Məhkəmə qərarları › İş №2-1(103)-824/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-824/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-824/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı və üçüncü şəxsin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Əliyeva (Quliyeva) Lalə Qasıməli qızı və X1 cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs: Maraqlı şəxs) «üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9998/2023 saylı xx.xx.2023-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçılar Əliyeva (Quliyeva) Lalə Qasıməli qızı və X2 cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı “Maraqlı şəxs iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar tələblərini aşağıdakılarla əsaslarıdırılmışlar: «…Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsində yerləşən ev 80, 8 saylı mənzil iddiaçıların xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışından məlum olur ki, üçüncü şəxs Maraqlı şəxs ona məxsus mənzildə qeydiyyatdadır. Onun mənzildə qeydiyyatda olması iddiaçıların sahiblik və istifadə hüquqlarının pozulması ilə nəticələnmişdir. İddiaçılar əmlak üzərində tam sərəncam verə bilmir, qeydiyyatda olan şəxslərin razılığı tələb olunduğundan mənzili alqısatqı, bağışlama və s. qanuni yollarla özgəninkiləşdirə bilmirlər. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə ərizə (xx.xx.2023-cü il tarixli) ilə müraciət etmiş və qeydiyyatda olan şəxsin pasport qeydiyyatından çıxarılması barədə müvafiq tədbirlərin görülməsini xahiş etsələr də cavabdeh imtina edərək xx.xx.2023-cü il tarixli cavab məktubunda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanununun tələblərinə əsasən, vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirildiyini bildirmiş və onlar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər …» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9998/2023 saylı xx.xx.2023-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçılar Əliyeva (Quliyeva) Lalə Qasıməli qızı və X2, Əliyeva (Quliyeva) Lalə Qasıməli qızı və X1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsində yerləşən ev 80, 8 saylı mənzildən Maraqlı şəxs pasport qeydiyyatından çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Üçüncü şəxs apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin («İPM») 85ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Qərar qanunsuz və əsassızdır. Belə ki, işdə maraqlı şəxs olduğuna və işin mahiyyəti bir başa onun konstitusiya hüquqlarıma toxunduğuna baxmayaraq işi aparan hakim onun barəsində məhkəmə iclası ilə bağlı ümumiyyətlə xəbərdar etməmişdir. Həmçinin bildirir ki, mübahisəli ünvanda uşaqlıqdan yaşayıb qeydiyyatda olmuş, halhazırda yaşamamasının səbəbi isə iddiaçılarla aralarında olan mübahisədir. Bununla bağlı tərəfindən dəfələrlə hüquq mühafizə orqanlarına da müraciət olunmuşdur. Beləliklə də həmin ünvana dair istifadə hüququ yaranmışdır…» Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili L.Rəhimovna üçüncü şəxs Maraqlı şəxs müəyyən səbəblərdən 2015-ci ildən mübahisəli mənzildə yaşamadığını bildirsə də, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı üçüncü şəxsin 1989-cu ildən mübahisəli ünvanda yaşamadığını, ərə getdiyini və ərazidə aparılan tikinti işləri ilə əlaqədar yaşadıqları evi etibarnamə ilə satıb başqa yerə köçüb getdiklərini və öz ailəsi ilə başqa ünvanda yaşadığını qeyd edərək etirazını bildirmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş digər iddiaçı və cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, cavabdeh məhkəməyə əvvəldən məktub ünvanlayaraq iclasın onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir, İPM-in 30.4 və 62-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçıların tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia qaldıraraq üçüncü şəxsin onların mülkiyyətlərində olan ünvan 1 ünvanından qeydiyyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmiş, məhkəmə tərəfindən iddia təmin olunmuşdur. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. İş materiallarında olan sənədlərə əsasən işin aşağıdakı halları müəyyən olunur: - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsində yerləşən ev 80, 8 saylı mənzil paylı mülkiyyət olaraq xüsusi mülkiyyət hüququ ilə Əliyeva (Quliyeva) Lalə Qasıməli qızı və X1 adına qeydiyyatdan keçmişdir. -Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışına əsasən, Maraqlı şəxs (təv.xx.xx.1973) Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsində yerləşən ev 80, 8 saylı mənzildə qeydiyyatdadır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin birinci instansiya məhkəməsinin sorğusuna ünvanladığı xx.xx.2023-cü il tarixli vecavab məktubuna əsasən - Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsində yerləşən ev 80, 8 saylı mənzildə Maraqlı şəxs istifadə hüququnun qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir( Həmin məktuba əlavə olunmuş ilkin sənədlərə əsasən müəyyən olunur ki, ev qanuni əsaslarla iddiaçıların mülkiyyətinə keçmişdir) Tədqiq olunan sənədlərələ müəyyən olunan hallardan göründüü kimi, mübahisəli ünvanda yerləşən ev paylı mülkiyyət hüququ ilə iddiaçılara məxsusdur və üçüncü şəxsin həmin evə dair reyestrdə istifadə hüququ qeydə alınmamışdır. Konkret halda, üçüncü şəxsin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən də göründüyü kimi, iddiaçılara məxsus evin ünvanına qeydiyyatı olsa da, həmin mənzildə yaşamır. Eyni zamanda üçüncü şəxsin hazırkı məhkəmə iclasında iştirak edən nümayəndəsinin, habelə iddiaçının izahatları ilə də təsdiq olunur ki, uzun müddətdir mübahisəli unvanda yaşamır, ümumiyyətlə oradan köçüb getmişlər. Apellyasiya şikayətində üçüncü şəxs hal-hazırda evdə yaşamadığının səbəbi kimi, iddiaçılarla aralarında olan mübahisə olmasını göstərsə də, iddianın məhkəmələrin icraatında olduğu müddət ərzində və hazırdkı məhkəmə iclasında da iddiaçılala aralarında evlə bağlı hər hansı məhkəmə mübahisəsinin mövcudluğuna dair sənəd-sübut təqdim olunmamışdır. Belə olan halda, Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; -157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 24 sentyabr 2020-ci il tarixli qərarında şərh etmişdir ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2.Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. 3“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Qeyd olunanlar onu deməyə əsas verir ki, üçüncü şəxsin iddiaçılara məxsus evdən pasport qeydiyyatından çıxarılmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Başqa sözlə, cavabdeh tərəfindən onlara üçüncü şəxsin evdən qeydiyyatdan çıxarılmasından imtina etməsi onların qanunla qorunan hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsinə əsasən İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də, göstərilənləri nəzərə alan məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır. Onun birinci instansiya məhkəməsi tərəfindən ünvanına göndərilmiş məhkəmə bildirişləri, faktiki ünvanı barədə məhkəməyə məlumat vermədiyindən geri qayıtmışdır. İPM-in 1.2-ci maddəsinin göndərişi baxımından, MPM-in 146-cı maddəsinin tələbinə görə məhkəmədə iştirak edən şəxs və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda,məhkəmə bildirişləri məhkəməyə mühüm olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.

Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9998/2023 saylı xx.xx.2023-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya iqstansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9998/2023 saylı xx.xx.2023-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar