğum akt qeydi tərəf İddiaçı verilməzdi. Sözügedən məlumatlar fərdi məlumatlar hesab edildiyindən başqa şəxslərə bu barədə məlumatın verilməsi qadağan edilmişdir. Bundan sonra, cavabdehə sözü gedən doğum akt qeydində düzəlişin edilməsi barədə ərizə ilə müraciət olunsa da, cavabdeh tərəfindən imtina olunmuşdur. Hal-hazırda bu yanlışlıq nəticəsində iddiaçı tərəfindən bir sıra sənədləşdirmə işləri aparılan zaman problem yaşanır, maneələrlə qarşılaşmağına səbəb olur. Belə ki, iddiaçı doğulduğu Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək hüququndan istifadə edə bilmir. Məhz bu səbəbdən də ona məxsus doğum akt qeydində düzəlişin edilməsinə zərurət vardır. Məhkəmə işi tam araşdırmalı və ona müvafiq qərar qəbul etməliydi. Lakin məhkəmə tərəfindən qeydiyyat orqanına İddiaçı sorğu göndərilmiş və məhkəməyə Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş soyadı “Çmil”, ata adı isə “Borisoviç” kimi 1607 saylı, xx.xx.1956-cı il tarixli doğum akt qeydinin olması faktı təsdiq edilmişdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı da iddiaçıya məxsus doğum akt qeydiylə bağlı sorğuya X6 doğum akt qeydi barəsində məlumat verilmişdir. Bu fakt bir daha onu təsdiq edir ki, iddiaçıya məxsus doğum aktı qeydində düzəliş olunmuşdur. Həmin doğum akt qeydində hər hansı bir dəyişiklik olmasaydı, məhkəmə tərəfindən verilmiş sorğunun məhz iddiaçıya məxsus olması necə müəyyən edilmişdir. Belə ki, soyad və ata adları fərqli olmasına baxmayaraq məhkəmə tərəfindən verilmiş sorğuya qeydiyyat orqanı tərəfindən cavab verilmişdir. Bu da bir daha onu təsdiq edir ki, hər hansı bir əsasla doğum akt qeydinə dəyişiklik edilmişdir, lakin bununla bağlı sənədlər və ya digər məlumatlar məhkəməyə təqdim edilməmişdir. Bu qanunsuzluğun aradan qaldırılması isə öhdəliyin icrası qaydasında məhkəmə tərəfindən cavabdeh orqanın üzərinə qoyulmaqla həyata keçirilə bilər. İddiaçı ona məxsus doğum haqqında şəhadətnaməni və ya təkrarını əldə edə bilmir. Həmçinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8105/2022 saylı qərarında da doğum akt qeyindən ata adının və soyadının dəyişdirilməsi barədə qeydin aşkar olunmadığı göstərilmiş, dəyişiklik edilməsinə əsas olan halları isə gözardı etmişdir. Göründüyü kimi məhkəmə doğum akt qeydinə dəyişiklik edilməsinə əsas olan halları ətraflı şəkildə araşdırmamışdır. Məhz bu əsaslara görə iddiaçının doğum akt qeydində dəyişiklik edilməsi qanunauyğun idi. Buna baxmayaraq, iddiaçıya məxsus doğum akt qeydinin səhv olması etiraf edilsə də, düzəlişin edilməsinə əsas verən hal kimi xarakterizə edilmişdir. Bununla da, iddiaçı tərəfin hüquqları məhkəmə kobud surətdə pozulmuşdur. Tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçı gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Könül İskəndərli apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı hazırki tələblə cavabdehə müraciət etmiş və imtina cavabı almış, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası, apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir və qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: AR Ailə Məcəlləsinin : -168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. - 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. - 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. - 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 dövlət qeydiyyatı qaydası”nın 1.4-cü bəndinə əsasən, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, X2 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X2 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən X2 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların: - 3-cü bəndinə əsasən, X2 qeydindəki səhvlərin düzəldilməsi X2 qeydində dəyişikliklərin edilməsi hallarından biridir; - 4-cü bəndinə əsasən, X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsaslardan biridir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İddia tələbinin və bərabərində apellyasiya şikayətinin əsas mahiyyəti ondan ibarətdir ki, iddiaçının barəsində olan sənədlərdə (nikah haqqında şəhadətnamə, hərbi bilet, əmək kitabçası) onun ata adı və soyadı, uyğun olaraq “Vladimiroviç” və “Qrankin” kimi qeyd olunsa da, onun doğum haqqında şəhadətnaməsində iddiaçının soyadı “Çmil”, ata adı isə “Borisoviç” kimi qeyd olunmuşdur, bu isə hazırda birçox sənədləşmə işlərində problemə səbəb olur, iddiaçı hazırda AR vətəndaşlığına qəbul edilmək üçün müraciət edə bilmir, məhz bu səbəbdən ona məxsus doğum aktı qeydində düzəlişin edilməsinə zərurət vardır. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, “X2 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 4-cü bəndinə əsasən, X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsaslardan biridir. İş materiallarından görünür ki, iddiaçının doğum haqqında akt qeydində soyadı “Çmil”, ata adı “Borisoviç” kimi qeyd edilsə də, iddiaçının nikah bağlanması haqqında şəhadətnaməsində, əmək kitabçasında və hərbi biletində soyadı “Qrankin”, ata adı “Vladimiroviç” kimi qeyd edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçının soyadının və ata adının doğum haqqında akt qeydindən fərqli olaraq qeyd edildiyi (üst-üstə düşmədiyi) sonrakı sənədlər doğum haqqında akt qeydinin dəyişdirilməsi üçün əsas verən sənədlər kimi qəbul edilə bilməz. Belə ki, həmin sənədlər ilkin doğum haqqında akt qeydinin səhv olması nəticəsinə gəlməyə əsas vermir. Başqa sözlə, doğum haqqında akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar hazırkı iş üzrə mövcud deyildir. İş materiallarında olan doğum haqqında akt qeydinə əsasən iddiaçının atası X10. “Qrankin” isə iddiaçının anasının soyadıdır. Həmçinin iddiaçının sonradan soyadının və ata adının dəyişdirilməsi ilə bağlı hər hansı akt qeydində düzəliş aşkar edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində işin araşdırılması məqsədilə verilmiş sorğulara cavab olaraq Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı doğum haqqında akt qeydində soyadının və ata adının dəyişdirilməsi ilə bağlı hər hansı bir qeydiyyat aparılmamışdır. Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 1607 saylı xx.xx.1956-cı il tarixli doğum haqqında akt qeydində soyadı “Çimil” adı “Anatoliy” ata adı “Borisoviç” qeyd edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X2 Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən İddiaçı deyil, valideynləri X12 ilə X1 xx.xx.1956-cı il təvəllüdlü X7 doğumunun Nərimanov rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alındığı məlum olmuşdur. Ədliyyə Nazirliyinin informasiya sisteminə baxış keçirilərkən adıçəkilən şəxsin soyadının, adının və ata adının dəyişdirilməsi haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin apellyasiya baxışı zamanı işin obyektiv araşdırılması məqsədilə İddiaçı barəsində 05 noyabr 1956-cı ildə 1607 nömrəli doğum haqqında akt qeydinin aparılmasına əsas olan sənədlərin (inzibati icraat materiallarının) əldə edilməsi məqsədilə X9 və AR ƏN-nin Qeydiyyat və Notariat Baş İdarəsinə sorğular ünvanlanmış, Dövlət Notariat Arxivi sorğuya cavab məktubunda doğum akt qeydi ilə bağlı aidiyyəti üzrə AR ƏN X2 Reyestri Xidmətinə müraciət edilməsi tövsiyə edilmiş, AR ƏN X2 Reyestri Xidməti sorğuya cavab məktubunda qeyd etmişdir ki, həmin illərdə qüvvədə olan “VVAQ idarələrinin nümunəvi nomenklatura işi”nə əsasən doğumun qeydə alınması haqqında vətəndaşların ərizələrinin saxlama müddəti 1 il müəyyən edilmiş, bu sənədlər məhv edildiyindən İddiaçı (Çimilin) doğumunun qeydə alınmasına əsas olmuş sənədlərin verilməsi mümkün deyildir. Belə olan halda, kollegiya qeyd edir ki, iddiaçının istinad etdiyi sənədlər (doğum haqqında şəhadətnamə, hərbi bilet, əmək kitabçası) ilkin doğum haqqında akt qeydinin səhv olması nəticəsinə gəlməyə əsas vermir. Kollegiya izah edir ki, iddiaçının qeyd olunan sənədlərdə doğum haqqında akt qeydinə uyğun olaraq dəyişikliklərin edilməsini onları verən orqanlara (təşkilatlara) müraciət etməklə həll etmək hüququ vardır. İddiaçının həmçinin onları verən təşkilat tərəfindən sənəddə olan səhvlər aradan qaldırılmadığı halda, hüquqmüəyyənedici sənədlərin ona məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi hüququna malikdir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) X2 dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Beləliklə, şəxsin sənədlərində göstərilən adı, atasının adı və ya soyadının onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə uyğunsuzluğunun doğum haqqında akt qeydinə dəyişiklik edilməklə aradan qaldırılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(112)-8105/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(112)-8105/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Fuad Babayev Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-824/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-824/2023
06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver